Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə55/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   57

Murad gördü ki, xoruzun başı Bilqeyisə məşğuldur, cəld qaçıb yenə də yasəmən
ağacının altına getdi, qorxa-qorxa ətrafa baxdı ki, görsün bir kimsə varmı? Heç kəsi
görmədi, yavaşca gəldi, yumurta səbətini arxasına aldı ki, qalxıb getsin.
Yaxında qazlar otlayırmış, Murad isə onları görməmişdi. Yumurtalarını səbətlə
oğurlayıb, aparmaq istədiyini görən qazlar birdən-birə hər tərəfdən Muradın yolunu
kəsdilər. Murad qorxusundan heç bilmədi ki, nə etsin, çünki qazların hər biri Muradı bir
tərəfə çəkirdi, xüsusən anaş qazdan çox qorxmuşdu, çünki o, çox acıqlı idi. Qorxurdu
ki, sıçrayıb gözlərini çıxarsın. Axırda arxasından səbəti ağzı üstə yerə atdı,
yumurtaların hamısı sındı. Murad bu dəfə əvvəlkindən də çox qorxmuşdu. Yenə alma
ağacının altında oturdu. Çox qəmgin idi. Fikir edirdi ki, evə getsə, anası onu döyər;
çünki həm paltarı yumurtaya batmışdı, həm də səbətdəki yumurtaları sındırmışdı.
Murad alma ağacının altında qəmgin-qəmgin oturub öz-özünə fikir eləyirdi: “Nə üçün
Bilqeyisi hamı sevir? Hamı ona məhəbbət yetirir? Amma məni heç kəs sevmir? Nə
üçün?..
________________
İlyas Əfəndiyev
İZ İLƏ
Cəfərlə Nadir qış imtahanlarını verib bütün dərslərindən beş aldıqları üçün çox
sevinirdilər. Onlar sözü bir yerə qoydular ki, aldıqları qiymətləri aparıb kolxoz
fermasında olan atalarına göstərsinlər. Fermanın qış binaları kəndin on kilometrliyində
Qayadaş meşəsinin yanında yerləşmişdi. Cəfərlə Nadir səhər tezdən çörəklərini
yeyəndən sonra binəyə getdilər.
Axşamüstü çobanlar sürüləri örüşdən gətirdilər. Cəfərlə Nadir qış tətilinə
buraxıldıqlarını atalarına söyləyib, dərslərindən aldıqları qiymətləri onlara göstərdilər.
Çobanlar da çox sevinib uşaqları təriflədilər. Cəfərin atası Muradxan hərgünkü kimi bu
gün də sürüləri yoxlamağa başladı, qoyunun hamısını yoxlayıb qurtarandan sonra
məlum oldu ki, sürüdəki damazlıq merinoslardan biri yoxdur.
– Yəqin, gəzib meşədə qalıb. Mən bu gün sürünü Qayadağ meşəsinin yanındakı düzdə
otarırdım. Gedim qaranlıq düşməmiş tapım, – deyə pərt olmuş çoban Qulu çomağını
çiyninə alıb meşəyə tərəf getdi.
– Dayan, səninlə bir adam da getsin, bəlkə, tək tapa bilmədin, – deyə baş çoban
Muradxan arxadan onu səslədi.


