Nizamiyə kiçik məktub.
Nizami, sənin musiqi, şeir və aktyorluq sahəsində gözəl talantın var. Düzdür, sən bunları
inkar edirsən. Bəlkə də bu təvazökarlıqdandır. Ali təhsilini aldıqdan sonra (sənətin
müəllimlikdir) səni əgər ixtisasından ayrılmağa qoymasalar da, bütün günün dərs deməklə,
şagirdlərlə məşğul olmaqla keçsə də, həmin talantının biri mütləq dərs dediyin sinifin bütün
divarlarına sinə gəlib çıxacaq, həyatda öz yerini tapacaqdır. Səni müəllimliklə yanaşı
tanıtdıracaqdır. Əgər elə bir günü görmək mənə nəsib olsa, öncədən dediyim sözə görə
utanmaram.
Ə.Əsgərov
Bakı
18.01.1968
Həmin fikrimə Nizami Abbasovun dərhal cavabı:
- Mənim haqqımda belə yüksək fikirdə olmağın məni utandırır. (Bu təvazökarlıq deyil.)
Düzdür.Hər şey insanın öz əlindədir. Aktyorluğa bir balaca həvəsim var. Bu o demək
deyil ki, talantım var. Zənnimcə, bu yazdıqlarına ömür aman versə, 10-15 ildən sonra
baxsan, ya cırıb tullayacaqsan, ya da elə bir yerə qoyacaqsan ki, bir də bu dəftərçəyə rast
gəlməyəsən.
Ağzımdakı qızıllardan daha qiymətli oradan çıxan sözlərindir. Sənin özündən qiymətli
bircə şey var ki, o da yenə də sən özünsən.
N.Abbasov
18.01.1968
Ana
Ömrümün ilk sözü, ilk təməlisən,
Gözümə vermisən nur, əziz ana,
Nə qədər ay ana, sən mənimləsən,
Nə soyuq, nə şaxta batammaz mana.
Ana, nəfəsindən uzaq olanda,
Günəş də adamı isidə bilmir,
Bir günlük yad eldə qonaq qalanda
Vətənə baxaraq anamdır, deyir.
Nə qədər əzizdir gör bu ad bizə,
İlk dəfə dil açan “ay ana” deyir.
Nə qədər əzizdir gör bu ad bizə,
Can verən insan da “ay ana” deyir.
Bakı,
25.12.1967
Demişəm
Yara mən peyman üçün bir bizə gəlsin demişəm,
Anama güllü çəmənə bir xalı salsın demişəm.
Hər tərəf güldür, çıçəkdir, nəyə lazımdır ətir,
Toplasın çıçəkləri yar, gülləri dərsin demişəm.
Can ki, cananın əlində, dil olub, çoxdan əsir,
Sevirəm söyləməyi gözlərim desin demişəm.
Var isə səndə iradə, məni gözlə iki il,
Yoxsa söylə anana, özləri bilsin demişəm.
Yar xəbər göndərib ki, ahu-zardır indi işim,
Alıb dəsmalı Nizami yaşın silsin demişəm.
25.06.1968
Bizi
Neçə yol ayrıldıq, birləşdik yenə,
Dedik qış sevinər, yaz qınar bizi,
Dedin: “bir şer qoş bu eşqimizə”,
Qoy olsun adı da “Saz qınar bizi”.
Eşqin yollarında durduq mərdanə,
Çətin görünmədi sənə, nə mənə,
İndi sönən eşqə nə söyləyək? Nə?
Məhəbbət inciyər, naz qınar bizi.
Eşqimiz bilsə ki yaş çoxalıbdır
Ürək də əriyib yuxalanıbdır,
Ömürün qürubuna bax! Nə qalıbdır?
Bəlkə az danlayar, az qınar bizi.
Bakı,
15.11.1968
Bir dəfə sən, bir dəfə mən
İlk eşq odu
belə düşdü aramıza,
Gizli-gizli
baxışdıq,
Bir dəfə mən,
bir dəfə sən.
İlk söz-söhbət
gözümüzdən
Dilə keçdi,
danışdıq,
Bir dəfə mən
bir dəfə sən.
İlk məhəbbət
çox uğurlu,
Arzu təmiz,
ürəklər şən
“Mən sən oldum,
səndəki mən”
qarışdıq,
Bir dəfə mən
bir dəfə sən.
İlk sınağa
çəkdi zaman
eşqimizi,
Bir küsüşdük,
barışdıq
Bir dəfə sən bir
dəfə mən.
Bakı,
15.04.1968
Dedim-dedi
Bir çeşmə başında bir gözəl gördüm,
Dinib-dilləndirdi ilhamım məni,
Nazü-qəmzəsindən oxlandı sinəm,
Çıxartmadı təbimdən hilalım məni.
Dedim: Ürək nədir?- Dedim: sənindir.
Dedim: Dodaqların?-Dedi: bal dadır .
Dedim: Zülfün nədir?- Dedi: telimdir.
Dedim: Görünməyir,- Dedi: daldadır.
Dedim: Gözlərin nə? - Dedi: öldürən.
