112
heyəti içərisində azərbaycanlıların sayı sürətlə aşağı düşürdü. İttifaqın hərbi
məktəblərində təhsil alanlar içərisində də azərbaycanlıların sayı getdikcə azalırdı.
Hətta Bakıda 1939-cu ildə yaradılmış iki hərbi məktəbdə (Ümumi Hərbi
Komandirlər məktəbi və Hərbi Dəniz Donanması məktəbində) 1970-ci ildə hər
birinə qəbul olunan 300 müdavimdən birincisində 10-15 nəfər, ikincisində isə 2-3
nəfər Azərbaycan millətini təmsil edən gənc təhsil alırdı.
Rusiya dövlətinin Hərbi Nazirliyinin orqanı “Krasnaya zvezda” qəzetinin
1992-ci il 4 iyun tarixli sayında göstərilir ki, 1991-ci ilin əvvəlində İttifaq
Ordusunun alay (polk) komandiri müavinindən yüksək vəzifələrdə azərbaycanlı
komandirlərin sayı cəmisi 9 nəfər idi. Müqayisə üçün qeyd edək ki, Böyük Vətən
müharibəsi illərində və ondan əvvəlki dövrdə, hətta Azərbaycanda Xalq
Cümhuriyyətinin fəaliyyəti illərində (1918-1920) azərbaycanlı zabitlərin sayı qat-
qat çox olmuşdur. Burada ədalət naminə qeyd etmək lazımdır ki, Heydər Əliyevin
respublikaya rəhbərlik etdiyi 70-80-ci illərdə SSRİ-nin 105 ali hərbi məktəbində
2000 azərbaycanlı zabit hazırlanmışdı ki, onlardan indi Azərbaycan Milli
Ordusunda 14 general və 229 polkovnik fəaliyyət göstərir.
Sovet inzibati-amirlik sistemi şəraitində azərbaycanlı gənclərin hərbi
hazırlığında da böyük xətalar edilmişdir: azərbaycanlı gənclərin müasir texnikaya
malik hərbi hissələrdə qulluq etmələri getdikcə məhdudlaşdırılırdı. Qismən də, bəzi
valideynlərin təqsiri üzündən gənclərimizin bir hissəsi ordunun “fəhlə batalyonları”
adlanan hissələrində qulluq edirdilər.
XX əsrin sonunda Azərbaycan xalqının siyasi həyatında ən gərgin dövr
1988-93-cü illər olmuşdur. Həmin illərdə başlanmış xalq hərəkatı, ona rəhbərlik
edən qüvvələrin zəifliyinə və pərakəndəliyinə baxmayaraq xalqın öz qüvvəsinə
inamının sübutu idi. Bu hərəkat əsas etibarilə Moskva rəhbərliyinin Dağlıq
Qarabağ münaqişəsində ermənipərəst siyasətinə, Mixayıl Qorbaçovun Ermənistan
və Qarabağ ermənilərinin separatçılığına qarşı heç bir tədbir görməməsinə cavab
olaraq başlanmışdı. Bu geniş və dinc xalq hərəkatından qorxuya düşən Mərkəzi
Sovet rəhbərliyi başqalarına dərs olsun deyə onu tezliklə silah gücünə boğmağı
qərara aldı. 1989-cu ilin 5 dekabrında Sovet Ordusu Bakının indiki Azadlıq
meydanında mitinqlər şəklində davam edən xalq hərəkatını (Meydan hərəkatı)
vəhşicəsinə qovdu. Azərbaycanda kifayət qədər silahlı qüvvə olmasına
baxmayaraq Moskva rəhbərliyi 1990-ci ilin 11-19 yanvarı arası Bakıya kənardan
74 min nəfərlik, əksəriyyəti ermənilərdən və ruslardan ibarət olan, silahlı və zirehli
qüvvə göndərdi. Hiss olunurdu ki, hansısa böyük bir təxribat hazırlanır... Yanvarın
19-u axşamı DTK tərəfindən Bakıda televiziya partladıldı. Xain prezident
M.Qorbaçovun şəxsi əmri ilə Bakı üzərinə göndərilmiş vəhşi hərbi dəstələr 1990-cı
il yanvarın 19-dan 20-nə keçən gecə vahimə şəraitində küçələrə çıxmış dinc əhalini
faşist vəhşiliyi ilə atəşə tutdular. Moskva radiosu tərəfindən Bakıda fövqəladə
113
vəziyyət yanvarın 20-də səhər elan edilənədək, şəhərdə Sovet ordusu tərəfindən 82
nəfər amansızcasına öldürülmüş, 20 nəfəri isə ölümcül yaralanmışdı. Bütövlükdə
isə yanvar faciəsi günləri Bakıda 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841
nəfər həbs olunmuşdu. Bunların əksəriyyəti gənclərdən ibarət idi.
Bakıda dinc əhaliyə qarşı törədilmiş qanlı vəhşiliklərə cavab olaraq Xəzər
dənizinin ümumi gəmiləri heyəti Bakı buxtasında cəmləşərək Buxtanı Sovet hərbi
gəmiləri üzünə bağladılar. Buxtadakı gəmilər 5 gün ərzində sahildən atəş altında
qalsalar da, oraya heç bir hərbi gəmini buraxmadılar. Bakıya imperiya qoşunları
daxil olduğu 19 yanvarda gəmilərin əksəriyyəti Bakıdan 3 saatlıq məsafədə, Neft
Daşlarında idilər. Bu xəbəri eşidən kimi bütün gəmilər Bakı istiqamətində üzməyə
başladı və yanvarın 20-də Bakı buxtasında 100-ə qədər gəmi lövbər salmışdı.
Həmin gəmilərdə min nəfərdən çox neftçi və gəmi xidmətçiləri var idi. Xəzər
gəmiçiliyi idarəsinə mənsub olan “Naxçıvan” gəmisi də həmin gəmilərə
qoşulmuşdu.
Beləliklə, 100-dən çox mülki gəmi Bakı buxtasında Sovet hərbi gəmiləri ilə
qarşı-qarşıya durmuşdular. Rus admiralı Sidorov mülki gəmilərin kapitanlarından
tələb edirdi ki, Bakı buxtasını tərk etsinlər. Bu gəmilərin heyəti isə“SOS” siqnalı
ilə Bakıda törədilmiş qanlı cinayətləri bütün dünyaya xəbər verirdi. Dənizçilərin
Baltik dənizindən aldıqları radioqrammada deyilirdi: “Qardaşlar, möhkəm dayanın,
noviqasiya olmadığı üçün Xəzərə üzə bilmirik”. Az bir müddətdə dünyanın 50-dən
artıq ölkəsinin gəmiçilərindən belə həmrəylik cavabları alındı.
Bakı buxtasına sədd çəkən gəmilər dar ağaclarından Sovet bayrağını
endirərək, matəm bayrağını qaldırmışdılar. Bu gəmilər dəniz vağzalı ətrafında
toplaşdılar və “Sabit Orucov” sərnişin gəmisində qərargah yaradıldı.
Yanvarın 24-də “Sabit Orucov” gəmisinə təkrarən toplaşan veteran-
gəmiçilər qərara gəldilər ki, gəmilərin düşmən əlinə keçməməsi üçün onları
buxtadan çıxarmaq lazımdır və gəmilər Xəzər Neft Donanması bazasına yığışdı.
Az sonra hərbi gəmilərdə yerləşdirilmiş sərxoş matroslar Azərbaycan gəmilərinə
basqın edərək hər gəmidən iki-üç nəfər həbs etdilər və Bakının 30
kilometrliyindəki Şüvəlan qəsəbəsinə apararaq qollarını arxadan qandalladılar.
Səhəri gün həbs edilmiş 40-a yaxın Xəzər gəmiçisi təyyarə ilə Krasnodara, oradan
da qatarla Orenburqa aparıldı və yalnız bir aydan sonra buraxıldılar. Görünür,
Moskva bu “güzəşti” Bakıda törətdiyi vəhşiliklərin üstünü örtmək üçün etmişdi.
1990-cı ilin 20 yanvar faciəsi eyni zamanda Azərbaycan xalqının XX əsrin
sonu tarixində qəhrəmanlıq dastanı oldu. Həmin gün Azərbaycan xalqı 70 illik
Sovet dövrünün qorxusunu-qırmızı terrorunun zindanlar və həbsxanalarını adlayıb
keçdi. Həmin gecə xalqın azadlıq hərəkatında dönüş yarandı, bu hərəkat zəfərə
yönəldi.
Dostları ilə paylaş: |