– Ata, qoy biz də onunla gedək, – deyə Cəfər xahiş elədi. 
Atası etiraz eləmədi: 
– İstəyirsiniz, gedin.
Uşaqlar çoban Qulunun ardınca yüyürdülər. Onlar gəlib meşənin yanına çatanda çoban
Qulu dedi:
– Uşaqlar, hamımız bir yerdə axtarsaq, tapa bilmərik. Siz o tərəfə gedin, mən də bu
yana. Ancaq meşənin içərilərinə tərəf çox uzaqlaşmayın. İndi canavarların pis vaxtıdır,
bir şey olsa, məni səsləyin.
Uşaqlar: – Yaxşı, – deyə meşəyə yüyürdülər. Birdən Cəfər diqqətlə yerə baxıb, nəm
torpaq üzərində qoyun ayağının izlərini gördü.
– Bura bax, Nadir, – deyə o, izi göstərdi, – görürsənmi, aşağıdan gəlib bu tərəfə
burulub.
Uşaqlar izi tutub getməyə başladılar. Bu vaxt lap yaxında bir şaqqıltı eşidildi. Qarağat
kolları tərpəndi, uşaqlar bərk qorxub dayandılar. “Əgər canavardırsa, bu saat
üstümüzə atılacaq”, – deyə Cəfər fikirləşdisə də, bu barədə yoldaşına heç bir söz
demədi. Səhər atasına gətirdiyi kibritlərdən biri onun cibində idi. Canavarın oddan
qorxduğunu xatırlayıb dərhal kibriti çıxarıb çəkdi. İşığı yuxarı qaldırıb şaqqıltı gələn
yerə baxdı. Qarağat kolları arasında iri bir merinos dayanıb onlara baxırdı.
– Tapdıq! – deyə Cəfər sevinclə qışqırdı və irəliləyib merinosu kolların arasından
çıxardı.
– Mən düşdüm qabağa, sən daldan sür! – Cəfər Nadirə tapşırıq verib qabağa keçdi.
Lakin onlar nə qədər getdilərsə, gəlib meşənin kənarına çıxmadılar. Cəfər zənn ilə
gedirdi, çünki qaranlıqda heç bir cəhəti təyin etmək mümkün deyildi. Cəfər dayandı:
– Azmışıq – dedi.
– Bəs nə edək? – deyə Nadir zəif səslə Cəfərdən soruşdu.
Cəfər hiss etdi ki, yoldaşı çox qorxur, buna görə də ona ürək-dirək vermək istədi:
– Nə olacaq, meşədə qalıb, səhər gedərik.
– Bu soyuqda, qaranlıqda meşədə qalmaq olar?
– Heç nə olmaz, bu saat sənin üçün bir ocaq qalayım ki, istisi yeddi ağaca vursun!
O, kibrit çəkib ətrafı nəzərdən keçirdi. Yaxında hündür bir qaya var idi. Qayanın üst
tərəfi tağ kimi irəli gəldiyindən dibini qar o qədər tutmamışdı.
– Qoyunu sür ora, – deyə Cəfər əmr edib, özü ağacların qol-budağından xeyli
sındıraraq, qayanın dibində böyük bir ocaq qaladı. Lakin odunlar yaş olduğundan
alışmırdı. Cəfər özünü sındırmamaq üçün papağının içinə qoyduğu kağızı çıxarıb,
birtəhər ocağı alışdırdı. Alov qalxıb dörd tərəfi işıqlandırdı.
– İndi gəl otur, qızış, – deyə Cəfər gülümsünərək soyuqdan donmuş əllərini oda tutdu.
Bir qədər qızışandan sonra Nadir dedi:
– Gəl çıxaq ağacda oturaq. Canavarlar gəlib bizi parçalar. 


– Özümüz ağaca çıxdıq, bəs merinos nə olsun? 
– Onsuz da, əgər canavar gəlsə, biz nə edə bilərik? 
– Ocağın yanında canavarlar bizə hücum etməzlər! – deyə Cəfər


arxayın və inandırıcı səslə cavab verdi. Yoldaşının sözü Nadiri qane etmədisə də, o
dinmədi. Cəfər ağacların qol-budağından çoxlu sındırıb ocağın böyrünə yığdı.
– Bu gecə bizim silahımız bunlardır. Gərək səhərə qədər ocağı sönməyə qoymayaq.
Onlar arxalarını qayaya çevirib ocağın qırağında qızınırdılar. Cəfərin ürəyi sakit deyildi.
O fikirləşirdi ki, əgər canavarlar onların burada olduğundan duyuq düşsələr, əl
çəkməyəcəklər. Nadir paltosunu başına çəkib ocağın qırağına uzandı, bir azdan onu
yuxu apardı. Cəfər oturub gözlərini qaranlıq meşəyə zilləmişdi. Bu zaman irəlidə dörd
iri canavar göründü. Onlar on beş-iyirmi addımlıqda dayanıb uşaqlara və onların
yanındakı kök merinosa baxırdılar. Cəfərin ürəyi bərk döyündü. Cəfər tez-tez ocağa
odun qoyub onu daha bərk alovlandırırdı. Meşə dərin sükut içində idi. Heç nədən
xəbəri olmayan Nadir şirin-şirin yatırdı. Birdən lap uzaqda güclə iki güllə səsi eşidildi.
Canavarlar güllə kimi qaçıb gözdən itdilər. Cəfər ocaqdan alovlu bir kösöv götürüb
yuxarı qaldıraraq havada yellədi.
– Biz buradayıq!.. Burada! – deyə səsi gəldikcə qışqırdı. Lakin meşədə onun səsinin
əks-sədasından başqa heç nə eşidilmədi. Üç-dörd dəqiqə sükut içində keçdi. Birdən
haradan isə uzaqdan səs eşidildi:
– Cəfər hey!.. – Ehey!.. – deyə Cəfər cavab verdi. – Haradasınız? – Burada, Yastı
qayanın yanında!
Cəfər yüyürüb bərk yatmış Nadiri oyatdı. Nadir oyanıb atasıgili gördükdə əvvəlcə heç
bir şey başa düşməyərək çaşıb qaldı. Deyəsən, ona elə gəlirdi ki, yuxu görür. Bir qədər
dincəldikdən sonra onlar uzun bir məşəl qayırıb binəyə yola düşdülər.
Bu əhvalatdan üç-dörd gün sonra iki məktəblinin fermanın itmiş damazlıq merinos
qoyununu qəhrəmanlıqla axtarıb tapdıqları haqqında rayon qəzetində balaca bir
məqalə çıxdı. Məqalə sahibi Cəfər ilə Nadiri çox tərifləyirdi. Ancaq məqaləni oxuyanda
Nadir nə isə bir narahatlıq hiss etdi...
________________________________


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə