Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   29   30   31   32   33   34   35   36   ...   136

67 
 
narahatlığını Baş Qərargah rəisi Dibiçə göndərdiyi 17 mart və 2 aprel tarixli raportlarında geniş şərh 
edir  və  Krasovski-Nerses  cütlüyünün  İrəvan  bölgəsinin  idarəçiliyindəki  fəaliyyətini  Rusiyanın 
bölgədəki  maraqlarına  zidd  qiymətləndirərək  onların  bu  vəzifədən  uzaqlaşdırılmasını  vacib  hesab 
edirdi [2, v. 8-9; 5, v. 64]. O, baş qərargah rəisinə göndərdiyi 2 aprel 1828-ci il tarixli məktubunda 
yazırdı: “Mən təsəvvür etməzdim ki, Krasovski yalnız Nersesin iradəsi ilə hərəkət edəcək, mənim 
ona  verdiyim  təlimata  məhəl  qoymayıb,  yenicə  ələ  keçirilmiş  əyalətin  idarə  edilməsi  qayğısına 
qalmayacaq,  bütün  əhalinin  dörddə  üçünü  təşkil  edən  müsəlmanlara  himayədarlıq  etməyəcək  və 
onlara lazımi vəsait ayırmayacaq” [5, v. 64]. 
Krasovski İrəvan bölgəsinin idarəçiliyi ilə bağlı öz layihəsini general Dibiçə göndərdikdən bir 
neçə gün sonra səhhəti ilə bağlı müalicə üçün Tiflisə getməsini Paskeviçdən xahiş etdi. O, özünün 
İrəvanda olmadığı müddətdə İrəvan Müvəqqəti idarəsinə rəhbərliyin general-mayor Pankratova və 
ya  general-mayor  Antrapova  tapşırılmasını  təklif  edərək,  bu  generalların  arxiyepiskop  Nerses  ilə 
birlikdə bölgənin idarəsini uğurla həyata keçirə biləcəyini bildirirdi [5, v. 13]. 
Paskeviç 1828-ci il fevralın 3-də Krasovskiyə Tiflisə getməyə icazə versə də, İrəvan Müvəqqəti 
idarəsinə rəhbərliklə bağlı onun təklifini qəbul etmədi. Paskeviçin əmri ilə İrəvan Müvəqqəti idarəsinin 
rəisi  vəzifəsinə  general-mayor  Aleksandr  Çavçavadze  təyin  edildi.  A.Çavçavadzenin  İrəvana 
gəlməsindən sonra, fevralın 22-də Krasovski vəzifəsini ona təhvil verib Tiflisə yollandı [3, v. 2]. 
General  A.Çavçavadzenin  İrəvan  Müvəqqəti  idarəsinə  rəhbərliyə  başlaması  ilə  bu  idarənin 
tərkibində  dəyişiklik  edildi.  Polkovnik  Borodinin  yerinə  Şirvan  piyada  alayının  komandanlığını  öz 
üzərinə götürmüş polkovnik Xamutov təyin edildi. Müsəlman və erməni əhalisinin nümayəndələri kimi 
Məhəmməd xan və Məlik Saak da məşvərətçi səslə idarəyə üzv təyin edildilər [9, sənəd 252, s. 460]. 
Türkmənçay  müqaviləsinin  imzalanması  ilə  İranla  müharibəni  başa  çatdıran  general 
İ.Paskeviç  Krasovski-Nerses  cütlüyünün  İrəvan  Müvəqqəti  idarəsindəki  fəaliyyətini  yerində 
araşdırmaq üçün 1828-ci il martın 16-da İrəvana gəldi. O, bu  vaxta qədər, hələ Təbrizdə olarkən, 
martın  3-də  Nerseslə  birləşən  Krasovskinin  İrəvan  Müvəqqəti  idarəsindəki  yarırmaz  fəaliyyəti  ilə 
bağlı  Baş  Qərargah  rəisi  general  Dibiçə  geniş  məktub  göndərmişdi  [6,  sənəd  436,  s.  484-487]. 
Paskeviç  İrəvana  gəldikdən  bir  gün  sonra,  1828-ci  il  martın  17-də  general  Dibiçə  göndərdiyi 
raportunda  Krasovski-Nerses  cütlüyünün  fəaliyyətini  ciddi  tənqid  edərək  bildirirdi  ki,  Krasovski 
İrəvanda heç bir iş görməyib, bütün işləri Nersesin ixtiyarına verib, sonuncunun qəbuluna isə ancaq 
ermənilər  düşə  bilib  və  bu  vəziyyət  müsəlmanlar  arasında  hökumətin  etimadının  itməsinə  gətirib 
çıxarmışdır. Erməni arxiyepiskopu Nersesin İrəvan vilayətinin idarəsinə buraxmağı özünün böyük 
səhvi adlandıran Paskeviç yazırdı ki, “mən təsəvvür edə bilmirəm ki, genaral Krasovski bu dərəcədə 
siyasəti  unudub  əhalinin  dörddə  üçünü  müsəlmanlar  və  yalnız  dörddə  birini  ermənilər  təşkil  edən 
bir vilayətdə arxiyepiskopun birtərəfli baxışlarının adi bir icraçısına çevrilə bilər” [2, v. 8]. 
Krasovski-Nerses  cütlüyünün  İrəvan  Müvəqqəti  idarəsindəki  yarıtmaz  fəaliyyəti  ilə  bağlı 
general Paskeviç aprelin 2-də Baş Qərargah rəisinə əvvəlkindən daha geniş və ətraflı olan yeni bir 
raport  da  göndərdi  [5,  v.  64].  Bu  və  əvvəlki  raportları  ilə  Qafqazdakı  rus  qoşunlarının  baş 
komandanı  baş  qərargah  rəisini  inandıra  bildi  ki,  Krasovski-Nerses  cütlüyünün  İrəvan  Müvəqqəti 
idarəsindəki yarıtmaz fəaliyyəti vilayətin böyük əksəriyyətini təşkil edən müsəlman əhalisi arasında 
hökumətin etimadını heçə endirir, bu əhalinin kütləvi İran tərəfinə köçü baş verir  və bütün bunlar 
Rusiyanın  bu  bölgədəki  maraqlarına  böyük  zərbə  vurur.  Paskeviçin  raportu  imperator  I  Nikolaya 
məruzə  olundu  və  nəticədə,  1828-ci  il  aprelin  10-da  general  Krasovskinin  hərbi  xidmətdən  tərxis 
edilməsi haqqında Rusiya imperatorunun sərəncamı verildi [3, v. 10]. Bundan üç gün sonra, aprelin 
13-də  arxiyepiskop  Nerses  haqqında  da  onun  İrəvan  vilayətindən  uzaqlaşdırılması  haqqında  qərar 
qəbul  edildi  və  o,  Bessarabiya  yaparxiyasının  dünyasını  dəyişmiş  arxiyepiskopunun  yerinə  təyin 
edilərək Bessarabiyaya göndərildi [6, sənəd 206, s. 252-253]. 
General İ.Paskeviç 1828-ci il mart ayının 19-da İrəvan Müvəqqəti idarəsinin tərkibində dəyişiklik 
etdi.  İdarənin  rəisi  general  A.Çavçavadze  öz  vəzifəsində  qaldı.  İrəvan  qalasının  yeni  komendantı  pod-
polkovnik N.Koşkarev və mayor V.Medoks general A.Çavçavadzeyə müşavir təyin edildilər. Müsəlman 
və erməni əhalisinin nümayəndələri kimi Məhəmməd xan və Məlik Saak da məşvərətçi səslə idarəyə daxil 
edildilər.  Müvəqqəti  idarənin  hakimiyyəti  İrəvan  bölgəsindən  başqa  Naxçıvan  və  Ordubad  dairəsinə  də 
yayıldı. 1827-ci il oktyabrın 6-da general İ.Paskeviç tərəfindən təsdiq edilən “Qaydalar”dakı vəzifələrin 


68 
 
yerinə  yetirilməsi  və  müsəlman  əhalisi  ilə  erməni  əhalisinə  münasibətdə  bərabər  yanaşma  nümayiş 
etdirmək İrəvan Müvəqqəti idarəsinin ikinci tərkibinin qarşısına əsas vəzifə kimi qoyuldu [19, s. 79-80]. 
