3
imiş, bu qız da onların biridir, özü də lap ismətsizidir, Tosunu uşaq görüb, xam görüb, indidən
onun boğazına bağlanmaq istəyir. Tosu skamyanın o tərəfinə siçindi:
– Yox, sağ ol, – dedi, bir əlini qaldırıb öz gözlərinin qabağında titrətdi, gözlərini qorudu,
sanki gözlərinə qorlu kül atacaqdılar.
– Yox, mən istəmirəm.
– Qorxma, heç kim bilməyəcək. Vaxtında da səni elə ötürəcəm ki, görən olmasın.
Tosunun gözləri kəlləsinə çıxdı: Qızın həyasızlığına bax ha...üzünün suyu qalmayıb. Arı,
namusu atmış adam nə yaman sırtıq olarmış. Tosu qalxdı, istədi qeyzlə çımxırsın, lakin səsi
boğazı ilə boğuşdu. Güclə: «Yox!..» deyə bildi. Ərkinaz bir əlini onun qoluna uzatdı, ehmallıca
tutmaq, öz «xeyrini-şərini bilməyən bu qanmaz» oğlanı başa salmaq istədi, lakin Tosu yaxınlıq
vermədi, o yana çəkildi, divara qısıldı, çənəsi əsə-əsə zorla dilləndi: – Getmirəm!..
– Sonra əlinin birini çırpdı:
– Çıx get deyirəm sənə!.. Ərkinaz fikirləşdi ki, Tosunun ağlına başqa şeylər gəlir, ona
görə də ürkür, qorxur. – Gəmi hamamı boş qalmır, gəlib səni kimsə görəcək, biabır olacaqsan.
Gəl səni aparım öz kayutuma, mən gedib ayrı yerdə yataram. Tosunun gözləri bərələ qaldı. Özü
də bilmədən kürəyini hamamın tərli divarına yapışdırdı. Demək, bu gəmidə gör necə qarayaxa
arvadlar var ki, bu qız özünü onların yanında toya getməli sanır. Demək, bu, gedəcək, sonra da
eləsi gələcək ki, aman Allah, ağzının cırımı qulağının dibində, papirosu damağında, özü də bir
balaca kefli, sərxoş yerişli, sərxoş baxışlı. Tosunu görən kimi gözləri alışıb yanacaq, altından heç
nə geyinmədiyi xalatını bircə anda sivirib hara gəldi atacaq, qollarını Tosunun belinə
qurşayacaq, çaxır-araq qoxulu, papiros tüstülü nəfəsini onun üzünə altdan yuxarı ilan kimi
yalmandıracaq. Tosu qızın yanından cəld keçdi, qapını tez açıb dəhlizə çıxdı. Ərkinazın ağlına
bir qara fikir gəldi, başının tükləri qabardı: «Hava çox sakitdir, gecədir, qaranlıq gecə!.. Gəminin
getdiyi bilinmir. Elə bilər sahilə çatmışıq, hoppanar... Üzməyi bacarsa da gecənin bu vədəsində
kimin xəbəri olacaq ki, dənizə bir adam düşdü, ona kömək etsin?..» Şturman budkasına sarı
yüyürdü. O yan-bu yana baxa-baxa yüyürdü. Körpüdən ildırım kimi keçdi, trapla yuxarı
dırmananda kimsə projektorun birini yandırdı, sarı lent işığını uzaqdan cəld hərləyib onun üstünə
kəmənd kimi atdı, soruşdu:
– Ərkinaz, nə var belə, xeyirdimi? Ərkinaz kapitan körpüsünə qalxdı, tövşəyə-tövşəyə:
– Hamamda bir oğlan vardı, – dedi, – deyəsən, gəmiyə xəlvətcə minmişdi, imtahandan
kəsilən tələbəyə oxşayırdı. Yatmışdı, məni görən kimi qaçdı...
– Ərkinaz xalatının yaxasını çənəsinin altına çəkdi, uçundu:
– Deyirəm, birdən özünü itirər, dənizə düşər... Yuxulu adamdan nə desən gözləmək olar.
