17
_____________________________________________________
TMK və dövlət
TMK yerləşdiyi ölkənin iqtisadiyyatına güclü təsir göstərmək
imkanlarına malikdir. Onların birbaşa investisiyalarının axını 1990-1995-ci
illərdə dünya üzrə investisiya qoyuluşlarının 4,1%-nə, 1996-2000-ci illərdə
12,6%-nə və 2001-2005-ci illərdə 10%-nə çatmışdır. TMK-nın müxtəlif
ölkələrdə yerləşən bölmələri arasında aparılan əməliyyatlar hətta iri Qərb
ölkələrinin xarici ticarət dövriyyəsinin və hesablaşmalarının əhəmiyyətli
hissəsini təşkil edir. Bəzi kiçik ölkələrin (Macarıstan, Malayziya) sənaye
məhsullarının ixracında TMK-nın payı 50%-dən artıqdır.
Kapitalın sərbəst hərəkətinin mövcud qaydaları TMK-ya kapitalı öz
marağına uyğun olaraq bir ölkədən başqasına köçürmək imkanı verir.
TMK və dövlət tərəfindən həyata keçirilən, ölkənin inkişafına
yönəlmiş strategiyalar arasında uzaqlaşma baş vermişdir. İndi onların
fəaliyyət sahələri bir-biri ilə kəsişmir. TMK-nın fəaliyyəti ayrı-ayrı
dövlətlərin hüdudlarından çox uzaqlarda həyata keçirilir. Bir çox dövlətlərin
mənfəəti müstəqil surətdə yenidən bölüşdürmək imkanları əvvəlki dövrlərlə
müqayisədə məhdudlaşır. Dövlət və TMK arasında struktur gərginliyi
yaranır, bir tərəfdən bazarın qlobal iştirakçılarının, digər tərəfdən isə milli
ictimai və siyasi qüvvələrin maraqlarının bir-birindən uzaqlaşması sürətlənir.
TMK-nın fəaliyyətinin bütün dünyanı əhatə etməsi, mənfəəti
mümkün qədər artırmaq səyləri bir çox hallarda onları qəbul edən ölkənin
maraqları ilə ziddiyyətlərin meydana çıxmasına səbəb olur. Dövlət milli
maraqların ifadəçisi və müəyyən ərazidə suveren hüquqlara malik olduğuna
görə, transmilli kapital onun hakimiyyət üzərində inhisarından yayınmağa,
yaxud bunun zəiflədilməsinə çalışır. TMK xarici dövlətə adi sahibkarlıq
subyekti kimi yanaşmağa cəhd göstərir.
Qeyd olunduğu kimi, TMK-nın əksəriyyətinin fəaliyyəti yerləşdiyi
ölkə ilə bağlıdır. Çox zaman onların xaricdəki fəaliyyəti yerləşdiyi ölkənin
ümumi iqtisadi strategiyası ilə əlaqələndirilir və bu, həmin ölkə ilə TMK-nın
fəaliyyət göstərdiyi ölkənin yurisdiksiyalarının uzlaşdırılmasına imkan
yaradır.
Sahibkarlıq subyekti kimi, TMK dünya iqtisadiyyatında özünə-
məxsus yer tutur. TMK beynəlxalq aləmdə iqtisadi hüquqlara de-fakto malik
olsa da, beynəlxalq öhdəlikləri mövcud deyil. TMK-nın fəaliyyətini
tənzimləmək cəhdləri hələ 1970-ci illərdə göstərilmişdir. Birləşmiş Millətlər
Təşkilatı (BMT) çərçivəsində TMK-nın fəaliyyətini tənzimləyən, onların
işini müəyyən çərçivəyə salan çoxtərəfli sazişin bağlanması barədə
danışıqlar aparılmışdır. Lakin bu səylər inkişaf etmiş aparıcı ölkələrin
müqaviməti ilə qarşılaşmışdı. Sonrakı illərdə ölkələr konkret TMK ilə
18
münasibətlərini ikitərəfli səviyyədə müəyyən etməyə başladı. Bu təcrübə
transmilli kapital ilə ayrı-ayrı dövlətlərin maraqları arasında müəyyən
ziddiyyətlər yaradır. Həmin ziddiyyətlərin konkret təzahür forması
münasibət subyektlərinin iqtisadi qüdrətindən, TMK-nın törəmə
müəssisələrinin yerləşdiyi ölkədəki vəziyyətindən asılıdır.
___________________________________________________
Beynəlxalq iqtisadi təşkilatlar
Beynəlxalq iqtisadi təşkilatlar dünya təsərrüfatının mühüm
subyektləri sırasına aid edilir. Beynəlxalq Valyuta Fondu (BVF), Beynəlxalq
Yenidənqurma və İnkişaf Bankı (BYİB) beynəlxalq iqtisadi fəaliyyətin
təmsilçiləri kimi, böyük nüfuza malikdirlər. BYİB yaratdığı törəmə
təşkilatlarla (Beynəlxalq Maliyyə Korporasiyası (BMK), Beynəlxalq İnkişaf
Assosiasiyası (BİA) və s.) birlikdə Dünya Bankı (DB) qrupunu təşkil edir.
BVF və BYİB 1944-cü ildə valyutaların əlaqələndirilməsi üzrə
ixtisaslaşdırılmış orqanlar kimi yaradılmışdır. Onların fəaliyyəti müəyyən
dərəcədə qarşılıqlı bağlıdır. BVF-də iştirak etmədən, DB-nin üzvü olmaq
mümkün deyil.
_____________________________________________________
Beynəlxalq Valyuta Fondu
Qarşısına qoyulan məqsədlərə uyğun olaraq, BVF ilkin dövrdə
beynəlxalq cari əməliyyatlar üzrə məhdudiyyətlərin aradan qaldırılması və
valyutaların dönərliyinin tətbiqi yolu ilə beynəlxalq ticarətin inkişafına
kömək etməli idi. Fond tədiyyə balansındakı kəsirin aradan qaldırılması və
valyuta məzənnələrinin sabitliyinin təmin olunması üçün maliyyə yardımı
göstərirdi.
1980-1990-cı illərdə BVF iri maliyyə mərkəzinə çevrildi. İqtisadi
inkişaf və təsərrüfatın strukturunun yenidən qurulmasının kreditləşdirilməsi
onun fəaliyyətində əsas yer tutmağa başladı. Bununla əlaqədar olaraq, BVF
kreditləri konkret iqtisadi proqramların həyata keçirilməsi üçün verirdi.
İqtisadi inkişaf proqramlarının maliyyələşdirilməsi onu praktiki olaraq
beynəlxalq banka çevirdi. İqtisadi proqramların həyata keçirilməsi və
valyutaların tənzimlənməsi üçün vəsaitlər müəyyən kvotalara uyğun olaraq
üzv ölkələrin ödədiyi haqlar və ssuda kapitallarının ayrı-ayrı bazarlarında
borcların alınması hesabına əldə edilir.
1980-ci illərin ikinci yarısından başlayaraq, BVF-in təsir obyektləri
qismində yalnız zəif inkişaf etmiş ölkələr çıxış edir. İnkişaf etmiş ölkələr
sonuncu onillik ərzində BVF-in kreditlərindən istifadə etməmişlər.