«Onlara Allah tərəfindən əllərindəkini (Tövratı) təsdiq edən bir kitab
(Qur`an) göndərildiyi zaman onu qəbul etmədilər...» (əl-Bəqərə 2:89).
«Halbuki o, (Qur`an) onların əllərində olanı (Tövratı) təsdiq edən bir
həqiqətdir...» (əl-Bəqərə 2:91).
«...Həqiqətən, o, özündən əvvəkiləri təsdiq edən, mö`minləri doğru yola
yönəldən, onlara mücdə verən Qur`anı Allahın izni ilə sənin qəlbinə
çatdırmışdır» (əl-Bəqərə 2:97).
«Ey özlərinə kitab verilmiş olanlar! Əlinizdə olanı (Tövratı) təsdiqləyən kimi nazil etdiyimizə
(Qur`ana) iman gətirin!» (ən-Nisa 4:47).
«Biz Qur`anı sənə haqq olaraq, özündən əvvəlki kitabı təsdiq edən və onu qoruyan kimi
endirdik... Bu müxtəliflik Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür...» (əl-Maidə 5:48).
«Bu Qur`an da mübarək, özündən əvvəlkiləri təsdiq edən bir kitabdır...» (əl-Ən`am 6:92).
«Sənə vəhy etdiyimiz, özündən əvvəlkiləri təsdiq edən kitab haqdır...» (Fatir 35:31).
Bə`ziləri qətiyyətlə iddia edirlər ki, Tövratın və Incilin ayələri artıq Məhəmməd vəfat
etdikdən sonra dəyişdirilmişdir. Lakin bu iddialar da tanınmış islam alimlərinin öz dövrlərində
qaldırdıqları sualların ortaya çıxmasına səbəb olmuşlar:
Bütün dünya xristianları Müqəddəs Kitabın ayələrini dəyişdirmək və ya öz düzəlişlərini
vermək məqsədilə birləşmək imkanını nə vaxt və harada əldə edə bilmişdirlər?
Onlar həmin dövrdə istifadədə olan minlərlə oricinal əlyazmasının bir anda yox olmasına
necə nail ola bilmişdirlər?
Heç olmazsa, bir həqiqi Müqəddəs Kitab nümunəsinin qala bilməsinin mümkünlüyünü necə
rədd etmək olar?
Əgər yəhudilər indiyə qədər də Isanı rədd edir, xristianlar isə qəbul edirlərsə, Isa Məsihlə
bağlı ayələrin dəyişdirilməsi məsələsində onların razılığa gəlməsi fikri nə dərəcədə həqiqətə
uyğundur?
Bu gün dünya muzeylərində Tövrat və Incilin 5000-ə qədər əlyazması saxlanılır. Sina
kodeksi kimi bitkin Müqəddəs Kitab nüsxəsinə malikik ki, onun tarixi Hicri tarixindən də
qədim dövrlərə aiddir.
Qədim dilləri bilən hər bir kəs bu əlyazmaları oxuya və müxtəlif nüsxələrdə olan eyni
ayələrdə heç bir ziddiyyətin olmadığının şahidi ola bilər.
Məhz buna görə Müqəddəs Kitabın təhrif olunması fikrindən birdəfəlik əl çəkmək lazımdır.
Müqəddəs Kitabın təhrif olunduğuna özü inanmaqla bərabər, bu fikri başqalarına da yayan
insanın vay halına! Çünki bununla o, yüz illər ərzində Öz Kəlamını qoruyub saxlayan Qadir
Allahın adına küfr etmiş olur.
O zaman Məhəmməd peyğəmbərin yəhudi və xristianlara ünvanladığı ittihamları bizlərdən
bə`zilərinə də ünvanlamaq mümkündür:
«Sonra onlar da xəbərdar olunduqları şeylərin bir hissəsini unutdular»
(əl-Maidə 5:14).
Təəssüflər olsun ki, dövrümüzün bir çox məsihçiləri, imanlılar üçün öz əhəmiyyətini hələ də
saxlamaqda olan Müqəddəs Kitab həqiqətlərinin vacibliyini qəbul etmirlər. Bu həqiqətləri qəbul
etmək böyük hünər tələb edir, lakin Yazının göstərdiyi yolla həqiqi sülhə və xoşbəxtliyə
çatmağın başlıca yollarından biri yanlış fikirlərdən yaxa qurtarmaqdır.
Düzgün düşüncə qabiliyyətinə malik olan insan Tövratı, Incili və Müqəddəs Kitabın digər
kitablarını oxuyarkən əmin olur ki, onlar bu gün də həyati əhəmiyyət kəsb edən öyüd və
biliklərin mənbəyi olaraq qalmaqdadırlar.
Qur`ani-Kərim deyir:
«Sənə özündən əvvəlki Müqəddəs Kitabları təsdiq edən Qur`anı haqq
olaraq O nazil etdi. Bundan əvvəl insanları doğru yola yönəltmək üçün
Tövratı və Incili də O endirdi» (Ali-Imran 3:3).
«Ey mö`minlər! Allaha və Peyğəmbərinə, Onun Öz Peyğəmbərinə
endirdiyi kitaba və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin!
Allaha, Onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə
inanmayan şəxs, şübhəsiz ki, çox azmışdır» (ən-Nisa 4:136).
Yazının qəbul edilməsi - imanımızın əsasını təşkil edən Allah iradəsinin qəbul edilməsi
deməkdir. Artıq əmin olduq ki, müqəddəs kitabların təhrif olunması qeyri-mümkündür. Bizim
imanımız isə bu kitabların tədqiqi və dua sayəsində möhkəmlənir.
Beləliklə, Incildə hansı dəyişikliklər aparılmışdır? Bu sualın yalnız bir cavabı var: «Tamamilə
heç bir şey!»
Əgər sizlərdən hansınınsa ürəyində hələ də şübhə qalıbsa, qoy soruşsun.
«Əgər sənə nazil etdiyimə şübhə edirsənsə, səndən əvvəl Kitab
oxuyanlardan soruş. Haqq sənə, sözsüz ki, Rəbbindən gəlmişdir. Şübhə
edənlərdən olma!» (Yunus 10:94).
Əziz oxucular, sizləri Müqəddəs Kitabları əlinizə götürüb diqqətlə oxumağa də`vət edirəm.
Qoy hər kəs özü qərar versin. Əgər Allahın Kəlamını diqqətlə öyrənməyə sə`y göstərsəniz,
həyatınız üçün böyük xəzinə əldə etmiş olacaqsınız.
Mən bu kiçik kitabı Tövratı, Incili və Yazının digər kitablarını oxuduğum üçün yazmışam.
Onlarla diqqətlə tanış olduqdan sonra əmin oldum ki, bu kitablar insanlara Allah tərəfindən
nazil edilmişdir. Mənim əminliyim həm də islam e`tiqadının əsasında duran Qur`anın çoxsaylı
ayələrinə də əsaslanır.
Qoy müqəddəs kitabları tənqid atəşinə tutan imansızlar, özlərini imanlı adlandırsalar da, bu
kitablarda yazılanlara əməl etməyənlər sizi yoldan azdırmasınlar.
Gəlin Allaha güvənək, çünki O və`d etmişdir:
«Kim Onun iradəsini yeritmək istəyərsə, öyrətdiklərimin Allahdanmı olduğunu, yoxsa
Özümdənmi söylədiyimi biləcəkdir» (Yəh. 7:17, Incil).