FƏSİL 1. MALİYYƏ BAZARININ MAHİYYƏTİ VƏ BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ FORMALAŞMASININ NƏZƏRİ VƏ PRAKTİKİ MƏSƏLƏLƏRİ
Maliyyə bazarının mahiyyəti və rolu haqqında nəzəri baxışlar
Müasir bazar iqtisadiyyatı mürəkkəb sistem olub, özündə bir çox elementləri birləşdirir. Ev təsərrüfatları, firmalar, bu subyektlər arasında əlaqə yaradan resurs və məhsul bazarları, hökumət qurumları özünəməxsus funksiyalar yerinə yetirərək vahid iqtisadi sistemi əmələ gətirirlər. Bu iqtisadi sistemdə bəzi iqtisadi subyektlər sərbəst pul vəsaitlərinə malik olurlar, bəzilərinin isə əlavə pul vəsaitlərinə ehtiyacları yaranır. Belə ki, cəmiyyətin illik gəlirlərinin bir hissəsi (böyük hissəsi) istehlak xərclərinə, qalan hissəsi isə yığıma yönəldilir.
Adətən sərbəst pul vəsaitlərinə malik olanlarla bu vəsaitlərə ehtiyacı olanlar bir-birlərindən fərqlənirlər. Bu baxımdan, iqtisadiyyatda maliyyə aktivlərinin yaranması vətəndaşların, firmaların və hökumətin yığımının onların real akivlərə investisiya qoyuluşlarının həcmindən fərqlənməsi ilə əlaqədar olur. Belə şəraitdə iqtisadiyyatın normal inkişafı üçün fiziki və hüquqi şəxslərin müvəqəti sərbəst pul vəsaitlərinin kommersiya əsasında səfərbər edilməsi və onların iqtisadiyyatın müxtəlif sektorları arasında bölüşdürülməsi və yenidən bölüşdürülməsi tələb olunur. Bu baxımdan iqtisadi sistemin səmərəli inkişfının təmin edilməsində sərbəst pul vəsaitlə-rinə malik olanlarla belə vəsaitlərə ehtiyacı olanlar arasında əlaqə yaradan təkmil maliyyə bazarının mövcud olmasının mühüm əhəmiyyəti vardır.
Maliyyə bazarı sərbəst pul vəsaitlərinə malik olanlarla, pula ehtiyacı olanlar arasında maliyyə alətləri vasitəsilə və maliyyə qurumlarının iştirakı ilə əlaqə yaradan mexanizmdir. Onun təyinatı - yığımın son istehlakçılar arasında bölüşdürülməsindən ibarətdir. Yəni bir sahədə maliyyə vəsaitlərinin artıqlığı, digər sahədə çatışmazlığı varsa, vəsaitin bir sahədən (subyektdən) başqa sahəyə axını baş verir. Bu axın maliyyə vasitəçiliyi və maliyyə bazarı vasitəsilə həyata keçirilir. Qeyd etmək lazımdır ki, əhalidə, müəssisə və təşkilatların kassasında, həmçinin bank hesablarında olan əmtəə və xidmətlərin alqı-satqı əqdlərinə xidmət edən, kapital kimi istifadə edilməyən pul vəsaitləri maliyyə kapitalına aid edilmir.
Maliyyə bazarlarının mahiyyətinə qlobal miqyasda yanaşsaq, qeyd etməliyik ki, maliyyə institutları regionlar, ölkələr və dünya miqyasında pul vəsaitlərini səfərbərliyə alıb toplayaraq, onu ssuda (borc) kapitalına çevirir. Bu isə kredit (investisiya) mexanizmi vasitəsilə regionlar, ölkələr arasında bölüşdürülür, bununla da böyük ərazi miqyasında mənfəət normalarının bərabərləşməsinə və dünya iqtisadiyyatının inkişaf tsiklinin sinxronlaşmasına şərait yaradır.
Əgər təsərrüfat subyektləri özləri maliyyə vəsaitlərini qənaət edərək investisiya qoyuluşları həyata keçirsəydi, onda iqtisadi inkişafı maliyyə bazarları olmadan da təmin etmək mümkün olardı. Lakin təsərrüfat subyektlərinin investisiya qoyuluşları ilə onların yığımları (qənaətləri) arasında fərq nə qədər böyükdürsə, ölkədə yaranan yığım vəsaitlərinin son istehlakçılar arasında bölüşdürülməsi üçün səmərəli maliyyə bazarlarının mövcudluğuna bir o qədər çox zərurət yaranır. Səmərəli maliyyə bazarlarının mövcudluğu sərbəst kapitalın müvafiq həcminin və dövlətin iqtisadi artımının təmin olunması üçün mütləq şəkildə zəruridir. Təsərrüfat subyektlərinin qənaət etdikləri qədər investisiya qoyuluşları həyata keçirməsi, onların bir çox investisiya layihələrindən imtina etməsinə səbəb olar. Bu baxımdan, maliyyə bazarının inkişafı böyük məbləğdə maliyyə vəsitlərinin səfərbər edilməsi əsasında iri investisiya layihələrinin həyata keçirilməsinə imkan verir.
Bazar münasibətlərinə əsaslanan iqtisadi sistemdə maliyyə bazarları makroiqtisadi tarazlığın təmin edilməsinin, xüsusilə maliyyə sabitliyinə nail olunmasının mühüm alətidir. Ölkədə səmərəli maliyyə bazarının formalaşması dünya əmtəə və maliyyə bazarları tərəfindən yaranan mənfi təsirlərin zəiflədilməsinin əsas şərtlərindən biridir.
Ölkənin iqtisadi sistemində maliyyə strukturlarının yaranması təsərrüfat subyektlərinin borc öhdəlikləri cəlb edərkən informasiyanın əldə edilməsi və sövdələşmələrin həyata keçirilməsi üçün sərf etdikləri məsrəflərlə əlaqədar olur. Maliyyə strukturları investisiya layihələrini, menecerlərin ixtisas səviyəsini, emitentlərin iqtisadi vəziyyətini tədqiq edərək və riskin azaldılması və sövdələşmələrin asanlaşdırılması üçün tədbirlər görərək xərc çəkir. Belə xərclərin həcmi borc götürənlərin müstəqil şəkildə maliyyə vəsaitlərini əldə etdikləri zaman sərf etdikləri xərclərə nisbətən çox olarsa, onda maliyyə strukturlarına da tələbat qalmır. Əksinə olduqda isə, yəni maliyyə strukturlarının mövcudluğu sərbəst pul vəsaitlərinin yerləşdirilməsi və borc vəsaitlərinin əldə edilməsi ilə əlaqədar çəkilən xərcləri (onların sərbəst əldə olunmasına nisbətən) aşağı salırsa, onda maliyyə strukturlarının yaranması üçün zəmin yaranır. Beləliklə, maliyyə bazarları və qurumlarının yaranması sərbəst pul vəsaitlərinin kommersiya əsasında yerləşdirilməsi zamanı ayrı-ayrı subyektlər haqqında informasiyanın əldə olunması və sövdələşmələrin bağlanması ilə əlaqədar yaranan xərclərin minimumlaşdırılması ilə əlaqədar olur. İnformasiyanın toplanması və əməliyyat xərclərinin müxtəlif olması maliyyə kontraktlarını, bazarlarını və qurumlarını bir-birindən fərqləndirir. Əməliyyat və informasiya xərclərinin səmərəliliyini artırmaq məqsədilə yaranan maliyyə sistemlərinin ilkin funksiyası dəyişkən mühitdə müəyyən zaman və məkan daxilində resursların bölgüsünün asanlaşdırılması ilə əlaqədardır.
Beləliklə, maliyyə bazarı öz tərkibi etibarı ilə pul bazarına və kapital bazarına bölünür. Pul bazarı qısamüddətli kredit əməliyyatlarını əhatə edir və tərkibinə uçot, banklararası və valyuta bazarları daxildir. Uçot bazarının əsas alətlərinə xəzinə və kommersiya vekselləri, yüksək likvidli və mobilliyə malik qısamüddətli öhdəliklərin digər növləri aiddir. Banklararası bazarda kredit təşkilatlarının müvəqqəti sərbəst olan pul vəsaitləri bankların özləri tərfindən cəlb edilərək onların arasında əsasən qısamüddətli banklararası depozit formasında yerləşdirilir. Banklararası kredit bazarı hər bir ölkənin maliyyə bazarında ən önəmli yerə malikdir. Dövlətin mühüm makroiqtisadi tənzimləmə orqanı olan Mərkəzi Bank (Milli Bank) bu bazar vasitəsilə iqtisadi vəzifələrinin bir hissəsini həyata keçirir. Banklararası kredit bazarı qısamüddətli likvid artığı olan bankın digər banka borc verərək gəlir əldə etməsini, borc alan bankın isə qısa müddətli likvid ehtiyacını uzunmüddətli aktivlərindən istifadə etmədən ödənməsini təmin edir.
