69
görə həkimə verilən pul mükafatı, yeni elmi əsərlərə görə qonorarlar dövlət
hesabına verilirdi. Rəbi Rəşidiyyədə məscidlər, xəstəxana və hospitallar,
rəsədxana, kağız və tibbi ləvazimat istehsalı üzrə emalatxanalar, karvansaralar inşa
edilmişdi. Kitabxanada 600 mindən atıq nadir kitab toplanmışdı. Tibbi kadrların
hazırlanması məqsədi ilə burada 6000 tələbənin təhsil aldığı universitet açılmışdı.
Tələbələr "hücrə"lər adlanan yataqxana kompleksində yaşayır, onların da xərcləri
dövlətin hesabına ödənilirdi. Hospital və xəstəxanalarda qəbul otaqları, müalicə
otaqları, əməliyyat otaqları, meyitxana təşkil edilmişdi. Dünyada ilk dəfə olaraq
hospitallarda ventilyasiya sistemi qurulmuş, təmizliyə riayət olunması üçün
kompleks tədbirlər həyata keçirilmişdi. Hospital binası yaxınlığında həkimlərin
istirahət otaqları, mühazirə otaqları və əczaxana açılmışdı. Əczaxana nəzdində
böyük bağ var idi ki, burada tibbi bitkilər becərilirdi. Bütün tibbi kompleksin idarə
edilməsi bilavasitə Mahmud ibn İlyas Şirvaniyə tapşırılmışdı.
Mahmud Şirvani öz əsərində hər bir tibbi peşə sahibinin göstərdiyi
köməkliyə görə hansı məbləğlə qiymətləndirildiyini qeyd etmişdir. Həmçinin
xəstəxana xərclərinin adları və miqdarı da göstərilmişdir. Belə ki, xəstəxanaya
dövlət tərəfindən pul aşağıdakı maddələrlə ayrılırdı: işçilərin məvacibi, tələbələrin
müavinətləri, tibbi avadanlığın alınması, qeyri-tibbi avadanlığın alınması, xəstələr
üçün həblər, dərmanlar hazırlanması üçün, gündəlik düyü, ciyər yeməkləri
hazırlanması üçün, dini
ayinlərin icra edilməsi, kəfənlərin alınması üçün vəsait.
Təbriz "Dar üş-Şəfa"sı əsasında dövlətin müxtəlif yerlərində 67 eynitipli
tibb ocağı açılmışdı. Maraqlıdır ki, tibb ocaqlarının birinin nəzdində təkcə müalicə
vasitələri ilə deyil, təbiət təsiri ilə müalicə də nəzərdə tutulurdu. Ətraf mühitdən
divarlarla ayrılan, böyük bağlarla əhatələnən bu tibb ocağına "Baği Rəşidabad"
("Rəşidabadın bağları") deyilsə də, xalq arasında ona "Kuçe mualicun" ("Müalicə
həbsxanası") deyilirdi. Ən böyük əczaxana "Fəthabad" əczaxanası idi ki, burada
olan bağlarda dünyanın on nadir bitkiləri becərilir, onlardan hazırlanan dərmanlar
ölkə əczaxanalarına göndərilirdi.
Qərbi və Şərqi Avropada, Afrikada, Cənub və Cənub-Şərqi Asiyada
mütəmadi olaraq başlayan epidemiyalar yüz minlərlə insanın həyatına son qoyduğu
bir dövrdə Hülakülər (Elxanilər) dövlətinin ərazisində bir dəfə də olsun epidemiya
qeydə alınmamışdı və bunun səbəbi dövlətdə tibb xidmətinin yaxşı səviyyədə
qurulması ilə bağlı idi. Təsadüfi deyil ki, Fəzlullah Rəşidəddin Mahmud Şirvanini
"dövrün Əflatunu (Platonu) və əsrimizin Ərəstunu (Aristoteli)" adlandırırdı.