öyrədiləcək məlumatların məzmununu, formalaşdırılacaq bacarıq və vərdişlərin məzmunu tədqiq edir,
müəyyənləşdirir. Ona görə də onun bütün elm sahələri ilə əlaqəsi obyektiv zərurətdən, tələbdən doğur.
Pedaqogikanın fəlsəfə ilə əlaqəsi.
Məlumdur ki, dialektik və tarixi materializm təbiət və cəmiyyətin obyektiv ienkişaf qanuna
uyğunluqlarını müəyyən edir. Bu qanunlar pedaqoji gerçəkliyin ayrı- ayrı sahələrində də fəaliyyət göstərir.
Pedaqoji prosesdə insanların biliklərə yiyələnməsi və inkişafı fəlsəfi qanunlar əsasında baş verir. Təlim və
tərbiyə prosesində mövcud olan ziddiyyətlər inkişafın əsasını təşkil edir. Digər tərəfdən elmi dünyagörüş
varlığın obyektiv şəkildə dərk olunması, maddi aləm hadisələrinin qarşılıqlı əlaqə və vəhdətdə olduğunu
qavraması, inkişaf və dəyişmənin zəruriliyinin dərk edilməsi əsasında baş verir. Bu isə pedaqogikanın
fəlsəfə ilə qarşılıqlı əlaqəsi sayəsində mümkün olur.
Pedaqogikanın sosiologiya ilə əlaqəsi.
İnsanlar məhz tərbiyə vasitəsilə sosiallaşır, cəmiyyətin sosial təcrübəsinə qoşulur. İnsanlara
formalaşma prosesində məqsədyönlü tərbiyə ilə yanaşı sosial mühit, sosial münasibətlər də təsir edir. Digər
tərəfdən tərbiyəvi təsirlər bilavasitə sosial mühitdə reallaşır, həyata tədbiq edilir.
Deməli insandan, onun arzu və istəyindən asılı olmayaraq o, sosial mühitlə qarşılıqlı əlaqəyə girir.
Pedaqoji proses isə bu qarşılıqlı əlaqəyə nəzarət etməli, sistemli tərbiyəvi təsirlərlə sosioloji təsir arasında
məqsədyönlü, səmərəli düzgün münasibət yaratmalıdır.
Pedaqogikanın fiziologiya ilə əlaqəsi.
Pedaqogika fiziologiya ilə bilavasitə bağlıdır. Xarici təsirlər baş beyin qabığında özünə müvafiq
mərkəzi oyandırır, oxşar qıcıqlandırıcılar isə bir mərkəz oyandırır. Bu isə oxşar əşyaların çətin
fərqləndirilməsinə səbəb olur. Fiziologiya isə öyrədir ki, oxşar qıcıqlandırıcıları elə fərqli cəhətlərini tapmaq
lazımdır ki, izah zamanı o, bir deyil, iki mərkəz oyandırsın. Bu isə fiziologiyanın pedaqogikaya
inkişafetdirici təsiridir. Digər tərəfdən insan böyüdükcə onun fiziki və fizioloji imkanları da dəyişir. Təlim-
tərbiyə, formalaşdırma işində bu dəyişmənin spesifik cəhətləri nəzərə alınır, pedaqoji proses inkişaf və
dəyişməni öz arxasınja aparmaqla onu düzgün istiqamətə yönəldir.
Pedaqogikanın psixologiya ilə əlaqəsi.
Pedaqogika psixologiya ilə qarşılıqlı əlaqəlidir. Bu əlaqə insan psixikası əsasında yaranır. İnsanların
psixi xüsusiyyətləri daim inkişafda və dəyişmədədir. Pedaqoji prosesdə mütləq bu dəyişmə və inkişaf nəzərə
alınmalıdır. Digər tərəfdən müxtəlif yaş dövrlərində tərbiyə olunan insanlar fərdi psixoloji xüsusiyyətlərə
malikdirlər. Təlim-tərbiyə prosesində bu fərdi psixoloji xüsusiyyətlərə istinad edilir, bu xüsusiyyətlərdən
pedaqoji işin səmərəliliyini artırmaq üçün istifadə edilir.
İnsanlarda psixoloji proseslər, onların inkişafı pedaqoji prosesin müvəffəqiyyətini təmin edir. Yəni
maddi aləmin dərk olunmasında hafizə, diqqət, təfəkkür, nitq, qabiliyyət və s. psixoloji proseslər mühüm rol
oynayır.
Digər tərəfdən psixoloji proseslərin inkişafında pedaqoji proses vasitə rolunu oynayır. Məsələn, məsələ
həllində təfəkkür əsas yer tutursa, məsələnin həlli prosesində həm də təfəkkür inkişaf edir, aydınlaşır. Ona
görə də pedaqoji fəaliyyət göstərən, insanların formalaşmasında hər hansı çolu olan hər kəs həm də
psixologiyanı bilməli, insanlarda psixoloji xüsusiyyətlərin inkişafı haqqında əsaslı, elmi məlumata malik
olmalıdır.
Pedaqokanın etika ilə əlaqəsi.
Pedaqogika etika ilə qarşılıqlı əlaqəlidir. Fəlsəfi elm olan etika, əxlaq tərbiyəsinin əsasını təşkil edir.
Pedaqoji prosesdə əxlaqın meydana gəlməsi, təşəkkülü haqqında məlumatlar da əhəmiyyətli yer tutur.
Pedaqogika həmçinin gigiyena, genetika, erqonomika, ədəbiyyat, incəsənət və s. –lə də qarşılıqlı
əlaqədədir.
Müstəqil iş üçün sual və tapşırıqlar:
1.
Pedoqoji gercəklikdə mədəniyyət müəssisələrinin yeri.
2.
İctimai mədəni fəaliyyətə verilən pedoqoji tələblər.
3. İnsanların yaradıcı fəaliyyətinin pedoqoji əsasları.
PEDAQOJİ FİKİR, MƏKTƏB
VƏ MAARİFİN İNKİŞAFI TARİXİNƏ DAİR
Yuxarıda qeyd etdik ki, pedaqoqikanın tərkib hissələrindən biri də «Pedaqoqika tarixidir». Pedaqoqika
tarixi özü də məktəb və pedoqoji fikir tarixi olmaqla iki yerə ayrılır. Pedoqoji fikir tarixi müxtəlif dövr və
cəmiyyətlərdə meydana gəlmiş pedaqogikaya aid təlim, təhsil və tərbiyənin müxtəlif sahələrinə aid nəzəri
fikirləri əhatə edir. Bu nəzəri fikirlərə istinad edilmədən yeni insan formalaşdırılması işini daha da
təkmilləşdirmək, yeni səmərəli üsul və vasitələr kəşf etmək təcrübəni nəzəri cəhətdən əsaslandırmaq,
nəzəri yeni fikirləri qneseoloji cəhətdən əsaslandırmaq da mümkün deyildir. Həmçinin, məktəb tarixinin
tədqiq edilməsi, yeni məktəb təlimin təşkili formalarını təkmilləşdirməyə də imkan yaradır. Ona görə də
müxtəlif dövrlərdə yaradılmış məktəblər, onların təşkili, quruluşunu öyrənmək həmişə aktual olmuşdur.
Bunlarla bərabər həmçinin tərbiyənin meydana gəlməsi, inkişafı, bəşər cəmiyyətində onun rolu, əhəmiyyəti
həmişə pedaqoqları düşündürmüş və onları bu sahədə tədqiqatlar aparmağa məcbur etmişdir. Bu sahədə
müxtəlif ziddiyyətli fikirlərdə meydana çıxmışdır. İnsanların təhsil müəssisələrində formalaşdırılması,
həyata hazırlanmasına aid bütün dövr və cəmiyyətlərdə mübahisəli fikirlər mövcud olmuşdur. İnsan
cəmiyyəti, məhsuldar qüvvələr inkişaf edib dəyişdikcə tərbiyə, böyüyən nəslin biliklərə yiyələnmə sistemi
də dəyişib inkişaf etmişdir. Məsələn, ilk ictimai quruluş olan ibtidai icma quruluşunda hər şey hamıya
məxsus olduğu kimi tərbiyə də ümumi xarakter daşıyırdı. Bu dövrdə insanlar əsasən təbiətin hazır
məhsullarından istifadə edir, ovla məşğul olur, əldə edilmiş ov hamıya bərabər bölünür, bu prosesin şahidi
olan uşaqlar da həmin ruhda tərbiyə olunurdular. Tərbiyə işləri olduqca sadə idi. Uşaqlar ümumi
olduqlarından onların tərbiyəsi ilə də hamı məşğul olurdu. Onlara həyat üçün zəruri olan əmək vərdişləri
aşılanırdı. Getdikcə oğlanlarla qızların tərbiyəsində fərq əmələ gəldi: qızlar ev işlərilə məşğul olar, qab-
qacaq hazırlamaqla, oğlanlar isə silah, ov alətləri hazırlamaqla və ovda iştirak etməyə başladılar.
Gənclərin tərbiyəsi xüsusi adamlara tapşırılmağa başladı. Onlara əmək, bacarıq vərdişləri ilə yanaşı, bir
sıra dini mərasimlər, qəhrəmanlar haqqında rəvayətlər, əfsanələr və s. haqqında məlumatlar da verilirdi.
Oğlanlar yetkinlik dövründə tam hüquqlu icma üzvü kimi böyüklər sırasına keçmək üçün ağsaqqalar
yığıncağı qarşısında ciddi yoxlamadan keçməli idilər. Göründüyü kimi ibtidai icma quruluşunda da tərbiyə
diqqət mərkəzində olmuşdur. Lakin məhsuldar qüvvələr inkişaf etdikcə «sənin, mənim» anlayışı əmələ
gəlməyə başladı, xüsusi mülkiyyət, quldarlıq və təkailəlik meydana gəlir. Bununla əlaqədar olaraq ibtidai
cəmiyyətdə təbəqələşmə əmələ gəlir. Fərdi kəbin meydana gəlir. Əhali arasında kahinlər (yarı elm, yarı din
adamları), sərkərdələr və ağsaqqalar meydana gəlir. Kahinlərin rəhəbərliyi ilə xüsusi məktəblər yaranır.
Quldarlıq dövründə tərbiyə.
Quldarlıq dövründə Şərq ölkələrində elm, mədəniyyət, maarif, incəsənət Qərb ölkələrinə nisbətən
yüksək səviyyədə inkişaf etmişdir. Məsələn, Qədim Çində fəlsəfə, astronomiya, riyaziyyat və s. elmlər digər
ölkələrə nisbətən yüksək səviyyədə inkişaf etmişdir. Qədim Çində ibtidai və yuxarı dərəcəli dini səciyyəli
fəlsəfi məktəblər mövcud olmuşdur. Bu məktəblərdə oxu-yazı heroqlif işarələrlə aparılırdı, dövrünün
məşhur yazıçılarının əsərləri, fəlsəfə, astronomiya (nücum), əxlaq və s. öyrənilirdi.
Çinlə digər şərq ölkələrində də, məsələn, Hindistan, Misir və digər ölkələrdə mədəniyyət və maarif
inkişaf etmişdir.
Hindistanda yaranmış icma məktəbləri bir neçə min il yaşamışdır. Hindistanın fiziki-coğrafi şəraiti ilə
bağlı olaraq burada fizika, astronomiya, coğrafiya, tibb, riyaziyyat digər ölkələrə nisbətən yüksək şəkildə
inkişaf etmişdir. Hindistanda əsasən iki tip məktəblər fəaliyyət göstərirdi: 1. Yüksək imtiyazlı şəxslər üçün
olan məktəblər. Bu məktəblər həm də saray kahinləri hazırlayırdı. 2. Xırda məmur hazırlayan məktəblər.
Birinci tip məktəblərdə heroqlif yazı işarələrindən, ikinci tip məktəblərdə isə heratik yazı işarələrindən
istifadə edilirdi. Həmin məktəblərdə cəzalandırmada cismani (bədən) cəzadan da istifadə edilirdi, (xüsusilə
aşağı təbəqə üçün olan məktəblərdə). Qulların uşaqları təhsil hüququndan məhrum idilər. Onlar həyat üçün
zəruri olan bütün bacarın və vərdişləri ancaq valideynlərindən alırdılar.
Quldarlıq dövründə Yunanıstan öz inkişafına görə xüsusilə fərqələnirdi. Bu ölkədə elm, mədəniyyət,
maarif, incəsənət, fəlsəfə, ədəbiyyat digər ölkələrə nisbətən daha yüksək şəkildə inkişaf etmişdir.
Yunanıstan ərazisində çoxlu xırda dövlətlər mövcud idi. Bu dövlətlər içərisində Lakoniya və Attika
dövlətləri xüsusi yer tuturdu. Həmin ölkələrdə olan maarif sistemləri bu ölkələrin paytaxt şəhərlərinin adı ilə
bağlı pedaqogika tarixinə Sparta və Afina tərbiyə sistemi kimi daxil olmuşdur.
Sparta tərbiyə sistemi.
Spartada qulların amansız istismarına istinad edilirdi. Ona görə də tez-tez qul üsyanları baş verirdi.
Burada tərbiyənin əsas məqsədi fiziki cəhətdənsağlam, döyüşkən quldarlar yetişdirməkdən ibarət idi. Həm
də itayətkar, sağlam, işlək qullar tərbiyə edilirdi. Spartada tərbiyə tam dövlətin ixtiyarında idi, və burada
aşağıdakı tərbiyə sistemi mövcud idi.