15
Vahan:
- Özünüzü ələ alın, Klavdiya Semyonovna, - dedi. – Göz yaşı heç
bir dərdin
çarəsi olmamışdır. İndi elə zəmanədir ki, insan gərək hər əzaba mərdliklə dözsün.
Öz otağına getmək üçün Klavdiya gözlərini silə-silə ayağa qalxdı. Bu an
dəhlizin qapısı bir neçə dəfə döyüldü. Suren gedib açmaq istədi. Klavdiya onu
qoymadı.
- Kim olduğunu soruşub bilməmiş açmayın, - deyə Vahan Klavdiyaya
müraciət elədi.
- Siz gizlənin! – deyə Klavdiya getdi.
Vahan döşəmədən zirzəmiyə açılan balaca qapını açıb Surenə müraciət
elədi:
- Hələlik aşağı enək. Bəlkə məni görüblər, izləyirlər?!
- Əvvəlcə Suren, sonra Vahan aşağı enib qapını örtdü.
Klavdiya qapını döyənin
kim olduğunu soruşarkən, bayırdan nazik bir səs
eşidildi:
- Qorxma, aç! Sergeyin yanından gəlirəm.
Klavdiya ərinin adını eşidən kimi qapını açdı. Saak içəri girdi. Çuxasının
ətəyi ilə çarıqlarının qarını təmizlədi, qıllı papağını götürüb silkdi, başına qoyaraq
Klavdiyanın üzünə baxdı… Klavdiya birinci dəfə gördüyü, cansız-çəlimsiz, orta
boylu, sallaq bığlı bu adama diqqətlə nəzər yetirdi. Saak gülə-gülə dedi:
- Təəccüb eləmə, Klavdiya bacı. Mən dost adamam. Ona görə bu gecə vaxtı
sizə gəlmişəm. Sənə şad xəbər gətirmişəm. Ərin Sergey sağ-salamatdır. Özü də
bir-iki günə kimi evdə olar. Mən bolşovoyam. Onun yoldaşıyam. Qazamatdan
qaçmışam.
Klavdiya Saakı otağa dəvət elədi. Zirzəminin balaca qapısını açıb,
gələnin
kim olduğunu Vahanla Surenə dedi. Onlar zirzəmidən çıxdılar.
Saak onları görcək sevinclə:
- Oho, əziz yoldaşlar, siz də burda imişsiniz! – dedi. – Bəs niyə zirzəmiyə
girmişdiniz? Yoxsa qorxdunuz?
Vahan:
- Qorxmaq nədir, ehtiyat lazımdır, - dedi. – Nə yaxşı oldu səni buraxdılar.
Hər üçü görüşüb oturdu.
- Danış görək, Saak, necə azad oldun?! Qalan yoldaşlar hardadırlar?
- Eh, ay Vahan yoldaş, Allah heç kəsi qazamata salmasın. Cəhənnəm deyilən
yer oradı. Mən çəkdiyim əzabların hamısını danışsam başınızın tükü qabarar.
Qərəz, məni, Qurgeni və Sergeyi saldılar dar, havasız bir yerə. Xarabanın nə
pəncərəsi vardı, nə bacası. Bizi beş-altı kərə danışdırdılar. Silistçi mənə dedi: «A
çulu cırıq,
səni kim öyrətmişdi ki, Baqrat ağanın üzünə ağ olurdun. Dərzlərini
çöldən daşıyıb öz evinə aparırdın?» Dedim, kim öyrədəcək, yoxsulluq, aclıq…
Dedi: «Səni yoldan çıxaran bolşovoyların yerini de». Sənin canın üçün, Vahan
yoldaş, heç birinizin adını demədim. Silistçi gördü ki, yox, mən ağzından söz
qaçıran adam deyiləm, başımı, gözümü doladı yumruğa. O qədər döydü ki,
bir ay
yerimdən tərpənə bilmədim. Qabırğalarım indi də ağrıyır. Amma, qardaşlar… -
Saak sözünün dalını nədənsə deməyib susdu.
Suren soruşdu:
16
- De görək, Qurgenlə Sergey indi hardadırlar? Sən özün qazamatdan necə
qurtardın?
Saak köksünü ötürüb cavab verdi:
- İyirmi gün olar ki, Sergeydən xəbərim yoxdur. Onu məndən ayırdılar.
Gecənin bir yarısında Sergeyi çıxardıb aparanda mən ağladım. Elə bildim, yazığı
öldürməyə aparırlar. O, mənə ürək-dirək verdi. Dedi: «Ağlama, sağ qalsaq yenə
görüşərik. İşdir, sən məndən tez buraxılsan, gedərsən Gorusa, arvadıma deyərsən
ki, məndən nigaran olmasın, hələ sağam. O, külfətinin hansı küçədə yaşadığını,
adını mənə qabaqca demişdi. İndi
mən Sergeyin xətrinə, bu qarda-soyuqda durub
gəlmişəm. Sizi də burada görüb şad oldum. Qurgen barədə nə deyim?! Onu ayrı
yerə salmışdılar.
Göz yaşı axıtmayıb, ürəyində ağlayan Klavdiya ərinin taleyini və özünün
gələcəyini düşünürdü.
Suren Saakdan soruşdu:
- Qazamatdan sən özün nə təhər buraxıldın?
- Mən qoçaqlıq eləmişəm. Düzü, hiylə qurub qaçmışam.
Vahan gözünü Saakın tük basmış üzünə dikib soruşdu:
- Nə hiylə?
- Bəli, yoldaş Vahan. Gördüm ki, qazamatdan, daşnakların əlindən
qurtarmaq üçün hiylədən başqa çarə yoxdur. Bir gecə qapını bərk döydüm. Keşikçi
gəldi. Dedim, naçalniki çağır, ona vacib sözüm var.
Getmək istəmədi; yalvarıb
yaxardım, dedim, qazamatdan çıxanda sənə pul da verərəm. O, bir az yumşaldı. Elə
bu vaxt naçalnik özü gəldi. «Sənin nə ixtiyarın var dustaqla danışırsan?» deyib
keşikçini şallaqladı. Mənə də hədə-qorxu gəldi. Dedim, naçalnik, mən hər şeyi
demək istəyirəm. Naçalnik gülümsündü, ancaq bir söz deməyib getdi. İkinci gecə
məni bir əli tüfənglinin qabağına qatıb dedi: «Bunu apar silistçinin yanına». Mən
qabaqda, saldat da mənim dalımca gedirdik. Qaranlıq, adamsız, dar bir küçənin
başına çatanda, götürüldüm… Saldat: «Dayan! Dayan!» deyə dalımca iki-üç güllə
atdı. Mən tez döngəni buruldum, bir neçə dəfə yıxılıb qalxdım, axırı özümü saldım
bir həyətə. O yana, bu yana baxıb
heç kimi görmədim, o saat girdim su quyusuna.
Orda nə qədər qaldığımı bilmirəm. Qərəz, nə başınızı ağrıdım, quyudan çıxdım.
Tez özümü vurdum dağ-daşlara. Gündüzlər kahalarda, mağaralarda gizləndim,
gecələr yol getdim. Aclıq, yorğunluq məni taqətdən salmışdı… Qərəz, srağagün
gəlib çıxdım Əngələvidə. Mənim qaçmağım belə oldu. Tapsalar dərimə saman
təpəcəklər. İndi fikriniz nədir, biz nə eləyək?
Hara gedək ki, qorxusuz olsun?
- Saak əmi, kənddə olanda bizə getdinmi? Evimizdən bərk nigaranam…
- Düzü, Suren, macal tapa bilmədim. Salamat olarlar, nigaran qalma…
Vahan:
- Sən, Saak, öz evinə qayıt, - dedi. – Səninlə əlaqə saxlarıq. Ancaq elə elə ki,
ələ keçməyəsən.
- Bu saat durub gedirəm. Bəs siz? Burda qalacaqsınız, yoxsa bir yerə
gedəcəksiniz? Bir də mənə iş tapşırın. Axı, mən bolşovoyam…
Vahan onun sözünü kəsdi:
- Hələlik evinə get. İşimiz sonra olacaq. Biz də bu evdə qalacayıq. Getməyə
başqa yerimiz yoxdur.