24
özünəməxsusluğu açıqlanmamışdır. Sinifdənxaric oxu materiallarının seçilməsində
pedaqoji prinsip pozulmuşdur. Məsələn, M. Çəmənlinin atanın öz oğlunun başını
kəsmək istəməsindən bəhs edən “Qurban bayramı” hekayəsi pedaqoji baxımdan
məqsədəuyğun deyildir. Aşıq Ələsgərin aşığın davranışına həsr olunmuş “Gərəkdi”
qoşması da 6-cı sinif şagirdlərinin yaş və maraq səviyyəsinə uyğun deyil. Əsərdəki
“Məcazi danışa, məcazi gülə”,
“Arif ola, eyham ilə söz qana”,
“Naməhrəmdən
şərm eləyə, utana”,
“Əməlin mələklər yaza dəftərə”,
“Təriqətdə bir sevdalı
gərəkdi” və s. misralar üzrə 6-cı sinifdə hansı iş aparılacağı aydın olmur.
65. Səhifə 191. Dərslikdə ikinci yarımildə layihə üçün təklif olunan fəaliyyətlər
adi dərs üçün nəzərdə tutulan işlərdir. Layihənin mövzusu, hansı problem üzrə iş
aparılacağı məlum olmur. Şagirdlərə təqdim olunan müxtəlif mövzulu əsərlərdən
birini seçib məzmunu və təhlili üzrə iş aparmaq təklif olunur. Tapşırıqlar dərsdə
görülən işlərdən fərqlənmir. Onların tərtibində metodik səhvlərə yol verilib.
Şagirdlər əsəri oxumalı, ideyasını tapmalı, obrazların xüsusiyyətlərini
müəyyənləşdirməlidir. Göründüyü kimi, əsərin oxusundan sonra ideyanı tapmaq
müəyyənləşdirmək tapşırığı tələb edilir. İdeyanı müəyyənləşdirəndən sonra isə
şagirdlər obrazların başlıca xüsusiyyətlərini aydınlaşdırmalıdır. Bu, metodik
baxımdan səhv yoldur.
Əsərin təhlili ilə bağlı tapşırıqlardan sonra yenidən məzmunla bağlı tapşırıqlar
verilir: bədii təsvir və ifadə vasitələrini, hislərin və faktların xarakterini (?) müəyyən
etmək, hadisələrin ardıcıllığını göstərmək, hissələrə ayırmaq.
Beləliklə, məzmun və təhlil üzrə işlərin dolaşıq verilməsi şagirdlərin
hazırlayacağı təqdimatın da səviyyəsində özünü biruzə verəcəkdir.
66.
Dərslikdə gender bərabərliyi baxımından qüsurlar var. Məsələn, bütün sinif
şəkillərində (səh.35, 73, 122, 128) müəllim qadındır. Hətta MMV-də (səh.79)
verilmiş sxemdə müəllim ikinci valideyn deyil, “ikinci ana” (şeirdəki kimi)
adlandırılır.
2. Dil və yazı üslubu baxımından
Dərslikdəki təlimatlarda, cədvəllərdə verilmiş göstərişlərdə, sual və tapşırıqlarda
hərfi tərcümə ciddi dil, üslub xətalarına və termin dolaşıqlığına səbəb olmuşdur.
Dərslik üçün tələb olunan dil aydınlığı, şagirdlərin yaş və bilik səviyyəsinə uyğunluq
çox az hallarda müşahidə edilir.
25
67. Səhifə 5. “Giriş”də sözçülüyə, eyni fikrin təkrarına yer verilmişdir.
Məsələn,
“Giriş”in 2-ci abzasında belə bir cümlə var:
“Ötən dərs ili ərzində təsviri,
nəqli xarakterli bədii nümunələrlə tanış olmuş, onları bir-birindən
fərqləndirməyi öyrənmisən”. Bu cümlə 3-cü abzasda da xırda dəyişikliklərlə təkrar
olunur: “Bu baxımdan sən ötən dərs ili boyu təsviri, nəqli xarakterli mətnlərlə -
bədii nümunələrlə tanış oldun, onları bir-birindən fərqləndirməyi öyrəndin”.
68. Yaxud 2-ci abzasda belə bir cümlə verilmişdir: “V sinifdə keçilmiş bədii
nümunələr əsasında bədii oxunun (?) təşkili yolları, əsərin ideya və məzmununu
müəyyən etməyin üsulları ilə tanış olmusan”. 4-cü abzasda həmin cümlə aşağıdakı
kimi təkrar olunur: “Sən həmçinin bədii nümunələrin oxusunun təşkili yollarını,
əsərin ideya və məzmununu müəyyən etməyin üsullarını da öyrəndin”.
69. Səhifə 6. Cümlə qüsurludur: “Öyrəndiyin əsərlər sənin bədii zövqünü
formalaşdırmağa, … ədəbiyyatı dərindən dərk etməyə kömək edəcəkdir”.
70. Səhifə 13-də verilmiş təlimatdakı 2-ci cümlə üslubca nöqsanlıdır: “Bununla
həm də başqa fənlərdən oxuduğun mətnləri asanlıqla başa düşməkdə işini xeyli
asanlaşdırarsan”.
71. Səhifə 14. “… hansı televiziya verilişinə tamaşa etmişəm?” (“baxmışam”
sözü bu cümləyə və fikrə daha uyğundur)
72. Səhifə 15-də 2-ci cədvəlin 3-cü bəndində belə bir cümlə var: “Bunları
bilmək sənə əsas ideyanı (fikri) dəstəkləyən kiçik fikirlərin müəyyən edilməsində
kömək edər”.
“Kiçik fikir” nə deməkdir? Əgər “fikir” ideyaya sinonim kimi
işlənirsə, yenə də anlaşılmır. “Kiçik fikir” yazmaq və demək doğru deyildir. Elmi
ədəbiyyatda “bədii əsərdə detallar”, “bədii əsərdə ştrixlər”, “bədii əsərdə yığcam
epizod” və s. ifadələr işlənilir. “Kiçik fikir” ifadəsinin həm 5-ci, həm də 6-cı sinfin
dərsliyində işlədilməsi yanlışdır. Bu uğursuz hərfi tərcümənin nəticəsidir.
73. Səhifə 17. “Qəhr” sözünün lüğətdə izahı verilmədiyi halda, şagirdə lüğətdə
“cəhalət” sözünün mənasını tapmaq tövsiyə edilir. Əslində, “qəhr” “cəhalət”ə
nisbətən daha işlək sözdür.
74. Səhifə 22. “Bu kimin problemidir?” cümləsində “bu” dan sonra vergül
qoyulmalıdır.
75. Səhifə 24. Şeirdəki “eyiş-nuş” sözünün izahı verilməlidir.
76. Səhifə 25. “… həm pioner düşərgədə istirahət etmək” ifadəsində
“düşərgədə” deyil,
“düşərgəsində” olmalıdır.
77. Səhifə 40. “Fərəhnak” sözünün izahı verilməlidir.