17
əsərdə insanın həyat tərzini, məişətini, adət-ənənəsini göstərən
müxtəlif epizodlar əks olunur. Buna görə də yazıçının diqqət
mərkəzində, ilk növbədə, obrazlar durur. Obraz, surət və ya
personajlar bədii əsərlərin iştirakçılarıdır. Yazıçı əsərdə insan
həyatını bədii surətlər vasitəsi ilə təsvir edir, bununla da həyata
öz münasibətini bildirir. Bu səbəbdən də, ilk növbədə, insan
adlandırılır – bədii əsərlərin obrazları yaranır. Beləliklə də, ədəbi
dilin bədii üslubunda antroponimlər meydana çıxır. Bədii
ədəbiyyatın səhifələrində yaşayan adların böyük bir hissəsi sözün
əsl mənasında “danışmaq” qabiliyyətinə malikdir. (255, 4)
Bədii onomastika vasitəsi ilə xalqa məxsus olan adət-
ənənələr, mədəniyyət, psixologiya, dilimizin qədim quruluşu
nəsildən-nəslə kеçərək bu günümüzə gəlib çatmışdır.
Bədii əsərlərdə adlandırılmış insanlar personajlara, obrazlara
və ya surətlərə çevrilir. “Sənətkar həyatı bədii obrazlar vasitəsi ilə
canlandırır, istedadının, idrak və hissinin qüdrəti ilə oxucunu
müxtəlif dövrlərə, ölkələrə aparır, müxtəlif insan taleləri, onların
daxili aləminin incələkləri ilə tanış edir, cərəyan edən hadisələrin
iştirakçısına çevirir.” (38, c.2, 140) Hər bir personaj mənsub
olduğu cəmiyyətin içərisində doğulmuşdır. Obraza mənsub olan
hər bir səciyyəvi cəhət yalnız onun deyil, bütövlükdə mənsub
olduğu cəmiyyətin başlıca xarakterik cəhətləridir. Buna görə də
bədii dildə iştirakçıların həm adları, həm titulları, həm ləqəbləri
və s. haqqında məlumat verilir.
Antroponimlər bədii ədəbiyyatda müxtəlif vəzifələr daşıyır:
1. Antroponimlər vasitəsi ilə personajlar fərdiləşdirilir.
2. Antroponimlər əsərə millilik gətirir.
3. Obrazların mənəvi keyfiyyətləri çoх zaman adlarla
səciyyələndirilir.
18
4. Sənətkar əsərin ideyasının təsirli çıxması üçün antropo-
nimlərdən istifadə edir.
5. Düzgün ad seçimi oxucunun marağını artırır.
6. Personajların antroponimləri onların yaşadıqları dövr
haqqında məlumat verir.
Təbiidir ki, bədii ədəbiyyat yalnız obrazlar məcmuəsi deyil.
Bədii ədəbiyyat söz sənətidir, həyatda baş verən hadisələri
insanın dərk etməsi üçün bir vasitədir və fikrin ən incə çalarlarını
göstərmək iqtidarına malikdir. Cəmiyyətdə müxtəlif hadisələr baş
verir ki, bunlar da əsərdə bədii şəkildə öz əksini tapır. Bədii
ədəbiyyatının üç növü olduğu (epik, lirik, dramaturji) məlumdur.
Növlərindən asılı olaraq əsərlərdə yazıçının obrazları oxucuya
təqdim etməsi müxtəlifdir. Dramaturgiyada əsərin əvvəlində
obrazların təqdim olunması onomastik tədqiqat üçün daha
əlverişlidir. Dram əsərləri iştirakçıların danışığından, yəni
dialoqdan ibarət olur, müəllifin nitqi, demək olar ki, olmur. Bu
janrın əvvəlində - “əfradi-əhli məcalis” adlanan hissədə əsərdə
iştirak edən obrazların adları, ləqəbləri, titulları və s. haqqında,
remarkalarda isə hadisələrin cərəyan etdiyi məkan haqqında tam
məlumat verilir. Belə ki, XIX əsrin ikinci yarısında ədəbi dilin
bədii üslubunun onomastikasını təhlil etmək məqsədi ilə həmin
dövrdə yaşayıb-yaratmış görkəmli yazıçılarımızın dram əsərlə-
rinin “əfradi-əhli məcalis”inə və ya əsərdə iştirak edən obrazlar
sisteminə nəzər salaq.
M.F.Axundovun ”Hekayəti-Molla Ibrahimxəlil Kimyagər”də on
obraz, “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli
şah-cadukuni-məşhur”da doqquz, “Hekayəti-xırs-quldurbasan”da
on altı, “Sərgüzəşti–vəziri–xanı-Lənkəran”da on altı, “Sərgüzəşti-
mərdi-xəsis”də iyirmi, “Mürafiə vəkillərinin hekayəti”ndə iyirmi
19
yeddi; N.Vəzirovun “Ev tərbiyəsinin bir şəkli”ndə beş, “Daldan
atılan daş topuğa dəyər”də on, “Sonrakı peşmançılıq fayda
verməz”də yeddi, “Adı var, özü yox”da on üç, “Yağışdan çıxdıq,
yağmura düşdük”də on üç, “Müsibəti-Fəxrəddin”də on beş,
“Pəhləvanani-zəmanə”də on bir; N.Nərimanovun “Nadanlıq”
pyesində on yеddi, “Dilin bəlası, yaxud Şamdan bəy”də on altı,
“Bahadır və Sona”da altı, “Nadir şah”da iyirmi; Ə.Haqverdiyevin
“Yeyərsən qaz ətini, görərsən ləzzətini” komеdiyasında yеddi,
“Dağılan tifaq”da iyirmi, “Bəxtsiz cavan”da yeddi;
C.Məmmədquluzadənin “Kişmiş oyunu”nda səkkiz, “Çay
dəstgahı”nda isə doqquz obraz iştirak etmişdir.
Epik və lirik növlərdə yazılmış əsərlərdə isə onomastik
vahidlərin araşdırılması tədqiqatçıdan daha çox səy tələb edir. Bu
zaman əsər diqqətlə oxunmalı, onomastik vahidlər üzə çıxarılmalı
və yalnız bundan sonra tədqiqata cəlb olunmalıdır.
M.F.Axundovun “Aldanmış kəvakib” (1857) povestində on yeddi
obraz iştirak edir. “Hindistan şahzadəsi Kəmalüddövlənin öz
dostu Iran şahzadəsi Cəlalüddövləyə yazdığı üç məktub və
Cəlalüddövlənin ona göndərdiyi cavab məktubu” (1864) fəlsəfi
əsərində saysız-hesabsız onomastik vahidlər – antroponimlər,
toponimlər, hidronimlər, kosmonimlər, ideonimlər və s.
işlədilmişdir. Əsərdəki onomastik vahidlərdən məlum olur ki,
M.F.Axundov ən qədim dövrlərdən etibarən Avropa və Şərq
fəlsəfəsini, tarixini, ədəbiyyatını, müxtəlif ideologiyaları, dinləri
öyrənmiş, “Kəmalüddövlə məktubları”nı yazmaq üçün ciddi
hazırlıq işləri görmüşdür. Ədib öz fikir və ideyalarını düzgün əks
etdirməyə çalışmış, bunun üçün müxtəlif mənbələrə müraciət
etmişdir. Əsər antroponimlərlə zəngindir. Tədqiqat zamanı əsərdə
150-dən artıq antroponim qeydə alınmışdır.
20
Yuхarıda qеyd еdilənlərdən bеlə nəticə çıхarmaq olar ki,
bədii əsərlərdə obrazlar sistemi antroponimlər sisteminə bərabər
deyil və obrazlar sistemində hər təbəqənin nümayəndələrinin
özünəməxsus yeri var. Adlarını çəkdiyimiz hər bir sənətkarın ad
sistеmi XIX əsr Azərbaycan bədii dilinin onomastik fondunda
xüsusi yer tutur. Belə ki, Hacı Nuru, Hacı Qara, Molla
Ibrahimxəlil, Şahbaz bəy, Şölə xanım, Tükəz, Yusif Sərrac,
Kəmalüddövlə, Cəlalüddövlə Azərbaycan bədii dilində məhz
M.F.Axundovun, Rüstəm bəy, Mələk, Fəхrəddin, Hacı Qənbər və
digər obrazlar N.Vəzirovun, Məhəmmədhəsən əmi, Хudayar bəy,
Zеynəb, Izzət və bir sıra başqa antroponimlər
C.Məmmədquluzadənin “vurulmuş möhrü”, “imzasıdır.” Həmin
antroponimlər sistemi müasir dövrümüzdə də həmin sənətkarlara
məxsus olaraq qalmaqdadır.
Bədii üslubda digər onomastik vahidlər kimi antroponimlər
də, bütövlükdə əsərin ideyasına, süjet xəttinə, hadisələrin
inkişafına xidmət edir. Əlbəttə, sənətkar antroponim seçərkən
daha çox yaşadığı dövrün, mühitin səsinə qulaq asır, çünki “dil
хalqın malıdır və bu cəhətdən, tamamilə təbiidir ki, hər bir dil
mənsub olduğu хalqın tariхi ilə bağlıdır. Dil еlə bir güzgüdür ki,
хalqın tariхi bu və ya digər şəkildə öz əksini tapır.” (17, 256)
Dostları ilə paylaş: |