onun sağlamlıq durumunu ağırlaşdırmış və digər xəstəliklərə, xüsusən mütəmadi
pnevmoniyaya tutulma ehtimalını artırmışdır. Bir dəfə yüksək hərarəti olan ərizəçi
irinli pasiyentlərin saxlandığı xəstəxana kamerasına yerləşdirilmişdir. 1999-cu ildə o,
bronxo-pnevmoniya ilə xəstələnmiş, lakin yalnız on gün sonra müalicə almışdır. İndi
Məhkəmə, ərizəçinin bildirdiyi kimi, işin digər müvafiq halları ilə birlikdə
götürülməklə bu faktların “qeyri-insani və ya ləyaqəti alçaldan rəftar” hesab edilməsi
məsələsini araşdıracaqdır.
b) Şikayətin araşdırılması
90. Məhkəmə xatırladır ki, Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətin
ən əsas dəyərlərindən birini təsbit edir. O, qurbanın davranışından asılı olmayaraq,
işgəncəni, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı və ya cəzanı mütləq ifadələrlə
qadağan edir doğurur (bax: Labita İtaliyaya qarşı, 6 aprel 2000-ci il tarixli qərar,
Məhkəmə qərarları toplusu, 2000-IV, §119).
91. 90. Məhkəmə daha sonra xatırladır ki, onun presedent hüququna əsasən, pis
rəftarın 3-cü maddənin tətbiq dairəsinə düşməsi üçün o, minimal qəddarlıq
səviyyəsinə çatmalıdır. Bu minimumun qiymətləndirilməsi nisbidir; o, işin
hallarından, məsələn, rəftarın davam etdiyi müddətdən, onun fiziki və ruhi
təsirlərindən və bəzi hallarda qurbanın cinsindən, yaşından və sağlamlıq durumundan
asılıdır (digər qərarlar arasında bax: İrlandiya Birləşmiş Krallığa qarşı, 18 yanvar
1978-ci il tarixli qərar, A seriyaları, c. 25, s. 65, b. 162). Pis rəftarın məqsədi, yəni
konkret olaraq həmin rəftarın qurbanın alçaldılması və özünü aciz hiss etməsi
məqsədi daşıyıb-daşımaması də nəzərə alınmalı amildir, lakin bu cür məqsədin
olmaması hökmən o demək deyil ki, 3-cü maddənin pozuntusunun baş vermədiyi
barədə nəticə çıxarılacaqdır (bax: Pirs Yunanıstana qarşı, ərizə Nº 28524/95, 74-cü
bənd, AİHM 2001-III).
92. Müstəsna hallarda həbs olunmuş şəxsin səhhəti onun həbsdə saxlanmasına
qətiyyən imkan vermədikdə, 3-cü maddə belə şəxsin müəyyən şərtlərlə azadlığa
buraxılmasını tələb edə bilər (bax: Papon Fransaya qarşı (Nº 1) (ərizənin
qəbuledilənliyinə dair qərar), ərizə Nº 64666/01, CEDH 2001-VI; Pribke İtaliyaya
qarşı (ərizənin qəbuledilənliyinə dair qərar), ərizə Nº 48799/99, 5 aprel 2001).
Ərizəçinin səhhətinin onun həbsdə saxlanmasına imkan verib-verməməsi ilə bağlı üç
konkret element nəzərdən keçirilməlidir: a) həbsdə saxlanma yerinin tibbi şəraiti; b)
həbsdə saxlanma yerində göstərilən tibbi yardımın və qulluğun adekvatlığı; c)
ərizəçinin sağlamlıq durumu baxımından həbs tədbirinin qüvvədə saxlanmasının
məqsədəuyğunluğu (bax: Muisel Fransaya qarşı, ərizə Nº 67263/01, b. 40-42, AİHM
2002-IX).
93. Lakin 3-cü maddə həbsdə saxlanılan şəxsləri sağlamlıq durumu səbəblərinə
görə azad etməkdən ibarət ümumi öhdəlik müəyyən edən maddə kimi şərh oluna
bilməz. Əslində, o, dövlətin üzərinə azadlıqdan məhrum edilmiş şəxslərin fiziki
sağlamlığını qorumaq öhdəliyini qoyur. Məhkəmə razılaşır ki, həbsxana
xəstəxanalarındakı tibbi yardım heç də həmişə əhali üçün nəzərdə tutulan ən yaxşı
tibb müəssisələri ilə eyni səviyyədə ola bilməz. Bununla belə, dövlət həbsdə
saxlanılan şəxslərin sağlamlığının və rifahının lazımi qaydada qorunmasını təmin
etməli və digər məsələlərə yanaşı, onları zəruri tibbi yardımla təmin etməlidir (bax:
Kudlya Polşaya qarşı [GC], ərizə Nº 30210/96, b. 94 AİHM 2000-IX; həmçinin bax:
Hurtado İsveşçrəyə qarşı, 28 yanvar 1994-cü il tarixli qərar, A seriyaları, c. 280-A,
Komissiyanın rəyi, s. 15-16, b. 79; Kalaşnikov Rusiyaya qarşı, ərizə Nº 47095/99, b.
95 və 100, AİHM 2002-VI). Yuxarıda adı çəkilən Farbtusun işində Məhkəmə qeyd
etmişdir ki, dövlət orqanları ciddi xəstəliyi olan şəxsi həbsxanaya salmağı və orada
saxlamağı qərara almışlarsa, onun əlilliyindən irəli gələn xüsusi ehtiyaclarına cavab
verən həbsxana şəraitinin təmin olunmasına xüsusi diqqət göstərməlidirlər (b. 56).
94. Hazırkı işə gəldikdə, Məhkəmə xatırladır ki, müxtəlif tibbi mənbələrdən
alınan sübutlar təsdiq edir ki, ərizəçinin mütəmadi tibbi qulluq tələb edən bir neçə
ciddi xəstəliyi olub. Lakin prinsipcə ərizəçinin xəstəliklərinin onun həbsdə
saxlanmasına imkan vermədiyini düşünməyə heç bir əsas yoxdur. Həbsdə saxlanma
yerində tibb bölməsi olub, ərizəçi bir neçə dəfə oraya yerləşdirilib və güman etmək
olar ki, onun xəstəlikləri həmin bölmədəki şərait çərçivəsində müalicə oluna bilərdi.
95. Eyni zamanda, Məhkəmə ərizəçiyə zəruri tibbi yardım göstərilmədiyi barədə
gəldiyi nəticəni qeyd edir. Hətta həbsxana xəstəxanasında olduğu müddətdə ərizəçi
oradakı tibbi şəraitin doğurduğu fiziki nəticələrdən açıq-aydın əziyyət çəkirdi. Həmin
şəraitin doğurduğu ruhi nəticələrə gəldikdə, yəqin ki, ərizəçi bilirdi ki, o, istənilən
anda çox ciddi nəticələrə səbəb ola bilən ağır vəziyyətə düşə və təxirəsalınmaz tibbi
yardıma ehtiyac duya bilər və bu zaman ona heç bir ixtisaslı yardım göstərilməyəcək
(yuxarıda 29-cu bəndə və ondan sonrakı bəndlərə bax). Həbsxana mərkəzinin
müvafiq orqanları nəinki ərizəçinin müvafiq tibbi yardım almasına imkan verməmiş,
hətta onun digər mənbələrdən həmin yardımı almasına da imkan yaratmamışlar
(yuxarıda 27-ci bəndə bax). Bu, yəqin ki, onun ciddi həyəcan keçirməsinə səbəb
olmuşdur.
96. Üstəlik, ərizəçi HİV daşıyıcısı idi və ciddi ruhi çatışmazlıqdan əziyyət
çəkirdi. Bu, həbsdə olduğu müddətdə ondakı istənilən xəstəliklə bağlı riskləri artırır
və onun bu məsələ ilə bağlı qorxularını gücləndirirdi. Belə vəziyyətdə vaxtında və
ixtisaslı tibbi yardımın göstərilməməsi, habelə onun sağlamlıq durumunun müstəqil
tibbi müayinədən keçirilməsinə müvafiq orqanların icazə verməməsi onda elə güclü
köməksizlik hissi yaratmışdı ki, ərizəçidə bu hissin yaranmasına və onun fiziki
iztirablarına səbəb olmuş rəftar 3-cü maddədə nəzərdə tutulmuş ləyaqəti alçaldan
rəftar sayıla bilər.
97. Müvafiq surətdə, bu məsələ ilə bağlı Konvensiyanın 3-cü maddəsi
pozulmuşdur.
2. Həbsdə saxlanma yerindəki ümumi şərait
98. Moskvadakı 48/1 saylı həbsdə saxlanma yerindəki və orada olan xəstəxana
bölməsindəki ümumi şəraitlə bağlı ərizəçinin şikayətinə gəldikdə, Məhkəmə hesab
edir ki, orada lazımi tibbi yardımın olmaması barədə 3-cü maddə çərçivəsində
Məhkəmənin gəldiyi nəticələri nəzərə alaraq, həbsdə saxlanma yerindəki ümumi
şəraitlə bağlı şikayəti araşdırmağa ehtiyac yoxdur.
III. KONVENSİYANIN 5-ci MADDƏSİNİN 3-cü BƏNDİNİN İDDİA
EDİLƏN POZUNTUSU
99. Ərizəçi şikayət etdi ki, onun barəsindəki həbs qətimkan tədbirinin müddəti
ağlabatan müddət həddini aşıb və əsassız olub. O, bu məsələ ilə bağlı Konvensiyanın
5-ci maddəsinin 3-cü bəndinə istinad etdi, həmin bənddə deyilir:
“Bu maddənin 1-ci bəndinin “c” yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə
alınmış hər kəs ... ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə
qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəməyə gəlmə təminatlarının
təqdim edilməsi ilə şərtləndirilə bilər”.