149
Nəvvab öz hesabına Şuşada mətbəə açır və burada litoqrafiya üsulu ilə kitab çap
etməyə başlayır. Mətbəədən başqa, o, Şuşada cildxana da açır və kitab çapı işini
daha da təkmilləşdirir. Nəvvab tərəfindən tərtib edilmiş kitablar hal-hazırda nadir
eksponatlar kimi Əlyazmalar İnstitutunda saxlanılır.
Quş və çiçək təsvirləri olan peyzaj xarakterli şəkillər çəkən Nəvvab evinin
və dərs dediyi məktəbin divarlarını da ornamentlər və təsvirlərlə bəzəmişdir. Bu
rəsmlər son dərəcə gözəl olduğundan ona Şuşadakı Böyük məscidin minarələri
üzərində ornamental rəsmlər çəkmək təklif edilir. Nəvvab bu işin öhdəsindən
layiqincə gəlir. Daha sonra Mir Möhsün portret janrında da işləməyə başlayır, bir
çox şəxslərin portretlərini çəkir. Onun 1902-ci ildə yaratdığı "Teymurun portreti"
(türk dünyasının məşhur sərkərdəsi Əmir Teymurun) Azərbaycan boyakarlığının
nadir incisi kimi hal-hazırda İncəsənət Muzeyində qorunur.
Azərbaycan tarixi ilə maraqlanan Nəvvab əhalidən nadir tarixi əşyaları
toplayır, bu əşyaların tariximizin öyrənilməsində necə böyük əhəmiyyətə malik
olması istiqamətində maarifləndirmə işi aparır. Nəticədə o, nadir tarixi əşyalardan
ibarət zəngin bir kolleksiya toplayır. Şərq silahları burada çoxluq təşkil edir.
Nəvvabın topladığı əşyalar sonralar Azərbaycan Tarixi Muzeyinə təhvil verilmiş
və hal-hazırda burada eksponat kimi nümayiş etdirilir.
Nücum (astronomiya) elmi ilə maraqlanan Mir Möhsün Nəvvab dövrünün
səviyyəsində astronomiya biliklərinə yiyələnir və onları "Kifayət ül-ətfal" əsərində
bir yerə toplayıb sistemləşdirir. O zaman Şərqdə mövcud olan astronomiyaya aid
dərs vəsaitləri arasında Nəvvabın kitabı ən kamili olmuşdur.
1913-cü ildə Mir Möhsün Nəvvabın yazdığı iki kitab ona təkcə
Azərbaycanda deyil, vətənimizin hüdudlarından kənarda da şöhrət qazandırır. Belə
ki, Bakıda nəşr olunmuş "Təzkireyi-Nəvvab" adlı birinci kitabında o, XVIII əsrin
sonu - XIX əsr Qarabağ şairlərinin həyat və yaradıcılığını işıqlandırmış, onların
əsərlərindən parçalar vermişdir. Əsərlərin ədəbi təhlili Azərbaycanın Qarabağ
bölgəsində ədəbiyyatımızın inkişaf yolu haqqında təsəvvür yaradır. Bu əsər
Nəvvabın filoloq alim kimi yetişməsindən xəbər verir. Azərbaycan musiqisinin
tarixi və nəzəriyyəsi ilə yaxından tanış olan Nəvvab klassik Şərq musiqisi haqqında
da "Musiqi elmində rəqəmlərin aydınlaşdırılması" adlı kitab yazıb nəşr etdirmişdir.
Burada o, Şərq musiqisinin keçdiyi inkişaf yolunu izləmiş və əmin nəzəri əsaslarını
araşdırmağa çalışmışdır. Antik dövr müəllifləri Platon və Aristoteldən tutmuş
müsəlman Şərqinin görkəmli alimləri Ferabi, İbn Sina, Nizami Gəncəvi, Səfiəddin
Urməvi, Əbdülqadir Marağayi və başqalarının tədqiqatlarına əsaslanan Nəvvab
musiqinin mənşəyi, musiqi estetikası, musiqinin dinləyicilərə emosional təsiri,
musiqinin şəfaverici xüsusiyyətləri haqqında müfəssəl məlumat vermişdir. Riyazi
əsaslarla musiqini təhlil etməyə çağıran Nəvvab bu əsəri ilə dünya musiqi elmində
çevriliş etmişdir. Bəşəriyyət indi-indi, elektron-hesablama maşınlarının icadından
150
sonra, XX əsrin əvvəllərində Nəvvabın tərtib etdiyi nəzəriyyə ilə razılaşır və onu
təsdiqləyir. "Elektron musiqi" kimi tanıdığımız musiqinin yaradılma ehtimalını
Nəvvab əvvəlcədən görmüşdür. Bununla belə, o qeyd etmişdir ki, musiqiçi özü ifa
etdiyi musiqinin təsiri altına düşdükdə dinləyicilərinə təsir göstərə bilər. Bunun
üçün o, musiqi əsərlərini ürəkdən ifa etməlidir. Müasir tibb elmi musiqinin
şəfaverici qüvvəsini minlərlə təcrübələrlə təsdiqləyir və onu geniş tətbiq etməyə
çağırır. Halbuki Nəvvab hələ bir əsr bundan əvvəl bu barədə yazmış və misallarla
fikirlərini təsdiqə çalışmışdır.
Musiqişünas kimi tədqiqatlarını davam etdirən Nəvvab XIX əsr - XX
əsrin əvvəlləri Azərbaycan musiqi ifaçılığı təcrübəsini ümumiləşdirmiş,
muğamlarımızın təsnifatını vermişdir. Bundan başqa, o, muğamları orijinal sistemə
salmış və bu sistemi 5 cədvəldə əks etdirmişdir.
Cəmiyyətdəki bir çox problemləri insanların savadsızlığı ilə bağlayan
Nəvvab ildən-ilə kitab çapını genişləndirir. Bundan əlavə, o öz hesabına əhalinin
kasıb təbəqəsi üçün Şuşada qiraətxana açdırır.
Təhsil sahəsi ilə yaxından tanış olan Mir Möhsün humanitar və dəqiq
elmlərlə bağlı ədəbiyyat oxuyur və tezliklə belə qənaətə gəlir ki, mədrəsələrin dərs
proqramı real həyatdan geridə qalıb. Onun fikrincə, mədrəsəni bitirən şəxs ali
məktəblərə daxil ola bilməz və deməli, o zaman Rusiya imperiyasının tərkibində
olan Azərbaycanın siyasi və iqtisadi həyatından kənarda qalacaq. Eyni zamanda o,
imperiyanın Azərbaycanda açdığı məktəblərin proqramları ilə də tam razı deyildi.
Bu proqramlar əsasında ali məktəblərə daxil olmaq üçün kifayət qədər bilik əldə
edən şagird Azərbaycan tarixi, ədəbiyyatı və islam dinindən xəbərsiz olurdu.
Problemdən çıxış yolunu Mir Möhsün Nəvvab "üsuli-cədid məktəbi"
adlandırılan, yəni "yeni üsul məktəbləri”nin açılışında görür. Belə "üsuli-cədid"
məktəbi müasir elmi nailiyyətləri ana dilində öyrətməli idi. Burada humanitar,
təbiət və texniki fənlərdən peşəkar müəllimlər dərs deməli, eyni zamanda
şagirdlərə islam tarixi və şəriət, Azərbaycan tarixi, Azərbaycan və Şərq ədəbiyyatı
öyrədilməli idi. Belə məktəbi bitirmiş şəxs həm Rusiya və Avropa dövlətlərinin ali
təhsil məktəblərinə daxil ola bilər, həm də milli, dini köklərindən ayrı düşməzdi.
"Üsuli-cədid" məktəblərində dərslər çətin olan heca üsulu ilə deyil, daha yaxşı
qavranılan səs üsulu ilə aparılmalı idi.
"Üsuli-cədid" məktəblərinin açılması layihəsi Azərbaycanın bir çox
ziyalıları tərəfindən dəstəklənir, lakin hökumət orqanları belə məktəblərin açılması
yolunda heç bir tədbir görmürdülər. Belə olduğu halda Azərbaycan ziyalıları öz
imkanları hesabına "üsuli-cədid" məktəbləri açmağa başlayırlar. Şamaxıda Seyid
Əzim Şirvani, Ordubadda Məmmədtağı Səfərov Sidqi ilk belə məktəblər açırlar.
Mir Möhsün Nəvvab da öz hesabına Şuşada belə bir məktəb təşkil edir. Çox
Dostları ilə paylaş: |