1828-ci il martın 21-də Rusiya imperatoru I Nikolay İranla müharibənin başa çatması və Rusiya ilə 
İran arasında sülh imzalanması haqqında manifest verdi [7, s. 271-272]. Bu manifestdə yeni işğal olunmuş 
İrəvan və Naxçıvan xanlıqlarının ərazisi “qədim Ermənistanın bir hissəsi” elan olundu [7, s. 272]. Bununla 
da, I Pyotr dövründən başlayaraq Azərbaycan torpaqlarının işğalı üçün onun etnik mənsubiyyətinin zorla 
dəyişdirilməsinə dair dövlət siyasəti və strateji məqsədin yerinə yetirilməsi burada təsbit edildi.  
Elə  həmin  gün  -  1828  ci  il  martın  21-də  Rusiya  imperatoru  I  Nikolay  İrəvan  və  Naxçıvan 
xanlıqlarının Erməni  vilayəti  adlandırılması  haqqında  senata  fərman  verdi  [7,  s.  272-273;  10,  s.  278-
279]. Fərmanda deyilirdi: “İranla bağlanmış müqaviləyə əsasən İrandan Rusiyaya birləşdirilən İrəvan və 
Naxçıvan  xanlıqlarını  bundan  sonra  Erməni  vilayəti  adlandırmağı  hökm  edir  və  öz  titulumuza  daxil 
edirik.  Həmin  vilayətin  quruluşu  və  onun  idarə  edilməsi  qaydaları  haqqında  Senat  lazımi  göstərişləri 
vaxtında  alacaqdır”  [7,  s.  273].  Bununla  da,  1827-ci  il  oktyabrın  6-da  general  İ.Paskeviçin  əmri  ilə 
İrəvan  bölgəsini  idarə  etmək  üçün  yaradılmış  Müvəqqəti  idarə  ləğv  edildi  və  İrəvan  və  Naxçıvan 
xanlıqlarının ərazisində “Erməni vilayəti” adlı müvəqqəti inzibati-idarə yaradıldı. 
Ermənilər  bunu  sevinclə  qarşıladılar.  Bu  zaman  erməni  ideoloqlarından  olan  K.Arqutinski 
X.Lazarevə  yazırdı:  “İranla  bağlanmış  sülh  bir  çox  cəhətdən  mənə  gözəl  dəqiqələr  bəxş  etdi  ki, 
Naxçıvan və İrəvan əyalətlərinin Erməni vilayəti adlandırılması heç də onlardan sonuncu deyildi... 
Yeni  vilayətlərin  sakinləri,  bizim  həmsoylarımız  Erməni  vilayəti  adında  bəzi  özünəməxsus  halları 
mükafat alır. Gözəl və olduqca faydalı fikirdir” [16, s. 79-80]. 
 “Erməni  vilayəti”nin  rəisi  vəzifəsinə  yerli  qoşunların  komandanı,  Müvəqqəti  idarənin  rəisi, 
general-mayor  A.Çavçavadze  təyin  edildi.  “Erməni  vilayəti”nə  keçmiş  İrəvan  və  Naxçıvan 
xanlıqları və Ordubad dairəsi daxil idi. Yaradılan yeni inzibati vahidin mərkəzi İrəvan şəhəri oldu. 
Naxçıvan  və  İrəvan  xanlıqları  ərazilərində  “Erməni  vilayəti”nin  yaradılması  ilə  Azərbaycan 
torpaqlarında erməni dövləti yaradılması üçün mühüm addım atıldı. 
 Erməni  vilayətinin  idarə  edilməsi  üçün  qaydalar  layihəsi  də  hazırlanmışdı.  Həmin  layihə 
erməni  əhaliyə  qarşı  müəyyən  liberallığın  tətbiq  edilməsini  nəzərdə  tuturdu.  Layihə,  ümumilikdə 
Rusiyanın  vilayətdəki  hakimiyyətinin  möhkəmləndirilməsinə  xidmət  etsə  də,  bu  bölgənin 
erməniləşdirilməsinə də zəmin yaratmalı idi [13, s. 366]. 
1828-1829-cu  illər  Rusiya-Osmanlı  müharibəsindən  qalib  ayrılan  Rusiya  1829-cu  il 
sentyabrın  14-də  Osmanlı  dövləti  ilə  Ədirnə  müqaviləsini  imzaladı.  Bu  müqaviləyə  görə 
Balkanlardakı bir sıra ərazilərlə yanaşı Cənubi Qafqazda da Axalsıx vilayəti Axalsıx və Axalkalaki 
şəhərləri ilə birgə Rusiyaya keçdi [17, s. 155-157; 21, s. 149-150]. 
İ.Paskeviçin  mövqeyinə  görə,  Kars  paşalığı  da  Rusiyaya  ilhaq  edilməli  və  bu  ərazi  də 
köçürüləcək  ermənilər  hesabına  xristianlaşdırılmalı  idi.  O,  bu  məqsədlə  1829-cu  ilin  iyun  ayında 
xarici işlər naziri K.V.Neselrodeyə də müraciət etmişdi. Lakin Rusiya hökuməti, Qafqaz cəbhəsində 
daha  çox  Osmanlı  ərazilərinin  içərilərinə  doğru  genişlənməni  sülh  üçün  təhlükəli  hesab  etdi  və 
Axalsıx  və  Axalkələk  paşalıqlarını  alıb  sərhədin  bu  paşalıqların  sərhədləri  boyunca  çəkilməsini 
uyğun bildi [20, s. 296-297]. 
1830-cu  ildə  “Erməni  vilayəti”nin  rəisi  general-mayor  V.Bebutov  təyin  edildi.  Onun  bu 
vəzifəyə təyin edilməsi ilə azərbaycanlı xanlara, bəylərə, ağalara qarşı güclü bir təqib kampaniyası 
başladı,  idarəetmə  metodunda  dəyişiklik  edildi.  V.Bebutovun  təkbaşına  rəisliyi  gücləndirildi, 
əvvəllər mövcud olan məşvərətçi orqanlar ləğv edildi. 
Ermənilərin  təkidi  ilə  vilayətin  yeni  statusunun  möhkəmləndirilməsi  naminə  onun  gerbi  də 
qəbul  olundu.  Heç  şübhəsiz,  ermənilərin  təkidi  ilə  qəbul  olunmuş  bu  gerbdə  həmin  ərazilərin 
türklərə  bağlılığını  andıran  bir  əlamət  yox  idi.  Gerbin  aşağı  hissəsində  Ararat  dağının  şəkli 
çəkilmişdi.  Onun  fonunda  tac  və  Eçmiədzin  monastırı,  gerbin  yuxarı  hissəsində  isə  Rusiya  taxt-
tacının emblemi olan ikibaşlı qartal təsvir edilmişdi. Bu gerb imperator I Nikolay tərəfindən 1833-
cü il fevral ayının 27-də təsdiq olundu [13, s. 367]. 
İrəvan bölgəsində “Erməni vilayəti” yaradıldıqdan sonra da hələ bir müddət mahal və kəndlərin 
idarə  strukturu  xanlıq  dövründə  olduğu  kimi  saxlanıldı.  Rusiya  hakimiyyət  orqanlarına  sədaqətli  olan 
yerli bəylər və məliklər mahalları, kənd ağsaqqalları isə kəndləri idarə edirdilər. Yalnız vergi sistemində 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə