68
yanına getdi, səfərdən qaldığının səbəbini söyləyib üzr istədi. O
Təyyarı aldatmadı. Məsələ necə olmuşdusa elə də danışdı. Lakin
Aliyədən küsdüyü üçün kefləndiyini bildirmədi. Qəzənfər
küsmək sözünü etirafına əlavə etməyi qüruruna sığışdırmadı.
Axı, Təyyar onun uşaq küsəgənliyinə gülərdi. Həm də Aliyəyə
olan meylini hələlik gizli saxlamalı idi. Aliyə bəlkə, onu
sevməyəcək.
– Təyyar Qəzənfəri bir az danlayıb bildirdi ki, mənlik bir iş
yoxdur, sənin məsələni gəmi yığıncağı həll edəcəkdir. Yığıncaq
məsələsi Qəzənfərin kefini pozmadı, yoldaşlarının onu müdafiə
edəcəklərinə arxayın idi. Təyyar onu başqa növbəyə dəyişdi.
Qəzənfər bundan sevindi. Ona görə ki, Əmir növbədə olanda o
Aliyə ilə söhbət eləyəndə rəqibinin gələ bilməməsi fikrindən
narahat olmayacaqdı. Qəzənfərin bu şadlığı ani oldu. O hələ
sahildə ikən nigarançılığa tab gətirə bilmirdi, tez-tez
dispetçirliyə zəng vurub gəminin gəlmək vaxtını soruşurdu.
«Görəsən Əmir Aliyə ilə danışırmı? – deyə düşünürdü – Balığı
qarmaqla, torla, qızı isə söz-söhbətlə ovlayarlar. Əmirin qol-
qanadını açılmağa qoymayan mən idim. Mən də ki, indi orada
yoxam, burdayam, şəhərin küçələrini ölçürəm. Əmirin özündə
cürət olmasa da Aliyə onu kartof, soğan soymağa çağıracaq,
onlar ağızlarını mumlamayacaqlar, əvvəlcə ordan-burdan söhbət
eləyəcəklər, sonra da söz sözü çəkib gətirəcək, axırda isə eşq-
məhəbbətdən danışacaqlar. Sevib sevilməkdən söhbət düşsə
inanıram ki bir-birinin gözaltısını soruşacaqlar, Əmir də utanıb-
qızarmadan ürəyindəkini dilinə gətirəcək. Əmir ayrı şey
cəhənnəm, dostluğumuz, yoldaşlığımızdan da utanmaz. Aliyəni
sevdiyimi o beş barmağı kimi bilir. Yəni nankor olub mənə
xəyanət elər? Eləyər! Aliyəni görəndən bəri o ağır oturub
batman gələn cavan, geyim-keciminə, üzünə-başına fikir
verməyən oğlan bulaq başına gedən qız kimi özünə sığal verirdi.
Utancaq, qüvvətli, yeri gələndə qoç kimi döyüşən oğlanlar
qızların daha çox xoşuna gəlirlər. Əmir qüvvətlidir. Aliyə də ki,
69
onun məndən bu üstünlüyünün şahidi oldu. Onlar Maxaçkalada
bir-birinə başqa cür baxırdılar. Əmir o sərxoşları döyəndən
sonra Aliyə onun yanından əl çəkmirdi, lap çiyin-çiyinə
yeriyirdilər. Onlar bizdən çəkinirdilər. Təyyarla mən orada
olmasaydıq bəlkə də, qol-qola gəzərdilər. Aliyə o gün məni
yanından bəs, nəyə görə qovurdu, tək qalsınlar, vəssalam! Bu üç
gün ərzində də yəqin ki, ürəklərini süfrə kimi açıb qoydular
ortalığa. Aliyə mənim olmalıdır! Ya ölməli, ya da onunla ömür
sürməliyəm. Bu mənim son sözüm, son andımdır. Üstümə əli
qılınclı yüz ölüm də hücum çəkib gəlsə, bu qərarımı
dəyişməyəcəm. Öz müqəddəs idealları uğrunda həlak olanlar
namərddirmi?! Məni də idealım Aliyədir, qoy ona görə
ölümlərlə pəncələşim.» Bu düşüncələr Qəzənfərə sahildə az
əzab verməmişdi. Gəmidə də matroslar, Aliyə ilə Əmirin qayığa
oturub gəzməyə getdiklərini bütün təfərrüatı ilə danışıb ona
sonsuz bir kədər, ümidsizlik vermişdilər. Sanki kənddən,
şəhərdən çox uzaq düşmüş səyyahın ocaq qalamaq istəyərkən
kibritinin son dənəsi qarın üstünə düşüb islandı, yanası olmadı.
Saləddinin
hərəkəti
Qəzənfəri
əsəbiləşdirdiyi
kimi,
bədbinləşdirmədi də. Onun pərvaz ruhunun qanadını qıran
Əmirlə Aliyənin yaxınlıq, dostluq xəbəri idi. Qəzənfər gəminin
Narginə baxan burnuna getdi. Orada heç kim yox idi. Qəzənfər
öz dərdi, kədərilə burada tək qalmağa gəldi. Sahil matrosları
körpünün üstündə hərlənməsəydilər bu tənhalıq onun
doluxsunmuş gözlərinə ağlamaq azadlığı verərdi. Qəzənfər elə
ağlayar, elə ağlayardı ki... Ey Narginin dalından boylanan səhər
günəşi nədən utanıb üzünə buludlardan pərdə tutursan?! Bu
xəyanətdə ki, sənin əlin yoxdur, bu xəyanətdirmi? Ey dənizin
minillik dərdini bircə saatda danışan ləpələr siz niyə
susmusunuz? Fəryad qoparıb ağlaşın, qoşduğunuz uğursuz
bayatılar məhəbbətdən olsun. Ey külək sən hardasan, yatmaq
vaxtı deyil, oyan gəl bu bayatıları uzaqlara apar, qoy bir qəlbin
naləsini yüzlərlə ellər, obalar dinləsin. Ey buludlar siz də çox
yüksəklərə baş vurmayın, axışmayın, aşağa enin, bir bülbülün
70
fəğanından agah olub kişnəşin ki, sizin yağışınız bu müsibətə
matəm tutan göylərin göz yaşı olsun. Qəzənfər kayuta gəldi.
Kayut tərtəmiz idi. Divarlara da, tavan və döşəməyə də təzə rəng
çəkilmişdi. Əl-ayağa yapışıb yaxşı qurumasından bilinirdi ki,
kayut ya dünən, ya da srağagün rənglənmişdir. Kayutdan təzə
rəng qoxusu gəlirdi. Mələfələr, dəsmallar, yastıqüzləri təzəcə
dəyişdirilmişdi. Əmirin çarpayısı söykənən divara «doqquzuncu
bal» dəniz tablosu vurulmuşdu. Tablonun aşağısına isə adi dəftər
vərəqinə karandaşla çəkilmiş bir qız başının şəkli
yapışdırılmışdı. «Qızın» saçları pırpız, burnu sivri idi. Əyri
qaşlarının biri yuxarıda, digəri aşağıda qərar tutmuşdu. Sağ gözü
girdə, böyük, sol gözü isə uzunsov, yarımörtülü idi. Saçları
arasında gizlənən paxlavari sırğaların iti ucları onun açıq
çiyinlərinə çatmışdı. Bu şəkili Əmir çəkmişdi. Əmir, Aliyənin
əksini yaratmaq istəmişdi, lakin bacarmamışdı. Qəzənfər,
Əmirin səliqə-sahmanını təqdir edirmiş kimi bütün kayutu
qəribə bir maraqla gözdən keçirtdi, başını buladı, köksünü
ötürüb gülümsədi. Nəzərləri stolun üstündəki sarı limon,
mandarinlərə, qırmızı almalara sataşdı. Orada bir ətir şüşəsi də
vardı. Füzulinin «qəzəlləri» açıq qalmış, vərəqinin birinin ucu
azacıq qatlanmışdı. Kitabda yanaşı qoyulmuş dəftərin üstünə isə
bir cümlə yazılmışdı: ey dost, nə istəyirsən al, canımmı
lazımdır? Buyur, ancaq o məhbubə qoy mənim olsun. Görünür
Əmir şer yazmağa çalışmışdı, lakin bacarmayıb yarımçıq
qoymuşdu. O bəlkə Qəzənfərə deyə bilmədiyi sözləri məktubla
çatdırmaq fikrinə düşübmüş? Bu sual Qəzənfəri sarsıtdı.
– Əclaf! Qəzənfər əsəblərinə toxunan cümlə yazılmış
vərəqi qopartdı. Onu cırıq-cırıq eləyib illyüminatorlardan bayıra
atdı. Bununla ürəyi sakit olmadı. O baş-bu başa gəzişib əlini
stola çırpdı. Mandarinlərin biri dığırlanıb yerə düşdü. Qəzənfər
onu ayağı ilə tapdalayıb əzdi. Qəzəbi yenə də soyumadı.
Almaların ikisini də illyüminatorlardan dənizə tolazlamaq istədi,
lakin atmadı. Ehtiyatla stolun üstünə qoyub şkafı açdı. Onu ətir
qoxusu qarşıladı. O nə üçün öz paltarları olan şkafı açmırdı?
Dostları ilə paylaş: |