III.
Bununla da, bu əhvalata son qoymaq lazım idi. Amma yox. Bazar günü səhər – səhər o, maşınını boş
universitet şəhərciyinə sürüb, fakültənin dəftərxanasına daxil olur. Sənədlərin saxlandığı şkafdan Melani
İsaaksın qeydiyyat kağızını çıxarıb şəxsi məlumatları köçürür: ev ünvanı, Keyptaundakı ünvanı, telefon
nömrəsi.
Nömrəni yığır. Qadın səsi cavab verir.
Melani?
İndi çağırıram. Danışan kimdir?
Deyin ki, Devid Luridir.
Melanie- melody - çeynənmiş qafiyə. Yox, bu ad ona yaraşmır. Vurğunun yerini dəyişdirmək lazımdır.
Melani – qaranlıq.
- Alo?
Qız bircə sözlə bütün tərəddüdünü büruzə verir. Hələ çox cavandır. Devid onunla necə rəftar etməli
olduğunu bilmir. Melanidən birdəfəlik əl çəkmək lazımdı. Amma özünü cilovlaya bilmir. Gözəlliyin çiçəyi:
şerlər həmişə hədəfi ox kimi dəqiq vurur. Melani özünün sahibi deyil. Bəlkə də heç o özü də özünün
deyil.
Fikirləşdim ki, bəlkə mənimlə qəlyanaltı etmək istəyərsiniz? Deyək ki, saat 12- də sizi aparmağa gəlimmi?
Melani yalan danışa, nəsə uydurub yaxasını qurtara bilərdi. Amma çaşıb qalıb, fürsəti fövtə verir.
Devid Melaninin yaşadığı məhəlləyə yaxınlaşır, qız səkidə dayanıb onu gözləyir. Əynində qara corab və
qara sviter var. Ombaları on iki yaşlı yeniyetməninki qədər zərifdir.
Hat beyə gedirlər. Devid yol boyu qızı sakitləşdirməyə çalışır, başqa hansı mühazirələrə qulaq asdığını
soruşur. Melani tamaşada oynadığını deyir. Diplom işinin tələblərindən biridir. Məşqlər çox vaxtını alır.
Qız
restoranda, demək olar, heç nə yemir, qaşqabağını sallayıb, gözlərini dənizə zilləyib.
Nəsə olub? Mənə danışmaq istəmirsiniz?
Melani başını silkələyir.
İkimizə görə narahatsınız?
Ola bilər