Dedim: Qaşın nədir? - Dedi: yayımdır.
Dedim : Bəs xalın nə?- Dedi ki, gecə,
Dedim: Yanaqların? - Dedi: ayımdır.
Dedim: Kipriklərin? - Dedi: oxladım,
Dedim: Bəs dişlərin? - Dedi: mirvari.
Dedim: Yarın kimdir? - Dedi: soruşma.
Dedim: Adın nədi? - Dedi: Nizamın yarı.
Bakı,
30.12.1969
Qəlb
Gərildi, könlümdə qırıldı bir sim,
Dözmədi həsrətə, kökdən düşdü qəlb,
Sənin qabağında lal oldu dilim,
Duymadın qəlbimi, gözdən düşdü qəlb.
Eşqim dastan oldu, sirrin aşkar,
Sənə çatmadımı eşqim, ey nigar,
Qəlbimi eylədin işğal, tarimar,
Atəşlə su səpdin, gözdən düşdü qəlb.
Yar, yar deyib gəzdim çölü, çəməni,
Sordum? Gördüm deyən olmadı səni,
Qaçdın yarı yolda sən qoyub məni,
Etibar alçaldı, gözdən düşdü qəlb.
Nizami, düşünsə eşq üçün ürək,
Ona nə təsəlli, nə kömək gərək,
Yar sözdən adladı bivəfalar tək,
Məndən gileyləndi, siznən düşdü qəlb.
Bakı,
2.11.1969
Dostluq
Sevincimə ortaq , qəmimə həmdəm,
Bir varlıq dilədim, dostluq, sən oldun.
Güləndə gülüşün, qəmlənəndə də,
Borana büründün, dostluq, çən oldun.
Gördüm yaxınlaşıb ömrün son çağı,
Əyilib qəddimin vəfasız tağı,
Ah çəkdin, sinəndə həsrətin dağı
Sən qəmdən ağarıb, dostluq, dən oldun.
Oxudum qəlbini mən varaq-varaq,
Çətin anlarımda sən oldun dayaq ,
Nizami köç etdi, bir qonaq sayaq,
Mənim əvəzimə, dostluq, mən oldun.
Bakı,
22.10.1969
Olmuşam
Düşmüşəm müşkül dərdə, canana can olmuşam,
Yanmışam eşqin odunda, bağrı al qan olmuşam.
Qəlbimdə qəm dağı var ki, əridəmməz yüz günəş,
Mən elə bir aşiqəm ki, dəli divan olmuşam.
Kimsəyə açmaq deyildir, dərdimi izhar qılıb,
Çünki bu dərdə giriftar, özüm pünhan olmuşam.
Məcnun tək tənə qılırlar mənə hər gəlib gedən,
Bilməyirlər eşq yurdunda mən ki, s0ultan olmuşam.
Dərdinin dərmanı yoxdur, ey Nizamı, bir düşün!
Öz xoşumla düşüb dərdə, əhli dastan olmuşam.
Bakı,
04.10.1969 ( yeddinci məktubdan)
İstəmirəm
Arzular var ürəyimdə,
yaxın, uzaq...
Hər arzuda
cəm olubdur
Min-min arzu,
qalaq-qalaq.
İstəmirəm
gizli-gizli sızlamağı.
İstəmirəm
özgələrin göz yaşından
həyat, gülüş oğramağı.
İstəmirəm
gizli-gizli sevişməyi
açıq- aşkar gülüşməyi.
İstəmirəm
təlatümsüz dənizləri.
Ürəyində
sevinc yükü
Sifətinə süni qəmdən
Pərdə çəkmiş
boz üzləri.
İstəmirəm
kül altında köz olmağı,
Hər arzuya, hər istəyə
qayda qoyub, göz olmağı.
İstəmirəm
qar üstündə
ləpir salıb keçən yolu,
İstəmirəm
başqaları
mənim üçün seçən yolu,
İstəmirəm
nə kədəri,
nə sevinci qırıq-qırıq,
İstəmirəm nə nifrəti,
İstəmirəm nə sevgini
mən yarımçıq.
İstəmirəm
o ömrü ki
sürünərək keçəsiyəm,
Saf suyu da
üfləyə- üfləyə içəsiyəm.
Öz ömrümdən
Nə pay verdim
Vətənə mən
gərək biləm.
Bilmirəmsə...
İstəmirəm nə boş arzu,
İstəmirəm nə boş ömür.
Bakı. Bulvar
20.03.1970
Görmüşəm
Muştuluq səndə, qaqaş, sal əlini bir cibinə,
Gəl inan sözlərimə, qışda baharı görmüşəm.
Naz ilə gəldi bahar qız, bu soyuq can evinə,
Gözün aydın a qaqaş, Eşqinə yarı görmüşəm.
N.M.Abbasov
Dilim qayıt dedi
Qayıt dedim:- sevgilinin yanına,
Allandı yanaqlar, allandı həmən,
Qayıt dedisə də dilin, gözəlim,
Baxışın qal dedi:- Necə gedim mən?!
Qayıt dedin:- əsdi, titrədi səsin,
Gözün uzaqlara zilləndi, qaldı,
Dilimlə dediyim bu titrək sözü,
Baxışın, baxışın tez geri aldı.
Qayıt dedim-sonra tutdum qolundan,
Bilmədim dünyanın harasındayam,
Bir yanda tərəddüd, bir yanda güman,
Dilimlə baxışım arasındayam!
Bakı,
30.01.1971
Ürək
Məndən uzaqdasan xəyalım qədər,
Nə ünüm yetişir, nə çatır əlim,
Yaxınsan sən mənə ürəyim, fəqət,
Uzaqsan, mümkünmü səni görməyim?!
Gəl, mənim eşqimin yuvasısan sən,
Yaxınsan sevgimin nəfəsi qədər,
Səndə qəm cığırı, sevgi yükü var,
Uzaqsan röyamın şən səsi qədər.
Bütün varlığımla bağlıyam sənə,
Şirinsən dünyanın hər nemətindən,
Bəzən istəyinlə acılaşırsan,
Zəqquma dönürsən, ey ürək nədən?
Heç kəs açmayıbdır sənin sirrini,
Özün boşalmısan, özün dolmusan,
Yeganə varlıqsan bu dünyada ki,
Özün də özünə bir sirr olmusan.
Həmişə oyaqsan, gecə və gündüz,
Səndə birləşibdi qara, ağ, ay, gün.
İnsan həyatını sənə tapşırıb,
Bəlkə də heç zaman yatmadığınçün.
Ey mənim həyatım, arzum, diləyim,
Bir vaxt gələcək ki, yorulacaqsan,
Mənə işıq verən, həyat verən ürəyim,
Bir gün də gözümü qapayacaqsan.
11-12.09.1971
Dünya
Göz açdım, ucaldın gözümdə ancaq...
Bircə yol gülmədin üzümə, dünya,
Məni hey sındırdın, əymək istədin,
Bununçün güc gəldin dizimə, dünya!
Ağlatdın, axmadı göz yaşım dən-dən,
Güldürdün, yan qaçdım süni gülüşdən,
Mənimçün qənimmi kəsilmisən sən?
Düşürsən həmişə izimə, dünya!
Çalxadın nə ayran, nə də yağ oldum,
Sən qara yaxdıqca, dönüb “ağ” oldum,
Qaynar qazanında yüz yol dağ oldum,
Daha öyrənmişəm, dözümə dünya!
Nizamam, yaşım az, başım bəlalı,
Yağdırdın üstümə hər qüylü-qalı,
Adıma “pay” çıxdın qəm-kədər malı
Göründü “iç üzün” gözümə dünya!
Bakı,
25.06.1971
Özün qal
Su kiçiyin, yol böyüyün deyiblər,
Böyüksən, gedirsən, get uğurlu yol!
Yalan da deyəndə mərdanə denən,
Mərdsən, mərdanəsən, nəsən özün ol!
Deyirsən “əhdimə ağ oldum axı”,
Əhdini bilirəm bir bulud dağı,
Külək qovar onu aşağı-yuxarı.
Əl götürmə işə qoyubsansa, qal!
Nizamam, hər zülmə qalxandır sinəm,
Ox atıb, yayını heç gizlətmərəm,
Öz işimi öz ağlımla istərəm,
Özün boşal, özün düşün, özün qal!
Bakı,
26.04.1971
Axtar
Bilmirəm istidir, yoxsa ki soyuq,
Gah yanır bədənim, gah titrəyirəm,
Qəlbim dərd əlindən, lap oyuq-oyuq,
Özüm də bilmirəm nə istəyirəm.
Vəfasıza könül bağlama, könül,
Bağladın, sızlama, ağlama, könül,
Ürəkdə nəyim var saxlama, könül,
Dünya bir cürədir, mən bir təriyəm.
Öz-özümü xar eylədim, günümə bax,
Nə utandım, ar eylədim, gülmə bax,
Kor baxtımdır , son zamandır, günümə bax,
Dərd əlindən indi bir sərsəriyəm.
Yenə dərdli gözüm, yarlı yol axtar,
Dumanlı yol axtar, qarlı yol axtar,
Dərd əlində Nizami, gəl yol axtar,
İndi bir sümüyəm, mən bir dəriyəm.
Bakı,
26.04.1971
Ayrı düşəndən
Yoldan uzaq, eldən uzaq qəribəm,
Üzüm gülmür, yardan ayrı düşəndən.
Ayaq basdığım yer gülüstanımdır,
O şəkərdən, baldan ayrı düşəndən.
Yoxdur bir dincliyim, ürək narahat,
Kim yardan ayrıdır, gərək narahat,
Arzular narahat, dilək narahat,
O teldən, o beldən ayrı düşəndən.
Təzə bir sevdaya düşüb könül,
Nə vaxtdır yarsızdır, üşübdü könül,
Saz alıb, söz qoşub, düzübdü könül,
Öz obam, elimdən ayrı düşəndən.
Bakı,
30.04.1971
Dostları ilə paylaş: |