- 16 -
elmi iki yerə bölmüşlər: müsəlman elmləri və Avropa elmləri. Buna görə də, onlar
camaatı xeyirli elmlərin mənimsənilməsindən çəkindirirlər. Onlar başa düşmürlər
ki, şərafətli elm heç bir millətin malı deyil, kim ona yiyələnsə, onundur…»
1
Şərq və Qərb düşüncə tərzlərini, qarşılıqlı maraqları üzvi surətdə birləşdirən
sintetik təfəkkür siyasət sahəsində, beynəlxalq münasibətlər sahəsində həqiqətən
yeni hadisədir...
Lakin daha geniş miqyasda götürdükdə, həyatımızın bütün sahələrini məhz
bu yeni təfəkkür işığında nəzərdən keçirmək istədikdə məlum olur ki, o heç də boş
yerdə yaranmamış, min illərdən bəri dərin kök atmış dialektik təfəkkürün bəhrəsi
kimi meydana gəlmişdir.
Bu gün qarşıda duran vəzifə idrak sahəsində müvəffəqiyyətlərin rəhni olan
dialektik təfəkkür tərzinin praktik tətbiqinə nail olmaqdan, fəaliyyət proqramını bu
təfəkkür əsasında qurmaqdan, dialektikanı “xalis zəka” sahəsindən “praktik zəka”
sahəsinə keçirməkdən ibarətdir.
Sintetik siyasi təfəkkür dialektik idrak metodunun dövlət siyasətinə tətbiqi
deməkdir. Miqyaslar arasındakı uçurumun aradan götürülməsi, tam ilə hissənin
əlaqələndirilməsi, fərdi problemlərin qlobal hadisələr kontekstində nəzərdən
keçirilməsi və əksinə, qlobal hadisələrin həllində hər bir adamın mənafeyinin
nəzərə alınması sintetik təfəkkürün mühüm tərkib hissəsidir.
Dialektik təfəkkürün əsasında hərtərəflilik prinsipi, sintetiklik dayanır.
Əksliklər müəyyən olunur, ancaq onlar mütləqləşdirilmir, vəhdətdə nəzərdən
keçirilir.
Bir fikir başqa fikirləri istisna etmir, əksinə, bir-birini qarşılıqlı surətdə
tamamlayır. Sintetik təfəkkür müxtəlif konseptual sistemlərin dialektik sintezi
olmaqla yanaşı, müxtəlif təfəkkür tərzlərini də özündə birləşdirir. O, Şərq və Qərb
təfəkkür tərzlərinin, milli şüarların bir-birini zənginləşdirməsini nəzərdə tutduğu
kimi, elmi və bədii təfəkkürün vəhdəti üçün də meydan açır.
Ya yalnız sosial-mənəvi həyatın anlayışlarla inikasından çıxış edərək bədii
ədəbiyyatdan, obrazlı təsvirdən imtina etmək, ya da yalnız bədii ədəbiyyat və
təxəyyül hüdudunda qalaraq real həyatın məntiqi inikasına biganə qalmaq – hər
ikisi birtərəfli və metafizik yaxınlaşmadır. Sintetik təfəkkür bunların vəhdətini
tələb edir.
İnsan, onun mənəvi yüksəlişi, fərdi mənəvi dünya ilə ictimai həyat arasında
qarşılıqlı əlaqə və ziddiyyət məsələləri əsrlər boyu yalnız fəlsəfənin deyil, həm də
bədii ədəbiyyatın, incəsənətin predmetinə daxil olmuşdur. Lakin fəlsəfənin
məğzini, əsas məsələsini təşkil edən bu problem bədii ədəbiyyatda bir növ dolayısı
ilə, daha doğrusu, təzahürlər vasitəsilə işıqlandırılmışdır.
1
Yenə orada, səh. 32.
- 17 -
Bəli, bədii ədəbiyyat İnsan–Dünya, İnsan–Təbiət, İnsan–Cəmiyyət prob-
lemlərini ən ümumi şəkildə qoymur. Lakin bununla belə bədii ədəbiyyat üçün mü-
əyyən ümumiləşdirmə (tipikləşdirmə) səciyyəvidir. Burada Aristotelin poeziya
haqqında məşhur fikrini xatırlamamaq mümkün deyil“. ...Poeziya tarixdən daha
fəlsəfi və daha ciddidir: poeziya daha çox ümumidən, tarix xüsusidən bəhs edir.”
1
Lakin bədii ədəbiyyat, poeziya nümunələri ümumilik dərəcəsinə görə
müxtəlifdir. Bədii əsər tarixdə olduğu kimi konkret bir hadisənin təfərrüatını,
spesifikasını, təkrarlanmazlığını, unikallığını də əks etdirə bilər. Daha doğrusu,
bədii əsər bunsuz mümkün deyil. Zira o, əslində yalnız təkcəni və ya yalnız ümu-
mini deyil, təkcə, xüsusi və ümuminin vəhdətini əks etdirir. Dəqiq ünvanlı təbiət
guşələrinin, konkret tarixi hadisələrin və ayrı-ayrı şəxsiyyətlərin bədii tərənnümünə
həsr olunmuş əsərlər çox vaxt məhz fərdilikdən, təkrarlanmazlıqdan,
özünəməxsusluqdan çıxış edir ki, bu da həmin əsərləri məhz tarixlə yaxınlaşdırır.
Məsələn, Homerin poemaları, “Dədə Qorqud”, “Manas” və s. bəlkə də bədii
nümunə olmaqdan daha çox tarixi informasiya mənbəyi kimi, həmin dövrün adət-
ənənələri, həyat tərzi, təfəkkür üslubu və dil xüsusiyyətləri haqqında heç bir tarix
kitabından ala bilməyəcəyimiz dərəcədə məlumat verən mədəni-mənəvi irs kimi
qiymətlidir. Beləliklə, bəzi eposlar, tarixi poema və romanlar ictimai həyatın
müəyyən bir dövrünü daha dolğun əks etdirməklə tarixi abidəyə çevrilir. Digər tə-
rəfdən, bədii formada yazılmış fəlsəfi əsərlər də bədii əsər kimi deyil, məhz fəlsəfi
baxımdan maraq doğurur. Məsələn, Lukretsi Karın “Şeylərin təbiəti haqqında”
poeması, Şeyx Mahmud Şəbüstərinin “Gülşəni-raz” məsnəvisi...
Ədəbiyyat adı altında elə müxtəlif əsərlər palitrası əhatə olunur ki, burada
ifrat konkretlik və təsvirçilikdən ifrat ümumiləşdirmə və mücərrədliyə qədər hər
cür əsər tapmaq mümkündür. Bəli, poeziya tarixə nisbətən ümumi, fəlsəfəyə
nisbətən xüsusidir. Bu iki qütb arasındakı geniş sahədə isə ümumilik dərəcəsinə
görə bir-birindən ciddi surətdə fərqlənən müxtəlif əsərlər yerləşir. Onların bir
qismi tarixə, digər qismi isə fəlsəfəyə yaxındır. İfrat hallar yuxarıda dediyimiz kimi
nəzmlə yazılmış tarix və nəzmlə yazılmış fəlsəfədir. Bunların heç biri əslində
poeziya deyil. Bunların heç biri elm də deyil. İstər elm, istərsə də bədii ədəbiyyat
və incəsənət tarixdən fəlsəfəyə, hadisələr dünyasından mahiyyətlər dünyasına
gedən yolun müxtəlif məntəqələridir. Daha doğrusu, söhbət eyni başlanğıcdan eyni
sonluğa, nəticəyə aparan iki müxtəlif yoldan gedir. Bu yolların birini məntiq, digərini
hiss şöləsi işıqlandırır, birində anlayışlar, digərində hissi obrazlar bələdçidir.
Bəzən bədii əsərlər sinkretik xarakter daşıyır və əsərin əsas qayəsinin, fəlsəfi
konsepsiyanın açılışına aparan bu iki yolun birindən o birinə müvəqqəti keçidlər
edilir. Məsələn, Nizaminin poemaları belə sinkretiklik baxımından səciyyəvidir.
1
Aristotel. Poetika, Bakı, 1974, səh. 63.
Dostları ilə paylaş: |