Kapitan növbətçi matrosun birini çağırdı:
– Ələmdar!.. Sükan budkasından çıxıb gələn matros kapitanın qabağında şax dayandı:
– Eşidirəm, yoldaş kapitan! Kapitan ona heç nə demədi, çünki gözləri körpüyə
zillənmişdi. O, projektorun sarı lentini yarıb keçən, bura can atan bir oğlan görmüşdü,
tanımamışdı, onu Ərkinaz deyən adama oxşatmışdı. Tosu trapda neçə dəfə büdrədi, qaranlıqdan
işığa, işıqdan yenə qaranlığa düşmüşdü, həm də belə dik trapla dırmaşmağa alışmamışdı. Trapın
dəmir artırmaları onun bərk qaldırıb vurduğu ayaqlarının altında zanq-zanq zanqıldayırdı.
Ərkinazı kapitan körpüsündəki ala-toranlıqda, həm də onun canlı-cüssəli bir kişinin yanında
durduğunu görüb dayandı, geri dönmək istədi. Kapitan Ərkinazdan soruşdu:
– Bu oğlanı deyirsən?
– Bəli, yoldaş kapitan, – deyə Ərkinaz trapın başına doğru gəldi, tələsik yeridi, sanki o,
əlini çatdırmasa, onun biləyindən bərk-bərk yapışmasa, Tosu özünü dənizə atacaqdı, qıza bir
ömürlük peşmançılıq verəcəkdi. Kapitanın səsi hər ikisini yerində saxladı:
– Ay oğlan, bura gəl. Tosu qalxıb kapitanın qarşısında dayandı.
– Sən nə üçün, – deyə kapitan xəbər almağa başladı, – gəmiyə icazəsiz minmisən? Həm
də sən bilmirsən ki, yük gəmisinə kənar adamın minməyi qadağandır? Tosu Ələmdara baxdı.
Ələmdar niyə dillənmirdi, niyə düzünü demirdi? Bu canlı-cüssəli kişi, bu ağ kağız qız bilməsə
də, o özü işin içində deyildimi? Tosunu birinci şturmanın yanına o özü aparmamışdımı, kağızını
4
alıb ona özü verməmişdimi? Birinci şturmanın «Öz kayutuna apar, orada yer ver!» tapşırığına o
özü «baş üstə!» deməmişdimi? Bəs indi niyə nəfəsini, səsini içinə salmışdı? Yoxsa, burada bir
alıb-aldatma vardı? Yoxsa, indi onu Ələmdar da tanımamışdı?
– Yoldaş kapitan...
– Ələmdar, nəhayət, dilləndi, lakin sözünün dalını çox uzatdı, – Matros şagirddir, təzə
göndəriblər. Kapitanın səsi uzandı:
– Hə...ə? Bəs hamamda niyə yatıbmış? Ələmdar güldü, kapitanın tərs-tərs baxdığını
görüb:
– Yoldaş kapitan, – dedi, – özüm qabaqca hamama apardım ki, quru adamıdır, bir çimsin,
sonra rahat yatsın. Kapitanın cini gözlərində ağardı:
– Sənin o növbə vaxtından bəri səkkiz saatdan da çox keçməyibmi? Ələmdar özünü yenə
saxlaya bilmədi, gülüşünü boğazında mırıldatdı:
– Yadımdan çıxıb. Tosu birdən hönkürdü sanki göyün üzünü neçə gün idi ki, qara
buludlar almışdı, yerdə qara küləklər əsmişdi, qoymamışdı yağış yağsın, qoymamışdı sellər-sular
oynasın, indi Ələmdarın bu son gülüşü, son sözü dəhşətli bir göy gurultusu olmuşdu, göylərin
göllü qara köynəyini şilimləmişdi. Tosunun gözlərində göllənən soyuq yaş bəbəklərini üşüdəndə,
göynədəndə, bəbəklərində çaxmaq çalanda o, güllü xalatının yaxasını çənəsinin altına sıxan qızın
bir əlinin sivrilmiş qılınc kimi qalxıb endiyini, Ələmdarın üzündə tapanca təki açıldığını güclə
görürdü. Onun bir hönkürtü ilə boşalan sinəsi bir köks ötürməsi ilə doldu. Bir gözlənilməz kinlə
sızıldayan sinəyə bir qəfil sevinclə məlhəm çəkildi. Bu ağrı nə tez gəldi, nə tez getdi!.. Bu sevinc
onun ürəyinə nə tez qondu, bu sevincin bir ürəkdə uçuşu nə şirin oldu!.. Bu sevinc bir könüldə nə
tez yuva qurdu!.. Bu sevinc kapitandan qorxmadımı, bir oğlanın heyfini digərindən alanda öz
zərifliyini, heç bir kişiyə əl qaldırmaq üçün yaranmadığını bilmədimi? Adam qəzəblənəndə necə
güclü olarmış!.. Adam haqsızlığı görəndə necə kinlənərmiş!.. Ələmdar əlini sinəsinə qoydu,
əyildi:
– Üzr istəyirəm, yoldaş kapitan!.. Kapitanın gözlərində ağaran cinlər azaldı:
– Təkcə məndənmi? Ələmdar əlini yenə sinəsinə yapışdırıb ikiqat oldu, Tosunun
qabağında yeddi yerindən sındı: – Üzr istəyirəm!.. Kapitanın səsindəki kinayə yenə şapalaqlandı,
yenə şillələndi:
– Təkcə ondanmı? Ələmdar tərpənmədi. Kapitanın bircə sözü ağzından dəmirçi gürzü
təki qalxdı: – Eşitmədin?.. Ələmdar yenə tərpənmədi. Kapitanın gözlərinin ağı get-gedə
böyüməyə başladı. Ərkinaz səsini, sözünü sındıra-sındıra əllərini tərpətdi.
– Lazım deyil, Cavanşir qardaş... Sən Allah... Məcbur eləmə... Tosu kapitanın da,
Ələmdarın da necə getdiyini, onların hara getdiklərini görmədi. Çünki iki gözlərinin qabağında
bir qız böyümüşdü, gözlərinin gen dünyasını tutmuşdu. Bu dünya onu çağırdı, bir kayuta apardı.
Adyal gətirdi, mələfə, yastıq üzü gətirdi, iki dəsmal gətirdi. Tosunun çarpayısını düzəltdi. Sonra
gedib onun hamamda qalan zolaq çamadanını gətirdi, ona: «Gecən xeyrə qalsın!» – dedi, getdi.
Aradan xeyli keçmiş bir də qayıtdı, Tosuya bir az çörək, bir az da kolbasa gətirib gəlmişdi.
Gətirdiklərini stolun üstünə qoydu. Geri dönəndə gözləri şəkillərə sataşdı. Bu şəkillər Ələmdarın
çarpayısının baş tərəfindəki divara vurulmuşdu. Biri Ələmdarın öz şəkli, digəri isə Ərkinazın
şəkli idi. Şəkillər yanaşı idi. Ələmdar Ərkinaza baxırdı. Ərkinaz gəminin göyərtəsində durub
fikirli-fikirli dənizə baxırdı. Elə bil Ələmdar ondan nə isə soruşmuşdu, cavab gözləyirdi, o da
düşünürdü. Ərkinaz öz şəklini görən kimi içini çəkdi, əllərinin ikisini də üzünə qaldırdı, üzünə
şappıldatdı, sonra həmin şəkli divardan qoparıb xalatının cibinə qoydu. Qanrılıb Tosunun üzünə
baxa bilmədi, qapıdan tez çıxdı.
* * *
Tosu işığı söndürüb çarpayıya uzanmışdı. Qaranlıq kayutda sanki bir ağ yuxu görürdü. O,
ağ yuxusuna hey baxır, baxırdı. Bu yuxu elə şirin idi ki!.. Bu yuxu elə unudulmaz idi ki!.. Bu
yuxu elə silinməz, elə pozulmaz idi ki!.. Qapı acıqla açıldı, hirslə örtüldü. İşığın düyməsi də
qeyzlə şaqqıldadı. Kayutu dolduran ağ işığın özündə də kin vardı. Bu hirs-hikkəni ağ işığa elə bil
içəri girən Ələmdarın tökülü qaş-qabağı vermişdi, fısıltı vermişdi, batinkalarını çıxaran əlləri,