Çətən – qarğıdan, ağac çubuqlardan hörülmüş çəpər
Çınqıl – tikinti işlərində istifadə olunan daş qırıntısı, xırda daş
Çıraqban – işıqlanmaq, nurlanmaq
Çırpı – quru budaq, kol qırıntısı; çıl-çırpı
Çuxa – beli büzməli uzun kişi milli üst geyimi
Çuval – böyük kisə, xaral
D
Dağar – qaramal dərisindən hazırlanan torba
Dağarcıq – kiçik dağar; çox vaxt dəridən tikilən kiçik torba,
çanta
Damad – kürəkən
Damazlıq – döl verməyə yarayan, döl vermək üçün saxlanılan;
döllük, cins
Danişgah – universitet
Daraq – silahın güllələrini yan-yana qoymaq üçün qab, qutu
Daşqa – təkatlı araba
Demokrat – demokratiya tərəfdarı
Dəbdəbə – təmtəraq, təntənə, cah-calal, büsat
Dəliqanlı – 1. Həddi-buluğa çatmış gənc, cavan oğlan; 2. İgid,
cəsur,qoçaq
Dəlil-dəlayil – hər hansı bir şeyi sübut etmək üçün əsas; sübut,
tutarlı dəlil
Dərviş-libas – dərviş geyimi, paltarı
Dəyə – qarğıdan düzəldilmiş komacıq, alaçıq
Divan – məhkəmə, tribunal
Divanə – dəli
Divanxana – şərq ölkələrində padşah saraylarında rəsmi qəbul
otağı
Dilbər – gözəl, könüloxşayan
Dilxor – çox pərt, əhvalı pozulmuş, qəmgin, kədərli, məyus
Dili-qafil – təəccüb, peşmançılıq, təəssüf bildirir
Dirilik – həyat, yaşayış
Dispetçer – nəqliyyatın hərəkətini, yaxud müəssisənin işinin
gedişini bir mərkəzi məntəqədən idarə edən işçi
Dübarə – ikinci dəfə, təkrar
E
Edadi – şagirdləri ali məktəbə hazırlayan orta məktəbin adı
Eşik – bayır, dışarı, çöl
Eyham – ikimənalı, üstüörtülü söz və ya ifadə, istehza
Ə
Əda – naz, qəmzə, şivə
Ədavət – ürəkdə saxlanılan düşmənçilik hissi, kin, küdurət,
qərəz, qəzəb hissi
Əfzəl – daha artıq, daha qiymətli, daha üstün
Əmir – 1. Bir tayfanın və ya ölkənin başçısı; 2. Bəzi Şərq
hökumətlərinin başçılarına və yüksək vəzifəli şəxslərə rəsmi
olaraq verilən ad
Əmud – qədim döyüş silahı, polad toppuz
Ənam – bəxşiş, hədiyyə, mükafat
Ənginlik – genişlik, vüsət, ucu-bucağı olmayan, açıqlıq
Ərbab – ağa, sahib
Ərş – göy, asiman
Əyan-əşrəf – ölkənin yuxarı təbəqəsinə mənsub olan mötəbər
və yaşlı
adamlar; ən şərafətli, ən əziz, çox hörmətli
Əzəmət – böyüklük, ululuq
F
Fağır-füqəra – cəmiyyətin aşağı, yoxsul təbəqələri, varlı
olmayanlar, kasıblar, yoxsullar
Faxır – gözəl, qiymətli, parlaq
Falaqqa – keçmişdə müqəssirləri cəzalandırmaq üçün tətbiq
edilən alət və üsul
Fədai – ümumi bir iş, millət yolunda, məslək uğrunda təhlükəli
işlərə qoşulub canından keçməyə hazır olan şəxs
Fədakarlıq – öz şəxsi mənafeyini ümumi işə və ya başqalarının
işinə fəda etmə, həsr etmə, bu uğurda səy göstərmə
Fərraş – müxtəlif tapşırıqları yerinə yetirən xidmətçi
Fərş – döşənəcək, xalı, palaz, kilim
Fəsad – qarışıqlıq, nifaq, hərc-mərclik
Fəzilət – 1. Dəyər, qiymət, məziyyət; 2. İnsanda ağıl, kamal,
mərifət, alicənablıq kimi sifətlər.
