Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2015-ci ilin avqust ayında görkəmli hərbi xadim, Azərbaycanın ilk milli atıcı
diviziyasının komandiri Cəmşid Cəfərqulu oğlu Naxçıvanskinin anadan olmasının 120
illiyi tamam olur.
Cəmşid Naxçıvanski bacarıqlı sərkərdə kimi şərəfli döyüş yolu keçmiş və
Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə göstərdiyi şücaətlərlə milli
hərb sənəti tarixinə dəyərli töhfələr vermişdir. Onun ölkədə yüksək ixtisaslı hərbçi kadr
hazırlığı sahəsində zəngin fəaliyyəti təqdirə layiqdir. Cəmşid Naxçıvanski 1930-cu illərin
ağır repressiyalarına məruz qalmış və totalitarizmin qurbanına çevrilmiş vətənpərvər
şəxsiyyətlərdəndir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq və gənc nəslin vətənə məhəbbət ruhunda tərbiyəsində əhəmiyyətini nəzərə
alaraq, Azərbaycan xalqı qarşısında mühüm xidmətləri olan böyük sərkərdə Cəmşid
Naxçıvanskinin 120 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Təhsil
Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə
görkəmli hərbi xadim Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə dair tədbirlər planını
hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn
məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 aprel 2015-ci il
№ 1132