Əli RÜSTƏMOV
Kitabxanaşünaslıq kafedrasının dosenti
Xuraman AĞAYEVA
Laboratoriya müdiri
SƏNƏD (DOKUMENTUM) ANLAYIŞI, ONUN
GENEZİSİ VƏ MAHİYYƏTİ
«Sənəd»
anlayışı,
kitabşünaslığın,
kitabxanaşünaslığın,
biblioqrafiyaşünaslığın,
informatikanın, sənədşünaslığın və bir neçə digər elm sahəsinin mərkəzi, fundamental anlayışıdır.
Bu anlayış real mövcud olan predmetlərin əlamətlərini ifadə edir. Onlar təcrübi fəaliyyətin əsas
obyektləri olub, sənəd informasiyalarının hazırlanması, toplanması, analitik-sintetik emalı,
axtarışı, yayılması və istifadəsi proseslərinin həyata keçirilməsinə xidmət edir.
«Sənəd» anlayışı ictimai fəaliyyətin bütün sahələrində geniş istifadə olunur. Demək olar ki,
sənədlə bağlı olan hər bir bilik sahəsində «sənəd» anlayışının bir və ya bir neçə məna versiyası
vardır. Bu da həmin sahənin sənədin müəyyən statusuna üstünlük verməsilə bağlıdır. Məsələn,
sənəd anlayışı informatikada, kitabxanaşünaslıqda, biblioqrafiyaşünaslıqda, muzeyşünaslıqda,
arxivşünaslıqda, kitabşünaslıqda, həmçinin bu sahələrin təcrübi fəaliyyət sferalarında (məsələn,
kitabxana işi, muzey işi və s.) müxtəlif cəhətlərdən başa düşülür. Buradan da «sənəd» anlayışının
çoxmənalı (polisemik) olması və buna görə də sənəd-kommunikasiya sferasında çalışan
mütəxəssislərin ünsiyyətində və fikir mübadiləsində çətinlik yaratması real faktdır. «Sənəd»
anlayışının ümumi mənasının təyini sosial informatikanın nəzəri problemlərindən biri kimi hələlik
həll edilməmiş qalır.
Beynəlxalq miqyasda sənədin ən ümumi əlaməti sənəd-informasiya prosesində istifadə edilən
yazılı informasiya vahidi kimi səciyyələndirilir. Bu ümumi əlamət beynəlxalq təşkilatlar tərəfindən
də qəbul edilmişdir. Bunlar İSO, SİFLA, WIPO, Beynəlxalq Sənədşünaslıq Federasiyası, Arxivlər
üzrə Beynəlxalq Şura və digər belə təşkilatlardır. Məsələn, İSO-nun işləyib təsdiq etdiyi
beynəlxalq standarta görə informasiya müxtəlif üsullarla hər hansı maddi daşıyıcıya (kağız,
mikrofilm, disk və s.) yalnız hərf və rəqəmlərlə deyil, təsvir, səs, elektromaqnit dalğası və s.
formada yazıla bilər. Belə bir təyinat cəmiyyətdə informasiyanın ötürülməsi üçün istifadə edilən
bütün maddi obyektləri (muzey, memarlıq obyektləri, suxur nümunələri və s. daxil olmaqla) sənəd
anlayışına daxil edilir.
MDB ölkələri üçün qəbul edilmiş əlaqədar dövlətlərarası standartlarda (məs: QOST 7.1.2003,
QOST 7.83.2001 və s.) (2) sənəd anlayışı 3 variantda mənalandırılır.
I.İnformasiya fəaliyyətində müəyyən vahid kimi baxılan yazılı informasiyalar.
II. Zaman və məkan etibarilə ötürülmək üçün insan əməyi ilə yaradılan və informasiya
mühafizə edən maddi obyekt.
III. İnformasiyanı yazılı formada mühafizə edən, müəyyən qaydada tərtib olunmuş və mövcud
qanunçuluq əsasında hüquqi əhəmiyyət kəsb edən maddi obyekt.
«Sənəd» anlayışının müxtəlif tərəfləri arasındakı münasibət iyerarxik prinsip əsasında, yəni bir
anlayışın digərinə tabeçiliyi, daha məhdud anlayışın özündən daha geniş anlayışa daxil edilməsi
yolu ilə qurulur. Anlayışın məzmununun mərhələlərlə məhdudlaşdırılması bu və ya digər sahələrdə
praktiki fəaliyyətin məqsədilə izah edilir.
Deyilən birinci tərif normativ sənədşünaslığın bütün sahələrində, yəni informasiya və
sənədşünaslığa aid olan soraq, tədris-metodiki və digər ədəbiyyat sahəsində istifadə edilə bilər. 2-
ci deyilən tərif kitab nəşri və kitab yayımı sahəsində qəbul edilmişdir. Çünki burada maddi obyekt
(sənəd) informasiya ilə əlaqələndirilir. Bu iki element olmadan sənəd ola bilməz. Burada insan
əməyinin olması da vacib elementdir. Məsələn, genetik informasiya insan tərəfindən deyil, təbiət
tərəfindən yaradıldığı üçün sənəd hesab edilə bilməz. Sənədin belə təyinatı əsas sənəd tipləri və
növlərinin sənəd- kommunikasiya obyekti kimi konkretləşdirilməsinə, bu aspektdə
kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq və onlarla bağlı olan digər müştərək
sahələrdə sənəd anlayışının məzmununa yanaşmağa imkan verir. Kitabxana, biblioqrafiya, kitab
ticarəti və informasiya fəaliyyəti o sənədlərlə bağlıdır ki, onlar eyni zamanda iki funksiyanı yerinə
yetirir. Bunlar informasiyanın (sənədin) mühafizəsi və zaman və məkan etibarilə verilməsidir
(ötürülməsidir). İnformasiyanı zaman və məkan etibarilə əks etdirən çoxlu predmetlər də vardır.
Məsələn, məişət predmetləri, reklam şitləri, binalar və s. Onlarda informasiyanın zaman və məkan
etibarilə saxlanması və verilməsi funksiyası olsa da, bu funksiya ikinci dərəcəli xarakter daşıyır.
Məsələn, televizorun hər hansı hissəsindəki yazı onun təyinatı və alıcılıq qabiliyyətini müəyyən
etmir və ona da sənəd kimi baxmaq olmaz. Sənədin yuxarıda deyilən ikinci tərifi müəyyən sənəd
fonduna daxil olmayan və cəmiyyətdə geniş yayılmaq funksiyasını daşımayan predmetləri sənəd
anlayışına daxil etmir.
Yuxarıda deyilən təriflər sənədin aşağıdakı əlamətlərini müəyyən edir: 1) mənası, məzmunu
olan informasiyanın mövcudluğu; 2) sənədin uzunmüddətli mühafizəsini və istifadəsini təmin edən
sabit maddi formada olması; 3)funksional baxımdan informasiyanın zaman və məkan etibarilə
verilməsi, yəni sənədin sosial kommunikasiya kanalları ilə istifadəsi.
Sənədin əsas, baş tərkib elementi informasiyadır, yəni kommunikasiya prosesində istifadə
olunan müxtəlif məlumatlar, xəbərlər, biliklərdir. Sənəddə mühafizə edilən informasiyalar
aşağıdakı spesifik xüsusiyyətlərə malikdir:
1) sənəd cəmiyyətdə istifadə edilmək üçün insan tərəfindən yaradılmış sosial informasiya
daşıyıcısıdır;
2) sənəd insanın intellektual fəaliyyəti nəticəsində yaradılan semantik informasiyanı əks
etdirməlidir. Müəyyən məzmuna (mənaya) malik olması sənədin fərqləndirici əlamətlərindən
biridir. Sənəddə mənası olmayan informasiya ola bilməz.
3)sənəddə informasiya diskret xarakterə malikdir, yəni müəyyən an, vaxt üçün qurtarmış
xarakterdədir. Kağız sənədlərdə diskretlik statik, daimi, bəzi elektron sənədlərdə isə dinamik, dövri
xarakter daşıyır (məsələn: web-sənədlər) Hər hansı maddi daşıyıcıya (papirus, kağız, fotoplyonka
və s.) fiksasiya edilmiş, yazılmış məlumat sənəd forması alır. Əksər sənədlər üçün məlumatlar
bitkin, qurtarmış formadadır. Qurtarmamış bitkin olmayan, fraqmentar məlumatlar tam sənəd ola
bilməz. Öz müəllifinin (yazıçı, alim, rəssam) yaradıcılıq prosesini xarakterizə edən qurtarmamış
ədəbi əsərlər, eskizlər, qeydlər (nabroski), qaralamalar bu baxımdan istisnalıq təşkil edir.
4) işarə təbiətinə malik olan istənilən obyekt kimi yazılı məlumat da kodlaşdırılmış mətndir.
Kodlaşdırılmış mətnlərin mənasını ancaq işarə sisteminin kodlaşdırılma və kodaçma qaydalarını
bilməklə başa düşmək olar. Məsələn, biz çox halda heroqlif işarələri ilə yazılmış mətnin
məzmununu başa düşə bilmirik. Çünki bu işarələrin kodlaşdırılmış (yazılmış) işarə sistemini
bilmirik.
Fiksasiya olunmuş, yazılmış məlumat işarə formasına malikdir. Çünki ancaq belə formada
biliyi, emosiyanı, müəllifin müəyyən sahədə dünyagörüşünü verə və oxucu həmin işarə sistemini
dekodirovka edərək müəyyən bilik əldə edə bilər. İşarə sisteminə malik olmaq istənilən sənədin
vacib xassəsidir.
5) sənəd maddi daşıyıcıda insanın yaratdığı üsullarla qeyd edilən yazı, qrafika fotoqrafiya, səs
yazısı və s. ibarət olan informasiyalardır.
6) sənəd substansionallıq, yəni stabil, sabit maddi obyekt formasına malikdir.
İnformasiya qeyri-sənəd, yəni maddi daşıyıcıya köçürülməmiş və maddi daşıyıcıya (kağız,
disket, optik disk və s.) keçirilmiş formada, yəni zaman və məkan etibarilə mühafizə və verilmə
(yayılma) üçün yaradıla bilər.
İnformasiyanın yazılması, mühafizəsi və verilməsi üçün xüsusi olaraq müəyyən edilmiş
obyekt maddi daşıyıcı və ya informasiya daşıyıcısı adlanır. Maddi daşıyıcıdan ayrı sənəd ola
bilməz.
Maddi obyektlərin funksiyaları onların spesifik maddi konstruksiyalarını (formalarını)
əsaslandırır. Bunlar kitab, kitabça mikrofiş, maqnit diski, optik disk və s.-dir. Belə konstruksiya
sənədlərin sosial kommunikasiya sistemində rahat yerdəyişməsinə, mühafizəsinə və istifadəsinə
(oxumaq, baxmaq, dinləmək) imkanı verir.
Beləliklə, maddi obyekt o vaxt sənəd xassələri alır ki, maddi daşıyıcı ilə ona yazılmış,
keçirilmiş informasiya vəhdət təşkili etsin. Sənədin belə ikili təbiəti onun sosial sistem kimi əsas
xüsusiyyətlərindən biridir. Deyilən xarakteristikaların biri olmadıqda vəhdət təmin edilmir və
deməli sənəd yoxdur.
Sənəd sosial informasiyanın zaman və məkan etibarilə mühafizəsi və verilməsi (ötürülməsi)
üçün yaradıldığından informasiya mənbəyi və sosial kommunikasiya vasitəsi hesab edilir.
«Sənəd» anlayışının İSO tərəfindən dəstəklənən digər bir interpreqasiyası da vardır.:
«sənəd»-sənədlərin mühafizəsi və istifadəsi üzrə sosial institutların (kitabxanaların, arxivlərin,
muzeylərin, informasiya mərkəzlərinin və s.) qarşılıqlı anlaşmasını təmin edən vasitədir.
«Sənəd» anlayışı növ kateqoriyası üçün (dərc edilən, dərc edilməyən sənədlər, incəsənət
əsərləri, kino-foto, fotosənədlər, elektron sənədlər və s.) cins anlayışı kimi başa düşülə bilər. Bu
baxımdan əlyazması, kitab, jurnal, qəzet, buklet, açıqca, çertyoj, xəritə, not, film, qramaplastinka,
maqnit və optik disk və s. fərqləndirilir.
«Sənəd» barədə deyilən ümumiləşdirilmiş anlayışla yanaşı, ictimai fəaliyyət və elm sahələri
baxımından onun spesifik və məhdud məna daşıyan izahı (traktovkası)ola bilər. Məsələn, tarixi
mənbəşünaslıq, diplomatika, hüquq elmləri və s. Bəzi mütəxəssislər bədii əsərləri, qədim dövrlərə
dair yazılı abidələri sənəd hesab etmir. Digərləri isə hüquqi əhəmiyyət kəsb edən obyektləri sənəd
hesab edir və s.
