Bəhram Sürgün danışıb ağladı, dedi ki: “Bunlar günahsızdırlar. Bu adamlar şairdirlər,
gəzib-dolaşıblar, heç bir siyasi şeirləri də yoxdur. Hələ cavandırlar, 22-23 siniləri var”. Amma
ailəmiz bizimlə görüşməyə gələndə dayım demişdi ki, B.Sürgün televiziyada deyib ki, onları
tanımıram, onlar məni oyuna salıblar. Təbii, biz bütün bunların onun boynuna qoyulduğunu
bilirdik.
Məhkəmədə Şəhriyarın atası Mail kişi, bacısı Almara, anam və dayım, Təbriz
Konsulluğunun müavini Nəriman Orucəliyev və digər konsulluq nümayəndəsi də iştirak edirdi.
Nə bizi günahlandıracaq prokuror, nə ETTELAAT nümayəndəsi vardı. Bizə də vəkil tutmağa
imkan yaratmamışdılar. Biz İran Konstitusiyasının 550 maddəsinə əsasən ittiham olunurduq. Bu
maddə “İran Əleyhinə Təbliğat” adlanır. Bu maddəyə əsasən, üç aydan 1 ilə qədər azadlıqdan
məhrum ediləcəkdik. Xatırladım ki, məhkəmə Azərbaycan dilində keçirilirdi deyə tərcüməçiyə
ehtiyac yox idi.
Danışıb qurtaran kimi bizi məhkəmə zalından çıxardılar. Məhkəmə zalı çox qəribə idi,
hətta içəridə soyuducu da vardı. Danışdıqca hakim bizə qulaq asmırdı. Onsuz da, o, verəcəyi
qərarı əvvəlcədən müəyyənləşdirmişdi. Hətta, məhkəmədən əvvəl ailəmizə deyibmiş ki, mənlik
bir şey yoxdur, hər şey rəsmi Tehrandan asılıdır. Amma bilinən bircə o idi ki, ən uzağı bir il
azadlıqdan məhrum olacaqdıq. Məhkəmə formal bir şey idi. Yəni, deməsinlər ki, məhkəməsiz-
zadsız üç aydır bunları burda saxlayıblar.
Biz düşünürdük ki, heç bir izahat kağızına qol çəkməmişik, ittihamlarımız təsbit edilmədi,
B.Sürgün də bizim dediklərimizi təsdiq elədi, birinci dəfə həbs olunmağımız nəzərə alınar, ən
uzağı 6 ay həbs verərlər, onun da 3 ayı keçib, ya əfvi-məşrutə düşüb azad olarıq, ya da üç ay
birtəhər dözüb gedərik. Amma hadisələr gözlədiyimiz kimi olmadı. Məhkəmə 550-ci maddə üzrə
ən ağır cəzanı tətbiq edərək, bizi bir il azadlıqdan məhrum etdi. Amma hökm məhkəmə zalında
oxunmamışdı, məhkəmədən 15 gün sonra hökm kağızı zindana göndərilmişdi. İndiki kimi
yadımdadır, hökm kağızı əlimizə çatanda bilmirdik ki, günahsız ola-ola 1 il məhkumluq
yaşayacağımıza görə kədərlənək, yoxsa adımıza casus damğası yapışdırılmayaraq 10-15 il
zindanda çürüməyəcəyimizə görə sevinək.
Görüş günləri
Birinci dəfə ailəmizlə görüşdüyümüz gün, sözün əsl mənasında, gözlənilməz oldu.
Gələcəklərini bilirdik, amma səhər bizə dedilər ki, bu gün görüş günü deyil, sabah gələ bilərlər.
Həkimxanadan qayıdanda isə dedilər ki, xanivadəniz (ailə) gəlib, tez paltarlarınızı dəyişin,
mulaqata (görüşə) gedirsiniz.
Tez əynimizi dəyişib yollandıq görüş yerinə. Əsgərlərlə çənə-boğaz olandan sonra axır ki,
görüş otağına girdik. Təxminən, 30-40 metr məsafədən qara paltarda, çadrada anamı görəndə
gözlərim doldu. Yaxınlaşıb anamı qucaqladım, qoxumu burnuna çəkib ağladı. Sonra arıqladığımı
başa düşdü, amma üzümə vurmadı. Narahat olmayım deyə, nə soruşdumsa, hər şey “yaxşıdır”
deyib məni ovutdu. Sonra içəri daxil olmaq üçün anamın qoluna vurulmuş möhürə baxdım.
Mənə elə gəldi ki, o möhürü anamın qoluna vurmuş qadın anamı az da olsa incidib. Anamın
qoluna baxıb dedim: “qolun ağrımır?”
Anam gülə-gülə cavab verdi:
– Anasını düşünən oğlan bura düşməzdi!
Susdum, stolun altında dizimin üstünə qoyduğum əlimi dizimdən götürdüm, yumruğumu
düyünlədim. İçim-içimi yeyirdi...
***
Görüş boyunca anamın əllərini buraxmırdım, öpüb-iyləyirdim. Bu xoşbəxtlik heç bir
xoşbəxtliklə əvəz oluna bilməzdi, 15 dəqiqə ərzində nə öpdün-öpdün, sonra yenə də uzun
divarların arasında kimsəsiz qalırsan. Bütün bunları yaxşı başa düşən anam əllərini əlimdən
çəkmirdi, az qalırdı əllərini mənə verib getsin.
***
Görüş zamanı Şəhriyar atasından 3 yaşlı bacısı oğlu Məhəmmədin halını, yeriyib-
yerimədiyini soruşanda, şübhəyə düşən polis nəzarətçisi dəftərinə onun da adını qeyd elədi.
Baxmayaraq ki, Mail dayı 3 yaşlı Məhəmməd haqqında ətraflı danışdı. Görünür, zindan
həqiqətləri içində Məhəmmədciyəz də təhlükə sayılır.
***
Görüş günü elə bilirdim anam nəsə gətirib yeməyə. Çünki doğma ev yeməklərindən ötrü
çox, özü də lap çox darıxmışdım. Anam yavaşca dedi ki, içəri yemək buraxmırlar deyə heç nə
gətirə bilmədim. Düzü, yaşımın bu çağınacan hələ ondakı kimi anamın əlində gözüm
qalmamışdı. Anamın gözlərindəki ümidsizliklə tərs-mütənasib olan – “inşallah tezliklə azad olub
gələcəksiz” – ifadəsi həmin vaxt məni çox incitmişdi, amma bütün bunlara baxmayaraq, o
ümidsiz sözlər həm də ümidimi birə-beş artırmışdı.
***
Anam və dayım yanıma görüşə gələndə günahsız tutulduğumuzu, ədalətsizliyin qurbanı
olduğumuzu bilə-bilə, bizi orda incitməsinlər deyə (yanımızda ETTELAAT nümayəndəsi
varıydı), deyirdilər: “Biz sizdən narahat deyilik, bura İslam dövlətidi, elə bilirik ki,
yanımızdasınız”. Eyni narahatlıqla Şəhriyarın atası Hacı Mail kişi də həmin “rahatlığın” üstünə
öz “yükü”nü qoyurdu:
– Eşidəndə ki, sizi İranda tutublar, sevindim. Dedim ki, orda onların başından bir tük də
əskik ola bilməz”
***
Anam tələskənliyindən və həyəcandan pullarını dəyişməyi unutmuş və AZN gətirmişdi.
Sonra məlum oldu ki, o pulları bizə verə bilməyəcək. Ağlaya-ağlaya dəsmalına bağladığı yüz
manatlıqları məyusluqla cibinə qoyması və mənə kömək edə bilməmək narahatlığı gözlərində
dumduru yaş şəklində ifadə olunurdu. Dediyi sözlər yadımdadır hələ:
–
Allah
məni öldürsün,
hardan bilim ki, burda pul dəyişmirlər.
Bakıya gələndən sonra öyrəndim ki, “Kaspi” qəzetinin baş redaktoru, yazıçı Natiq
Məmmədli əmək haqqımı həbs olunduğum müddətdə kəsməyib, anamın yol xərci etdiyi və mənə
verdiyi pullar da həmin pullar imiş.
***
Telefonla danışmaq üçün həbsxanada məktub yazırdıq. O məktub həbsxananın müdirinə
çatırdı, əgər o dəstur (göstəriş) versəydi bizi İFRAZAT deyilən yerə aparır və telefonla
danışdırırdılar. Məhkəməyə qədər ailəmizlə danışmaq olmazdı, amma danışmaq üçün sino
gedirdik. Nə isə, ora-bura məktub yazıb hamını abırdan salandan sonra axır ki, bizi telefonla
danışmağa çağırdılar. Amma orda da kələk başımızdan əskik olmadı. Xaricə çıxışı olmayan
telefonla yığırdılar deyə düşə bilmirdilər. Özlərini də elə göstərirdilər ki, guya bizim
danışmağımızı çox istəyirlər. 10-15 dəfə yığdılar, düşə bilmədilər. Elə ordaca bizə dedilər ki,