Firavan – çox, bol, çoxlu, varlı
G
Gəda – səviyyəsiz, ləyaqətsiz adam
Gərdiş – coşdurmaq, hərəkətə gətirmək, qızışdırmaq
Gizir – aşağı rütbəli işçi, hərbi qulluqçu
Gödən – qarın
Gurşad – iri damcılı, şiddətli yağış
Güzar – həyat, ömür
Güzəran – dolanacaq, yaşayış, həyat
H
Haramzada –fırıldaqçı, kələkbaz, hiyləbaz, bic, yaramaz
Heybə – çiyindən, bəzən də atın tərkindən aşırılan kiçik xurcun
Həngamə – qovğa, mərəkə, gurultu, gurultu-partırtı
Həris – bir şeyə həddindən artıq can atan, ona aludə olan, onun
düşkünü olan, gözüdoymaz, düşkün
Həsir – yerə sərmək və s. üçün ağac liflərindən, küləşdən,
qamışdan toxunan məmulat
Hıxlamaq – dəvəni yerə yatırtmaq, oturtmaq
Hikmət – müdrik söz, dərin fikir
Hicran – ayrılıq
Höcətləşmək – inadlarından əl çəkməyərək bir-biri ilə mübahisə
etmək, höcət eləmək, bəhsləşmək, bir-birinə güzəştə getməmək
X
Xəlifə – bəzi müsəlman ölkələrində Məhəmməd Peyğəmbərin
vəkili, bütün müsəlmanların başçısı, hamisi sayılan şəxsə verilən
yüksək dini ünvan
Xəfif – 1. mülayim, yüngül, yumşaq; 2. zərif, incə
Xərac – vergi
Xislət – insanın təbiətinə məxsus sifət; xasiyyət, təbiət
Xudbin – ancaq özünü düşünən, öz mənafeyini hər şeydən
yüksək tutan adam, eqoist
Xurcun – içərisində şey qoymaq üçün, adətən, yük və minik
heyvanlarının belindən aşırılan, palaz kimi toxunan, ya da cod
parçadan tikilən ikigözlü iri heybə
Xurd-xəşil – əzik-əzik, xıncım-xıncım, sağ-salamat yer
qalmamış, sınıq-sınıq
İ
İflic – orqanizmin hər hansı bir üzvünü və ya hissəsini normal
fəaliyyətdən qoyan xəstəlik
İltifat – hörmət, ehtiram, gülər üz göstərmə, xoş münasibət; 1.
lütf, lütfkarlıq, mərhəmət, etina
İmdad – kömək, yardım; darda qalmış bir adamın köməyinə
yetişmə, dadına yetişmə
İns-cins – bəşər, insan, canlı mənasında
İntixab – seçmə; intixab olmaq – seçilmək
İstehkam – düşməndən qorunmaq məqsədi ilə düzəldilən
səngər, sədd, qala, divar, müdafiə tikintiləri
İttifaq – əhvalat, hadisə, qəziyyə
İzzəti-calal – hörmət, təmtəraq
K
Kandar – qapı ağzı, astana
Karxana – fabrik, zavod, emalatxana
Karvan – bir-birinin ardınca sıra ilə hərəkət edən yüklü heyvan
(əsasən, dəvə) dəstəsi
Kəsb – çalışıb qazanma və bunun nəticəsində əldə edilən
qazanc, gəlir
Kəşkül – hind qozunun qabığından düzəldilmiş qab; dərvişlər
gəzdirirdilər.
Kolxoz – sosializm dövründə kollektiv təsərrüfat
Konqres – Geniş miqyaslı beynəlxalq qurultay, müşavirə,
yığıncaq;
Köhlən – harın bəslənmiş, yaxşı baxılmış
Kösöv – bir hissəsi yanıb qaralmış, yaxud yanıb sönməkdə olan
odun parçası
Külüng – daş çıxarma və torpaq qazıma işlərində istifadə edilən
bir ucu sivri, o biri ucu enli alət
Kündə – qaçmasın deyə dustağın ayaqlarına, əllərinə və ya
boynuna vurulan ağır şey
Q
Qaldırım – səki
Qalxan – qədim müharibələrdə qılınc və s. zərbəsindən
qorunmaq üçün əldə tutulan dairə və ya düzbucaqşəkilli sipər
(ağac, metal, dəridən) Qamət – boy, boy-buxun, qədd
Qandal – ağır cinayət işləmiş məhbusların əl və ayaqlarına
keçirilən dəmir halqalı zəncir
Qanqal – yarpağı tikanlı alaq bitkisi
Qaravaş –qulluqçu qadın (qız)
Qart – qocalmış, qoca
Qatar – bir qayış üzərinə düzülmüş güllə sırası, patrondaş
Qaynaq – bir şeyin qaynayıb çıxdığı yer, mənbə
Qeysər – Qədim Roma və Bizans hökmdarlarına verilən ad,
padşah Qeyzlənmək – hiddətlənmək, qəzəblənmək, bərk acığı
tutmaq
Qədək – pambıqdan toxunma sadə və ucuz parça, tünd göy
rəngə boyanmış bez
Qəhər – bir məhrumiyyət, haqsızlıq və ya üzüntüdən doğan
hədsiz ruhi əzab və iztirab
Qənşər – qarşı tərəf, ön tərəf; irəli, qabaq
Qəyyum – həddi-buluğa çatmamış uşaqlara və onların mal-
mülkünə nəzarət edən adam
Qibtə – başqalarının üstünlüyünü, müvəffəqiyyətini,
xoşbəxtliyini və başqa yaxşı cəhətlərini görüb, bunların özündə
də olmasını arzulama, bunların həsrətini çəkmə
Qovğa – dava-dalaş, vuruşma, qalmaqal
Qran – bir riala bərabər İran gümüş pulu
Qubar – dərd, qəm, qüssə
Quruş – qəpik
Quzey – dağın, evin və s. gün düşməyən, günəş görməyən yeri,
həmişə kölgəli yer
Qürur – iftixar, mənlik hissi, təmkin
L
Lağım – yeraltı yol, yer altında qazılmış üstüörtülü xəndək
Loğma – Bir dəfədə ağıza qoyulan çörək parçası
Lütfkarlıq – xeyirxahlıq, mərhəmət göstərmə
M
Mahud – üz tərəfi keçə kimi basıq yun və ya yarımyun parça
Mehtər – ata qulluq edən, atabaxan
Merinos – nazik, ağyunlu qoyun cinsi, habelə bu cinsdən olan
qoyunun özü
Məhbəs – həbsxana
Məhkum – haqqında hər hansı bir cəza hökmü çıxarılmış adam
Məhşər – qiyamət, bərk sıxılmaq, sorğu-suala çəkilmək
Məlhəm – yaraya və ya ağrıyan yerlərə sürtülən yağlı dərman
Məlul – məlallı, qəmgin, məyus, bezgin, usanmış
Məngənə – hər cür şeyi sıxıb saxlamaq üçün çilingər aləti
Məram – istək, arzu, dilək
Məsum – günahsız, heç bir günahı, qəbahəti olmayan
Məşəl – ətrafı işıqlandırmaq üçün ağac və s. başına sarınaraq,
yaxud xüsusi bir alət içərisinə qoyularaq yandırılan neftli əsgi
Məşəqqətli – çox ağır, çox zəhmətli, çox əzablı, əziyyətli, sərt