«Sənəd» terminin yaranması tarixi və təkamülü kifayət qədər öyrənilməmişdir. Bu məsələni
tədqiq edən mütəxəssislərdən X.Arisi, Q.Q.Vorobyovu, M.A. Komarovu, Y.N.Stolyarovu,
A.Suskanı və bir neçə digərlərini göstərmək olar. «Sənəd» terminin informasiya nəzəriyyəsi,
«informatika» baxımından qismən izahına rus alimlərindən A.M.Mixaylovun, R.S.Qilyarevskinin,
A.İ.Çornının, uzaq xarici ölkə mütəxəssislərindən Ə.Armsın, S.Faradeynin, A.Kentin, Ə.Qarfildin
və bir neçə digər mütəxəssislərin əsərlərində rast gəlmək olar.
Beynəlxalq terminoloji yanaşma baxımından (dokument) «sənəd» sözü latın sözü olan
«dokumentum» sözündən götürülmüşdür və hərfi mənasına görə nümunə, sübut, şahid deməkdir.
Bu söz latın dilindəki «docere» «öyrətmək» felindəndir. Sözün tarixi kökü qədim hind-avropa
dilindən götürülmüşdür və ilk əvvəllər nəyinsə ötürülməsi, qəbulu və alınması ilə bağlı olan
açılmış əl jestini ifadə edirdi.
Digər versiyaya görə «dek» sözü «on» rəqəmini ifadə edir ki, bu da əllərdə cəmi açılmış on
barmaq olduğunu göstərir. Tədriclə «dek» söz kökü «doceo» sözündən «doc» kökünə çevrilmişdir.
«doceo» öyrədirəm mənasını verirdi. «doctor»-alim, «doktrina» təlim (uçenie) «dokumentum»-
öyrətmək sözləri də buradan yaranmışdır. Bu mənada «sənəd» sözü Y.Sezar və Siseron tərəfindən
istifadə edilmişdir. Sonralar «dokumentum» sözü hüquqi mənada «yazılı sübut», «rəsmi dövlət
aktlarının kitablardan götürülmüş yazılı sübutu mənalarında XIX əsrin ortalarına qədərki dövrdə
işlənmişdir. Bu söz latın dilindən bütün Avropa dillərinə keçmişdir.
Rus dilində «dokument» sözü I Pyotrun hakimiyyəti dövrində alman və polyak dillərindən
keçmişdir. Həmin dövrdə «dokument» sözü «yazılı sübüt», «yazılı təsdiq» mənasında işlənmişdir.
XX əsrin əvvəllərində bu söz Rusiyada iki məna ifadə etmişdir: 1) qanuni yolla tərtib edilmiş hər
hansı hüququn (mülkiyyət, əmlak, sərbəst yaşayış) təsdiqinə xidmət edən, yaxud hər hansı öhdəliyi
təsdiq edən (məsələn, müqavilə, sələm öhdəliyi, icarə və s.) istənilən kağız; 2) istənilən yazılı
sübut, fakt
Azərbaycan dilinin izahlı lüğətində (C.4, Bakı, 1987, S.56)(1) «dokument» termini «sənəd»
termini ilə ifadə edilir və onun ərəb dilli söz olduğu göstərilir. Bu termin ümumi formada belə izah
edilir: «bir şeyi, fikri təsdiq, bir şeyə olan hüquqi sübut edən rəsmi kağız». Əlbəttə,
kitabxanaşünaslıq, kitabşünaslıq və informatika elmlərində sənədə verilən tərif, həmin fənlərin
obyekt və predmetinə uyğun olaraq bir qədər fərqlidir. Məsələn «İnformatika» çoxdilli izahlı
terminlər lüğətində (3) sənədə belə tərif verilir: «İstənilən maddi informasiya daşıyıcısında
mühafizə, yayılma və istifadə məqsədilə, yaradılan sosial informasiya daşıyıcısı».