Kapital bazarına isə orta və uzunmüddətli kreditlər və həmçinin səhmlər və istiqrazlar bazarı daxildir. Kapital bazarı hökumət və kommersiya təşkilatları üçün uzunmüddətli investisiya resurslarının əsas mənbələrindəndir. Əgər pul bazarı əsasən qısamüddətli tələbatları ödəmək üçün yüksək likvidli vəsaitləri əhatə edirsə, kapital bazarı maliyyə resurslarına olan uzunmüddətli təlabatı təmin edir.
Maliyyə bazarının mühüm seqmentlərindən biri də qiymətli kağızlar bazarıdır. Qeyd etmək lazımdır ki, qiymətli kağızlardan həm kapital bazarında, həm də pul bazarında istifadə edilir. Bu baxımdan, funksional-institutsional əlamətə görə maliyyə bazarları kredit sistemi, valyuta bazarı və qiymətli kağızlar bazarından ibarət olur. Qiymətli kağızlar bazarı ilkin və təkrar bazarlardan ibarətdir. İlkin bazar qiymətli kağızların emisiyası zamanı yaranır və burada maliyyə resursları səfərbər edilir. İlkin bazarda qiymətli kağızların yerləşdirilməsi iki yolla – investorlara birbaşa müraciət və vasitəçilik yolu ilə həyata keçirilir. İnkişaf etmiş ölkələrdə qiymətli kağızların yerləşdirilməsi əsas etibarilə investisiya bankları tərəfindən təmin edilir. İnvestisiya banklarının bu fəaliyyəti anderraytinq xidməti adlanır. Anderraytinq bütün emissiya olunan qiymətli kağızların yerləşdirilməsi üzrə maliyyə məsuliyyətinin öz üzərinə götürülməsi deməkdir.
Ölkəmizin iqtisadiyyatına yönəldilən investisiyaların təhlili göstərir ki, 1995-ci ildən etibarən o, ardıcıl şəkildə artan xətt üzrə getmiş və 2013-cü ildə həcmi 22,0 mlrd. manatdan artıq olmuşdur (cədvəl 1).
Özəlləşdirilmənin aparılması və sahibkarlığın inkişafına qayğı göstərilməsi, müştərək müəssisələrin yaradılması və xüsusən də beynelxalq neft müqavilələrinin bağlanması xarici investorların ölkəmizin iqtisadiyyatına investisiya yönəltmək marağını artırmışdır. Nəticədə 2000–2012 - ci illər ərzində Azərbaycanın iqtisadiyyatına yönəldilmiş investisiyaların ümumi həcmində xarici investisiyaların məbləği 58,3 milyard manat və ya 65,2 faiz təşkil etmişdir. Ölkə iqtisadiyyatın inkişafına yönəldilmiş daxili investisiyaların həcmi də xeyli artaraq 2000-ci ildə olan 460,3 milyon manatdan 2012– ci ildə 12148,0 milyon manata çatmışdır.
Cədvəl 1
Azərbaycan iqtisadiyyatına yönəldilən
investisiyaların artım dinamikası
|
İllər
|
2000
|
2005
|
2010
|
2011
|
2012
|
2013
|
İnvestisiya qoyuluşu bütün mənbələr üzrə, mlyn.manat
Ondan:
Xarici investisiyalar,
mlyn.manat
faizlə
Daxili investisiyalar,
mlyn.manat
faizlə
|
1289,8
829,5
64,3
460,3
35,7
|
6733,4
4628,5
68,7
2104,9
31,3
|
14118,9
6619,7
46,9
7499,2
53,1
|
17048,8
6849,8
40,3
10199,0
59,7
|
20250,7
8102,7
40,0
12148,0
60,0
|
21974,2
8269,3
37,6
13704,9
62,4
|
Mənbə: Azərbaycanın statistik göstəriciləri 2014, Bakı, “Səda” 2014, səh. 403
Qeyd etmək lazımdır ki, dövlətin yeritdiyi aktiv investisiya siyasəti nəticəsində maliyyə mənbələri üzrə kapital qoyuluşunun quruluşunda da əsaslı dəyişikliklər olmuşdur. Göstərilən müddətdə görünən əsas cəhət əvvəllər xarici investisiyaların xüsusi çəkisinin yüksək olmasıdır. Başqa mənbələrin payı isə o qədər də yüksək deyil. Bu, investisiya qoymaq sahəsində ölkə büdcəsinin imkanlarının məhdud olduğunu göstərir. Ancaq son illərdə iqtisadiyyatın yüksək inkişafı ilə bağlı olaraq mərkəzləşdirilmiş kapital qoyuluşunda xeyli artım baş vermişdir. Əgər 2000-ci il dövlət büdcəsinin xərclərinin 89,4 mln manatı və ya 11,7 faizi, 2005-ci ildə isə müvafiq olaraq 444,7 milyon manatı və ya 20,8 faizi əsaslı vəsait qoyuluşuna ayrılmışdısa, 2010-cu ildə 3255,3 milyon manatı və ya 32,9 faizi bu məqsədə yönəldilmişdir.
Cədvəl 2
Azərbaycan iqtisadiyyatına yönəldilən xarici
investisiyaların strukturu (mlyn. ABŞ dolları)
Göstəricilər
|
İllər
|
2000
|
2005
|
2010
|
2011
|
2012
|
2013
|
Cəmi xarici investisiya
Ondan:
|
927,0
|
4893,2
|
8247,8
|
8673,9
|
10314,0
|
10540,9
|
Maliyyə kreditləri
|
262,9
|
698,4
|
3405,9
|
3692,5
|
3135,5
|
2655,8
|
Neft sənayesinə
|
546,1
|
3799,9
|
2955,3
|
3407,8
|
4287,8
|
4935,2
|
Birgə müəssisələr və xarici firmalar
|
118,0
|
230,5
|
659,6
|
886,0
|
1094,5
|
1041,0
|
Mənbə: Azərbaycanın statistik göstəriciləri 2014, Bakı, “Səda”, 2014, səh. 404
Müəssisələrin, təşkilatların xüsusi vəsaitləri hesabına kapital qoyuluşunun xüsusi çəkisi azalsa da son illərdə bu azalma bir qədər zəifləmiş, hətta müəyyən artım müşahidə olunmuşdur. Ölkəmizdə bazar münasibətlərinin kifayət qədər inkişaf etməməsi, dövlətin iqtisadi tənzimləmədə zəif rol oynaması müstəqilliyin ilk illərində daxili bazarda fəaliyyət göstərən müəssisə və sahibkarlıq subyektlərinin daha da inkişaf etməsinə böyük çətinlik yaradırdı.
İlkin bazarda artıq yerləşdirilmiş qiymətli kağızlar təkrar bazarda alqı- satqı obyektinə çevrilir. Təkrar bazarda bu resurslar bir və ya bir neçə dəfə yenidən bölüşdürülür. Təkrar bazar birjadankənar bazara və fond birjalarına bölünür. Birjadankənar bazarda fond birjasına daxil olmayan şirkətlərin qiymətli kağızları satılır. Fond birjasının - fəaliyyət predmetini qiymətli kağızların normal tədavülü üçün zəruri şəraitin yaradılması, onların bazar qiymətlərinin müəyyən edilməsi (maliyyə alətlərinə olan tələb və təklif arasında tarazlığı göstərən qiymət), həmçinin onlar haqqında lazımi informasiyanın verilməsi, qiymətli kağızlar bazarı iştirakçılarının yüksək peşəkarlıq səviyyəsi nümayiş etdirmək üçün şərait yaradılması olan təşkilatdır (35, maddə 26).
Fond birjası qiymətli kağızlar bazarında ticarətin təşkilatçısı olur. Səmərəli
təkrar bazarın mövcudluğu şəraitində maliyyə alətlərinin likvidliyi təmin olunur, yəni əgər alıcı gələcəkdə aldığı qiymətli kağızı satmaq istəyirsə, onun bunu etməyə imkanı olur. Bütövlükdə, inkişaf etmiş təkrar bazarın olması pul vəsaitlərinin onların sahiblərindən son istifadəçilərə hərəkət etdiyi ilkin bazarı möhkəmləndirir.
Maliyyə bazarları pul vəsaitlərinin yığım sahiblərindən borc alanlara axının baş verdiyi çoxlu sayda müxtəlif kanallardan ibarətdir. Bu kanallar iki əsas qrupa bölünür. Birinci qrupa birbaşa maliyyələşmə kanalları, yəni belə kanallar vasitəsilə vəsaitlər yığım sahiblərindən borcalanlara birbaşa hərəkət edir. Maliyyə bazarlarının ikinci qrup kanalları dolayı maliyyələşmə kanallarıdır. Dolayı maliyyələşmə zamanı pul vəsaitləri ev təsərrüfatlarından firmalar istiqamətində xüsusi institutlar (qurumlar) vasitəsilə hərəkət edir.
Q eyd edilənləri nəzərə alaraq maliyyə sistemində pul vəsaitlərinin axınını aşağıdakı şəkildəki kimi göstərmək olar.
Şəkil 1. Maliyyə sistemində pul vəsaitlərinin axını
Müasir maliyyə bazarlarında maliyyə vasitəçiləri xüsusi rol oynayır. Maliyyə bazarında maliyyə vasitəçiləri ayrı-ayrı subyektlərin sərbəst pul vəsaitlərini səfərbər edərək, onları borcalanlara yönəldir. Lakin maliyyə vasitəçilərinin iqtisadiyyatda rolu təkcə bununla məhdudlaşmır, onlar ayrı-ayrılıqda mövcud olan kiçik həcmli pul yığımlarını səfərbər edərək iri həcmli layihələrə cəlb edir və müxtəlif sahələrin aktivlərini portfellərinə daxil edərək riskləri diversifikasiya etməklə ümumi maliyyə risklərini aşağı salmış olurlar. Maliyyə vasitəçilərinin funksiyalarından biri də onların peşəkarlığı ilə bağlıdır. Maliyyə bazarında peşəkar fəaliyyət onlara iqtisadiyyatın müxtəlif sahələri haqqında geniş və hərtərəfli informasiya əldə etməyə imkan verir. Bu baxımdan maliyyə vasitəçiləri həm də məsləhətçi qurumlar kimi fəaliyyət göstərirlər. Beləliklə, maliyyə vasitəçilərinin inkişafı maliyyə əməliyyatlarının səmərəliliyinin yüksəldilməsinə səbəb olur ki, bu da aşağıdakı yollarla baş verir:
1. Miqyasdan qənaət hesabına;
2. Sövdələşmə xərclərinin aşağı salınmasında böyük təcrübə və biliyin olması.
Maliyyə vasitəçilərinin bir qrupu birbaşa maliyyələşmə kanallarında, digər bir qrupu isə dolayı maliyyələşmə kanallarında vasitəçilik edirlər. Birbaşa maliyyə qurumları sərbəst pul vəsaitələrinin mənbələri və istifadəsi, kreditqabiliyyətli potensial borcalanlar haqqında informasiyanın toplanma-sı və verilməsi, qiymətli kağız emitentləri və borc alanlar, alıcı və borc verənlər arasında vasitəçilik xidmətləri göstərirlər. Birbaşa maliyyələşmə kanallarının iştirakçılarına kapital bazarında vasitəçilik edən qurumlar - broker və dilerlər aiddir. Onlar vəsait cəlb etmək istəyən strukturların emis-siya etdikləri maliyyə alətlərini alır və yerləşdirilməsinə vasitəçilik edirlər.
İnvestisiya bankları birbaşa maliyyələşmə kanallarıda mühüm rol oynayır. Belə ki, firmalar çoxlu sayda investorlara satışı nəzərdə tutan qiymətli kağızlar buraxılışını həyata keçirərkən adətən investisiya banklarının xidmətlərindən istifadə edirlər. Bu bankların əsas funksiyası qiymətli kağızın bütün buraxılışını almaq və onları sonradan investorlara satmaqdan ibarətdir. Firmaların investisiya banklarının xidmətlərindən istifadə etmələri onların bu sahədə təcrübələrinin az olması ilə əlaqədardır. Çünki firmaların əksəriyyəti açıq fond bazarına çox az-az hallarda çıxırlar. Digər tərəfdən, investisiya bankları bu sahədə ixtisaslı mütəxəssislərə, zəruri əlaqələrə, böyük təcrübəyə və s. malik olur.
Maliyyə bazarının dolayı maliyyələşmə kanalında iştirak edən maliyyə vasitəçiləri özlərinin maliyyə alətlərini sataraq pul vəsaitləri əldə edir və onları istifadəçilərə təqdim edir. Bu qrupa daxil olan vasitəçilərə maliyyə bazarının institutsional strukturları olan banklar, sığorta təşkilatları, pensiya fondları, kredit ittifaqları, investisiya fondları və s. aiddir. Maliyyə institutları maliyyə öhdəlikləri buraxaraq onları əmlak kimi pula satır və bu yolla əldə etdiyi vəsaitlərə digər şirkətlərin aktivlərini əldə edir.
Maliyyə sistemi daxilində əsas rola malik qurumlar banklardır. Bazar münasibətlərinə əsaslanan ölkələrdə bank sistemi ikipilləli - Milli Bank və kommersiya bankları sistemindən ibarət olur. Banklar həm fiziki, həm də hüquqi şəxslərdən onların sərbəst vəsaitlərinin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, həmçinin müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını həyata keçirən kredit təşkilatdır.
Kommersiya banklarının fəaliyyətində əmanət və depozitlərin cəlb edərək onların borcalanlara borc kimi verilməsi mühüm yer tutur. Banklar iqtisadiyyatda pul vəsaitlərini səfərbər edərək onları son istifadəçilərə borc verməklə dolayı maliyyələşməni həyata keçirirlər.
Bankların maliyyə vasitəçiliyi olmadan pul vəsaitlərinin həm yerləşdirilməsi, həm də cəlb edilməsi əlavə məsrəflərə nisbətən yüksək risk səviyyəsinə gətirib çıxarardı. Kommersiya bankları bütün ölkələrdə iqtisadiyyatın maliyyələşməsində əsas rol oynayırlar. Banklar fiziki şəxslərdən, firmalardan, dövlət orqanlarından tələbedilənədək və müddətli hesablarda pul vəsaitlərini qəbul edir və onları borcalanlara kredit kimi verir və ya müxtəlif iqtisadi subyektlərin qiymətli kağızlarına yerləşdirilməsində, investisiyaların həyata keçirilməsində iştirak edirlər.
Bank sektorunun maliyyə baxımından səmərəliliyi onların vasitəçilik fəaliyyətində sərf etdikləri xərclərin həcmi və əldə etdikləri xalis qazancla müəyyən edilir. Cəlb edilmiş depozit və əmanətlərə ödənilən faiz dərəcələri ilə verilmiş kreditlərə görə alının faiz dərəcələri arasındakı fərq nə qədər kiçikdirsə, bank fəaliyyətinin maliyyə baxımından səmərəliliyi bir o qədər yüksək hesab edilir. Buna isə bank işində avtomatlaşdırmanın yüksək səviyyədə tətbiqi, heyətin optimal sayı və peşəkarlıq səviyyəsi, ölkədə maliyyə riskinin aşağı olması və s. amillər təsir göstərir.
Maliyyə vasitəçilərinin bir qrupu da investisiya yönümlü qurumlardır. Bu qrup maliyyə vasitəçilərinə maliyyə şirkətləri, investisiya fondları və investisiya bankları aiddir. Maliyyə şirkətləri istehlak ehtiyacları üçün malların kreditə satışı zamanı ssudalar təqdim edir. Həmin ssudalara kommersiya firmaları tərəfindən təminat verilir. Bu şirkətlər bir tərəfdən səhmlər buraxmaqla və kommersiya banklarından kredit almaqla vəsaitləri səfərbər edir, digər tərəfindən onları ssuda verirlər. Maliyyə şirkətləri kiçik və böyüməkdə olan firmaların inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
İnvestisiya yönümlü maliyyə vasitəçilərindən biri də investisiya fondlarıdır. İnvestisiya fondları özlərinin səhmlərini buraxaraq topladığı pul vəsaitlərini digər qurumların qiymətli kağızlarına investisiya edir və onların səhmdarları istənilən hüquqi və fiziki şəxslər ola bilər. Belə fondlar açıq və qapalı investisiya fondu şəkilində yaradılır.
Dostları ilə paylaş: |