AZƏRBAYCAN RESPUBLİKASI
İQTİSADİYYAT VƏ SƏNAYE NAZİRLİYİ
Dünya Neft-qaz maşınqayırması sənayesi haqqında
ARAYIŞ
Hazırladı:
Sənaye şöbəsinin Ağır sənaye və maşınqayırma sektorunun
aparıcı məsləhətçisi Əhməd Hüseynzadə
Bakı – 2015
2
MÜNDƏRİCAT
Giriş ............................................................................................................... 3
FƏSİL I. Dünyada neft-qaz maşınqayırması
1.1 Regionlar üzrə neft-qaz maşınqayırması sənayesi.................................... 5
1.2 Dünya neft-qaz maşınqayırması məhsulları bazarının xarakteristikası.. 10
FƏSİL II. Xəzər hövzəsi və Ön Asiya ölkələrində neft-qaz maşınqayırması
2.1 Rusiyanın neft-qaz maşınqayırması sənayesi .........................................14
2.2 Qazaxıstanın neft-qaz maşınqayırması sənayesi .................................... 17
FƏSİL III. Azərbaycanda neft-qaz maşınqayırması
3.1 Azərbaycan neft-qaz maşınqayırma sənayesi ........................................ 19
İstifadə olunmuş ədəbiyyat siyahısı........................................................... 28
3
Giriş
Maşınqayırma dünya emal sənayesinin aparıcı sahələrindən biri olmaqla əsası
200 il əvvəl İngiltərədə baş verən sənaye inqilabından sonra qoyulmuşdur. Bu sahə
elmi-texniki tərəqqinin inkişafını, ölkənin müdafiə qüdrətinin səviyyəsini, habelə digər
təsərrüfat sahələrinin inkişafını özündə əks etdirir. İnkişaf etmiş maşınqayırma sənayesi
ölkənin iqtisadi və hərbi qüdrətini, siyasi müstəqilliyini təmin edir. Maşınqayırma
sənayesi sənaye sahələri arasında istehsal olunan məhsulun dəyərinə və işçilərinin
sayına görə birinci yeri tutur.
Dünya emal sənayesinin strukturunda maşınqayırma sənayesi 40%, kimya
sənayesi 15%, yeyinti sənayesi 14%, yüngül sənaye sahələri 9%, metallurgiya 7% paya
malikdir. Bu sahələr arasında az-çox dəyişiklik olsa da nisbi sabitlik nəzərə çarpır.
Maşınqayırma sənayesində daha dinamik dəyişiklik mövcuddur. Maşınqayırma
sənayesinin tərkibində elektrotexnika və elektron sənayesi daha sürətlə artmaqdadır.
Ümumi emal sənayesi sahəsində bu sahənin xüsusi çəkisi 10%-ə bərabərdir. Ümumi
maşınqayırmada da dinamik artım xarakterikdir. Kənd təsərrüfatı maşınları, toxuculuq
sənayesi maşın və avadanlıqları azalır, yol-nəqliyyat maşınları, robotlar, idarə
avadanlıqlarının istehsalı artır. Həmin sahənin coğrafi strukturunda da dəyişikliklər baş
verir. Son dövrlərdə inkişaf etmiş ölkələrlə (İEÖ) inkişaf etməkdə olan ölkələrin (İEOÖ)
sənayedə payı ciddi dəyişikliyə uğramışdır. Cənub ölkələrində sənayenin sürətlə artması
sənaye sahəsində də onların xüsusi çəkisini artırmışdır. Belə ki, 1950-ci ildəki (Çin
istisna olmaqla) 4%-dən artaraq 1975-ci ildə 11%, 1995-ci ildə 19%-ə çatmışdır.
(Hazırda Çin də daxil olmaqla bu ölkələrin xüsusi çəkisi 35-40% təşkil edir.) Cənub
ölkələri sənaye istehsalının quruluşuna görə də Şimal ölkələrinə çatmaqdadır. Həmin
ölkələrin əsl gücü dağ-mədən sənayesinə görə deyil, emal sənayesinə görə müəyyən
edilir. 1950-2000-ci illərdə Şimal ölkələrində emal sənayesi 5 dəfə artdığı halda Cənub
ölkələrində emal sənayesi 16-17 dəfə artmışdır. 1990-cı illərdə İEOÖ yüngül sənaye
məhsulları istehsalına görə İEÖ-i ötüb keçmiş, hazırda isə ağır sənaye məhsulları
istehsalına görə həmin ölkələrə yaxınlaşırlar. Şimal ölkələri elmtutumlu məhsullar
istehsalına görə həddən artıq irəlidədirlər. 2000-ci ilin əvvəllərinə cəmi elmtutumlu
4
məhsul istehsalı 2,5 – 3 trln. dollar təşkil etmişdir. Böyük “yeddilər” həmin sahənin
80%-nə, bütün İEÖ isə 90%-nə nəzarət edirlər. ABŞ, Yaponiya, Almaniya və Böyük
Britaniyada sənayenin tərkibində elmtutumlu məhsullar 20-25%, ixracda isə 30-35%
təşkil edir. İEOÖ-də sənaye istehsalındakı üstünlüklər onların hamısında deyil Çin,
Hindistan, Braziliya, Meksika və yeni sənaye ölkələrinin hesabına əldə edilmişdir.
Maşınqayırma sənayesi kompleks kimi bir-biri ilə qarşılıqlı əlaqədə olan
energetika, elektrotexnika, radioelektronika, cihazqayırma, dəzgahqayırma, nəqliyyat,
kənd təsərrüfatı və s. maşınqayırma sahələrini özündə birləşdirir.
Maşınqayırma sənayesinin əsas tərkib hissələrindən biri də neft-qaz
maşınqayırmasıdır. Neft-qaz maşınqayırması sənayesi ölkə iqtisadiyyatında önəmli rol
oynayır ki, bu da öz növbəsində neft-mədən avadanlıqlarının dünya bazarına
çıxartmaqla ölkəyə valyuta axını təmin edir. Neft-mədən avadanlıqlarına nümunə olaraq
mancanaq dəzgahlarını, dərinlik nasoslarını, dəyişən cərəyanlı elektrik mühərriklərini,
güc transformatorlarını, fontan armaturlarını, qazma boruları üçün elevatorları,
tullantıya qarşı avadanlıqları, yuyucu aqreqatları, quyuların tədqiqi üçün avadanlıqları,
quyuların təmiri və mənimsənilməsi üçün aqreqatlar və qaldırıcıları, kalon başlıqları və
s. göstərmək olar.
Dünya neft-qaz maşınqayırması sənayesinin regionlarına Şimali Amerika,
Mərkəzi və Cənubi Amerika, Avropa, Afrika, Asiya/Sakit okean və Orta Şərq daxildir.
Xüsusilə neft-qaz maşınqayırması sənayesində fərqlənən ölkələrə ABŞ, Meksika,
Kanada, Rusiya, Çin, Hindistan, İndoneziya, Kamerun, Nigeriya, İran, Böyük Britaniya,
Norveç, Braziliya, Argentina və Venesuelanı qeyd etmək olar.
Dünya neft-qaz maşınqayırması sənayesində fəaliyyət göstərən əsas şirkətlərə isə
“Schlumberger”,
“Halliburton”,
“Saipem”,
“Transocean”,
“Baker
Huges”,
Weatherford”, “China Oilfield Services Ltd”, “Cameron International” və s. şirkətlər
daxildir.