217
7.2. Etika elminin bölmələri
Etika elminin tarixi inkişafı nəticəsində aşağıdakı
bölmələri formalaşmışdır:
Aksiologiya (yunan dilində axia – dəyət, logos – təlim
deməkdir) - əxlaqi dəyərləri fəlsəfi baxımdan araşdıran
nəzəriyyədir. Fəlsəfi elm sahəsi olaraq aksiologiya təxminən
XIX əsrin ikinci yarısında yaranmışdır. Burada iqtisadi, estetik,
əxlaqi, tarixi və s. dəyərlərin problemləri öyrənilir. İlk dəfə
“aksiologiya” termini XX əsrin əvvəllərində fransız filosofu
P.Lapi tərəfindən istifadə edilmişdir. Qeyd etmək lazımdır ki,
aksiologiya ilə bağlı bir sıra məsələlər bütün fəlsəfə tarixi boyu,
qədim dövrdən etibarən ortalığa qoyulurdu.
Aksiologiya əxlaqın bir sahəsi olaraq xeyir və şər
problemlərini təhlil edirsə, deontologiya borc nəzəriyyəsi kimi
təşəkkül tapmışdır. Aksiologiya aşağıdakı sualların cavablarını
tapmağa çalışır: xeyir nədir? Bu müəyyən insan hərəkətinin
obyektiv keyfiyyətidir, yoxsa sadəcə əxlaqi şüurun yaratdığı bir
amildir? İnsanlar öz hərəkətlərində xeyiri və şəri necə ayıra
bilirlər (qiymətləndirirlər)?
Etik təlimlər tarixində əxlaqi dəyərlərin mənşəyi və
mahiyyəti haqqında müxtəlif təlimlər vardır – naturalist,
idealist və s. Bəzən əxlaqi xeyirin mənbəyini “insan
təbiətində”,
insanların
həzzalmaya
“təbii”
meylində
(naturalizm, gedonizm, evdemonizm), bəzən də həmin mənbəyi
ilahi iradədə və yaxud zəkada olduğunu qeyd edirdilər
(neoprotestantizm, neotomizm). ELə tədqiqatçılar olub ki, bunu
kainatın qanunlarında və xassələrində, ya da insanların hiss və
emosional reaksiyalarında görürdülər (neopozitivizm, əxlaqi
hiss nəzəriyyəsi).
Marksizm təliminə görə dəyərlər sosial hadisə olaraq,
insan ləyaqəti baxımından qiymətləndirilir. Bu da birbaşa
ictimai praktika ilə, cəmiyyətdə formalaşmış sosial
münasibətlər ilə bağlıdır.