Мцндяриъат



Yüklə 225,34 Kb.
tarix22.07.2018
ölçüsü225,34 Kb.






SİDDİQEYİ-KÜBRA

Yaradılışın məqsədi Allah-taalanı tanımaq və ona ibadət etməkdir. Elə bir tanımaq ki, vəhy yolundan başqa heç bir vasitə ilə ona çatmaq mümkün deyil. Allahın əzəmətinin müqabilində parlaq zəkalar baş əyir. Onun zatı, sifətləri, işləri barədə insanın fikir və xəyalına gələn bütün təsəvvürlər bir birinin üzərinə qalanmış qaranlıq və zülmətlərdən başqa bir şey deyildir. «Xəyallarınıza gələn ən dəqiq şeylər belə sizin kimi məxluq yaranmışdır, sizə qaytarılır»1.

İti düşüncələrin onun əzəmətinin dalğalarında dalğalandığı, zəkaların onun əzəliyyətini xatırladıqda məəttəl qaldığı, ağılların onun yaratdığı fələklərə heyrətləndiyi Allah necə də əzəmətli və nöqsanlardan uzaqdır!

«Göylərin yerin nuru»na2 yetişmək üçün yalnız bir çıraq var. Bu, həmin qəlb çıraqdanıdır ki, onu vəhy çırağı işıqlandırıb: «Bu elə bir kitabdır ki, onu sənə nazil etdik ki, insanları zülmətlərdən çıxardıb nura qovuşdurasan»3.

İbadət yalnız həmin pak və müqəddəs varlıq olan Allaha layiqdir ki, əvvəllər olmaya - olmaya insanı qarışıq nütfədən yaratdı. Onu eşidən yaratdı ki, öz yaradanının şəriətini eşitsin, görən xəlq etdi ki, onun hikmət nümunələrini görsün. Murdar sudan (nütfədən) elə bir varlıq yaratdı ki, əql, yəqin, elmul-yəqin, eynul-yəqin, həqqul-yəgin mərtəbələrinə yetişə bilər: «Yaradanların ən yaxşısı olan Allah necə uludur4

Amma, tayı - bərabəri olmayan Allaha ibadət etməyə nail olmaq, elə onu tanımaq kimi yalnız o «böyük əzəmətlinin» qoyduğu və böyük peyğəmbərləri vasitəsilə bizə yetirdiyi şəriət vasitəsilə mümkündür. Yalnız bu surətdə «cəlal kəramət sahibi» olan Allah, özünün irfan cəvahiratının xəzinələri olan camal və kamal adlarla çağırılacaqdır.

«Gözəl adlar Allahındır və onu həmin adlarla çağırın»5

İnsanın və digər məxluqların yaradılışının məqsədi, həmçinin peyğəmbərlərin göndərilməsinin meyvəsi olan həmin mərifət və ibadətZ «keçmişlər-dəkinə son qoyan»«gələcəyə yol açan» sonuncu peyğəmbərin peyğəmbərliyə yetişməsilə son mərhələsinə, kamal həddinə yetişdi.

İzzət Rəbbinin öz hikmət gözü və qüdrətəliylə bəşəriyyət fitrətinin torpağında - «(Ya Məhəmməd! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut6, - əkdiyi həmin o pak ağac böyüdü, inkişaf etdi və Peyğəmbərin (ə) iştirakıyla günlərin birində (Qədir-Xumda) öz meyvəsini, yemək istəyən insanlara təqdim etdi: «Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım bir din kimi sizin üçün islamı bəyənib seçdim»7. İzzət Rəbbi mümkün olan bütün hidayət nümunələrini həmin elm və hikmət şəhərində cəmləşdirib, özünün sonsuz hikmətiylə həmin şəhərin qıraqlarına heç bir xəta, səhv və nəfsi istək keçirməyən möhkəm bir divar çəkdi (onu məsum etdi) ki, naqis ağıllar və xarab ürəklər Rəbbani elm və ilahi hikmət cövhərlərini korlamasınlar. Həmin şəhər üçün yalnız bir giriş qoydu: böyük vilayətin düz yolu! Və həmçinin, məxluqat üçün yalnız bir qapı açdı: heç bir xəta, səhv, nəfsi istək və unutqanlığın yol tapmadığı böyük imamət qapısı. «Mən elmin şəhəri, Əli isə onun qapısıdır8

Hamı gərək bilsin ki, qiyamətə qədər ümmətin ipini uca risalət və böyük imamətə bağlayan həlqə yalnız və yalnız İnsiyyəyi - Həvra... Fatimeyi - Zəhradır (ə.s.)!

O müqəddəs Xatəmin (Peyğəmbərin (s)) vücudu bu dünyada yalnız o xanımın vasitəsiylə davamiyət tapır. Çünki o xanımın (s.ə) nəslindən olanlar (seyyidlər) Peyğəmbərin (s) maddi varlığının təmsilçiləridilər. Necə ki, o həzrətin dini, xanımın nəslindən olan imamların (ə) vasitəsiylə davam edir.

İmamət səmasının ulduzlarının (on iki imam) parlamasına da vasitə o xanımdır. Çünki o xanımın vücudunun üfüqünün məzhəri - imam Həsən (ə) helminin, Hüseyn (ə) şücaətinin, Səccad (ə) ibadətinin, Baqir (ə) xoş əməllərinin, Cəfər (ə) nişanələrinin, Kazım (ə) elmlərinin, Rza (ə) dəlillərinin, Təqi (ə) səxavətinin, Nəqi (ə) paklığının, Əskəri (ə) heybətinin günçıxanıdır. Hidayət çırağı və nicat gəmisi olan Hüseyndən (ə) tutmuş peyğəmbərlərin son mirası olan vədə verilmiş Mehdi – «onun bərəkəti ilə yer göy aram tutur», – həmin o pak ağacın meyvələridirlər ki, «onun kökü yerdə möhkəm olub budaqları səmaya ucalan gözəl bir ağac kimidir. O ağac Rəbbinin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verir»9.



Nəticə: İlahi xəzinələrin bütün cövhərləri yalnız o xanımın ismət (məsumluq) sədəfindəndir. Həmçinin, Adəmdən Xatəmə qədər peyğəmbərlərin nübuvvətinin işıqlı çırağı və hidayət imamlarının imamətinin şölə saçan məşəli o xanımın vücudunun nurundan qidalanır.

Bu sədəfin son giləsi və bu fələyin son parlaq ulduzu o şəxsdir ki: «yeri ədalətlə dolduracaq, necə ki, zülm ilə dolmuşdu»10. Və məhz onun vücudu ilə Allah-taalanın aşağıdakı ayəsi öz təsdiqini tapar. «Müşriklərin xoşuna gəlməsə , (İslamı) bütün dinlərin fövqündə göstərmək üçün peyğəmbərlərini doğru yolla haqq dinlə göndərən Odur11. Onun zühuru ilə Allahın sözünün təfsiri bilinər: «Yer, öz Rəbbinin nuru ilə işıqlandı»12.

Aydın məsələdir ki, «əzəmətli Allahın kitabının nazil olduğu» Qədr gecəsinin qiyməti məlum deyil. Həmçinin böyük ərşin Rəbbinin kəramətli peyğəmbərə (ə) hədiyyəsi olan o Kövsəri hədiyyənin (Fatimənin) məqamını dərk etmək də bizim ağıllarımızın dairəsindən kənardır.

Sünni və şiələr, həmçinin, Əhli-beytin (ə) fəzilətləri barəsində nəql olunmuş hədislərin sənədlərini zəif kimi qələmə verməkdə heç bir fürsəti qaçırmayan hədis tənqidçiləri «heç vaxt nəfsi istəkdən danışmayan»13 Peyğəmbər - Əkrəmdən (s) Fatimə (s) haqqında aşağıda nəql olunmuş hədisin səhihliyini etiraf etmişlər. Onlar həmin hədisin sənədini zəif hesab etməyə aciz qalmış və şeyxlərin (Əbu Bəkr, Ömər və Osman) də Peyğəmbərin (s) həmin sözünə şahid olduqlarını iqrar etmişlər.



«O (Fatimə), mənim bir parçamdır. Onu narahat edən şey məni narahat edir, ona əziyyət verən mənə əziyyət verir»14. "Fatimə bədənimin bir parçasıdır. Hər kəs onu qəzəbləndirsə, məni qəzəbləndirmiş olar"15.

Deməli həzrət (s), Fatiməni öz vücudunun və mahiyyətinin bir parçası sayır.

İlk yaranmış16, danışanların ən fəsahətlisi, gözəl adlar içində Allahın ən əzəmətli adı, ali nümunələr içində Allahın ən ali nümunəsi... Fatiməni öz vücudunun bir parçası sayır və onun qəzəbini öz qəzəbi sayır, hansı ki, Peyğəmbərin qəzəbi Allahın qəzəbidir.

Bu onu göstərir ki, Fatimə, Allahın nurunun nümunəsidir və həmçinin Allah və onun elçisinin razılıq və qəzəbi Siddiqeyi - Kübranın razılıq və qəzəbində öz əksini tapır.

Hər iki tərəf nəql edirlər ki, Allahın rəsulu (s) Fatiməyə (ə.s) dedi: «Allah sənin qəzəblənməyinə görə qəzəblənər, sənin razılığına görə razı qalar»17.

Əgər böyük məsumiyyət dedikdə kamil insanın elə bir mərtəbəyə yetişməsi ki, Allahın razı qaldığı şeylərə razı qalsın, qəzəblənməsinə görə qəzəblənsin – nəzərdə tutulursa, Fatimeyi - Zəhra (ə.s) elə bir mərtəbəyə yetişmişdir ki, mütləq mənada Allah onun razı qalmasına görə razı qalır, onun qəzəblənməsinə görə qəzəblənir. Bu elə bir məqamdır ki, ən kamil olanları belə heyrətə gətirir.

Xanım Zəhra (ə.s) vilayət səmasının parıldayan ulduzlarının məşriqi, hidayət kitabı olan Quranın sirlərinin xəzinəsidir.

O, İslam övladlarından olan on iki ağanın birinin (Əlinin) xanımı, digər on birininsə anasıdır. Tövratın on yeddinici «Sifri-təkvin»ində onlar haqqında söhbət açılmış, Allah-taala İbrahim - Xəlil (ə) peyğəmbərə onlar haqqında məlumat vermişdir.

Xanım Zəhra (ə) göydəki o böyük əlamətdir ki, Yuhənna İncilində onun haqqında deyiblər:

«Bir qadın ki, günəş ay onun qədəmlərinin altındadır onun başının üstündə on iki ulduzdan ibarət tac vardır»18.

«Əd-Duxan» surəsindəki «Mübarək gecə»nin - hansı ki, «hər bir hikmətli o gecə hökm olunur»19, - təfsiri xanım Zəhradır.

Qurani-Məciddəki «Qadınlarımız» kəlməsin-dən məqsəd də xanım Zəhradır. Həmin kəlmə cəm formasında olsa da, bir nəfərlə həyata keçirildi (Peyğəmbər (s) yalnız Zəhranı (ə s) özüylə nifrinləşməyə apardı).

O və əri... həmin nübuvvət və elm dənizidirlər ki, Allah-taalanın aşağıdakı ayəsi onlara yozulmuşdur: «İki dənizi o qovuşdurdu»20.

Fatimeyi - Zəhra (ə.s) o yeganə qadındır ki, Allah-taala mübahələ günü onun duasını peyğəmbərlərin sonuncusu (Muhəmməd (s) və vəsilərin ağasının (Əli (ə)-ın) duasıyla eyni tutmuşdur.

Xanım Zəhra (ə.s) həmin əsrin yeganəsidir ki, Allahdan ötrü iş görməyi özünün başının tacı etmişdi: «Biz sizi ancaq Allahın rizasından ötrü yedirtdik. Biz sizdən bir mükafat, bir təşəkkür istəyirik»21.

Xanım Zəhra (ə.s) o şəxsdir ki, Allahın rəsulu (s) meraca gedəndə gördü ki, cənnətin qapısında yazılıb: «Fatimə Allahın seçdiyidir»22.

Bəli, seçilmiş Əhmədə Allahın seçdiyi yaraşır!

Xanım Zəhra (ə.s) o şəxsdir ki, Allahın rəsulu (s) buyurub: «Mən Buraqın (Peyğəmbərin meraca getdiyi atın adıdır) üstündə, cənnətə ən yaxın yerdə dayanacağam. Fatimə isə məndən qabaqda dayanacaq»23.

Xanım Zəhra (ə.s) o şəxsdir ki, qiyamət günü «əvvəlkilərin sonrakıların imamı»nın qar-şısında dayanacaq ki: «O gün (qiyamət günü) onların nurunun onların önlərindən sağ tərəflərindən axıb şölə saçdığını görəcəksən»24 ayəsinin mənası aşkar olsun.

Həmin nur ki, cəza günü öz sahibinin qabağını işıqlandıracaq və izzət Rəbbi olan Allah-taala da onu Qurani-Məciddə «nur saçan işıq» kimi qələmə verir və «Nur» surəsində onu öz nurunun nümunəsi kimi təqdim edir.

O həzrətin (ə.s) şəxsiyyətini bəyan edərkən fəqət bu yetər ki, yaxşılıq büsatına – «haqq məclisində, qadir hökmdar Allahın hüzuruna»25 – yetişən ilk şəxs məhz o olacaqdır. «Cənnətə ilk daxil olacaq şəxs Fatimədir»26.

Xanım Allahın rəhmətində tam qərar tutandan sonra bütün peyğəmbərlər onun ziyarətinə gələcəklər: «Adəm ondan sonrakı bütün peyğəmbərlər sənin ziyarətinə gələcəklər»27.

Xanım Zəhra (ə.s) həmin tək və yeganə cövhərdir ki, atasının risalətinin şüalarının davam etməinə səbəb oldu və Allah-taala da xanımı onun atasına – sonuncu peyğəmbərə lütf göstərdi: «Biz sənə Kövsəri (Fatiməni) əta etdik. Elə isə, Rəbbin üçün namaz qıl qurban kəs. Sənə istehza edənlər özləri sonsuzdurlar Allah-taala bütün möminlərə lütf göstərib sonuncu peyğəmbərləri onlara göndərdi: «Allah möminlərə lütf göstərdi. Çünki onların öz içərisindən özlərinə bir peyğəmbər göndərdi»28.

Bütün məsum imamların elmlərinin mənbəyi Qurandan sonra onların yanındakı üç səhifələrdir: Cəfr, Camiə və Fatimənin (ə.s) səhifələri.

Çünki, Allahın rəsulu (s) bu fani dünyadan köçəndən, Siddiqeyi - Kübra (ə.s) atasından ayrı düşdüyünə görə böyük kədərə mübtəla olandan sonra, altıncı imam Cəfər ibn Muhəmməd Sadiqdən (ə) nəql olunmuş səhih hədisdə deyildiyi kimi, – «...Cəbrail (ə) Fatimənin (ə) yanına gələrək atası üçün saxladığı əzanı bəyənir, ona təskinlik verir, atasının halı yeri, həmçinin ondan sonra övladlarının başına gələcək hadisələr barədə ona məlumat verir Əli (ə) da onu yazırdı»29.

Fatimənin səhifəsi budur: gələcəkdə olanları özündə ehtiva edən səhifə!

Hamımızın bilməsi lazım olan məsələ budur ki, gör həmin müqəddəs vücudda necə qüvvə və həmin Muhəmməd həqiqətində (Fatimədə) necə cazibə var ki, uca aləmlərdən, Sidrətul-müntəhadan güclü olan Ruhul-əmini (Cəbraili) yerə cəzb edib endirir.

Bəli, vilayət səmasının günəşlərinin sübh çağı olan Qədr gecəsində maddi aləmin iyrəncliklərindən qorunmaq səbəb oldu ki, mələklər və Ruhul-əmin o xanıma nazil olsun.

Səhih hədisdə Musa ibn Qasimdən nəql olunur: «İmam Muhəmməd Təqiyə (ə) dedim: «İstədim ki, həm sənin, həm də sənin atanın tərəfindən təvaf yerinə yetirim, amma mənə dedilər ki, övsiyaların tərəfindən təvaf etmək olmaz?!»

Həzrət dedi: «Xeyr, qədər istəyirsən yerinə yetir, icazə verilir

Üç il keçəndən sonra həzrətə dedim:

– Mən sizdən atanızın və sizin tərəfinizdən təvaf yerinə yetirməyim üçün icazə istəmişdim. Siz də mənə icazə verdiniz və mən də, maşalla, xeyli təvaf etdim. Amma sonra qəlbimə bir şey gəldi və mən onu da yerinə yetirdim.

Həzrət soruşdu:

Nədir o?

– Günlərin birində Allahın rəsulunun (s) tərəfindən də təvaf yerinə yetirdim.

Həzrət üç dəfə təkrarladı: «Allahın salamı olsun özünün elçisinə

Sonra dedim:

– İkinci gün Əmirül - mömininin (ə) tərəfindən, üçüncü gün imam Həsənin (ə), dördüncü gün imam Hüseynin (ə), beşinci gün Əli ibn Hüseynin (ə), altıncı gün Muhəmməd ibn Əlinin (ə), yeddinci gün Cəfər ibn Muhəmməd (ə), səkkizinci gün baban Musa ibn Cəfər (ə), doqquzuncu gün atan Əli ibn Musa Rza (ə), onuncu gün, ağam, sizin tərəfinizdən təvaf yerinə yetirdim. Mən bu ağaların vilayətiylə Allaha dindaram!

Həzrət dedi:

Elə isə sən Allaha elə bir dindarlıq edirsən ki, O, bəndələrindən bu dindarlıqdan başqa heç bir dindarlıq qəbul etməyəcək.

Mən dedim:

– Bəzən sənin anan Fatimə (ə) tərəfindən də təvaf yerinə yetirir, bəzən yetirmirdim...

Onun tərəfindən çox təvaf elə. İnşallah sənin işlərinin ən əfzəli məhz Onun tərəfindən yerinə yetirdiyin təvaf olacaq!30

Bir xanım ki, onun tərəfindən Allahın Beytül - haramını təvaf etmək əməllərin ən üstünü hesab edilir, həmin xanımın bütün üstünlüklərini necə yazmaq olar və ya onun qədr - qiymətini bilmək olar?!

İsmət səmasında işıq saçan o günəşin kamal nurlarını və cəlal işartılarını bizim bu kiçik ağıllarımız tam əhatə edə bilməz... Bizim burada məqsədimiz ağıl sahiblərinə bəzi işarələr vermək və bəzi şeyləri xatırlatmaqdır.

Allahın rəsulu (s) uca aləmə köç edəndən sonra hansı hadisələr baş verdi... ki, ürəyini kədər və qəmlə doldurduqları müqəddəs vücud razı oldu ki, öz qəlbini Həsən və Hüseyn kimi övladlardan ayırıb, kiçik qızlarından göz yumub atasının qəbrinin yanında bu cür ağlasın: «İlahi! Mənə tezliklə ölüm ver31

Və desin:



Mənə elə müsibətlər düçar oldu ki,

Gündüzlərə düçar olsaydılar, gecəyə çevrilərdilər32.

Elə buna görə də torpağa tapşırılanda pak bədənindən yalnız kölgəsi qalmışdı və: «Sanki, xəyal idi»33

Və məhz elə buna görə də, özünün qüdrət və iradəsiylə dünya və axirətə hakim olan kişini (Əli (ə)) Fatimənin müsibəti əydi və o, Allahın rəsuluna (s) belə xitab etdi: «(Fatiməni sənə təhvil versəm ) mənim kədərim əbədi, gecəm isə oyaqlıqla keçəcək»34.

Bəs bu dahi qadının və onun böyük müsibətinin müqabilində biz nə etməliyik?

Rəsulu - Əkrəm (s) o şəxsdir ki, biz ona xatir yaranmışıq. Onun təbliğ etdiyi bütün kamilliklər isə varlıq mənbəyi olan Allahın tərəfindəndir. Deməli, bizim həm maddi varlığımıza, həm də mənəvi kamilliklər qazanmağımıza vasitə o həzrətdir. Və onun Allahı və axirətini tanıyan, «Allahın göndərdiyi elçi» və «Allahın nazil etdiyi şəriət»lə hidayət olunan müsəlmanın boynunda əbədi yaşamaq haqqı var (müsəlmanlar o həzrəti özlərinin fikir və əməllərində əbədi yaşatmalıdırlar).



«Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək (imana, haqqa) dəvət etdiyi zaman Allahın Onun Peyğəmbərinin dəvətini qəbul edin»35. Ağıl hökm edirsə ki, nemət verənə təşəkkür etmək lazımdır və şəriət də hökm edirsə ki, Peyğəmbərin (s) yaxın adamlarına məhəbbət yetirmək lazımdır: – «Mən sizdən bunun (risaləti təbliğ etməyimin müqabilində qohumlarıma məhəbbətdən başqa bir şey istəmirəm)», – və Fatimə (ə.s) də Allahın rəsuluna (s) ən yaxın və ən sevimli şəxsdirsə, deməli, bizim vəzifəmiz imkanımız daxilində o xanımın şəhadət günündə onu yad etmək və yaşatmaqdır. Çünki həmin gündə ilahi namus, ən şərəfli peyğəmbərin bir parçası, vəsilər ağasının xanımı və nəhayət, pak imamların anası dəfn edilib. Onu gecə yarısı, qərib basdırdılar. Gərək onun İlahi sirlərlə dolu olan qəbri aşkar olaydı, amma məxfi oldu. Deməli, o xanımın şəhadəti aləmin birinci məzlumu (haqqı əlindən alınan Əlinin (ə)) haqqını isbat etmək üçün ən tutarlı sənəddir. Mən, Əli (ə) kimi haqqı əlindən alınmış ikinci şəxs tanımıram!36

O pak vücudun şəhadət gününü Fatimiyyə şüarları ilə yaşatmaq əslində Əmirul - mömininin həqiqətlərini yaşatmaqdır. Allahın rəsulunun (s) özü olan Əlinin (ə) işini yaşatmaq isə Xatəmul-Ənbiyanın ideyalarını yaşatmaq deməkdir. Peyğəmbərlərin ağasının işini yaşatmaq təbii ki, bütün peyğəmbər və mürsəllərin işini yaşatmaq və əbədiləşdirməkdir, Aləmlərin Rəbbinə olan mərifət və ibadəti yaşatmaqdır.

Qiyamət günü o həzrətin atasının (Muhəmməd (s)) şəfaətinə nail olmağı arzulayan, ruh çıxan zaman onun ərinin öz başının üstündə hazır olmasını, Siddiqeyi-Kübranın (ə.s) duasıyla qəbr evinin vəhşəti və dəfn gecəsinin təkliyindən xilas olmasını təmənna edən şəxs, gərək o əzəmətli xanıma layiq əza məclisinin qurulması üçün ciddi şəkildə çalışsın, dini mərkəzlərdə pak imamlar anasının müsibətində əzadarlıq rəmzləri qaldırılsın və onun böyük oğlu İmam Həsənə (ə) və Seyyidüş - şühəda Hüseynə (ə) əza saxlasın. Bu ümidlə ki, bəlkə bu əzadarlıq mümkünat aləminin birincisi və ikincisi olan atası və əri üçün bu ümmətin əzadarlığı hesab olundu…; bəlkə insan və cinlərərin imamları olan onun məsum balalarının yaralı qəlblərinə məlhəm oldu…; bəlkə, hal-hazırda yaşayan və bərəkəti ilə məxluqatı dolandıran, vücudu ilə yer və göy aram tapan əsrin imamı və zəmanənin sahibinə (Ruhumuz onun qədəminin torpağına qurban) bir səmimiyyət jesti oldu.

Bütün möminlərə lazım və vacibidir ki, təəssüb və inada deyil, dəliə əsaslanaraq aşağıdakı nöqtəyə diqqət yetirsinlər: «Allahın yanında həqiqi din İslamdır»37. Bu islam özünün bütün əsasları və şəriət hökmləriylə məsum imamlarla bərqərardır: «Allah-taala bizim vasitəmizlə tanındı, bizim vasitəmizlə ibadət olundu. Əgər biz olmasaydıq, Allaha ibadət olmazdı»38

Allahın rəsulu (s) buyurmuşdur: «Mən sizin aranızda iki ağır şey qoyuram: Allahın kitabı mənim Əhli - beytim. Onlar (cənnətdəki) hovuzun başında mənə qovuşana qədər bir-birindən ayrılmazlar»39

Bəzi gizli əllər var ki, ümmətlə hidayət çırağı və ümmətin nicat gəmiləri olan imamlar arasındakı möhkəm rabitəni zəiflətmək istəyirlər. Onların məqsədi, məsum imamların həyatının səmərəsi, ilahiyyatçı və rəşadətli fəqihlərin elmi və əməli mübarizəsinin nəticəsi olan həmin düz yola (məsumların yoluna) hidayət olunmağı, açıq-aydın azğınlığa – aləmlərin Rəbbinin övliyalarının (məsumların) vilayətindən üz çevirib, azğın Allah düşmənlərindən üz çevirməməyə döndərməkdir.

Deməli, bizim vəzifəmiz həm əqli, həm də şəriət nöqteyi-nəzərdən bundan ibarətdir ki, dinimizin maddi və mənəvi abidələrini qoruyaraq. Həmin abidələrin ən tammı və kamili Siddiqeyi - Kübraya olan məhəbbətimiz, Allahın ipi olan Quran və Əhli - beytə bağlılığımızı izhar etmək, uca Allahın haqq yolu olan şəriətini qorumaq… və onu haqq yolunun yolkəsənlərindən hifz etməkdir.

Xoş o insanların halına ki, axirət gününün şəfaətçi xanımının uca məqamını qoruyub - yaşatmaq üçün xidmət göstərir və onun razılığını qazanmağa çalışır. Çünki xanımın razılığı Rəbbin razılığıdır. Allahın razılığı bütün peyğəmbər və övliyaların son arzusudur: «Bu, Allahın lütfüdür onu istədiyi şəxsə göstərər»40

Sözümüzü təbərrük xatirinə o xanımın vəsiyyətiylə bitiririk:



«Rəhman və Rəhim olan Allahın adıyla! Bu, Allah elçisinin (s) qızı Fatimənin vəsiyyətidir. Vəsiyyət edir və şəhadət verir ki, Allahdan başqa tanrı yoxdur; Muhəmməd onun bəndəsi və elçisidir; cənnət və cəhənnəm haqdır; şəkk-şübhə olmayan qiyamət günü hökmən olacaq və Allah-taala qəbirlərdə yatanları qaldıracaq (və mühakiməyə çəkəcək).

Ey Əli! Mən Muhəmmədin qızı Fatiməyəm. Allah məni sənə nigah elədi ki, dünya və axirətdə sənin olum. Mənə hamıdan layiq sənsən… Səni Allaha tapşırıram. Qiyamət gününə qədər övladlarıma salamımı yetir!»41

Bu vəsiyyət xanım tərəfindən, Allahı, axirəti, cənnəti, cəhənnəmi, risaləti və peyğəmbəri bəsirət gözü ilə müşahidə edib yəqin tapan bir halda söylənməşdir. Heç bir şəhadət verən indiyə qədər belə şahadət verməmişdir və «Allah özündən başqa heç bir tanrının olmamağına şahiddir. Mələklər elm sahibləri haqqa - ədalətə boyun qoyaraq, O qüvvət hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər»42 ayəsi nazil olandan məşhuda (Allaha) qovuşana qədər heç kəs belə şəhadət verməyəcək.

Xanımın bu şəhadəti iki sadiq şahidin hüzurunda söylənmişdir. Onların birincisi izzət Rəbbi, ikincisi isə Allahın vəlisi həzrət Əli (ə): «Mənimlə sizin aranızda (doğruluğuma) Allahın kitabı bilənlərin şahid olması yetər43

Bu şəhadətin özünü, şəhadət verəni və şəhadət veriləni tanımaq elm sahiblərinə aiddir. O elm sahibləri ki, təkallahlığın, peyğəmbərliyin mərtəbələrinə, cənnət və cəhənnəmin, qəbirlərdən qalxmağın sirlərinə və qiyamət gününün vəziyyətinə dərindən bələddirlər.

Bizim məqsədimiz vəsiyyətin axırıncı cümləsinə işarə etməkdir. Xanım deyir: «Qiyamət gününə qədər övladlarıma salamımı yetir Xanım qeyb aləmindən xəbərdar olduğu üçün bilir ki, qiyamət gününə qədər onun övlad silsiləsi – nəsli davam edəcək. Elə ona görə də Əmirəl-möminindan (ə) istəyir ki, qiyamət gününə qədər övladlarına salamını yetirsin!

Fatimənin bütün oğlan və qız övladları bilməlidirlər ki, hansı fəxr tacı onların başının üstündədir… və Fatimənin onların boynunda necə böyük məsuliyyəti var!

Hardadır dünya padşahlarının baş tacı…? Hardadır Zəhra övladlarının Allah namusunun fəxr salamı?

Siddiqeyi - Kübranın (ə.s) salamı Quranın qəlbi olan Yasin sürəsindəki: «Rəhmli Allahdan (onlara) «salam» deyəcəkdir»44 ayəsindən qaynaqlanır. Həmin ayə isə Yasinin qəlbi hesab olunur.

Allahın – «O özündən başqa heç bir tanrı olmayan, (bütün məxluqatın) sahibi, müqəddəs pak olan, bəndələrinə əmin-amanlıq, salamatlıq bəxş edənAllahdır!45, salamının qaytarılmasına hansı şəkildə məsuliyyətliyiksə, o müqəddəs qadının salamının cavabının qaytarılmasına da o qədər məsuliyyətliyik.

O salamın cavabı budur ki, Həzrətin (ə.s) övladları gərək qiyamətə qədər özlərinin bütün imkanlarıyla analarının haqqını müdafiə etsinlər. Hər bir seyyid öz məqamına layiq şəkildə həmin salamı cavablandırmalıdır.

Onun hər hansı seyyid övladı müəyyən məqam və mənsəbə yetişəndən sonra o xanımın haqqını əda və ya bərpa etməkdə səhlənkarlıq etməməlidir.

«Bizə tabe olmaqmillətin nizamı, bizim imamlığımız cəmiyyətin bölünməsinin qarşısını alandır46 Xanım bu sözü özünün haqqını qorumaq və hidayət imamlarının imamətini yaşatmaq üçün söyləmişdir, baxmayaraq ki, böyük müsibətlə üzləşdi, qüvvəsi getdi, bədəni zəiflədi və atasına belə xitab etdi: «Qüvvəm getdi47. O, mərhəmətli atasından ayrı düşdüyünə görə qəbrinin yanına gəlib həzin qəlblə bu şeri oxumuşdu:

Hər kəs Əhmədin torpağını iyləmişsə,

Ömrü boyu bəla iyi duymasın48.

Allah eləməsin ki, biz onun haqqı tapdalanmış şiələrini unudaq və onlardan qafil olaq. Çünki o xanımın qəlbi onun sevinci ilə fərəhlənən, kədəri ilə kədərlənən şiələrinin qəlblərinə bağlıdır.

Müəyyən elmi nailiyyətə yiyələnən seyyidlərin həmin salama cavabları bu olar ki, Muhəmməd Əhli - beytinin (ə.s) başsız qalan ümmətinə hikmət, gözəl nəsihət və möhkəm dəlillərlə mübarizə aparmağı öyrətsinlər. Qoymasınlar ki, ümmətin sahibsiz qəlbləri müxaliflərin şübhələrinə tuş gəlsin və o qəlblər cin və insani şeytanlar tərəfindən ovlansın.

Varlı seyyidlərin xanımın salamına cavabları bu olardı ki, öz mallarından müəyyən miqdar ayırıb məzhəbimizin dirəklərinin bərkidilməsi üçün xərcləyəydilər. Çünki xanım Zəhra (ə.s) məhz məzhəbin yolunda qurban getdi. Şəhid olmuş Siddiqənin həzrət Əliyə (ə) vəsiyyət etdiyi ürəkağrıdıcı kəlmələrə diqqət yetirsinlər: «Mənə hənut sürt, qüsl ver, gecə kəfənlə, mənə namaz qıl, gecə dəfn et heç kəsə xəbər vermə!…»



Xanımın bu halının əvəzini onsuz da ödəyə bilmərik, amma heç olmasa cənazəsinin qəribliyini bir az azaltmaq üçün, - o cənazə ki, yetimlər onu əhatəyə alıblar, halbuki əvvəllər xanımın sinəsindən ayrılmazdılar, - gərək dəfn gecəsi bütün şəhər və kəndlərdə matəm bayraqları qaldırılsın, əza paltarları geyinib küçə və xiyabanlarda yürüyərək nənələrinə desinlər: «Biz heç vaxt səni unutmarıq. Sənə edilmiş zülmlər də yaddaşımızda qalacaq… Biz ünutqan olsaq, həmin o kədər dolu qəlbi, əziyyət görmüş bədəni və gizli qəbri unutmarıq!!!

«(Ta ki) Allah hökm edənə qədər. O, hakimlərin ən yaxşısıdır!»49

Allahım! Fatimənin, onun atasının, ərinin, övladlarının və onda qərar verdiyin sirrin xatirinə, Fatiməyə, onun atasına, ərinə və övladlarına sənin elmində olan ədədlərin sayı qədər salamlar göndər. Həmin salamlar sənin padşahlığının daimliyi qədər daimi olsun! Öz vəlinin (imamın) zühurunu tezləşdir. Müsəlmanların fasid işlərini islah et. Həm bizi, həm də bizdən qabaq iman gətirmişləri bağışla. Axırıncı duamız budur ki, bütün təriflər yalnız aləmlərin Rəbbinə layiqdir!


1 «Biharul-ənvar» c 44, səh 293.

2 «Nur» sur: 35

3 «İbrahim» sur: 1

4 «Muminun» sur: 14

5 «Əraf» sur: 180

6 «Rum» sur: 30

7 «Maidə» sur: 3

8 «Uyunu əxbari Rza(ə) c 2, səh 66, h 298; «Tohid» səh 308; «Əl-müstədrək ələs-səhiheyn» c 3, səh 126; «Məcməüz-zəvaid» c 9, səh 111 və şiələrin və sünnilərin digər mənbələri

9 «İbrahim» sur: 24-25

10 Səduq “Əmali” səh 78, h 3; Əhməd «Müsnəd» c 3, səh 37 və başqa mənbələr.

11 «Tövbə» sur: 33

12 «Zümər» sur: 69

13 «Nəcm» sur: 3

14 Buxari «Səhih» c 4, səh 210; az fərqlə «İzah» səh 541 veə başqa mənbələr.

15 Buxari «Səhih» c 4, səh 210; «Təraif» səh 262; sünni və şiələrin digər mənbələri

16 «Kafi» c 1, səh 442.

17 «Şeyx Tusi «Əmali» səh 427; «Əl-müstədrək ələs-səhiheyn» c 3, səh 154

18 «Mükaşifati Yuhənna» 12- ci bab.

19 «Duxan» sur: 4 ; «Kafi» c 1, səh 479.

20 «»Ər-Rəhman» sur: 19; «Xisal» cəh 165.

21 «İnsan»sur: 9; «İrşad» c 1, səh 178.

22 «Bağdadın tarixi» c 1, səh 274.

23 «Əl- müstədrək ələs-səhiheyn» c 3, səh 153.

24 «Hədid» sur: 12

25 «Qəmər» sur: 55

26 «Mizanul-etidal» c 2, səh 131.

27 «Təfsiri Furatil-kufi» səh 446.

28 «Ali İmran» sur: 164

29 «Kafi» c 1, səh 241.

30 «Kafi» c 4, səh 314, h 2» «Vəsailuş-şiə» c 11, səh 200; «Təhzib» c 5, səh 450, h 1572.

31 «Biharul-ənvar» c 43 səh 177.

32 «Dəaimul-islam» c 1, səh 232.

33 «Nəhcül-bəlağənin» 202-ci xütbəsi.

34 «Ənfal» sur: 24

35 «Şura» sur: 23

36 «Kənzül-fəvaid» səh 154.

37 «Ali İmran» sur: 19

38 Şeyx Səduq «Tohid» səh 152.

39 «Əl-müstədrək» c 3, səh 110, 148; «Uyunu əxbari Rza (ə)» c 1, səh 68, sünni və şiələrin digər mənbələri.

40 «Maidə» sur: 54

41 «Biharul-ənvar» c 43, səh 214

42 «Ali İmran» sur: 18

43 «Rəd» sur: 43

44 «Yasin» sur: 58

45 «Həşr» sur: 23

46 «İhticac» c 1, səh 134.

47 «Biharul-ənvar» c 42, səh 175.

48 «Mənaqibu Ali Əbi Talib» c 1, səh 208.

49 «Yunis» sur: 109



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə