Азярбайжан милли елмляр академийасы



Yüklə 1,58 Mb.
səhifə49/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   45   46   47   48   49   50   51   52   ...   78
Flora-Namazova-Dissertasiya

3.2. Sözün funksiyaları
Yazıçı bədii həqiqətlə həyat arasındakı münasibəti sözdən istifadə tərzi, sözün məna silsiləsindəki düzümü dəyişdirmək qabiliyyəti nəticəsində nizamlaya bilir. Xalq dilində sözün bütün mənaları bir qəlibə sıxışdırılır. Lakin sözün məna qatları müxtəlif rəng çalarlarına uyarını seçir, lazım olan çalar məna qatlarının aşağı cərgələ­rindədirsə, onu üzə çıxarır. Hətta rəng-məna düzümü o qədər məharətlə dəyişdirilə bilər ki, məna tamam yeni görünər. Halbuki bu mənaların hamısı sözün ümumi potensialında mövcuddur. Deməli, söz ustasının yenilik yaratmaq məharəti sözdə olan potensial mənalardan birini bədii məqsədə, üslubi maneraya uyğun fəallaşdırmaqda, hərəkətə gətirməkdə özünü göstərir” [74, s.5].

Dram əsərlərində söz iki aspektdən öyrənilə bilər: 1) personajın danışıq strukturunun elementi kimi; 2) bütöv semantik sistem kimi. Birinci aspekt xarak­terlərin fərdi nitq xüsusiyyətlərinin öyrənilməsinə kömək edir. İkinci aspektdə isə yazıçının dilin semantik qanunauyğunluqlarına necə əməl etməsi problemi qaldırılır.

Bədii dildə və üslubda sözün funksiyaları geniş spektrlidir. Bu funksiyalar, hər şeydən əvvəl, poetik-estetik, fatik-kontakt və emotiv cəhətləri ilə fərqləndirilir. Fatik funksiyalı nitq daha çox dialoqlarda yer alır. Şifahi nitqə xas olan bu funksiya danışıq prosesində yalnız həmsöhbətlər arasında əlaqə yaratmaq məqsədilə istifadə olunur. Nitqdə vokativ sözlərin işlənməsi bu funksiya ilə sıx şəkildə bağlıdır. Çağırış, müraciət bildirən söz və ifadələrin – vokativlərin dram əsərlərinin dilində işlənməsi təbiidir. Çünki belə üzvlənməyən cümlələrlə narazılıq, etiraz, işarəetmə, diqqəti cəlbetmə, xəbərdarlıq və s. kimi semantik çalarlar ifadə olunur.

İ.Əfəndiyevin dramlarında vokativ söz və cümlələrin quruluşca bir sıra növləri ilə qarşılaşırıq. Məsələn, eyni səsin təkrarı ilə ətrafdakı adamlara müraciət edilir: Şşş! Sss!…

Adi danışıqda müraciət kimi bir sıra adamların nitqində kütləviləşmiş ə, əşi, adə, ədə, əyə, aaz, ağız və s. vokativlər dialoji şəraitdə istifadə olunur. Məs.:

Alı kişi – Daşı bəri ver, ə, dul arvad kimi az gileylən [49, c.2, s.202];

Mədəd – Əşi, əslinə baxsan, elə qalmaqalı törədən onlardır [49, c.2, s.229]:

Xanmurad – Adə, əldən çıxarma! [49, c.2, s.231];

Qulu – İşim var, ağız! İclas çağırmışıq! [49, c.2, s.195].

Dialoqlarda ədə, adə, əyə, əşi, az, aaz, a gədə və s. vokativlərin işlənməsi üslubi məqsədəuyğunluq üçün çox vacibdir. Belə dialoqlarda kinayə baş alıb gedir. Məs.:



Mila (Musikə) – Nə hırıldayırsan kababxana tulası?

Musik – Qələt eləmə az… Mən sənə bu professor deyiləm [46, s.194];

Cümü – Adə, bu sex rəisi Qədirin qızı deyil? [46, s.213];

Fəriş – Adə, ay zırrama, sahə müvəkkili-zad nədi. Qosprokuror özü qarışıb, Muradzadə! [46, s.208];

Milis nəfəri – Bura bax ay qız, bir də elə söz danışsan səni çıxardıb salacağam zirzəmiyə [46, s.194].

Vokativlərdə əzizləmə çaları qüvvətli olur:

Nəcəf – Balam, niyə ağzınıza su alıb durmusunuz? [49, c.2, s.196].

Personajların nitqində ən çox “canım” vokativi işlənir. Məs.: Qulu (öz-özünə) – Canım, belə də adam olar? [49, c.2, s.221];



Ağasəlim – Canım, evdədir, gəlmisiniz, əyləşin də [49, c.2, s.237];

Ay canım, axı, niyə him-cimlə danışırsınız? [54, s.12].

Dramların dilində digər müraciət formalarından – qonorativ apelyativlərdən (mədəni müraciətlər), oppozitivlərdən, qan qohumluğu ilə əlaqədar müraciətlərdən, konkret adla müraciətlərdən, peyorativ müraciətlərdən və s. istifadə edilmişdir:

1) qonorativ müraciətlər: Uğur. Xanım, sən deyən kimi deyil! [53, c.2, s.250].

2) oppozitivlərdən: Alxan. Hacı, sənə yaraşmaz! [53, c.2, s.243].

3) qan qohumluğu ilə bağlı müraciətlərdən: Uğur. Nə olub, ay ana! [53, c.2, s.258];


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə