Dəlixanadakı qarışqa



Yüklə 287,89 Kb.
Pdf görüntüsü
tarix01.07.2018
ölçüsü287,89 Kb.
#52563


Dəlixanadakı qarışqa 

(Eybulla Ağadadaşov) 

 

... Və o dərin sükut bu sözlərlə yıxıldı. 



... Yuxumda allahı görmüşəm yenə. Görürəm ki, evdəyəm. Yatmışam. Səsə 

ayılıram. Yataqdan qalxıb səs gələn tərəfə gedirəm. Anam, atam - hamı evdədi. 

Allah da evimizin tavanında özünə səma düzəldir. Mən dəfələrlə görmüşəm 

yuxumda onu (allahı nəzərdə tuturdu). Amma gəl ki, hər kəs mənə dəli 

olduğumu deyir. Məni döyənlər də olub. Halbuki, mən həqiqi peyğəmbərəm 

inanın mənə. Onlar hələ bunu dərk etməyiblər (deyəsən hələlik onların içinə 

mən də daxil idim). Onsuz da həmişə belə olub, özün də bilirsən. Özün də yaxşı 

bilirsən ki, peyğəmbərlər nə zülmlər çəkiblər. Açığı bir söz deyim də, 

peyğəmbər olmaq mənim arzum olub. Mən nə yalançı peyğəmbərəm, nə də 

sonuncu. Sənə bir sirr açım? Sonuncu peyğəmbər deyilən peyğəmbərdən sonra 

da çox peyğəmbər peyda olub. Yarısı yalançı, yarısı həqiqi. Bu oyundur (həyatı 

nəzərdə tuturdu fikrimcə, ya da mənimlə öz arasındakı söhbəti). Və bu oyunda 

“sən sonuncusan” deyilən bir söz yoxdur. Onlar yalançı peyğəmbərlər 

ucbatından həqiqi elçiləri də daşa basıblar. İçi mən qarışıq. Bax, görürsən də 

hardayam?  Dəlixana - ən müqəddəs olsa da, mənim həyatımı alt-üst edən 

zindan. Yox, belə olmaz. Hər bir peyğəmbərin taleyinə yazılan çətin bir sınaq 

olub. Razılaşmalıyam. Məsihdən tutumuş, ta mənə kimi. Bu qanundur. Yunus 

peyğəmbəri udan balıq kimi udub, həbs edib içinə məni bu dəlixana. Taleyimə 

yazılmış sınağa bax (açığı, bu sözdən sonra ətrafıma baxdım). Yunus 

peyğəmbər demişkən, sən dillər əzbəri olmuş həmin balıq rəvayətlərə də 

inanma. Yunus peyğəmbəri balıq-malıq udmayıb. Onu zindanda həbs ediblər. 

Mənim kimi. Amma bu zindanda olmağıma baxma, müqəddəs məkan 

adlandırıram buranı. Sənə yenə bir sirr açım? Bilirsən nə qədər tərəfdar 

toplamışam özümə burda? 

Gözləmə otağında idim. Bu darısqal otaqda 3 masa qoymuşdular (onsuz da 

üçdən artıq masa bu otağa yerləşməzdi). Boş masaların birində özümə yer 

elədim. Pəncərəyə yaxın masada. Pəncərə demişkən, otağın bir pəncərəsi var idi 

və pəncərə qarşısında qəribə görkəmli, ortayaşlı, arıq bir qadın dayanıb səmaya 

baxırdı. Baxmaqla bərabər elə bil özü ilə danışırdı da. Burada ona özüylə 

danışmağına görə qəribə baxa bilməzdim (çünki ruhi xəstəxana elə bir yerdir ki, 

özünlə danışmaq burada adi haldır). Otaq üç masa və stulları ilə içi biz qarışıq 

hüznlü bir sükut içində üzürdü. Otaqda uçuşan milçəklər belə bu sükuta mane 

ola bilmirdilər (həddən artıq çox milçək var idi otaqda). Masanın üstündə 



gəzişən bircə qarışqa da gözümdən qaçmamışdı. Gah yolunu axtaran qarışqaya, 

gah da pəncərə önündə dayanıb (pəncərələr çöl tərəfdən dəmir barmaqlıqlarla 

qorunur deyə bu mənzərə məni məhbus kimi hiss etdirirdi və həmçinin onu da 

azadlıq arzulayan dustağa bənzədirdim) səma ilə əlaqəyə girən şaman qadına 

baxırdım. Reallıqda otağın dörd divarı olsa da, sükut otağa beşinci divar 

hörmüşdü. Əlbəttə ki, onunla mənim aramda (qəribəsi də odur ki, nədənsə, bu 

sükutu pozacaq bir nəfər də olsun qapını açıb gözləmə otağına gəlməmişdi bu 

müddətdə). Amma hələ də altdan-altdan maraqla onu izləyirdim. Gözəl qadın 

idi. Hələ də özü ilə danışırdı. Sanki baxdığımı hiss edib birdən arxaya (mənə 

tərəf) çevrildi. Və o dərin sükut bu sözlərlə yıxıdı ... 

Yuxumda allahı görmüşəm yenə. Görürəm ki, evdəyəm. Yatmışam. Səsə 

ayılıram. Yataqdan qalxıb səs gələn tərəfə gedirəm. Anam, atam - hamı evdədi. 

Allah da evimizin tavanında özünə səma düzəldir...  

Ona demək istəyirdim ki, dayanın. Bu nə deməkdir? Siz kimsiz? Mənə nə üçün 

bunları danışırsız? Allahı görmək? Başınız xarab olub? Yox, üzrlü sayın. 

Başınız xarab olub ki, burdasız. Başa düşdüm, amma mən də məcbur sizin 

yuxunuza (evinizin tavanında özünə səma düzəldən allah haqqında nağıla) 

qulaq asmaq fikrində deyiləm. Amma faydası yox idi. Düşündüklərimi deyə 

bilmədim çünki.. 

Halbuki, mən həqiqi peyğəmbərəm. 

.. çünki qarşımdakı qadın mənə peyğəmbər oluğunu dedi. Açığı, çox 

təəccüblənmədim. Bir az əsəbiləşmişdim. Ətrafıma baxdım (çöldən dəmir 

barmaqlıqlarla qorunan pəncərə, özünə baxmağa şüşəsi olmayan əlüzyuyan, 

ağzına qədər dolu qara zibilqabı, əsəbimi tarıma çəkən milçəklər və nəhayət 

stolun üstündə yolunu tapa bilməyən balaca canlı - qarışqa). Harada olduğumu 

bir daha xatırladım və sakitləşməyə başladım. Qulağım onda idi. Yunus 

peyğəmbərə oxşatdı özünü. Dedi ki, Yunus peyğəmbəri balıq-malıq udmayıb. 

Onu zindanda həbs ediblər. Artıq səbrim çatmırdı. Qarşımdakı xəyalpərvərin 

müqəddəs çənəsindən canımı qurtarmaq istəyirdim ki, mənə tərəf əyilib 

qulağıma astaca pıçıldadı.  

Sənə yenə bir sirr açım? Bilirsən nə qədər tərəfdar toplamışam özümə burda? 

..maraq mənim kimi birisini yenə toruna saldı. Onu dinləmək qərarına gəldim. 

Bəlkə də onu başından bəri dinləmək istəyirdim... 

Əslində bu qapalı məkana mən tərəfdar toplamağa göndərilmişəm. Bu mərhələ 

işin ən çətin hissəsidir. Bu mərhələdə ruh yüksəkliyi və inam güclü oldusa, geri 

qalan mərhələlər su kimi asan olur. Çox işgəncələr görmüşəm. Buranın elə 

xüsusi palataları var ki, oraya sözə baxmayan dəliləri salıb onların üzərində 



müxtəlif cür təcrübələr aparırlar və ağlın da çıxır başından. Bu gizli palatalardı. 

İntensiv palatalar da deyil. İntensiv hamının bildiyidir. Bunlar isə az adamın 

bildiyi. Amma tanrıya şükürlər olsun ki, mən hər dəfə sudan quru çıxa bilirəm. 

Tanrı məni qoruyur. Çünki mənim vəzifəm tanrının bizlərə göndərdiyi dini 

buradan başlatmaqdı (nədənsə indi allah yox, tanrı deyirdi). Bu təsadüfi seçim 

deyil. Çünki dəlilər axirətdə sorğu-sualsız cənnətə düşəcək kəslərdilər. Sonuncu 

müqəddəs kitabda da bu barədə yazılıb. Diqqətlə dinlə - deyib pıçıltıyla: 

“Nun. And olsun qələmə və qələmə alınanlara! 

Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən. 

Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır. 

Həqiqətən də, sən böyük əxlaq sahibisən! 

Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu. 

Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı 

tanıyır. 

Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə! 

Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə) güzəşt etsinlər. 

İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə, söz gəzdirənə, xeyrə 

mane olana, həddi aşana, günahkara, daş ürəkliyə, (anlamaza və eyni zamanda) 

əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi 

olsa belə!"  

“Qələm” surəsindən bu ayələr bilirsən nə məna daşıyır?... 

Başım gicəllənirdi. Onun müqəddəs kitabdan dediyi ayələrdən sonra birtəhər 

oldum (deyəsən, mən də dəli olurdum). Adını bilmədiyim peyğəmbər qadın 

məni hipnoz etmişdi. Dilim-dodağım qurumuşdu. Ayaqlarım əsirdi. Birtəhər 

ayağa qalxıb əlüzyuyana tərəf addımladım. Kranı açıb üzümə su vurdum 

(iyrənərək də olsa, bir-iki qurtum içdim). Qulaqlarımdakı ciyilti məni 

keyləşdirirdi. O isə hələ də ayələri üstümə yağdırırdı.. səsini çətin eşidirdim.. 

sözlər, cümlələr qırılırdı.. onun incə səsi.. 

- Sə.. öz Rəbbinin hökmünə... Yunus kimi olma!.. zaman o, qəm-qüssə ..ində 

Rəbb.. dua... Onlar çarəsizlikdən: "O, dəlidir!"– deyirlər. "O, dəlidir!"– deyirlər. 

"O, dəlidir!"– deyirlər. "O, dəlidir!"– deyirlər. "O, dəlidir!"– deyirlər... ...ciyilti  

Çiynimdə ağırlıq hiss etdim.  

Yaxşısan?  

Birdən-birə ayılmışdım. Əli çiynimdəydi. 

Bayaqdan baxıram, dayanmadan üzünü yuyursan.. 



Qəribə idi. Zaman və məkanı itirmişdim. Bir anlıq fantastik ahənglə bilinməz 

mühitdə süzülürdüm, su kimi axırdım. Bayaq pıçıldadığı ayələr qulağımı 

batırırdı, başımı ağradırdı, amma indi yaxşıyam. Özümə gəlmişəm. Sirrli 

qadınla dəlixananın gözləmə otağında edilən ağılabatmaz söhbət mənə hər şeyi 

unutdurmuşdu. Hava almaq üçün pəncərəyə yaxınlaşmışdım. O da yanımda 

dayanmışdı və hal-hazırda həyat yoldaşından danışırdı. Əvvəl həmin qadın 

fahişə olduğunu da dedi. Və əlbəttə ki, ailə qurmağı tanrının əmri kimi 

qiymətləndirdi. Mələk ruhlu, əməli-saleh biri onun qabağına çıxıb və o da bu 

qaranlıq dünyadan canını qurtarb. Həyat yoldaşı (o kişiyə bir anlıq həsəd 

apardım) ona bayır ilə təması yaradır. Xəstəxanadan çöldə baş verən hər şeyi 

peyğəmbər qadın üçün bu kişi edirmiş. “Böyük köç” də bu qadının əli ilə baş 

verəcəkmiş.. 

Biz tam hazır olandan sonra “böyük köç” baş tutacaq. Amma əvvəlcə 

smartfonlar üçün həmin proqramı yaratmalıyıq. Güclü proqramistlər tapmışıq. 

Artıq bu iş üstündə hazırlıqlar gedir. Bilirsən də, müasir dövrdə smartfonsuz 

bəşər övladı yoxdur və biz də bu proqram vasitəsi ilə şəbəkə yaradıb dinimizin 

tərəfdarları ilə rahat şəkildə ünsiyyətə keçəcəyik. İslam dininin tərəfdarları, yəni 

müsəlmanlar ilə işimiz bir az qəlizləşəcək, amma öhdəsindən gələcəyik, inan 

mənə (nəyə inanıb inanmayacağımı hələ də bilmirdim). Sonra qarşımızda böyük 

dövlətlər dayanır. Amma öncəliklə mənə tanrı tərəfindən deyilənlər öz 

dövlətimizdə gerçəkləşməlidir. Dövlət quruluşu, rəmzləri, hətta prezidenti belə - 

hamısını devirməliyik. Din dövlətdən ayrı olmayacaq. Din elə dövlətin özü 

olacaq. Harınlamış nazirlərdən onsuz hamı bezib. İbadətgahları – məscid, 

sinaqoq, kilsələr - hamısını sökəcəyik. Hətta Məkkəyə kimi. Bəşər övladının 

qibləgahı (əlini sinəsinə qoydu) onun qəlbidir. İbadəti səma, belə desək, özü ilə 

söhbətidir (səma ilə ünsiyyət mənə indi aydın oldu). Tanrı sadəcə bizə vəhylər 

göndərən ulu hikmət sahibidir. 

İçəridə bayaqdan başqa adamlar da vardı. O isə bunları çox sakitcə danışırdı. 

Qapı tərəfdəki masada əyləşən xəstənin qohumları (bir ortayaşlı kişi, bir də 

əsmər, cavan oğlan idi) içəri girəndə dəhlizdəki xəstələrdən biri (qısasaçlı, mavi 

gözləri olan arıq qadın) onlara gah rusca, gah da azərbaycanca nə isə deyirdi. 

Daha doğrusu nə isə istəyirdi. Qulağım peyğəmbərdə, gözlərim də dəhlizdəki 

həmin qadında idi. Məlum oldu ki, sən demə bu gün Pasxa imiş. Və həmin 

qadın xristian olduğundan dəhlizdə durub (qapı açıq qaldığından otağa 

dəhlizdən dolan pis, qarışıq qoxu ürəyimi bulandırırdı) gözləmə otağına gələn 

qonaqlardan şirniyyat istəyirdi. Bu sözlərini dəqiqliklə eşitmişdim, çünki 

nəfəsini dərib qəribə ləhcəsi ilə ucadan demişdi. - “Qohumlarım bu bayram 

günü yanıma gəlməyiblər, heç olmasa mənə bir dənə də olsa, nəsə verin yeyim 

bu gün...” 



Masamda əyləşib anamı gözləyirdim. Həkim demişdi ki, günorta müəyyən 

dərmanlar vermişik və palatasında yatıb. Sən istəyirsən get, ya da qal gözlə, nə 

vaxt ayılar, yuxudan durar, çağıraram aşağı onu. Mən də gözləməyi seçmişdim. 

Və gözlərkən otaqda peyğəmbərlə tanış oldum. Hətta bu peyğəmbər qadın idi. 

Tarixdə peyğəmbər qadın olubmu? Olmuşdusa da, onunla ilk ünsiyyət quran 

mən oldum, deyəsən. İndi otaq yenə də sükut bataqlığında batırdı. Nə gələn 

qonaqlar var, nə də qadın peyğəmbər. Bilirsiz nə oldu? İşçilər gəlib həmin 

peyğəmbərin əlin-qolun burub apardılar palatasına. Yəqin dediyi gizli palataya. 

Onu nə üçünsə, məzəmmət də etdilər. Deyəsən, hansısa korpusda aləmi bir-

birinə qatmışdı. Dəlilərdən biri nə pəncərə, nə də baca, elə düz qapıdan 

qaçmışdı. Tibb bacısının cibindən oğurladığı açarla. Qaldığı palatanın divarında 

da “Sən də görəcəksən, onlar da hansınızın dəli olduğunu. Sizin üçün 

qayıdacağıq!!!” yazısını yazmışdı. Bu məlumatlara dəhlizdə danışan xəstələrin 

sayəsində sahib olmuşdum. “Hamısı qəhbənin işidir”, - deyirdilər.  

Bu baş verənlərdən sonra gözləmə otağında çox gözləməli olmadım. Lakin 

gözlərkən iki şey gözümün önündən getmirdi. Birincisi – tibb bacıları əli-qolu 

bağlanmış peyğəmbər qadını sürüyə-sürüyə apararkən onun mənə son baxışında 

atdığı ecazkar təbəssümü (gülümsünməsi), ikincisi – masanın üstündə hələ də 

yolunu tapa bilməyən qarışqa. Bu kiçicik məxluq axı niyə dəlixanadadır? 

Görəsən, o, bunun fərqindədir? Axı təbiət onun ixtiyarındadır.. Qəribədir... 



Yüklə 287,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə