“GEO Strategiya”.-2015.-№ 1 (25).-S.7-12.
AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNİN VENESİYA VƏ PAPALIQLA
MÜNASİBƏTLƏRİ TÜRKİYƏ TARİXŞÜNASLIĞINDA
Dos. Tofiq Nəcəfli
AMEA A.A. Bakıxanov adına Tarix institutunun elmi işlər üzrə direktor müavini
Mərkəzləşdirilmiş Azərbaycan Səfəvi dövlətinin yaranması və getdikcə daha da qüvvətlənməsi Osmanlı
imperiyası ilə müharibə vəziyyətində olan Avropa dövlətlərinin nəzər-diqqətinin yenidən Şərqə yönəlməsinə səbəb
oldu. Azərbaycan Səfəvi dövlətinin banisi I Şah İsmayılın fəal xarici siyasət yeritməsi Avropa diplomatiya
dairələrində belə bir ümid doğurdu ki, Səfəvi dövləti Osmanlı imperiyası ilə hərbi-siyasi qarşıdurmada Avropa
dövlətlərinin müttəfiqi ola bilər [4,212]. I Şah İsmayılın fəal xarici siyasəti Qərbi Avropa dövlətləri içərisində
hamıdan daha tez Papalıq və Venesiyanın diqqətini cəlb etdi. Məqsədimiz bu məqalədə Azərbaycan Səfəvi
dövlətinin Venesiya və Papalıqla qarşılıqlı əlaqələrinin müasir Türkiyə tarixşünaslığında tədqiqi səviyyəsinə aydınlıq
gətirməkdir.
Osmanlı dövləti ilə müharibə vəziyyətində olan Venesiya respublikası özünün ənənəvi müttəfiqi olan
Ağqoyunlu dövlətinin yerində yeni, daha qüvvətli Səfəvi dövlətinin meydana gəlməsini sevinclə qarşıladı. İtaliyanı
ələ keçirmək üstündə Fransa və İspaniya İtaliyada uzun sürən müharibələrə başladığı üçün İtaliya dövlətlərindən
lazımi kömək ala bilməyən Venesiya Osmanlı dövlətinə qarşı (1499-1502) təkbaşına müharibə aparmağa məcbur
olmuşdu. Məhz buna görə də Venesiya hökuməti bir tərəfdən Qaramanda Osmanlılara qarşı mövcud olan
narazılıqdan istifadə etmək, digər tərəfdən Səfəviləri Osmanlılara qarşı müharibəyə cəlb etmək imkanını öyrənmək
qərarına gəldi [11,173].
Uzun illər İstanbulda və Kiprdə yaşadığı üçün Şərq aləminə yaxından bələd olan Konstantino Laskari-Qaramana
və Səfəvilərin hərbi düşərgəsinə yola salındı. O, Qaramana və Səfəvilərin hərbi düşərgəsinə səyahətdən qayıtdıqdan
sonra, öz səfəri barədə Venesıya hökuməti qarşısında geniş hesabatla çıxış etdi. Beləliklə, Səfəvi dövlətinin Qərbi
Avropa ilə ilk diplomatik təması Venesiya ilə yarandı [11,180; 2,90-91].
G. Rota yazır ki, Venesiya senatının Səfəvilərin hərbi ittifaq yaratmaq istəklərinə baxmayaraq, Osmanlılarla
müharibənin sonunda Venesiyanın Səfəvilərlə diplomatik əlaqələrə daha az maraq göstərdiyindən xəbər verir. 1503-
cü ildə Kiprin Venesiya valisinin Təbrizə göndərdiyi ankaralı Muradın missiyası diplomatik vəzifədən daha çox
casusluq məqsədi daşımışdır [14,900].
1502-ci ilin dekabrında Osmanlı dövləti ilə Venesiya arasında 1499-cu ilin mayından bəri davam edən müharibə
başa çatdı. İki dövlət arasında bağlanmış müqaviləni 1502-ci il dekabrın 14-də Osmanlı Sultanı, 1503-cü il mayın 20-
də isə Venesiya qolu imzaladı [5,411; 16,224; 11,182].
Buna görə do, Səfəvilərin Venesiya respublikası ilə bu ilk diplomatik təması hər iki tərəfin Osmanlı
imperiyasına qarşı eyni zamanda hərbi əməliyyata başlaması ilə nəticələnmədi.
Osmanlı dövləti ilə sülh bağlandığı üçün Venesiya respublikası G. Rotanın qeyd etdiyi kimi, Səfəvilərlə
diplomatik əlaqələrə daha az maraq göstərməyə başladı [14,900]. Bu dövrdə Venesiya hökuməti Səfəvi hökmdarının
çağırışına cavab olaraq heç bir real addım atmadı.
Qeyd etmək lazımdır ki, Səfəvi dövlətinin qərb ölkələri ilə ilk diplomatik təmasından aydın olur ki, Şah
İsmayılın həmin əlaqələri yaratmaqda başlıca məqsədi Avropa ölkələri ilə ticarət əlaqələrini genişləndirmək və
Səfəvi ordusu üçün qərbdən odlu silahlar almaq idi.
Qərbdən göndəriləcək odlu silahlan və artilleriya mütəxəssislərini qəbul etmək üçün Aralıq dənizi sahillərinə
çıxış yolu əldə etmək lazım idi. Bunun üçün ya Osmanlı dövlətinə müharibə elan edib Qaraman sahillərinə çıxmaq,
ya da Misir Sultanını məğlub edib Suriyanı tutmaq gərək idi. İ.H. Uzunçarşılının fikrincə, Şah İsmayılın Suriyanı ələ
keçirmək niyyəti olmuşdu, buna görə də, qərb ölkələri ilə Misir əleyhinə danışıqlar aparmışdı. O, qərb dövlətlərini
Aralıq dənizi tərəfdən Misirə qarşı qaldırmaq, özü isə Suriyaya qoşun çəkmək niyyətində idi [16,259].
Qızılbaşlığın geniş yayıldığı Qaramanda və Suriyada Səfəvilərin təsiri güclü idi. Bundan istifadə edən Şah
İsmayıl öz elçilərini Qaraman və Suriya vasitəsilə göndərirdi. Suriyadakı Venesiya konsulu Səfəvi-Avropa
əlaqələrinin tənzim olunmasında vasitəçilik edirdi. Səfəvi tacirləri
[səh. 7-8]
Hələbdə venesiyalilardan qırmızı parça
alır, Dəməşqdə isə ipək və yun parçalar satırdılar. Venesiyanın Dəməşqdəki konsulu Bartolo Kontarini 1505-ci ilin
avqustunda öz hökumətinə məlumat verirdi ki, əlində Şah İsmayılın Venesiya dojuna yazılmış məktubu olan
Qaraman şahzadəsinin elçisi ilə görüşmüşdür. Kontorini az sonra şahın məktubunu italyancaya çevirtdirib
Venesiyaya yola salmışdı. 1506-cı ilin yanvarında Venesiyaya yetişən məktubda deyilirdi ki, şah Venesiyaya əldə
etdiyi qələbələr barədə məlumat verməklə yanaşı, Venesiya hökumətinin dostu olmaq arzusunda oldugunu
vurğulayırdı [14,900; 2,97; 11,188-189].
G. Rota yazır ki, 1508-ci ilin sentyabrında Cənubi Yunanıstandakı Nauplianın Venesiya valisi Səfəvi şahının
dərviş qiyafətində olan nümayəndəsi ilə görüşdü. Onun verdiyi məlumata görə, Şah İsmayıl Venesiyanın və
xristianların dostudur və yaxınlarda Osmanlılara hücum edəcəkdir [14,900].
1509-cu ilin martında Venesiya gəmisində I Şah İsmayılın və Qaraman şahzadəsinin elçisi Venesiyaya gəldi.
Səfəvi elçiləri Venesiyada olduqca yaxşı qarşılandılar. Martin 9-da Səfəvi elçisi Venesiya hökuməti qarşısında çıxış
etdi. Səfəvi elçisi Venesiya hökuməti ilə danışıqlar zamanı bildirdi ki, o, İtaliyadan Suriya yolu ilə odlu silahlar və
artilleriya mütəxəssisləri aparmaq üçün gəlmişdir. Səfəvi ordusunun Osmanlılara qarşı başlayacağı hərbi
əməliyyatlara Venesiya donanmasının yardım göstərməsi tələb edildi [14,900]. A. Allouş Venesiya qaynaqlarına
istinad edərək yazır ki, I Şah İsmayıl Zülqədəroğulları üzərinə yürüşdən sonra Osmanlı imperiyasına qarşı
Venesiyanın yardımını əldə etmək üçün fəaliyyətini xeyli genişləndirdi.
O, beş nəfərlik Səfəvi elçi heyətini top ustalan əldə etmək və Osmanlı dövlətinə qarşı hərbi ittifaq yaratmaq
təklifi ilə Venesiyaya göndərdi. 1509-cu ilin mayında Səfəvi elçiləri Venesiyaya gəldi [2,100-101].
Venesiya hökuməti Səfəvi elçilərini nə qədər yaxşı qarşılasa da, danışıqlar heç bir real nəticə vermədi. Venesiya
hökuməti şah İsmayılın məktubuna və elçisinə ancaq “nəzakətli” cavab verməklə kifayətlənməli oldu. Venesiya
respublikası Avropanın ən qüdrətli dövlətləri ona qarşı müharibəyə başladığı üçün son dərəcə ağır vəziyyətə
düşmüşdü. Venesiya Kambre liqasında birləşmiş Avropa dövlətlərinə qarşı müharibə aparırdı. 1509-cu il mayın 14-
də Aqnadello döyüşündə Venesiya ordusunun ağır məğlubiyyəti onun varlığı üçün ciddi təhlükə yaratmışdı. Buna
görə do, Səfəvi elçisi heç bir nəticə əldə etmədən sentyabrda Kiprə və oradan da Suriyaya gəldi və Dəməşqdəki
Venesiya konsulu Pyerto Zenoya danışıqların nəticəsi barədə məlumat verdi [14,900; 11,193].
G. Rotanın fikrincə, Venesiya ilə Səfəvi dövləti arasında diplomatik əlaqələrin inkişafı Venesiya ilə Məmlük
dövləti arasında siyasi gərginliyin yaranmasına səbəb oldu. Suriyada qızılbaş təsirinin güclənməsindən narazı qalan
və Osmanlı imperiyası ilə yaxınlıq edən Misir Sultanı, Osmanlı kəşfiyyatının təkidi ilə Səfəvi dövləti və Qərb
ölkələri arasında vasitəçilik etdikləri üçün Venesiyanın Dəməşqdəki və Qahirədəki konsulları Pyetro Zeno və Toma
Kontarinini zindana atdırdı. Yalnız Venesiya hökuməti Pyetro Zeno ilə Səfəvi elçiləri arasındakı danışıqların şəxsi
xarakter daşıması barədə rəsmi izahat verdikdən sonra Venesiya konsulları azad olundular [11,193].
Bu bir daha göstərir ki, I Şah Ismayıl yaxınlaşmaqda olan Səfəvi-Osmanlı müharibəsi ərəfəsində Avropa
dövlətlərini qərbdən Osmanlı imperiyasına qarşı qaldırmaq üçün yenidən Venesiya hökumətinə müraciət etməli
olmuşdu. 1510-cu ildə o, hətta bu məqsədlə əslən Kiprli olan Nikolo Sororu Təbrizdən Həbbə qayıdan italyan
tacirlərinə qoşaraq elçi kimi yola salmışdı. Lakin elçinin şahın məktubu ilə birlikdə ələ keçməsi Venesiya ilə Misir
arasındakı siyasi gərginliyin yaranmasına gətirib çıxardı.
Bu hadisə Səfəvi-Venesiya əlaqələrində durğunluq dövrünün başlanmasını göstərdi. G. Rotanın fikrincə, bir
tərəfdən Venesiyanın Osmanlı imperiyasına qarşı sakitləşdirici siyasətə üstünlük verməsi, digər tərəfdən Çaldıran
döyüşündə məğlub olan Səfəvilərin daxili vəziyyəti və ardınca da Şah İsmayılın vəfat etməsi bu durğunluğa öz
təsirini göstərdi [14,901].
Qeyd etmək lazımdır ki, əvvəlki dövrlərdə olduğu kimi, I Şah İsmayılın Çaldıran döyüşü ərəfəsində də Venesiya
respublikasını Osmanlı imperiyasına qarşı qaldırmaq planı baş tutmadı. Bu zaman Venesiya hökumətinın başı İtaliya
müharibələrinə (1494- 1559) qanışdığı üçün Osmanlı imperiyasını Səfəvi dövlətinin əlilə zəiflətməyə çalışır, özü isə
həm Osmanlı, həm də Misirlə münasibətlərini sahmanda saxlamaq siyasəti yeridirdi [11,196].
Osmanlı imperiyasının daha da qüvvətlənməsi, Avropa ölkələrini Şərqlə birləşdirən bütün karvan yolları
üzərində nəzarəti qəti olaraq ələ keçirməsi bir sıra qərb dövlətləri kimi Venesiyanı da Osmanlı imperiyasına qarşı
düşmənçilik siyasətindən əl çəkərək onunla yaxınlaşmaq siyasətinə keçməsinə səbəb oldu. Buna görə də. Çaldıran
döyüşündən sonra Venesiya ilə Səfəvi dövləti arasında diplomatik əlaqələr arxa plana keçdi.
Bu, Venesiya respublikasının ikili siyasət yeritdiyini aydın göstərirdi. Sultan Süleymanın Azərbaycana 1533-
1535-ci illər yürüşü başa çatan zaman Venesiyadan Tomazo Moçeniq adlı diplomat Sultanın yanına göndərildi. O,
həm Səfəvilər dövlətinə səfərinin nəticələri ilə bağlı Sultanı təbrik etməyi, həm də Venesiyadan Suriyaya göndərilən
malların gömrük haqqının artırılması və müqavilənin bəzi maddələrinin pozulması ilə bağlı şikayət etmək istəyirdi
[7,493; 10,45].
Qeyd etmək lazımdır ki, 1537-ci ilin avqustunda Osmanlı ordusunun Venesiya mülkü olan Korfu adasına
hücumu iki dövlət arasında 1503-cü ildən bəri
[səh. 8-9]
davam edən sülhün pozulması demək idi. Açıq
düşmənçiliyin üzə çıxmasına cəld reaksiya verən Venesiyanın “Onlar Şurası” Səfəvi şahı 1 Təhmasibin yanma Dojun
məktubu ilə öz təmsilçisini göndərmək qərarına gəldi. Onun qarşısına qoyulan vəzifə Səfəvi şahını Osmanlı sultanına
qarşı hərbi əməliyyatlara təşviq etmək idi. Bu çətin və təhlükəli tapşırığın icrası kiprli Mikele Membreyə həvalə
edildi [17,5].
1539-cu il martın 1-də o, Nikosiyadan yola düşdü, Anadolu yarımadası və Qara dənizdən keçərək Gürcüstana
çatdı və Səfəvilərin əlində olan Lori qalasına gəldi. Avqust ayında о, I Şah Təhmasibin Mərənd yaxınlığmdakı yay
düşərgəsinə gəldi. Sonra o, Səfəvi dövlətinin paytaxtı Təbrizə gəldi və bir il sarayda qaldı [17,5,6]. M. Membre ib I
Şah Təhmasibin ilk görüşündə şahın “Müqəddəs Liqa”ya münasibətinin müsbət olduğu üzə çıxdı [10,46].
İ.H. Uzunçarşılının fikrincə, Osmanlı imperiyası əleyhinə ittifaqın yaradılmasında Roma papası fəallıq
göstərirdi. Osmanlı imperiyası ilə Venesiya arasında sülh müqaviləsinin olduğu bir vaxtda Venesiyanı bu ittifaqa
sövq edən də Roma papası III Pavel idi [16,374; 10,46]. Papalıq, Venesiya, Almaniya və Avstriya Osmanlı
imperiyası və Fransaya qarşı birgə fəaliyyət göstərməyə razılaşdılar və bununla da 8 fevral 1538-ci ildə “Müqəddəs
Liqa” yaratdılar [10,46].
Lakin 1538-ei il sentyabrın 28-də Osmanlı donanmasının Preveze dəniz döyüşündə müttəfiqlərin donanmasını
darmadağın etməsi Venesiyanı Osmanlı imperiyası ilə sülh müzakirələrinə başlamağa vadar etdi. Bu məqsədlə
İstanbula göndərilən elçi 1539-cu ilin aprelin əvvəllərində geri qayıtdı və sülhə ümidlərin olduğunu xəbər verdi
[7,505; 10,46]. Bu Venesiya hökumətinin ikili siyasət yeritdiyini bir daha göstərdi. Sülh danışıqlarına başlamaq üçün
İstanbula elçi göndərən Venesiya, məhz bu dövrdə Səfəvi sarayına öz nümayəndəsi M. Membreni yollayaraq I Şah
Təhmasibi Osmanlı imperiyasına qarşı müharibəyə sövq etməyə çalışdı.
Şah Təhmasib İstanbulda Osmanlı-Venesiya danışıqlarının gedişi barədə dəqiq məlumat əldə edənə kimi M.
Mebrenin Səfəvi sarayından dönüşü yubadıldı. Lakin Venesiyanın Osmanlı imperiyası ilə sülh danışıqlarının davam
etməsi Səfəvi-Venesiya danışıqlarına öz təsirini göstərdi. M. Membre yazır: “Bunlar baş verdikdən sonra onun
İstanbuldakı xəfiyyələrindən xəbər gəldi ki, Əlahəzrət Venesiya Sinyorluğunun səfiri sülh istəyərək Türkün
sarayında olub. Beləliklə. mən özümü sarayda rüsvay olunmuş kimi hiss etdim, çünki о vaxt şah məni, əvvəl dediyim
kimi, təyin etdiyi səfirlə birgə göndərmək üçün hər şeyi hazırlamışdı” [17,66].
Beləliklə. M. Membrenin missiyası Venesiya hökumətinin ikili siyasət yeritməsi, Osmanlı imperiyası ilə sülh
danışıqları aparması nəticəsində öz əhəmiyyətini itirdi. Buna görə də I Şah Təhmasib Venesiya hökumətinin ikiüzlü
siyasət yeritməsinə qəzəblənmiş və M. Membrenin saraydan getməli olduğunu bildirmişdi.
Türkiyə tarixçilərinin qənaətim görə, 1528-1540-cı illər Osmanlı-Venesiya müharibəsi Osmanlı imperiyasının
qələbəsi ilə başa çatdı. 1540-cı il oktyabrın 20-də iki dövlət arasında bağlanmış müqaviləyə əsasən, müharibə zamanı
Osmanlıların ələ keçirdiyi bütün ərazilər Osmanlıların əlində qaldı; Venesiya Osmanlı imperiyasına 300 min dukat
məbləğində təzminat ödədi [16,379; 6,220]. Bununla belə, Venesiya Osmanlı imperiyası ərazisi vasitəsilə Şərqlə
ticarət əlaqələri saxlamaq hüququnu itirmədi [11,232-233].
Osmanlı Sultanı 1540-cı ildə Venesiya və 1547-ci ildə isə Avstriya-Almaniya bloku ilə sülh bağlayaraq dərhal
Səfəvi dövlətinə qarşı yeni müharibəyə hazırlaşmağa başladığı üçün daim Səfəvi şahının Osmanlılara qarşı
müharibəyə təhrik edən Venesiyanın Səfəvi dövləti ilə münasibətləri yenidən durğunluq dövrünə daxil oldu. 1555-ci
ildə Səfəvi dövləti ilə Osmanlı imperiyası arasında Amasiya sülh müqaviləsinin bağlanması Avropada böyük
narahatlığa səbəb oldu [11,239].
G. Rotanın qeyd etdiyi kimi, XVI əsrin II yarısında Osmanlı imperiyası ilə müharibənin başlanması diplomatik
əlaqələrin yenidən canlanmasına səbəb oldu [14,901]. Osmanlı imperiyasına qarşı təkbətək müharibə aparmağa qadir
olmayan Venesiya ənənəvi müttəfiqi olan Səfəvi dövləti ilə əlaqə yaratdı. Məqsəd Səfəviləri arxadan Osmanlı
dövlətinə qarşı qaldırıb onun hərbi qüvvələrini iki cəbhəyə parçalamaq idi [11,253].
Venesiya hökumətinin 1570-ci il oktyabrın 27-də Venesiyadan vətənə qayıdan Səfəvi taciri Xoca Əli ilə I Şah
Təhmasibə göndərdiyi məktubunda iki dövlət arasındakı “qədim və səmimi dostluq münasibətləri” xatırladılır,
Venesiya respublikasının Osmanlı imperiyasına qarşı müharibə üçün gördüyü hərbi hazırlıq barədə məlumat
verilirdi. Venesiya hökuməti Şah Təhmasibi inandırmağa çalışırdı ki, əgər Səfəvi dövləti şərqdən, Venesiya və başqa
xristian dövlətləri isə qərbdən eyni zamanda hücuma keçsələr, Osmanlı hərbi qüvvələrini iki cəbhəyə parçalayıb
məğlub etmək olar [11,253-254].
1570-ci ilin sonlarında Osmanlı ordusunun Kipri ələ keçirməsi tərkibinə Venesiya, İspaniya və Roma papasının
daxil olduğu və osmanlılara qarşı yönəlmiş “müqəddəs ittifaqın” yaradılmasını xeyli sürətləndirdi. Venesiya
hökuməti Osmanlılara qarşı ittifaq yaratmaq məqsədilə tanınmış diplomat Vinçenso Alessandrini xüsusi tapşırıqla
1571-ci ilin əvvəllərində Xoca Əlinin ardınca I Şah Təhmasibin sarayına yola saldı [15,119].
1571-ci il iyulun 17-də Təbrizə, avqustun 14-də isə Qəzvinə gələn italyan diplomatı Vinçenso Alessandri I Şah
Təhmasiblə görüşə bilməsə də, onun oğlu Heydər Mirzənin qəbuluna düşərək Venesiya hökumətinin I Şah
Təhmasibə göndərdiyi məktubu ona təqdim etdi. Venesiya diplomatının bu missiyası uğursuz oldu. Çünki Səfəvi
hökmdarı Osmanlı imperiyası ilə bağlanmış Amasiya (1555) sülhünü pozmağa niyyətli olmadığını nümayiş etdirdi
[14,901].
Göründüyü kimi, Venesiya respublikasının Səfəvi dövlətini Osmanlı imperiyasına qarşı qaldırmaq planı növbəti
dəfə də baş tutmadı.
1572-ci il noyabrın 16-da papa V Piy (1566-1572) I Şah Təhmasibə məktub göndərərək xristian dövlətlərin
silahının gücünü mədh edərək şaha xristian dövlətlərlə birlikdə həqiqi düşmənlərə qarşı birgə mübariz aparmaq üçün
əlverişli vəziyyətin yarandığını bildirdi. Papanın Səfəvi şahına xüsusi müraciəti heç şübhə yox ki, Qərb dövlətləri
arasında Osmanlılara qarşı mübarizədə əsas rol oynayan və “müqəddəs ittifaq”ın üzvü olan İspaniya kralı II Filippin
razılığı ilə edilmişdi [15,120].
1578-1590-cı illər Səfəvi-Osmanlı müharibəsi zamanı Osmanlı imperiyasına qarşı təkbaşına müharibə aparmağa
qadir olmayan Azərbaycan Səfəvi dövləti onun hərbi qüvvələrini iki cəbhəyə parçalamaq məqsədilə yenidən Qərb
dövlətlərinə müraciət etdi. 1579-cu ilin sonlarında təcrübəli diplomat Xoca Məhəmmədin başçılığı altında yeddi
nəfərdən ibarət elçi heyəti Venesiyaya yola salındı [11,263]. G. Rota yazır ki, 1580-ci ilin aprelində Venesiyaya
çatan Səfəvi elçisi Xoca Məhəmməd Venesiya doju tərəfindən çox yaxşı qarşılandı. Venesiya Müqəddəs
[səh. 9-10]
liqanı tərk edərək 1573-cü ildə Osmanlı imperiyası ilə sülh bağlamışdı. Buna görə də Xoca Məhəmmədin apardığı
danışıqlara baxmayaraq, Venesiya bağladığı sülhü davam etdirməyi üstün tutdu [14,901].
XVI əsrin sonlarında osmanlı imperiyasına qarşı birgə mübarizə aparmaq zərurəti Avropa dövlətlərini, о
cümlədən Venesiyanı Səfəvilərə yaxınlaşdıran başlıca amil olaraq qalırdı. Səfəvi dövləti ilə ) osmanlı imperiyası
arasında yeni müharibənin başlaması Venesiya respublikasının mənafeyinə uyğun idi.
Osmanlı imperiyasının Habsburqlarla müharibə əziyyətində olduğunu bilən Şah Abbas başqa Qərb dövlətlərini
də Osmanlılara qarşı müharibəyə qaldırmaq siyasəti əridirdi. Bu məqsədlə Səfəvi hökmdarı, ilk növbədə İtaliya ilə
mənəvi əlaqələri genişləndirdi [11,271].
1600-cü ilin mayında Iffət bəyin başçılığı etdiyi Səfəvi elçiləri Venesiyaya gəldilər. İyunun 8-də Venesiya doju
I Şah Abbasın elçilərini qəbul etdi. Səfəvi elçisi danışıqlar zamanı Venesiya dojuna bildirdi ki, onun hökmdarı
Venesiya ilə ənənəvi ticarət əlaqələrini davam etdirmək niyyətindədir [ 11,271 ]. G. Rotanın fikrincə, Səfəvi çisinin
adı Əsəd bəy olmuşdur. vaxtı ilə Berşe tərəfindən onun adı yanlış olaraq Efet kimi tələffüz olunmuşdur. Əsəd bəy
şahın adından mal alıb satmaq və Antoni Şerliyə pul çatdırmaq məqsədilə göndərilmişdi. O vətənə döndüyü zaman
Bağdadda ölmüşdür [14,901-902].
V. Öztuna yazır ki, Şah Abbas Osmanlı dövlətini məğlub etməyin və III Murad dövründə ələ keçirilən ərazilərin
geri alınmasının asan olmayacağını dərk edən böyük əsgər, dövlət və siyasət adamı idi. Avropada geniş müharibə
aparan Osmanlı dövlətini Şərqdə məğlub etmək üçün ciddi hazırlıqlar görmək lazım idi. Buna görə Osmanlı
dövlətinin Avropadakı düşmənləri ilə müştərək hərəkət etmək lazımdı. I Şah Abbas da belə hərəkət etdi. Səfəvi şahı
1599-cu ildə Hüseynəli bəy Bayatı Antoni Şerlinin müşayiəti ilə Avropaya göndərdi. Şahın ittifaq təklifi Osmanlı
basqısı altında olan Avropada hərarətlə qarşılandı [13,177].
1601-ci ilin yazında Səfəvi elçi heyəti Praqada imperator II Rudolfla danışıqları başa çatdıraraq İtaliya hərəkət
etdi. Səfəvi elçiləri Şimali İtaliyaya çatdıqda məlum oldu ki, Venesiya Osmanlı dövləti ilə danışıqlar aparır və buna
görə də Şah Abbasın elçilərini qəbul edə bilməyəcəkdir [9,251 qeyd 15; 14,901; 3,247; 1,492,11,282]. Buna görə də,
Hüseynəli bəy Bayat Venesiyaya səfəri təxirə salaraq Florensiyaya getdi. Florensiya hersoqu ilə danışıqları başa
çatdırdıqdan sonra 1601-ci il aprelin 5-də Romaya çatdı. Roma papası VIII Klement (1592-1605) aprelin 12-də
Səfəvi elçilərini qəbul etdi. Hüseynəli bəy Bayat papa ilə danışıqlar zamanı bildirdi ki, əgər xristian dövlətləri
qərbdən Osmanlı imperiyasına qarşı vahid cəbhədə müharibəyə başlasalar, onun hökmdarı şərqdən 150 min nəfərlik
süvari və 60 minlik piyada ilə hücuma keçəcəkdir; bu şərtlə ki, Qərb dövlətləri Səfəvi hökmdarının razılığı və ya
iştirakı olmadan Osmanlı imperiyası ilə danışıqlar aparmasınlar [11,282; 3,247- 248].
Türkiyə tarixçilərinin qənaətinə görə, Romada olan zaman Hüsenəli bəylə Antoni Şerli arasında ciddi ixtilaf
yaranır. Buna səbəb, Antoni Şerlinin 1600-cü il dekabrın 11-də imperator II Rudolfun I Şah Abbasa yazdığı cavab
məktubu ilə birlikdə Səfəvi hökmdarının xristian krallara göndərdiyi məktubların da daxil olduğu diplomatik
sənədlər qovluğu oğurladılaraq Osmanlı baş vəzirinə çatdırmasıdır. Buna görə də, Antoni Şerli elçi heyətindən
ayrılaraq aradan çıxdı [9,251; 8,151; 3,247; 1,492].
1602-ci ildə I Şah Abbasın Hüseynəli bəy Bayat və Antoni Şerli ilə bağlı məlumat əldə etmək və üzərində qızıl
hərflərlə şahın adı yazılmış dəmir əlcəyi çatdırmaq üçün göndərdiyi venesiyalı tacir Angelo Qradenigo Venesiya
doju tərəfindən qəbul edildi [14,902].
Bu bir daha göstərir ki, əsrin başlanğıcında Səfəvi-Venesiya əlaqələri genişlənməkdə davam etmişdir. 1603-cü il
martın 5-də “şahın xüsusi nümayəndəsi və böyük istedad sahibi” olan Fəthi bəyin başçılığı altında 9 nəfərlik Səfəvi
elçi heyəti Venesiyaya gəldi. Fəthi bəy I Şah Abbasın məktubunu Venesiya dojuna təqdim etdi [14,902; 11,273].
Lakin Fəthi bəy Venesiyadan aldığı odlu silahlan və şaha göndərilən hədiyyələri Səfəvi sarayına yetirə bilmədi.
1603-cü ilin sentyabrında Səfəvi-Osmanlı müharibəsi başlandığı üçün Venesiyadan qayıdan Səfəvi elçiləri Aralıq
dənizinin Suriya sahilinə çıxan kimi Osmanlılar onları yaxaladılar və Venesiyadan gətirdikləri bütün malları
müsadirə etdilər. Suriyadakı Venesiya konsulunun səyləri nəticəsində Fəthi bəyin mallarının yalnız bir qismini xilas
etmək mümkün oldu [14,901; 11,275].
Səfəvi-Osmanlı müharibəsi (1603-1612) davam etdiyinə görə Osmanlı ərazisi vasitəsilə Avropaya rəsmi elçi
heyəti göndərmək mümkün olmadığı üçün Şah Abbas Fəthi bəyin səfirliyindən xəbər bilmək və Venesiyanı Osmanlı
dövlətinə qarşı müharibəyə qaldırmaq üçün 1609-cu ildə erməni taciri Xoca Kirakosu, 1610-cu ildə isə Xoca Səfəri
Venesiyaya göndərdi [14,901; 11,277].
Səfəvi elçiləri ilə aparılan danışıqlar zamanı Venesiya hökuməti Səfəvi dövləti ilə ənənəvi dostluq
münasibətlərini davam etdirəcəyini bildirdi və Fəthi bəyin bütün əmlakı xüsusi aktla Xoca Səfərə təhvil verildi
[11,272-273].
G. Rotanın fikrincə, 1613-cü ildə Səfəvi tacirləri Ələddin Məhəmməd və Xoca Şahsuvar Venesiyaya gəlmişdi
[14,901]. I Şah Abbasın Venesiya hökumətinə yazdığı 1613-cü il tarixli məktubundan aydın olur ki, o, Osmanlı
dövləti ilə yaranmış sülh münasibətlərindən istifadə edərək İtaliya ilə ticarət əlaqələrini genişləndirməyə çalışırdı. O,
Venesiya hökumətini əmin edirdi ki, “əgər Venesiya şəhərindən, həmçinin Venesiya torpaqlarından olan xristian
tacirləri bizim məmləkətə ticarətə gəlsinlər, biz onları yaxşı qarşılayacaq və hər cür kömək göstərəcəyik; onlara
istədikləri hər şeyi, arzu etdikləri bütün malları almaq üçün hər cür imkan yaradacağıq” [11,194- 195].
G. Rotanın fikrincə, Səfəvi şahının bütün bu yaxşılıqlarına baxmayaraq, Venesiya hökumətinin öz səfirini
göndərərək bunlara qarşılıqlı cavab vermədiyi görünür.
Buna səbəb, 1608-ci ildə I Şah Abbasın Hələbdə olan Venesiya konsulu Ciovanni Françesko Saqredoya “İran
konsulu” admı verməsi və 1611-ci ildə onu Venesiya şəhərində və bütün Venesiya torpaqlarında “özünün
nümayəndəsi” təyin etməsi idi [14,901].
1621-ci ilin əvvəllərində Xoca Şahsuvarın və zəngin Təbriz tacirlərindən Hacı Eyvazın başçılığı altında Səfəvi
elçiləri Venesiyaya gəldi [ 14,901; 11,298-299]. Səfəvi elçiləri 1621-ci il fevralın 1-də Venesiya hökuməti tərəfindən
qəbul edildi. Səfəvi-Venesiya danışıqlarında ticarət məsələlərinə üstünlük verildi. İki ölkə arasında ticarət
əlaqələrinin genişləndirilməsi zərurəti qeyd edildi [11,299].
G. Rotanın fikrincə, 1627-ci ilin sonlarında Hələbdəki Venesiya konsulu Ciovanni Francesko qardaşı oğlu
Alviseni Səfəvilərlə ticarət etmək məqsədilə çağırdı. Venesiya hökuməti 1629-cu ildə ona İrana getməyə ıcazə verdi.
O, Hələbə gələn zaman Şah Abbasın öldüyündən xəbər tutdu və Şah Səfinin adına
[səh. 10-11]
etimadnamə
hazırlanması üçün gözləməli oldu. Az sonra isə Venesiyaya qayıtdı. 1630-cu ildə Xosrov paşanın yürüşü ilə bağlı
quru yolu bağlandığı üçün bu səfəri gerçəkləşdirmək mümkün olmadı. Beləliklə, Saqredonun Venesiyanın quru yolla
həyata keçirilən ipək ticarətini bir daha canlandırmaq və İranda ticarət faktoriyası yaratmaq üçün hazırladığı plan
gerçəkləşdirilmədi [14,901].
1634-cü ildə Şah Səfinin taxta keçməsini xəbər vermək və I Şah Abbasla Alvise Saqredo arasındakı əlaqələri
xatırlatmaq məqsədilə Əli Balinin başçılığı altında Səfəvi elçi heyəti Venesiyaya gəldi. Əli Bali Səfəvi şahına
məxsus ipəyin satışından sonra satıcılar arasında ortaya çıxan münaqişə nəticəsində zərbxanaya yerləşdirilən pulları
geri almaq vəzifəsini həyata keçirməli idi [14,901-902].
G. Rotanın fikrincə, 1645-ci ildə Osmanlı dövləti ilə Krit adası üstündə müharibənin başlanması Venesiyanın
Səfəvi dövləti ilə diplomatik əlaqələrinin yenidən fəallaşmasına gətirib çıxardı. 1645-ci ildə Venesiya respublikası
Polşaya səfir göndərdiyi Ciovanni Tiepolonu Səfəvi şahına yazılmış məktubu Səfəvi sarayına göndərilən və Polşa
elçisi Jerzi İliczeni müşayiət edən dominikan keşişi Antonio da Fiandraya verdi. Bunun ardınca isə Venesiya
hökuməti tacir Domonike de Santesi Hələb yolu ilə Səfəvi sarayına göndərdi. 1647-ci ilin noyabrında isə keşiş
Ferdinado Geoverida həm papanın və həm də Venesiya respublikasının elçisi kimi Səfəvi sarayına yola salındı. Onlar
Səfəvi şahının Venesiya ilə dostluq münasibətində olduğunu, lakin hərbi ittifaqla bağlı kəskin cavab vermədiyini
nəzərdə tutan məktubu ilə geri döndülər. Venesiya elçisi keşiş Antonio Gioverida II Şah Abbasın (1642- 1666)
Qəndahara yürüşünə ciddi hazırlıq görüldüyünün şahidi olmuş və bu şəhərin ələ keçirilməsindən sonra şahın
Bağdada yürüş edəcəyinə heç bir şübhə qalmadığını” çatdırmışdır [14,902].
Qeyd etmək lazımdır ki, 1639-cu ildə Səfəvi və Osmanlı dövlətləri arasında Qəsri-Şirin sülhü bağlandığı üçün
Qərb dövlətlərinin, о cümlədən Venesiya respublikasının Səfəvi şahını Osmanlılara qarşı yeni müharibəyə cəlb
etmək siyasəti heç bir nəticə vermədi. XVII əsrin II yarısında Səfəvi və Venesiya respublikası arasında qarşılıqlı
əlaqələr daha çox diplomatik xarakter daşımış, Səfəvi şahının və senatın din xadimləri vasitəsilə məktublar
göndərməsi ilə kifayətlənmişlər. 1661 və 1662-ci illərdə Venesiya hökumətinin Səfəvi şahını müharibəyə cəlb etmək
məqsədilə göndərdiyi məktublar, eləcə də 1669-cu ildə naxçıvanlı Mateos Avanik vasitəsilə göndərilən məktublar
cavabsız qaldı. 1673-cü ildə Şah Süleyman (1666-1694) dominikan keşişlə Venesiya hökumətinə göndərdiyi
məktubunda 1669-cu ildə Osmanlıların Kandiyə qalasını ələ keçirməsi və müharibənin başa çatmasından məyus
olduğunu bildirdi [14,902].
G. Rotanın fikrincə, sonrakı illərdə də Venesiya hökuməti Səfəvi dövləti ilə diplomatik əlaqələri davam etdirdi.
1695-ci ildə papa nümayəndəsi, 1697-ci ildə Pietro Paolo Piqnatelli və 1699-cu ildə isə Felike Maria da Sellano
vasitəsilə Səfəvi sarayına məktublar göndərildi.
Bu məktublarda Səfəvi şahı Osmanlılarla müharibəyə təhrik edilir və Venesiya respublikasının Səfəvi şahı ilə
xoş münasibətdə olduğu vurğulanırdı [14,902].
Azərbaycan Səfəvi dövləti ilə
[səh. 11-12]
Venesiya respublikası arasında qarşılıqlı əlaqələrin müasir Türkiyə
tarixşünaslığında tədqiqi səviyyəsinin öyrənilməsi göstərir ki, bu əlaqələr iki mərhələdən keçmişdir. XVI əsri əhatə
edən birinci mərhələdə tərəflərdən hər biri digərini Osmanlı imperiyasına qarşı mübarizədə əsasən müttəfiq
saymışdılar. Bu məqsədlə bir-birinə elçilər göndərmişdilər. XVII əsrdə, ikinci mərhələdə isə qarşılıqlı
münasibətlərdə iqtisadi ticarət əlaqələri üstünlük təşkil etmişdi. Bu məqsədlə daha çox tacirlər göndərilmişdi.
I Şah Abbas və xələfləri dövründə də Səfəvi-Venesiya münasibətlərində daha çox iqtisadi-ticarət əlaqələri
üstünlük təşkil etmişdir [14,903].
Dostları ilə paylaş: |