81
Əfsanələrdən yaranan və əfsanələri yaradan şəhər
Roma barədə tərifli ifadələr, «əbədi şəhər» və digər epitetlər işlədilir.
Tarixi abidələrini həddən artıq çoxluğuna, Qərb sivilizasiyasının beşiklərindən biri
olduğuna görə və həm də gözəl müasir şəhər kimi Roma onun haqqında deyilən
gurultulu sözləri nəinki doğrudur, bəlkə də, onlardan da yuxarıda dayanır.
Tibr (Tevere) çayının hər iki sahilində yerləşən bu şəhər Avropa
sivilizasiyasının taleyinə min ildən çox bir müddətdə müdaxilə və nəzarət etmiş,
lakin sonralar qarışıqlıq və çaxnaşma dövrünü də yaşamalı olmuş, aldığı yaralardan
uzun müddət sağala bilməmişdi. Roma uzun bir zaman müddətində çarlığın,
respublikanın, ordular və siyasət imperiyasının paytaxtı kimi tanınmışdı. Bu mənalı
tarixi keçmiş sonrakı dövrlərdə də öz işini saxlaya bilmişdi. Onun bir şəhər kimi
meydana gəlməsi barədə bir-birini davam etdirən əfsanələr mövcuddur. Əslində,
bu rəvayətlər min illər ərzində təkrar olunduğundan, özünəməxsus reallıq haləsi
qazanmışdır. Romanın bünövrəsini qoyanların nəsil başlanğıcının Troya
müharibəsində məğlubiyyəti nəticəsində viran qalan şəhər-dövlətdən qaçan
Eneydən götürdüyü ehtimal olunur. O, Kiçik Asiyadan Avropaya, Apennin
yarımadasının mərkəzinə gəlib çıxmış, burada yerli çarın qızı ilə evlənmişdi. Yerli
əhali və troyalılar birlikdə latınlar adlanırdı. Bundan beş əsr sonra həmin dövrdəki
yerli çarın düşmənçilik məqsədilə Vestal qızı təyin etdiyi Reya Selviyanın namusu
təcavüzə məruz qaldığından, o, əkiz oğlan uşağı doğdu. Məbədin kahinləri olan
Vestal qızları isə ölənə qədər bakirə qalmalı idilər.
Qəzəblənən çarın əmri ilə. allah Marsın övladları hesab edilən uşaqlar
çaya atılmalı idi, lakin daşqın çaya yaxınlaşmağa mane olurdu. Ona görə də
körpələri dayaz suya qoydular və onları dişi canavar öz südü ilə qidalandırdı,
acından ölmələrinə imkan vermədi. Böyüdükdə onlar ovçulara çevrildilər və
körpəlikdə onları məhv etmək istəyən çarı öldürdülər. Romul və Rem adlı əkizlər
suya atıldıqları yerdə şəhər salmağı qərara aldılar. Bizim eradan əvvəl 753-cü ildə
Romanın əsası qoyuldu. Palatin təpəsində salınan şəhər Romulun şərəfinə Roma
adlandırıldı, bu söz həm də «güc» mənasını verir. Öz qardaşı Remi o, qoyulmuş
qaydanı pozub, onun tikdiyi divarın üstündən adlayıb keçdiyinə görə öldürmüşdü.
82
“Dişi canavar” heykəli
Romul camaatı bir xalq kimi birləşdirdi. Altı əsr keçdikdən sonra isə
şəhər artıq xeyli ərazilərə sahib olan qüdrətli dövlətə çevrilmişdi. Bu şəhərin
yaradıcısı isə unudulmurdu. Qədim Romanın böyük filosofu, hüquqşünas və natiqi
Tsitseron şəhərin meydana gəlməsi barədə əfsanənin dəyərini qiymətləndirərək
demişdi: «Yer üzərində elə bir xalq yoxdur ki, öz tarixini romalılar kimi təkcə
onun əsasının qoyulması dövründən deyil, hətta şəhərin bünövrəsini qoyanın ana
bətninə düşməsi vaxtından bilsin».
Paytaxtın əbədi şəhər adlanması isə Roma katolik kilsəsinin mənəvi və
fiziki mərkəzi olması ilə əlaqədardır. Bu ad həm də bəşəriyyətin incəsənət və
intellektual sahələrindəki nailiyyətinin zirvəsi kimi bir əks-səda tapır. Roma XXI
əsrin əvvəllərində də əsas xüsusiyyətlərini qoruyub saxlayır. Bu şəhəri, keçmişin
təsəvvürünü yaratmağa şərait yaradan memorial da saymaq olar. Qərbdə, bəlkə də,
dünyada elə bir şəhər yoxdur ki, onun tarixi Roma kimi belə uzun, min illərlə
ölçülən bir dövrü əhatə etsin. Yaxşı cəhət orasındadır ki, Roma heç də qədim və
zəngin keçmişin qalın kölgəsinə sığınıb qalmamışdır, müasir şəhərə xas olan
xüsusiyyətlərin də hamısını bu şəhərdə tapmaq mümkündür.
Roma taixinin mühüm fraqmentləri
Roma barədə söhbət edərkən, onun görməli yerlərini sadalayarkən
hökmən keçmiş dövrlər xatırlandığından, onun tarixinə azacıq da olsa, ekskurs
etmədən keçinə bilmirsən. Ona görə də şəhərin minillik labirintində azmamaq üçün
onun tarixini, Ariadna sapı timsalında, qısaca da olsa, yada salmaq ehtiyacı yaranır.
Birincisi çar Romul olmaqla, burada yeddi çar hökmranlıq etmiş, hər
birinin idarəetmə üslubu da digərininkindən fərqlənmişdir. Romul davakar idi,
sabinli qızların oğurlanmasını hiyləgərliklə təşkil etməklə, nəinki şəhərin əhalisinin
sayını artırmış, həm də doğulan uşaqlar hesabına o dövr üçün demoqrafik partlayış
əmələ gətirmişdi. Tarixçi Liviyə görə, Romul hərbi lider olmaqla yanaşı, geniş
83
siyasi qüdrətə də malik idi. Sabinlilərlə aparılmış müharibə iki xalqın birləşməsi ilə
başa çatmışdı.
Romulu keşiş-çar, sabinli müdrik Numa Pompili əvəz etdi, onun
hökmranlıq dövrü Romaya dinclik bəxş etdi. Bu onilliklərdə bir dəfə də olsun,
Yanus məbədinin qapısı açılmadı (Bu qapılar yalnız müharibə vaxtı açılırdı).
Roma böyüyürdü və etrusk çarları burada hakimiyyətə gələndə (etrusklar
Romadan şimalda, indiki Toskana ərazisində yaşayırdılar) əsl şəhərə çevrildi. Latın
əhalisi Tibrin ətrafındakı təpələrdə məskunlaşdı, onlar bura öz dillərini və
dindarlıqlarını gətirmişdilər.
Etruskların ən mühüm nailiyyəti Romaya əlifba ötürmələri idi, özləri
bunu yunan dünyasından əxz etmişdilər. Etrusklu müəllimlər təhsil sahəsində
böyük rol oynadılar. Lakin latın dili etrusk təsirinə azacıq məruz qaldığından,
özünü qoruyub saxladı. Sonra isə etrusklar və romalılar ayrı-ayrı cığırlarla getməli
oldular. Etrusklardan axırıncı, üçüncü çar olan Məğrur Tarkvini taxt-tacdan
qovulduqdan sonra – b.e.ə. 510-cu ildə Roma respublikası meydana gəldi.
Romalılar namus üstündə qiyama qalxmışdılar, çarın oğlu ərli Lukretsiyaya
təcavüz etmişdi. Bu xalq hərəkatı Romada monarxiyanın ləğv edilməsi ilə
nəticələndi.
Çarlıq burada 2,5 əsr davam etmişdisə, respublikanın ömrü daha uzun
olmaqla, 5 əsrə qədər davam etdi, sonra gələn imperiya da hökmranlığının
uzunluğuna görə respublikanınkına bənzər bir ömür yaşadı.
Hər bir dövr tarixə nəsə bir əlamətdar hadisə bəxş edirdi. Üçüncü çar
Tulli Hostilinin dövründə romalılar və Alba sakinləri bir-biri ilə düşmənçilik
edirdilər. Qanlı müharibə baş verməsin deyə, onlar qərara gəldilər ki, hər tərədən
üç güclü əkiz qardaşlar seçilsin, hansı tərəfin üçlüyü qalib gəlsə, məğlub olan tərəf
onun himayəsini qəbul etsin. Romalı üç Horatsilər albalı üç Kuriatsilərə qalib
gəldilər və Alba Romaya birləşdirildi. Horatsilərin, əslində isə onlardan üç rəqibi
öldürən birinin igidliyi hesabına, çünki onun iki qardaşı vuruşun əvvəlində
öldürülmüşdü, Roma öz ləyaqətini və müstəqilliyini qoruyub saxlaya bildi. Fransız
rəssamı David «Horatsilərin andı» tablosunu bu hadisəyə həsr etmişdir. Əsərdə
oğlanlarına qılınc təqdim edən ata, elə bil ki, onlara vətənə sədaqət andı içdirir.
Etrusk Kluziyasının çarı Porsena Romanı mühasirəyə almışdı ki, taxt-
tacdan qovulan, mənşəcə etrusk olan çar Məğrur Tarkivinini hakimiyyətə bərpa
etsin. Bu vaxt 300 romalı gənc etrusk sərkərdəsini öldürməyə can atırdı, püşk
Mutsiyə düşdü. O, etrusk paltarında düşmən düşərgəsinə girib, çarı
tanımadığından, onun yanındakı adamı öldürdü. Porsena özü tutulan Mutsini
istintaq edirdi. Bu vaxt Mutsi öz yenilməzliyini göstərmək üçün sağ əlini sacayaq
altında yanan oda tutub, əlinin əti tam yanana qədər alovun üstündə saxladı.
Porsena bu mərdliyə məəttəl qalmışdı, əsiri əfv etdi və ona qılınc bağışladı. Mutsi
qılıncı sol əli ilə götürdü, bundan da o, «Stsevola» – «solaxay» ləqəbi qazandı. Bu
hadisə Porsenaya çox təsir etdiyindən, o, şəhərin mühasirəsindən vaz keçməyi
qərara aldı. Bir romalı gəncin igidliyi şəhərin mühasirəsinin ləğv edilməsi ilə
nəticələndi.
Dostları ilə paylaş: |