76
Xarici siyasət fəaliyyətinin həyata keçirilməsini ölkədaxili və beynəlxalq
ehtiyaclar zəruri edir. Beynəlxalq ehtiyaclar dövlətlərin regionda və regiondan
kənar məkanlarda inteqrasiya olunmaq zərurətindən ortaya çıxır. Beynəlxalq
əlaqələr eləcə də daxili ehtiyacların ödənilməsinə hesablanır. Ümumiyyətlə,
heç bir dövlət “ümumdünya cəmiyyətində” təcrid olunmuş vəziyyətdə
yaşaya bilməz. Əlaqələr dövlətlərin genetik xarakterlərindədir. Dövlətlərin
beynəlxalq əlaqələr sistemində bütövlüklərinin təmin olunması daxili
fəaliyyətlə xarici fəaliyyətin vəhdətində öz əksini tapır. Bu vəhdət prinsipi
dövləti beynəlxalq əlaqələr sisteminin iyerarxik strukturunda müvafiq yerləri
tutmasına səbəb olur. Geosiyasət şəbəkələnmiş vəhdət siyasətindən
meydana glir.
Məlumdur ki, dövlətin istər daxili, istərsə də beynəlxalq fəaliyyəti hüquqa
(dövlətin hüququna) söykənir. Beynəlxalq əlaqələrdə hüquq normaları
dövlətlərarası münasibətləri tənzim edir, eləcə də dövlətdaxili ehtiyacların
ödənilməsinə yönəlir. Beynəlxalq hüquq normaları dövlətlərin qarşılıqlı
yaşamalarına şərait yaradır. Onların qorunmasını təmin edir. Dövlət ümumən
beynəlxalq əlaqələr sistemində bir bütöv kimi “hərəkətdə” olur. Hərəkətdə
olması (əslində dövlət yox, dövlət hakimiyyəti və onun digər ünsürləri mütləq
və konkret hərəkət vəziyyətində olurlar. Dövlət isə mücərrəd hərəkəti özündə
əks etdirir) sayəsində dövlətin digər regionlarda geosiyasi maraqları meydana
gətirir. Geosiyasi maraqlar dövlətlərin bir-birilərinin daxillərindəki elementlər
üzərində təsirlərini yaradır. Hansı ki, bu elementlər dövlətlərin fəaliyyətini
təşkil edən və əks etdirən struktur komponentləridir.
Bir daha qeyd etmək olar ki, dövlətlərin xarici siyasətləri, beynəlxalq
münasibətlər üzrə aktları onların geosiyasətlərini meydana gətirir. Dövlət
digər dövlətlərin məkanlarında öz geosiyasətlərini formalaşdırır. Burada
sərhədlərdən kənarda geosiyasətin əsasları maraqlar üzərində formalaşır. Bu
baxımdan hər bir dövlət üzərində geosiyasət meydana gəlir. Çünki, dövlət və
onun strukturlarının (canlı sistem olaraq) fəaliyyəti müəyyən məkanları əhatə
edir. Hətta böyük dövlətlər üzərində də geosiyasi maraqlar meydana gəlmiş
olur. Kiçik dövlətlər də böyük dövlətlərə təsir edə bilirlər.
Geosiyasət daha çox regionları əhatə edir, eləcə də geosiyasi regionlar
arasında “geosiyasi zolaqlar” da formalaşa bilir. Məsələn, Azərbaycan həm
Qafqaz geosiyasi regionunun elementidir (mərkəzləşdirici subyekt kimi),
həm də Avropa ilə Asiya arasındakı “geosiyasi zolağın” komponentidir
(birləşdirici subyekt kimi)
. Digər dövlətlərlə əlaqələr geosiyasətin
formalaşması proseslərini təbii olaraq şərtləndirir. Qarşılıqlı təsirlər fonunda
dövlətlərin geosiyasi gücləri yaranır. Dövlətin ümumən geosiyasi gücü onun
daxili və beynəlxalq gücünə söykənir. Daxili gücü onun geosiyasi nüvəsini
təşkil edir. Geosiyasi məkanı mərkəzdən ətraflara doğru genişləndirir. Böyük
dövlətlərin başqa regionlarda geosiyasi maraqlarının genişlənməsi də həmin
dövlətlərin geosiyasi (beynəlxalq münasibətlər üzrə) nüvələrini meydana
77
gətirir. Buradan da xarici siyasətin şəbəkələşmiş mərkəzləri formalaşmış olur.
Burada dövlətin daxili siyasəti xarici siyasətini, xarici siyasəti də öz
növbəsində daxili siyasətini tamamlayır. Tamamlama sayəsində dövlətin
daxildən xaricinə doğru və əksinə istiqamətdə geosiyasi maraqları meydana
gəlir və geosiyasi maraqların sferası onu təşkil edən elementlərin hərəkət
sferasının formalaşmasına səbəb olur.
Dövlət digər dövlətin geosiyasi məkanına (burada geosiyasi məkan həm
dövlətdaxili məkan, həm də dövlət sərhədlərinin kənarındakı dövlət
maraqlarının əks olunduğu məkanlar aid oluna bilər) daxil olur. Bu istiqmat
baza olaraq iki hissədən ibarət olur: birincisi, dövlət özünün milli vasitələri
ilə başqa dövlətin geosiyasi məkanına -ölkədaxili məkanına daxil olur, təsir
edir (hətta bir çox hallarda geosiyasi “eksterritoriallıq” yaranır, yəni, başqa
ərazilərdə imtiyaz və immunitetlər daha çox olur); ikincisi, öz ərazisində
digər dövlətin mövcud olduğu məkan (xarici ölkələrin resurslarının yaratdığı
məkan nəzərdə tutulur) üzrə təsir edir. Öz məkanında yerləşən digər dövlətin
geosiyasi maraqları üzərində təsirlər etməyə çalışır. Dövlətlər həmçinin üçüncü
və ya dördüncü dövlətlərin ərazilərində də təsirlər etməyə çalışırlar. Bu
baxımdan da geosiyasətin təsir şəbəkəsi meydana gəlir. Bu təsir şəbəkəsi
dövlətləri beynəlxalq münasibətlərin fərqli fəal üzvlərinə çevirir və eləcə də
yaylı formalı
münasibətləri meydana gətirir. Yaylı (tarazlı) münasibətlər və
əlaqələr inkişafa və təhlükəsizliyə, sülh və sabitliyə xidmət edir. Fərqli güclərə
görə geosiyasət amili dünyanın piramidal idarəetməsi formasını meydana
gətirir.
Azərbaycan da dünyanın digər dövlətləri kimi geosiyasətin aktiv
üzvlərindən biridir. Azərbaycanın geosiyasəti özünün təkamül və inkişaf
mərhələsini yaşayıb və bu gün də həmin proseslər davam etməkdədir. Ölkənin
XX əsrin sonlarını əhatə edən geosiyasətinin formalaşmasının başlanğıcı
müstəqillik qazandıqdan sonra qoyulub. Xarici siyasətin ilkin aktları, bu
baxımdan ölkə müstəqilliyinin defacto və dejure (SSRİ-dən ayrıldığı faktiki
əraziləri üzrə hüquqi baxımdan ) tanınması və dövlətlərarası diplomatik
münasibətlər, sahələr üzrə əlaqələrin qurulması geosiyasətin başlanğıcı üçün
əsasları meydana gətirmiş oldu. Sonrakı mərhələlərdə (1994-cü ildən
başlayaraq) isə xarici sərmayələrin ölkə iqtisadiyyatına cəlb olunması və
çoxsahəli əlaqələr, o cümlədən geosiyasət elementlərinin sayının çoxalması
məhz geosiyasi mühitin inkişafında növbəti mərhələni meydana gətirdi.
Ölkənin yerləşdiyi məkan və məkan üzərindəki strukturlar və elementlər
geosiyasi mühitin əsaslarını təşkil etməyə başladı. Dövlətin daxilən
güclənməsi, onun iqtisadi və siyasi strukturlarının inkişafı geosiyasi nüvənin
əsaslarını zənginləşdirdi. Azərbaycan regionda radiuslu dalğalar üzrə öz
geosiyasi məkanını böyütməyə başladı. Bu proseslər artıq XXI əsrin
başlanğıcından bu yana baş verməkdədir.