FOLKLORUN FUNKSIYALARI
AMEA ŞREM
“Folklorşünaslıq və el sənətləri” laboratoriyası
Fil.ü.f.d. dosent Mürşüdova Ulduz Bəşir qızı
ulduzshirin@gmail.com
Dünya həmişə indi olduğu kimi olmamışdır. Tarix əfsanəvi, nağıllı dünyaya
bir vasitə kimi daxil olur və müəyyən simvolla bu dünyanı tərk edir. Nağıllar,
adətən, müəyyən tayfanın təcrübələrini təsvir edir. Dramatik, əfsanəvi, əsrlərlə baş
verən təbii fəlakətlər, müharibələr, müxtəlif tarixi-siyasi-ictimai hadisələr
nağıllaşır, əfsanələşir. Folklor xalqın həyatında baş verən hadisələri əvvəl əhvalat
şəklində yaşadır. Sonra illər keçdikcə əfsanələrə, rəvayətlərə çevrilir və sonda
nağıllaşır. Xalq nağıllarda qəhrəmanına super güclər verir, onlar həmişə qalib gəlir.
Qəhrəmanların əfsanələşməsi, xüsusi güclərə sahib olması onun ölümündən sonra
da baş verir, çünki xalqın dəyər verdiyi qəhrəmanlar ölməz olurlar. Xalq əsl
qəhrəmanların mistik qüvvələr tərəfindən qorunduğuna inanırdılar. Super
qəhrəmanların qarşısını alan qüvvə yoxdur, onlar mərddirlər, xeyirxahdırlar,
məzlum camaat onlar üçün xeyirdualar verir.
Azərbaycan türk folkloru xalqın tarixini, dinini, şimali və cənubi
Azərbaycanda müxtəlif yerli insan qruplarının hər birinin mədəniyyətini şifahi
şəkildə göstərən əsərlərin və ənənələrin toplusudur. Yerli Azərbaycan türk
forkloru, şifahi xalq mədəniyyətini, dini ibadətlərini, tarixi hadisələrini, ictimai
dəyərlərini və mədəni təcrübələrini nəsildən- nəsilə ötürür.
Yerli əhalinin şifahi dili onun dini ilə sıx bağlı idi, sözün gücü nəhəng idi, hər
sözün, hər ifadənin, hər adın öz gücü var idi. Onlar sözdən qənaətlə istifadə edir və
bu zaman ciddi şəkildə məsuliyyət hiss edirdilər. Dilin istifadəsi fərdin də
güclənməsinə təsir edirdi.
Folklor adət-ənənənin yalnız şifahi danışıq yolu ilə olması şəklində
dəyərləndirilməməlidir, dinləmə mədəniyyəti də bu dəyərə daxil edilir. Dinləmə
ağıllı insanların fəaliyyəti kimi təqdim edilir, “hər kəs xoşbəxt ola bilər, hətta ən
adi adam da sevinclə minnətdarlıq mahnısını oxumağı bacarmalıdır.” Dinləmə fəal
və riseptiv-zəkaya əsaslanan fəaliyyətdir ki, danışana hörməti və ehtiram hissini
ifadə edir.
Dundes (1965: 279-298) folklorun 4 əsas funksiyasını müzakirə edir.
Folklorun birinci funksiyası
əylənmək və əyləndirmək üçün yaradılmışdır. İkinci
funksiya xalqın həqiqi mədəniyyətini əks etdirir. Folklorun üçün funksiyası xalq
pedaqogikası və təhsilinə xidmət etmişdir və dördüncü funksiyası isə f
olklorun
stabilliyini qorumaqdan ibarətdir.
Folklorun birinci funksiyası həm danışan, həm də dinləyənləri
əyləndirmək idi ki, bunların əksəriyyəti insanların asudə vaxtlarında, ağır və gərgin
işdən sonra dincəlmək üçün yaradılmışdır, Tompsonun (1951: 3) dediyi kimi,
folklor onların həyatlarının monotonlaşmasının qarşısını alır və maraqlı vaxt
keçirirdilər. Axşamlar maraqlı xalq nağılları danışan və dinləyən insanlar, gündüz
yalnız əməklə məşğul olurdular. İnsanlar arasında belə inam vardı ki, gündüz nağıl
dinləyən insanlar tısbağaya dönəcək və bütün həyatları tənbəl-tənbəl dolaşmaqla
keçəcəkdir. Bu inam onları işləməkdən yayınmaması üçün yaradılmışdır. Beləliklə
adamlar gündüz işləyir və asudə vaxtlarında nağıla qulaq asır, yaxud danışırdılar.
İkinci funksiya xalqın həqiqi mədəniyyətini əks etdirir. Dundesa görə
(1965: 292) bu zaman müəyyən mərasim və rituallar nümayiş etdirilir və müşahidə
olunur ;
“Malinowski (Dundes, 1965: 292) bu funksiya haqqında danışarkən yazır ki, miflər
sehirli, möcüzəli, ovsunlar, seremoniyalar, social quruluşlu rituallar cəmiyyəti əks
etdirən əsas dəlil və sübutdur. Bu funksiya yalnız miflərdə göstərilmir. Bu
örnəklərə folklorun digər janrlarında da rast gəlinir.
Folklorun üçüncü funksiyası gənc nəslə davranış, rəftar, adətlərimiz,
inamlarımız, müqəddəs hesab etdiyimiz atributlar, həyat təcrübələri haqqında
təlimatlandırmaqdır. Məsələn, Dundes (1965: 293) deyir ki, divlərin iştirak etdiyi
nağılların məqsədi gəncləri nizam-intizama alışdırmaq üçün, beşik nəğmələri -
laylalar isə onlarda xoş ovqat bəxş etməyə xidmət etmək məqsədi ilə yaradılıb.
Təmsil və nağıllar gənclərdə ümumi fakir və prinsiplərin formalaşmasında,
qüsurların və pis davranışların ələ salınaraq gülüş hədəfinə çevrilməsində; atalar
sözləri gəncləri pis işlər haqqında, onların verə biləcəyi fəsadlar haqqında
məlumatlandırılması və xəbərdar edilməsi, Dundesın (1965:296) baxışlarına görə
“fərdlərin şöhrəstpərəstlik və digər narazılıq yaradan davranışlar haqqında və
onların insana verdiyi fəsadlar haqqında xəbərdar etmək, dünyanı və həyatı olduğu
kimi dərk etmək və qəbul etmək” məqsədi ilə yaradılmışdır.
Nəhayət, folklorun dördüncü funksiyası folklor janrları vasitəsi ilə
gəncləri və cəmiyyəti müxtəlif sınaqlar, qadağalar vasitəsi ilə nəzarətdə saxlamaq,
onları mədəni normalar çərçivəsində təlimatlandırmaq, ağsaqqal və
ağbirçəklərimizin həyat tərzini və yaşam normalarını gənc nəsil tərəfindən davam
etdirilməsi məqsədi ilə əyləncəli formada öyrətməkdir. Folkor, cəmiyyət norma və
qaydalarını pozan fərdləri pisləməklə, bu normalara və qanunlara əməl edənləri
yüksək məqama çatdırmaqla, yeni nəsli tərbiyə edir və öz milli –mədəni
qaydalarını sevərək inkişaf etdirmək məqsədi daşıyır.