www.vivo-book.com
23
Bunu deyib oğlan komadan çıxdı. Bayaq onlar işığı
yandırmadan, elə qaranlıqdaca şam eləmişdilər və indi də
qoca şalvarını soyunub əlhavasına çarpayıya tərəf getdi,
qəzeti büküb şalvarın cibinə, şalvarı da balış əvəzinə başının
altına qoydu; ədyala bürünüb dəmir çarpayıya döşənmiş
köhnə qəzetlərin üstündə uzandı.
O saat da yuxuya getdi. Yuxuda uşaqkən sahillərində
gəzdiyi Afrikanı gördü. Sarımtıl qumsallıq qızılı rəngə
çalırdı. Ağ, yastı təpələr adamın gözünü qamaşdırırdı. Qonur
qayalar sanki birbaşa dənizin içindən baş qaldırmışdı.
Əzəmətli dağlar hamısı qəhvəyi rəngdəydi və bu yerlər hər
gecə qocanın yuxusuna girirdi. O, yuxusunda dənizin
kənarıyla sahil boyunca o baş-bu başa gəzir, qayaların
ətəyini şiddətlə döyəcləyən dalğaların qəzəbli gurultusunu
eşidirdi; yerli tayfaların suları yara-yara dalğadan-dalğaya
atlanan xırda qayıqlarını görür, gəmilərə xas olan qatran və
şoranlıq
qoxusunu
açıq-aydın
duyurdu.
Afrikanın
içərilərindən gələn təmiz səhər mehi onu məst edirdi.
Adətən, bu qoxu burnuna dəyəndə qoca yuxudan
ayılırdı və alaqaranlıqda qalxıb paltarını əyninə keçirir,
www.vivo-book.com
24
sonra da oğlanı oyatmağa gedirdi; səhər mehini şirin yuxuda
duymağa vərdiş eləmişdi. Lakin bu gecə qitədən əsən sərin
külək, nədənsə, onu həmişəkindən tez oyatdı. Hələ çox
erkən olduğunu qoca dərhal ənkərdi və qərara aldı ki,
yerindən durmasın, indicə gördüyü yuxuya davam eləsin.
Dənizdən ucalan qayaların ağ zirvələrinə, Kanar adalarının
limanlarına tamaşa etmək istəyirdi.
Artıq çoxdandı ki, yuxusunda nə fırtına, nə qadın, nə iri
balıq, nə vuruş, nə güləş, nə mərcləşmə, nə də arvadını
görürdü. İndi onun yuxusuna yalnız uzaq ölkələrin sahilləri,
bir də oralarda gəzişən şirlər girirdi. Şirlər dumanlı
toranlıqda pişik balalarıtək bir-biriylə oynaşırdılar. Qoca bu
şirləri çox sevirdi, lap oğlanı sevdiyi qədər sevirdi. İntəhası
oğlan heç vaxt yuxusuna girməzdi.
Qoca qəfildən ayılıb yerindən dikəldi, açıq qapıdan
bayıra, göy üzündəki ayparaya baxdı və sonra balış əvəzinə
başının altına qoyduğu şalvarını götürüb əyninə geydi.
Komadan çıxıb əsnəyə-əsnəyə oğlanı oyatmağa getdi.
Obaşdanın sübh soyuğundan bərk titrədirdi, amma bilirdi ki,
www.vivo-book.com
25
bir az qızışandan sonra üşütmə keçib-gedəcək; hamısı
qayıqda oturub avar çəkməyə bənd idi.
O, qapını aralayıb asta, yumşaq addımlarla otağa girdi.
Oğlan qabaq tərəfdə, taxtın üstündə yatmışdı. İçəri solğun ay
işığı düşmüşdü və bu işıq qocanın oğlanı görməsi üçün
kifayət elədi: o, uşağın qıçından yapışıb ta ayılana qədər
buraxmadı. Oğlan yerinin içində dikəlib gözlərini açdı, bir
qədər çaşqın halda qocaya baxdı. Qoca isə başını tərpədib
işarə verdi ki, vaxtdır. Oğlan əlini uzadıb böyürdəki kətilin
üstündən şalvarını götürdü, qalxıb çarpayıda oturdu və
şalvarını geyinməyə başladı.
Qocanın arxasınca qapıdan çıxanda o hələ də
yuxuluydu. Qoca qolunu oğlanın boynuna saldı:
– Bağışla...
– Que va! – oğlan cavab verdi. – Neyləməli, biz
kişilərin taleyi belədir.
Onlar daş döşənmiş yolla üzüaşağı, qocanın komasına
tərəf gedirdilər. Bayır adamla doluydu. Balıqçılar bellərində
avadanlıq, çiyinlərində dorağacı, əllərində müxtəlif şeylər
www.vivo-book.com
26
qaranlıqda hərəsi öz qayığına tərəf gedirdi. Hamısının da
ayaqları yalındı.
Onlar komaya gəlib çatanda oğlan içəri keçib dünən
qoyduğu şeyləri – içərisində tilov ipi olan zənbili, dəstəli
nizəni və qarmağı götürdü, qoca da köhnə, yamaqlı yelkən
sarınmış dorağacını çiyninə aldı.
– Qəhvə içməyə meylin var? – oğlan soruşdu.
– Əvvəl avadanlığı aparıb qayığa qoyaq, qəhvəni sonra
içərik, – qoca cavab verdi.
Şeyləri aparıb qayığa yerləşdirəndən sonra qəsəbəyə
qayıtdılar, sübh erkəndən açılan və balıqçılara xidmət
göstərən aşxanaya gəlib konserv bankasında adama bir qab
qəhvə içdilər.
– Necə oldu, yaxşı yata bildinmi? – oğlan qocadan
xəbər aldı; yuxudan ayılmış kimi görünsə də, di gəl, onun
gözlərindən hələ də yuxu tökülür, özü də tez-tez əsnəyirdi.
– Çox yaxşı yatmışam, Manolin, – qoca cavab verdi. –
Mənə elə gəlir ki, bu gün bəxtim gətirəcək.
– Mənə də elə gəlir, – oğlan ayağa durdu. – İndi isə
gedim bizim sardinalarımızı gətirim. Hələ sənin tələ
www.vivo-book.com
27
yemlərini də götürməliyəm. Mən işləyən qayıqda bütün
işləri sahibkar özü görür; kömək edəndə acığı tutur.
– Balıqçıların çoxu elədir, mənimlə özünə baxma. Hələ
sən beş yaşında ikən icazə verirdim ki, avadanlığı daşıyasan.
– Bilirəm, – oğlan dedi. – Gözlə, bu saat gəlirəm. Mən
qayıdanacan sən bir az da qəhvə iç. Burda bizə nisyə
verirlər.
Oğlan yalın ayaqlarını şappıldada-şappıldada tələ yemi
götürməkçün buzxanaya qaçdı.
Qocanın bütün gün ərzində dilinə heç nə
dəyməyəcəkdi; bu qəhvə onun həm səhər yeməyi, həm
naharı, həm də, kim bilir, bəlkə şam yeməyi idi, buna görə
də qəhvəni ləzzət ala-ala, aramla içirdi. Axır vaxtlar yeməyə
o qədər də meyl göstərmirdi. Yemək prosesi çoxdan
zəhləsini tökmüşdü, odur ki, dənizə gedəndə heç vaxt özüylə
səhər yeməyi götürmürdü. Sərin qalsın deyə qayığın burun
tərəfində həmişə bir şüşə su saxlayırdı, vəssalam –
axşamacan ona lazım olan tək bu idi.
Dostları ilə paylaş: |