Hüquqi sənədlərin miqdarının artımı XVII əsrin ikinci yarısında «diplomatika» adlı xüsusi
elm sahəsinin yaranmasına səbəb olmuşdur. Bu elmin adı yunan sözü olan «diploma» sözündən
götürülmüşdür. Mənası vərəq, sənəd (üst-üstə qoyulmuş iki vərəq) deməkdir. Diplomatikada şəxsi
sənədlər deyil, bütün ictimai və hüquqi xarakterli sənədlər öyrənilirdi. Diplomatikanın yaradıcısı
«Diplomatika bacarağına dair kitab» adlı ilk əsəri yazmış Jan Mobilyon hesab edilir.
Diplomatikada baza termini olan «dokument» müəyyən hüququn yaranmasını, sübütünu və
yerinə yetirilməsini təsdiq edən istənilən yazılı mətn kimi izah edilir. Bu sahə baxımdan sənəd üç
əsas funksiyadan birini yerinə yetirir: 1) yeni hüquqi qaydanın təsdiqi (akt, bağışlama, satış və s.);
2) məhkəmədə sübut vasitəsi (tərəflərin yazılı ifadələri) 3) bir şəxsdən digərinə müəyyən
səlahiyyətin verilməsi (veksel, aksiya kuponu və s.)
XIX əsrin ikinci yarısından etibarən dünya ölkələrinin bəzi soraq nəşrlərində «dokument»
terminindən törəyən bir neçə termin meydana gəlir. Məsələn, sənədçilik (təsdiq edilmiş səlahiyyət
və sübut), sənədşünaslıq (sənəd haqqında elm) və s. Sonuncu deyilən termin məşhur isveçli alim
Pol Otle tərəfindən elmi dilə daxil edilmişdir. Sənədşünaslığın nəzəriyyəsi tarixən ilk dəfə P.Otle
və onun həmfikri A.Lafenton tərəfindən işlənmişdir. Onlar 1895-ci ildə Beynəlxalq Biblioqrafiya
İnstitutu yaratmışlar. Bu institut 1931-ci ildə Beynəlxalq Sənədşünaslıq İnstitututu, 1938-ci ildə
Sənədşünaslıq üzrə Beynəlxalq Federasiya adlandırılmışdır. Hazırda bu federasiya tətbiqi
sənədşünaslıq və informatika sahəsində fəaliyyət göstərən aparıcı informasiya mərkəzlərini və
kitabxanaları birləşdirən beynəlxalq qeyri-hökumət təşkilatıdır. Federasiya müxtəlif təsnifat və
kodlaşdırma sisteminin yaradılması, sənədşünaslıqla tam və ya qismən bağlı olan elmi
tədqiqatların koordinasiyası, bu sahədə beynəlxalq xarakterli standartların işlənməsi və s.
problemlərlə məşğul olur. Bu təşkilat 1975-ci ildən paralel olaraq dörd dildə (ingilis, alman,
fransız, rus) çox yüksək elmi və təcrübi dəyəri olan «Mejdunarodnıy forum po informaüii i
dokumentaüii» adlı aylıq jurnal nəşr edir.
P.Otle ilə bağlı olan fikrə qayıdaraq, qeyd etməliyik ki, o, ilk dəfə «kitab» anlayışının indiki
geniş mənasına uyğun olan «dokument» terminini sənədşünaslıq ədəbiyyatına daxil etmişdir.
Tarixən ilk dəfə onun «Sənəd haqqında traktat» adlı fundamental elmi əsəri çap edilmişdir ki,
bununla da o, sənədşünaslıq elminin əsasını qoymuşdur. XX əsrin ortalarından sənədşünaslıq
nisbi-müstəqil elm sahəsi, tətbiqi planda informatikanın və kitabçılıq işinin alt sahəsi, istqaməti
kimi formalaşmışdır.
P.Otle bütün sənəd məcmuunu üç sinfə ayırmışdır:
1) Biblioqrafik sənədlər, yəni ənənəvi olaraq əlyazmaları və çap əsərləri hesab edilən sənədlər.
Onlar kitabçalar, monoqrafiyalar, oçerklər, traktatlar, rəhbər materialları, ensiklopediyalar,
lüğətlər, dövri və davam edən nəşrlərdir (jurnallar, qəzetlər, illiklər və s.).
Deyilənlərdən əlavə, biblioqrafik sənədlərə şəxsi xarakterli mətnlər (məktublar), rəsmi
məlumatlar və uçot (qeydiyyat) kitabları (yaxud jurnalları), həmçinin asma nişanlar, şüarlar,
biletlər və digər sənədlər aid edilmişdir. Təbii ki, bu təsnifat eyni zamanda müxtəlif istiqamətlər
üzrə aparıldığına görə sənədlərin tip və növ bölgüsü qarışdırılmışdır.
2) Digər qrafiki sənədlər, yəni qeyri-mətni sənədlər: kartoqrafik, təsviri və not sənədləri.
Təsviri sənədlərə aid edilmişdir: çap edilmiş təsvirləri ( estamp, qravyura, poçt açıqcaları)
mühafizə edən ikonoqrafik sənədlər; proeksiya qurğuları vasitəsilə oxunan sənədlər (o cümlədən
mikrosurətlər). Bu sinifdə xüsusi bir qrup təsviri lövhələr qrupu da verilmişdir. Məsələn, mis,
dəmir və qızıl pullar, medallar, möhürlər (ştampellər) və s.
Qrafiki sənədlər P.Otle manuskrintləri-əlyazma kitablarına və inkunabullara, həmçinin qədim
və müasir arxiv sənədlərinə aid etmişdir. Müəllifin təklif etdiyi birinci təsnifat cərgəsi müasir
dövrdə də sənədlərin təsnifatı üçün dəyişməz qalmışdır.
3) Kitabı əvəz edən sənədlər: disklər, fonoqramlar, kinofilmlər və bunlarla birlikdə radio
verilişi (səsin yazılması və verilməsi), televiziya, o cümlədən telefotoqrafiya, radiotelefotoqrafiya.
Bu təsnifat cərgəsində «üçölçülü sənədlər» xüsusi yer tutur. Bunlara daxildir: təbii
sənədlər(minerallar, bitkilər, heyvanlar) süni, insan tərfindən yaradılan sənədlər (materiallar,
məhsullar texniki obyektlər, həmçinin medallar, maketlər releflər.) Bunlara həmçinin elmi
instrumentlər, didaktik materiallar, əyani vasitələr daxildir. Onlar içərisində üçölçülü incəsənət
əsərləri, yəni memarlıq əsərləri və heykəllər də vardır.
Sonrakı dövrlərdə kitabxana, arxiv, muzey və informasiya mərkəzlərinin fondları baxımından
deyil, sənəd anlayışına geniş mənada baxdıqda bu təsnifat istifadə edilmişdir.
P.Otlenin elmi ədəbiyyata daxil etdiyi «sənəd» anlayışına onun «Sənəd haqqında traktat»
əsərində verdiyi mənalar bunlardır:
1) Zaman etibarilə informasiyanın verilməsi vasitəsi olmasından və ya maddi yazılma
formasından asılı olmayaraq insan fikrinin, biliyinin ötürülməsi üçün informasiya mənbəyi sənəd
hesab edilə bilər. Bu anlayış həm maddi obyektlərin məlumat daşıyıcılarını, həm də radio-
televerilişləri, teatr tamaşalarını əhatə edir.
2)Hər hansı kolleksiya yaratmaq məqsədilə insan tərəfindən toplanan, fiksasiya olunmuş
informasiyanı daşıyan maddi obyekti sənəd adlandırmaq olar. Buraya həm insan tərəfindən
yaradılmış süni, həm də muzeylərdə yerləşən təbii, texniki predmetlər aiddir.
3) Qeyd edilməsi, yazılması üsulundan asılı olmayaraq informasiyanı zaman və məkan
etibarilə mühafizə etmək, nümayiş etdirmək və ötürmək (vermək) üçün insanın yaratdığı maddi
obyektlər sənəd tərkibinə daxildir. Buraya həm də işarələrlə ifadə edilmiş (yazılmış)
informasiyalar, incəsənət əsərləri, fonoyazılar və filmlər (səsin və təsvirin maşın yazısı) daxildir.
«Traktat…» müəllifi dəfələrlə «sənəd» və «kitab» anlayışlarının sinonim anlayışlar olduğunu
qeyd etmişdir. Kitabda «sənəd» anlayışının daha geniş məna daşıdığı da qeyd edilmişdir.
Beləliklə, P.Otle sənədşünaslığın nəzəri və təcrübi əsasını qoyan alim kimi dünya sənədçilik
tarixinə düşmüşdür. O, nəinki «sənəd» anlayışını elmi dövriyyəyə daxil etmiş, həm də geniş planda
onun məzmununu və əhatə miqyasını araşdırmışdır. P.Otle tarixən ilk dəfə əksər əlamətlərin
məcmuu əsasında sənədlərin təsnifatını işləyib hazırlamağa cəhd etmişdir. Əlbəttə, müasir
baxımdan bu təsnifat nöqsansız deyil. Bu isə təbiidir, çünki sənədin nomenklaturası, növ və tipləri
keyfiyyətcə dəyişmiş və inkişaf etmişdir. Lakin sonrakı illərdə sənəd haqqında dünyəvi nəzəri
tədqiqatlar P.Otlenin əsasını qoyduğu istiqamətlər üzrə inkişaf etdirilmişdir.
P.Otlenin konsepsiyasında sənədə sosial informasiya daşıyıcısı kimi baxılırdı. Lakin o dövrin
soraq nəşrlərində «sənəd» anlayışına məhdud mənada baxış davam edirdi. Belə ki, «hüquqi sənəd»
anlayışı ilə yanaşı «tarixi sənəd» (hər hansı dövr, şəxs və s.) barədə yazılı məlumat) «haqq-hesab
sənədi» (mülkiyyətin alınması və verilməsini təsdiq edən sənəd) və s. mövcud idi. «Sənəd»
anlayışının ümumiləşdirilmiş tərifi verilməmişdir.
XX əsrin 50-ci illərindən başlayaraq rəsmi terminologiyada «sənəd» anlayışı dar (məhdud),
geniş və ən geniş mənada izah edilmişdir.
Dar, məhdud məna işgüzar sənədlərə, yazılı faktlara və tarixi mənbələrə aid edilmişdir.
Geniş mənada «sənəd» anlayışı XX əsrin 60-70-ci illərində daha çox yayılmışdır. Ümumi
şəkildə bu anlayış «Böyük Sovet Ensiklopediyası»nda, ensiklopedik lüğətlərdə və 70-80-cı illərdə
nəşr edilmiş «Azərbaycan Sovet Ensiklopediyası»nda izah edilmişdir. Məsələn, «Böyük Sovet
Ensiklopediyası»nda sənəd informasiyanın zaman və məkan etibarilə mühafizəsi və yayılmasını
təmin edən maddi obyekt kimi mənalandırılmışdır. Buraya üçölçülü incəsənət əsərləri, yəni
memarlıq və heykəltəraşlıq obyektləri də aid edilmişdir.
XX əsrin 90-cı illərindən sonrakı dövrdə kitabşünaslığa və informatikaya dair ədəbiyyatda
«sənəd» anlayışı ən geniş mənada izah edilmişdir. Bu baxımdan informasiya daşıyan istənilən
obyekt, yəni yazılı sənəddən, qramplastinkadan və kinofilmdən başlamış incəsənət əsərlərinə
(memarlıq qurğuları, qrafika, rəsm əsərləri, heykəllər) qədər, mineral və tarixi tapıntılardan
başlamış sənaye məmulatlarına (saat, avtomobil, tüfəng və s.) və digər əlaqədar obyektlər sənəd
anlayışına aid edilmişdir. Bununla da sənəd anlayışının sərhədlərini müəyyənləşdirmək çətinliyi
yaranmışdır.
Məhz buna görə də əvvəlcə kitabşünaslar, sonra informatiklər «informasiya» və
«kommunikasiya» anlayışları ilə bağlı şəkildə sənəd anlayışını geniş mənada izah etməyə cəhd
edirlər. «Sənəd» anlayışının dəqiqləşdirilməsində və inkişafında xüsusilə tarixi baxımdan
Azərbaycan kitabşünas alimləri prof. B.V.Allahverdiyevin, prof. Ə.Mirəhmədovun, Mədəni-maarif
texnikumunun müəllimi, elmlər namizədi İ.Zəkiyevin əhəmiyyətli xidmətləri vardır. Rus
alimlərindən «İnformaüionnaə teoriə dokumenta» adlı doktorluq dissertasiyası yazmış
Q.Q.Vorobyovun, informatika sahəsində mütəxəssislər prof. R.S.Qilyarovskinin, A.İ.Mixaylovun,
A.V.Sokolovun,
kitabxanaşünas
və
biblioqrafiyaşünas
alimlərin-O.P.Korşunovun,
Y.N.Stolyarovun, kitabşünas alimlərdən professorlar B.V.Çernyakın, E.L.Nemirovskinin və bir
sıra digər alimlərin, kitabxanaşünaslıq, kitabşünaslıq və informatika sahələrində aktual problemlərə
dair əsərlərində «sənəd» anlayışına da qismən baxılmışdır.
İnformatika sahəsindəki mütəxəssislər ilk olaraq sənəd anlayışına geniş mənada baxmağın
əleyhinə çıxmışlar və bu baxımdan iki vacib elementlə məhdudlaşdırmışlar: informasiyanın və
maddi daşıyıcının mövcudluğu. Məsələn, 60-70-ci illər üçün informatika sahəsində ilk və ən
aktual əsərlər olan «Osnovı informatiki», «İnformatika i soüialğnaə kommunikaüiə» monoqrafik
tədqiqatlarında A.İ.Mixaylov, A.İ.Çyornı və R.S.Qilyarevski sənəd anlayışını belə izah etmişlər.:
«sənəd-informasiyanın mühafizəsi, zaman və məkan etibarilə verilməsi üçün xüsusi olaraq
yaradılmış maddi obyektdir» Bu tərif 60-80-ci illərdə SSRİ-nin elmi-texniki informasiya
orqanlarının sürətli inkişafı ilə əlaqədar olaraq digər əlaqədar elm sahələrində də geniş yayılmışdır.
Sənədin deyilən tərifə yaxın tərifi 16487-83 nömrəli dövlət standartında (Deloproizvodstvo i
arxivnoe delo) (Kargüzarlıq və arxiv işi) verilmişdir. Burada göstərilir: sənəd zaman və məkan
etibarilə ötürülmək (verilmək) üçün insan tərəfindən yaradılmış informasiyanın maddi obyektdə
möhkəmləndirilməsidir.
XX əsrin 90-cı illərində biblioqrafiyaşünaslıq sahəsində O.P.Korşunov, informatika sahəsində
A.V.Sokolov, kitabxanaşünaslıq sahəsində Y.N.Stolyarov eyni zamanda, paralel olaraq «sənəd»
anlayışının məzmununu dəqiqləşdirməyə cəhd edərək onun maddi obyekt-sosial informasiya
daşıyıcısı olduğunu göstərmişlər. Bir sıra kitabşünaslar (Məsələn, M.N. Kufayev, E.L.Nemirovski)
«sənəd»in ümumiləşdirilmiş termin kimi qəbul edilməsinə lüzum görmürdülər və bu baxımdan
«kitab» anlayışının işlədilməsini təklif edirdilər. Lakin çoxlu tip və növ informasiya daşıyıcılarının
sürətlə artımı və sənəd kommunikasiya sistemində özlərinə yer tutması «kitab» anlayışı
ümumiləşdirilmiş anlayış kimi terminoloji dolaşıqlıq yarada bilər. «Ədəbiyyat» terminini də
burada nəzərə almaq lazımdır. «Sənəd» və «kitab» anlayışlarının münasibəti barədə diskussiyalar
bu gün də davam edir.
Beləliklə, uzun tarixi inkişaf dövrində «sənəd» anlayışı daimi olaraq dəyişmişdir. İndi «sənəd»
anlayışına ya geniş mənada, ya da hər hansı növ sənədə aid olan məhdud mənada baxılır. «Sənəd»
anlayışını ifadə edərkən onun konkret olaraq hansı mənada işlənməsinə diqqət
verilməlidir.Ədəbiyyat
1. Azərbaycan dilinin izahlı lüğəti.C.1.- Bakı, 1987.-520 s.
2. Biblioqrafiçeskoe opisanie dokumenta.-M.,2001.-76 s; QOST 7.1.2003.
3. Rüstəmov Ə.M., Hüseynov E.M. İnformatika: Azərbaycan, rus və ingilis dillərində izahlı
terminlər lüğəti.-Bakı, 1996.-336 s.
Ali Rustamov,
Xuraman Aqaeva
Генезис и сушность понятия «документ»
РЕЗЮМЕ
Описана историческая эволюция понятия «документ», обобщены и сравнены точки
зрения ученых и исследователей в данной направлении, обоснована роль понятия в
современной электронной коммуникации.
Али Рустамов,
Хuraman Агайева
SUMMARY
The article describes importnane of term of document from point of view of such hind of
sciences as library science. The article also describes history of development of different form of
the documents.
The consepst of document, this qhenesis and essence importance.
Dostları ilə paylaş: |