Mətləb – məsələ, işin mahiyyəti, məğzi
Məyus – qəmli-qüssəli, bikef, pərişan, pərt
Məzlum – fağır, yazıq, zavallı, dilsiz-ağızsız
Mötəbər – 1. Etibarlı, inanılan; 2. Hörmətli, sözükeçən,
tanınmış, nüfuzlu, təmizliyinə etibar edilən
Mum – bal arılarının hazırladığı və şan düzəltmək üçün istifadə
etdikləri maddə, bitki maddəsi
Muzd – görülən iş müqabilində verilən əmək haqqı, zəhmət
haqqı
Müdam – daim, həmişə, aramsız, fasiləsiz
Müdhiş – dəhşətli, dəhşət doğuran, vahiməli, dəhşətamiz,
qorxunc
Müntəzir – gözləyən;
Müntəzir olmaq – intizarda qalmaq, nigarançılıqla gözləmək
Müxənnət – alçaq, namərd, qorxaq
Müxtəsər – yığcam, qısa
Müjdə – muştuluq
Müqəvva – içi boşaldılıb qurudulmuş heyvan və ya quş gövdəsi
Mülki – qeyri-hərbi, əsgəri olmayan
Mürtəce – yenilik və tərəqqi uğrunda mübarizədə köhnəlik və
vaxtı keçmiş şeyləri müdafiə edən, mədəni tərəqqinin əleyhinə
gedən
Müti – itaət edən, hər şeyə boyun əyən, tabe olan, itaətli
Müyəssər olmaq – mümkün olmaq, əldə edilmək, nəsib olmaq
N
Naib – 1. Böyük bir şəxsin əvəz edən vəkil, canişin; 2. Yerli
inzibati idarə rəisi, kənd icması başçısı
Namə – məktub, kağız
Navalça – yağış, qar suyunun axması üçün damların kənarına
qoyulan boru
Nəqş – rənglərin, cizgilərin, kölgələrin kombinasiyasından ibarət
şəkil, çəki, bəzək
Nəşə – kef, sevinc, ləzzət, zövq
Nimdaş – bir qədər geyilmiş, işlənmiş, nisbətən köhnəlmiş, təzə
olmayan
Nisgil – yerinə yetməyən, ürəkdə qalan arzu; qüssə, dərd
Nizə – uzun ağaca keçirilmiş ucu şiş, deşici qədim silah
O
Ordugah – qoşunların yaşayış məntəqələrindən kənarda
müvəqqəti br mənzil saldıqları yer
Oylaq – burada: düzənlik, geniş sahə
Ö
Örüş – mal-qara otarılan yer, geniş otlaq
P
Palaz – yundan və ya pambıqdan toxunma enli, uzun, qalın,
xovsuz xalça növü
Pasiban – qoruyucu, qarovulçu, keşikçi, nəzarətçi
Patrondaş – tüfəng və tapança patronlarını qoymaq üçün
yuvacıqları olan kəmər
Pəri – əsatirdə: cinlərin çox gözəl və cazibəli qadın şəklində
təsəvvür olunan qismi;
R
Rəvac – irəli getmək, tərəqqi etmək, inkişaf etmək, irəliləmək
S
Sallaqxana – mal-heyvan kəsilmək üçün xüsusi bina, yer
Sarban – karvanı aparan, karvana başçılıq edən adam
Sədrəzəm – Osmanlı Türkiyəsində baş vəzir
Sənəm – gözəl, dilbər
Səngək – uzun, yastı çörək növü
Sərgərdan – yersiz-yurdsuz, işdən-gücdən avara
Sırma – qızıl kimi parıldayan incə gümüş tel
Sirayət – yoluxma, keçmə
Sövdəgər – parça alveri ilə məşğul olan adam, parça mağazası
sahibi
Suluq – qoyunun ilk südündən hazırlanan pendirəoxşar ağartı
Sürpriz – gözlənilməz hədiyyə, yaxşılıq, xoş xəbər
Süvar olmaq – minmək
Ş
Şaşırmaq – bir iş, bir hadisə və s. qarşısında özünü itirmək,
çaşıb qalmaq, nə edəcəyini bilməmək
Şeşpər – qədim silah növü: altıdilli toppuz
Şeypur – əyri boru şəklində ağzıgen musiqi və ya siqnal aləti
Şəfa – xəstəlikdən qurtarma, sağalma, yaxşılaşma
Şəvə – qara
Şiş – kabab bişirmək üçün ucu iti dəmir və ya ağac çubuq
Şitil – sonradan çıxarılıb başqa yerdə əkilmək üçün parnikdə və
ya xüsusi ləklərdə yetişdirilən bitki
T
Tağ – qovun, qarpız, xiyar, pomidor və s. bostan bitkilərinin
yerlə sürünən kolu
Taziyanə – qırmanc, qamçı
Təb – şeir demək, musiqi yazmaq, mahnı oxumaq meyli, ilham
Təbil – iri nağara
Terror – öz siyasi və sinfi düşmənlərinə qarşı onları cismən
məhv etməyə qədər zorakı tədbirlər siyasəti
Təfavüt – fərq
Təhdid – qorxutma, hədələmə, hədə-qorxu
Təlaş – həyəcan, iztirab, təşviş
Təlqin – hər hansı bir fikri, hissi qəbul etdirmək üçün birinin
iradəsinə, psixikasına təsiretmə, beyninə yeritmə
Təzim eləmək – baş əymək
Tənab – ip, örkən
Təntimək – darıxmaq, hövsələsini itirmək, tələsməkdən canı
sıxılmaq
Təsəlli – bir acını az da olsa unutduracaq, dərdi, kədəri, qəmi
yüngülləşdirəcək söz, nəsihət və ya yaxşılıq; ovundurma,
təskinlik
Təşrif – öz gəlişi ilə bir şəxsi və ya bir yeri şərəfləndirmə,
buyurub gəlmə
Təşviş – narahatlıq, təlaş, həyəcan
Tətik – odlu silahların atəş açmaq üçün barmaqla geri çəkilən
manivelası
Təvəqqe – xahiş, dilək
Təvəllüd – doğulma, anadanolma
Təzim – baş əyərək salam vermə, baş endirmə
Töhmət – danlama, danlayış, məzəmmət, danlaq
Tuluq – içində yağ, maye və s. saxlamaq, nehrə çalxalamaq
üçün qab kimi işlədilən bütöv qoyun və ya keçi dərisi
Ü
Üləma – alimlər
Üzəngi – süvarinin ayağını dirəməsi üçün yəhərin iki tərəfindən
asılı, altı düz dəmir halqalardan hər biri
V
Vahimə – xəyala gələn qorxulu şeylər, hövl, təşviş, narahatlıq
Verst – 1,06 kilometrə bərabər uzunluq ölçüsü
Vəcd – şövq, həvəs, sevinc
Vədə – bir iş üçün qabaqcadan təyin olunan vaxt, müddət
Vəngildəmək – vurulmaqdan və ya başqa bir səbəbdən yazıq-
yazıq, ucadan səs çıxarmaq
Vəznə – 1. Tərəzi, tərəzi daşı; 2. Barıt qabı
Vücud – cisim, bədən
Vüqar – öz mənliyini yüksək tutma, təmkin, ağırlıq, ciddiyyət,
başucalıq
Y
Yaba – ot, saman və başqa bu kimi şeyləri toplayıb atmaq,
qaldırmaq üçün uzun saplı, iki və ya daha artıq dişi olan kənd
təsərrüfatı aləti
Yabançı – özgə, yad, tanış olmayan
Yalman – atın boynunun üst hissəsində bitən uzun tüklər
Yanşaq – aşıq, ozan
Yapıncı – basılmış keçi yunundan (keçədən) hazırlanmış
plaşaoxşar qolsuz, uzun, enli geyim
Yaylım – mal-qaranın otarılması
Yeknəsəq – 1. Eyni, bir-birinə oxşayan, eyni cür səslənən; 2.
Usandırıcı, darıxdırıcı, cansıxıcı
Yüyən – atın başına keçirilən kəm və cilovdan ibarət qoşqu
ləvazimatı
Z
Zehin – insanda düşünmə, anlama və yaddaş qabiliyyəti;
dərrakə, istedad
Zəndlə – diqqətlə
Ziyadə – çox, artıq
Qısa ədəbiyyatşünaslıq
terminləri lüğəti
Bədii təsvir vasitəsi – əsərdə bədii dilin mühüm tərkib hissəsidir. Sözün məcazi
mənası əsasında yarandığına görə məcazlar da adlanır. Epitet, təşbeh, metafora əsas
bədii təsvir vasitələrindəndir.
Bənzətmə – bədii əsərdə bir əşyanın, hadisənin özündən daha qüvvətli əşyaya,
hadisəyə oxşadılmasına deyilir. Bənzətmə əvəzinə ərəb sözü olan oxşatmaq,
bənzətmək mənası verən təşbeh termini də işlədilir. Bənzətmədə çox zaman kimi, tək,
sanki, elə bil ki bənzətmə qoşmalarından istifadə olunur. Məsələn: Şaxtalı havada
küçəyə çıxan uşağın əlləri buz kimi soyuq idi. Burada bənzətmə dörd tərkib hissədən
ibarətdir: Uşağın əlləri – bənzəyən, buz – bənzədilən, kimi – bənzətmə qoşması, soyuq
– bənzətmə əlaməti.
Təşbeh bənzətmə qoşması olmadan – bənzəyən və bənzədilən vasitəsilə də yaradıla
bilər: əlləri buzdur.
Boy – dastanın bir qolu, bitkin hissəsi.
Dialoq – yunanca söhbət, müsahibə deməkdir. Bədii əsərdə iki və daha artıq şəxsin
bir-biri ilə danışığıdır. Dialoq əsərdəki hadisələrin mahiyyətinin, surətlərin daxili
aləminin açılmasında mühüm rol oynayır.
Epitet – yunanca əlavə deməkdir. Bədii əsərdə sözün təsir gücünü artırmaq üçün ona
artırılan məcazi mənalı təyinedici sözdür (sifətdir). Epitetə bədii təyin də deyilir. Şirin
çay birləşməsində şirin sözü məcazi mənada işlənmədiyindən epitet deyil, şirin söz
ifadəsində isə şirin məcazi mənalı söz olduğundan epitet sayılır.
Epizod – bədii əsərin bitkin bir parçasıdır.
Ədəbi qəhrəman – təsvir olunan hadisələrin mərkəzində duran və yazıçının irəli
sürdüyü ideyanın əsas ifadəçisinə çevrilən surətə deyilir. Bədii əsərin qəhrəmanı
müsbət olduğu kimi, mənfi də ola bilər.
Ədəbi növ və janrlar – bədii əsərlər üç ədəbi növə ayrılır: epik, lirik və dramatik
növ. Epik əsərlərdə təhkiyə, təsvir, lirik əsərlərdə tərənnüm, dramatik əsərlərdə
göstərmə əsas, aparıcı əlamətlərdir. Hər bir ədəbi növün müxtəlif şəkilləri vardır ki,
onlara ədəbi janrlar deyilir. Məsələn, epik əsərlərin əfsanə, nağıl, dastan, təmsil,
hekayə, lirik əsərlərin bayatı, qoşma, gəraylı, dramatik növün isə dram, komediya,
faciə janrları vardır.
Mövzu yazıçının bədii əsərdə diqqət mərkəzinə çəkdiyi əsas həyati məsələlər,
səciyyəvi hadisələrdir. Mövzu əsərin ideyası ilə sıx əlaqəlidir.
İdeya – seçilmiş mövzu, təsvir edilən surətlər, hadisələr vasitəsilə yazıçının oxucuya
çatdırmaq istədiyi başlıca fikir, müəllif niyyətidir.
İllüstrasiya – bədii əsərin mətni ilə əlaqədar olan və bu mətnin izahına kömək edən
şəkil. Ədəbi əsərlərdə, xüsusən uşaq ədəbiyyatında, dərsliklərdə illüstrasiyadan geniş
istifadə olunur.
Peyzaj – fransız sözü olub, ölkə, məkan, yer deməkdir. Ədəbiyyatda təbiət təsviri
anlamında işlədilir. Təbiət təsviri qəhrəmanların xarakterinin, hadisələrin, müəllif
fikrinin başa düşülməsində mühüm rol oynayır, anlaşılmasına kömək edir.
Portret – bədii əsərdə surətlərin zahiri görünüşünün təsviri. Bədii əsərdə portret insan
surətlərinin canlı verilməsinə, onların xarakterinin daha yaxşı açılmasına kömək edir.
Surət (obraz) – bədii əsərdə yazıçının yaratdığı obrazdır. Bədii əsərdə insan surətləri
ilə yanaşı, təbiət, heyvan, əşya surəti də yaradıla bilər.
Təbiət surəti – əsərdə təbiət mənzərəsinin təsvirinə deyilir. Təbiət mənzərəsinin
təsviri peyzaj da adlanır.
Təhkiyə – epik əsərlərdə (əfsanə, nağıl, dastan, təmsil, hekayə) hadisə oxucuya
təhkiyə (danışmaq, söyləmək, nağıl etmək) yolu ilə çatdırılır. Əsərdəki hadisələr ya
müəllifin, ya da qəhrəmanın dilindən nağıl edilə bilər.
Tərənnüm – bədii əsərdə hadisələrin, qəhrəmanın hərəkətlərinin, təbiət
gözəlliklərinin yaratdığı xoş hislərin, müsbət arzu və istəklərin obrazlı, ahəngdar
ifadəsidir.
Təsvir – bədii əsərdə hadisənin, qəhrəmanın, əşyanın, təbiət mənzərəsinin
əlamətlərinin sözlə ifadəsidir.
AŞAĞIDAKI KİTABLARI OXUMAĞI MƏSLƏHƏT GÖRÜRÜK
(əsərlər müəllimin tövsiyəsi ilə seçilə bilər)
1. Azərbaycan uşaq ədəbiyyatı antologiyası. Tərtib edəni Q.Namazov. 3 cilddə. I cild.
Bakı: Öndər, 2004.
2. Azərbaycan uşaq ədəbiyyatı antologiyası. Tərtib edəni Q.Namazov. 3 cilddə. II
cild. Bakı: Öndər, 2004.
3. Azərbaycan uşaq ədəbiyyatı antologiyası. Tərtib edəni Q.Namazov. 3 cilddə. III
cild. Bakı: Öndər, 2004.
4. Azərbaycan şifahi xalq ədəbiyyatı. Antologiya. Tərtib edəni B.Abdulla. Bakı: İki
kitabda. Birinci kitab. Bakı: “XXI–Yeni Nəşrlər Evi” nəş., 2001.
5. Azərbaycan şifahi xalq ədəbiyyatı. Antologiya. Tərtib edəni B.Abdulla. İki kitabda.
İkinci kitab. Bakı: XXI–YNE, 2001.
6. Azərbaycan nağılları. Bakı: Şərq-Qərb, 2005.
7. Azərbaycan nağılları. Tərtib edəni B.Abdulla. Bakı: Çaşıoğlu, 2004.
8. Atalar sözü. Bakı: Öndər, 2004.
9. Dədə Qorqud dastanları. Uşaqlar üçün işləyəni Şamil Cəmşid. Bakı: Maarif, 1980.
10. Lüis Keroll. Alisa möcüzələr ölkəsində; Redyard Kiplinq, Mauqli; Joze Qomes.
Ferreyra, Cəsur Joanın qəribə macəraları. Bakı: Öndər, 2005.
11. Rzaquluzadə Mikayıl. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2006.
12. Seton-Tompson Ernest. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2006.
13. Tven Mark. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2009.
14.
www.lit.az
15.
www.kitabxana.net
16.
www.edebiyyat.info
17.
www.anl.az
Dostları ilə paylaş: |