Yeyinti sənayesi sahələrindən biri də
biyan kökü emalı idi. Azərbaycanda
biyan kökünün emalı XIX əsrin ortalarına aiddir. 60-cı illərin əvvəllərində şamaxılı
Qədirov və Hacı Əbdürrəhman qardaşları Əlvənd kəndində xırda bir müəssisə
tikdirdilər. Lakin sonra texnologiyanın yaxşı bilinməməsi üzündən biyan kökünün
emalı dayandırıldı. 70-ci illərdə Yelizavetpolda ilk biyan kökü emalı zavodu tosis
edildi. Zavodun illik dövriyyəsi 20 min manatdan çox idi. Nəhayət, 1886-cı ildə
Ləkidə Qizi qardaşları və Xrussakinin iri bir zavodu inşa edildi. Zavodda ildə 0,5 mln
pud biyan kökü emal edilirdi. Zavodun illik dövriyyəsi 1887-ci ildə 100 min manat
olmuşdusa, 1899-cu ildə artım 2 dəfəyə yaxın idi.
1899-cu ildə ingilis təbəəsi A.Urkqardtın Ucarda, 1890-cı ildə onun
həmvətəni İ.Blissin Yelizavetpolda, 1893-cü ildə yenə onun Kürdəmirdə daha bir
zavodu tikilib başa çatdırıldı. Təkcə 1891-ci ildə 3 zavodda 3324 min pud biyan kökü
emal edilmişdi [73]. Alınan məhsul başlıca olaraq xaricə - İngiltərə və Amerikaya
göndərilirdi. 1890-1895-ci illərdə Batum və qismən Poti vasitəsilə xaricə 5,2 mln. pud
quru biyan kökü göndərilmişdi. Sonrakı dövrlərdə biyan kökü əsasən Azərbaycanda
emal edilir, xaricə isə şirəsi göndərilirdi.
Beləliklə, çarizmin milli - müstəmləkə və müstəmləkəçi iqtisadi
siyasətindən doğan maneələrə baxmayaraq, ölkənin sənaye həyatında kapitalist
münasibətlərinin inkişafı bir sıra sahələrdə artıq özünün yeni mərhələsinə qədəm
qoymuşdu.
§ 3. SƏNƏTKARLIQ
Şimali Azərbaycanın sosial-iqtisadi həyatında baş verən irəliləyiş ölkədə
sənətkarlığın ümumi vəziyyətinə də təsir göstərmişdi. Bu dövrdə əhalinin məişət və
təsərrüfat ehtiyacları hələ də sənaye məmulatı ilə tam təmin olunmadığından
Azərbaycanın sənət-ticarət mərkəzlərində (Şamaxı, Nuxa, Bakı, Yelizavetpol, Quba,
Şuşa, Naxçıvan və Ordubad) bir sıra kustar sənət və peşə növləri fəaliyyətdə idi.
Bununla belə, şəhər sənətkarlığının bir sıra sahələri nisbətən ucuz fabrik
məhsullarının rəqabəti üzündən tənəzzülə uğramışdı. Gəncə və Naxçıvanda bez
istehsalı tamamilə aradan çıxmış, Ordubadda xeyli ixtisara düşmüşdü. 1854-cü ildə
Ordubadda 112 nəfər bəzzaz işlədiyi halda, 1865-ci ildə onların sayı 16 nəfərə
enmişdi [74]. Eyni hal mahud istehsalında da müşahidə olunurdu. 1859-1865-ci
illərdə Şamaxıda 15-dən 19-a qədər mahud karxanası [75] işlədiyi halda, sonrakı
illərə aid mənbələrdə onların birinin də adı çəkilmir. Bunlardan fərqli olaraq tikmə
məmulatı istehsalı kənardan gətirmə fabrik məhsulları tərəfindən, ciddi rəqabətə
rast gəlmişdi. İstər daxili, istərsə də xarici bazarda bu məhsullara tələbat böyük idi.
Ona görə də XIX əsrin 11 yarısında Azərbaycanda tikmə sənəti çiçəklənmə dövrü
keçirirdi. Bu dövrdə Şəki ənənəvi təkəlduz sənətinin mərkəzi sayılırdı. Burada 20-
dən çox təkəlduz dükanı işləyirdi [76].
Şimali Azərbaycanın ənənəvi
şərbaflıq sənətində Şamaxı və onun ətraf
kəndləri görkəmli yer tuturdu. 60-cı illərin barama böhranı ilə əlaqədar burada şərbaf
karxanalarının sayı xeyli azalmışdı. Sənətkarlığın bir çox sahələri kimi, XIX əsrin
sonlarında ticarət kapitalı şərbaflığa da nüfuz etmiş, tezliklə xammal təchizi və
hazır məmulatın satışı işini öz inhisarına almışdı. İpək möhtəkirləri Nuxa, Göyçay və
Kürdəmirdən xam ipəyin pudunu 140-120 manata alıb, hər pudunu 8-9 manat
bahasına şərbaflara satırdılar [77]. Xammalı nisyə verdikdə, yaxud əvəzində hazır
məmulat aldıqda binəkdarın gəliri hər pudda 40 manata çatırdı [78]. XIX əsrin 90-cı
illərində Şamaxı şərbaf karxanalrının böyük əksəriyyəti ―möhtəkir fabrikantlar‖ üçün
işləyirdi [79].
Bu dövrdə şimali Azərbaycanda xalçaçılığın inkişafı xüsusilə diqqəti cəlb
edirdi. Xalça məmulatı istehsalı Quba, Bakı, Lənkəran, Şamaxı, Göyçay, Qazax,
Şuşa, Zəngəzur, Cəbrayıl, Yelizavetpol qəzalarında və Zaqatala dairəsində daha çox
tərəqqi etmişdi [80]. Daxili və beynəlxalq bazarda xalça məmulatına tələbatın
artması üzündən XIX əsrin ikinci yarısında xalçaçılıq ev peşəsindən bazara məhsul
hazırlayan əmtəə istehsalı səviyyəsinə yüksəlmişdi [81]
Quba qəzasında bir sıra kəndlərin əhalisi hamılıqla xalça və geyim
toxumaqla məşğul olurdu. Bütün Qafqazda ən yaxşı xalça məmulatı Quba
qəzasında istehsal olunurdu. XIX əsrin sonunda buradan ildə 300 min manatlıqdan
çox dəyəri olan 15 mindən artıq xalça məmulatı ixrac olunurdu [82]. Təkcə Quba
şəhərində 200 ailə xalça toxumaqla məşğul olurdu [83]. Burada xalça istehsalı kustar
sənət səviyyəsini aşmışdı [84]. Quba qəzasında bazara məhsul istehsalına çox erkən
keçilmişdi [85]. XIX əsrin sonunda varlı ailələr xalça istehsalında muzdlu qadın
əməyindən istifadə edirdilər [86].
Yun məmulatı istehsalı Şamaxı və Göyçay qəzalarında da geniş yayılmışdı.
Lakin təkcə şal toxuculuğu burada kustar sənət səviyyəsinə yüksəlmişdi.
Yun məmulatı istehsalının digər sahələri (şərbaflıq, keçəçilik) Ərəş, Nuxa,
Şuşa, Cavanşir, Cəbrayıl, Qazax, Yelizavetpol qəzalarında və Zaqatala dairəsində
əsasən ev peşəsi səciyyəsi daşıyırdı.
Bu dövrdə kustar gön-dəri məmulatına əhalinin ehtiyacı hələ də qalmaqda idi.
Dabbağlıq, kürkçülük, papaqçılıq kimi ənənəvi sənət sahələri hələ də tam gücü ilə
davam etməkdə idi. Gön-dəri istehsalında Şamaxı və Nuxa qəzaları xüsusilə
fərqlənirdi. 80-ci illərin əvvəllərində təkcə Şamaxı şəhərində 30 dabbağxana var idi
[87]. Nuxa qəzasında dabbağ dükançılarının sayı nəinki azalmamış, hətta bir qədər
artmışdı. 70-ci illərdə orta hesabla qəzada 21 dabbağxana olduğu halda, 90-cı illərdə
onların sayı 70-ə çatmışdı [88]. Bu dükanların hər birində orta hesabla 4-5 nəfər
dabbağ işləyirdi [89].
Şimali Azərbaycanda gön-dəri ehtiyatlarının bolluğu bir sıra sənət
sahələrinin (papaqçılıq, kürkçülük, çəkməçilik, pinəçilik, sərraclıq və s.) inkişafına
güclü təkan vermişdi.