1
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTUTU
Əlyazması hüququnda
İLHAMƏ CƏLAL qızı QƏSƏBOVA
XX ƏSR QAZAX AŞIQ MÜHİTİ
5719.01 – Folklorşünaslıq
Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi
almaq üçün təqdim edilmiş dissertasiyanın
A V T O R E F E R A T I
Bakı – 2014
2
Dissertasiya Azərbaycan Milli Elmlər Akademiyası
Folklor İnstitutunun “Aşıq yaradıcılığı” şöbəsində
yerinə yetirilmişdir.
Elmi rəhbər: Cəlal Mirzağa oğlu Məmmədov
filologiya üzrə elmlər doktoru
Rəsmi opponentlər: Seyfəddin Gülverdi oğlu Rzayev
filologiya üzrə elmlər doktoru, dosent
Rüstəm Kamal oğlu Rəsulov
filologiya üzrə fəlsəfə doktoru, dosent
Aparıcı müəssisə: Bakı Dövlət Universitetinin “Azərbaycan
şifahi xalq ədəbiyyatı” kafedrası
Müdafiə “___” ________ 2014-cü il saat “__”_-da
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun nəzdində
fəaliyyət göstərən FD.01.201 Dissertasiya Şurasının iclasında
keçiriləcəkdir.
Ünvan: AZ 1001,
Bakı şəhəri, 8-ci Kiçik Qala döngəsi, 31,
AMEA Folklor İnstitutu.
Dissertasiya ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tanış
olmaq mümkündür.
Avtoreferat “___” __________ 2014-cü ildə göndərilmişdir.
Dissertasiya Şurasının elmi katibi,
filologiya üzrə fəlsəfə doktoru,
dosent:
Afaq Xürrəm qızı Ramazanova
3
TƏDQİQATIN ÜMUMİ SƏCİYYƏSİ
Mövzunun aktuallığı. Dünyanın ən unikal poetik sənət hadi-
sələrindən olan aşıq sənəti 28 sentyabr – 2 oktyabr 2009-cu il
tarixində Qeyri-maddi mədəni irsin qorunması Komitəsinin 4-cü
sessiyasının yekun qərarına əsasən YUNESKO-nun Qeyri-maddi
mədəni irs siyahısına daxil edilmişdir. Bu qərarla Azərbaycan aşıq
sənətinin mədəni irsin ən qədim nümunələrindən biri olduğu beynəl-
xalq səviyyədə bir daha təsdiqlənmişdir. Aşıq sənəti sinkretizmi ilə
sənətkarlığın ən bariz göstəricisi sayılır. Özündə söz, musiqi və
hərəkəti harmonik şəkildə birləşdirən aşıq sənəti çoxəsrlik tarixə,
əsrlərlə cilalanıb təkmilləşən zəngin ənənəyə malikdir. Əsrlər
keçdikcə nəsildən-nəslə ötürülərək bu günümüzə gəlib çıxan aşıq
sənəti xalqın ruhunu, zövqünü oxşayır, dövrün ictimai-siyasi ab-
havasını özündə əks etdirir.
Təbii ki, aşıq sənətinin qorunması, gələcək nəsillərə ötürülməsi
bu sənətin araşdırılmasını hər zaman aktual edir və son zamanlar aşıq
sənəti ilə bağlı araşdırmaların artması da bununla əlaqədardır. Aşıq
ədəbiyyatı xalqın həyatı ilə sıx bağlı olduğundan hər dövrdə
zənginləşmiş, kamil sənət əsəri olmuş və bu günə qədər müxtəlif
mərhələlər keçirmişdir. Şifahi mədəniyyət hadisəsi kimi aşıq sənəti
xalqımızın milli duyum və düşüncə tərzini, saz (musiqi) və söz
birliyini özündə yaşadan, klassik ənənəyə bağlı yaşam fəlsəfəsidir.
Aşıq ədəbiyyatını öyrənmək və onun çoxsahəli fəaliyyətini, zəngin
repertuarını aşkarlamağın əsas yolu bu sənətin regional-mədəni və
sosial mühit özünəməxsusluqlarına xüsusi diqqət yetirmək olduqca
aktual məsələdir. Ona görə də Azərbaycan aşıq yaradıcılığının zəngin
bir qolunu təşkil edən Qazax aşıq sənətinin öyrənilməsi folklorun və
əsasən də aşıq ədəbiyyatının tamlığını ortaya çıxarmaqda özünəməx-
sus rol oynayacaqdır.
Aşıqların yaradıcılığının regional və lokal kontekstlərdə
öyrənilməsi folklorşünaslığın aktual problemləri sırasına daxildir.
Regional və lokal mühit, ayrı-ayrı sənətkarların yaradıcılıqlarının
fərdi şəkildə tədqiqi bütövlükdə mədəni sistemin mükəmməl
öyrənilməsi üçün zəruridir.
Özünəməxsus ənənəsi, yaradıcılıq çalarları, tarixi inkişaf yolu
olan Qazax aşıq mühiti həm coğrafi, həm də etnik-mədəni substratı
baxımından Azərbaycan aşıq sənətində vacib qollardan biri olduğu
üçün öyrənilməsi də əhəmiyyətlidir. Azərbaycan aşıq sənətinin
4
inkişafını şərtləndirən amillərdən biri kimi Qazax aşıq mühiti zəngin
sənət ənənələrini nəsildən-nəslə ötürərək öz aktuallığını müasir dövrə
qədər gətirib çıxarmışdır. Məhz bunun nəticəsidir ki, Qazax aşıq
mühitində yaradıcılıqları, ideya-estetik, sənətkarlıq xüsusiyyətləri ilə
bir-birindən fərqlənən ustad aşıqlar və el şairləri yetişmişdir. Bir sıra
səciyyəvi xüsusiyyətləri ilə seçilən Qazax aşıq mühitinin və bu
mühitin görkəmli sənətkarlarının, ustad aşıqlarının yaradıcılığının
öyrənilməsi həm folklorun, həm də konkret olaraq aşıq ədəbiyyatının
daha dolğun elmi mənzərəsini yaratmaq üçün vacibdir.
Dissertasiyanın obyekti və predmeti. Tədqiqat işinin obyekti
Qazax aşıq mühiti və XX yüzildə Qazax aşıqlarının poetik yaradıcılıq
qoludur. Dissertasiyanın əsas predmeti indiyə qədər monoqrafik
planda araşdırılmayan Qazax aşıq mühitinin tarixi inkişaf baxımın-
dan formalaşan özünəməxsus repertuarı, ustad-şagird münasibəti,
sənətkarlıq məsələləri, Qazax aşıqlarının mövzu dairəsi, janr spesifi-
kası və bütün bunların filoloji yöndən öyrənilməsidir. Bununla bəra-
bər, Qazax aşıqlarının ifaçılıq yolu, ənənəvi sənət formalarının yaşa-
dılması, bir sözlə, Qazax aşıq mühitinin fərqliliklərini, özünəməxsus-
luqlarını tədqiq etmək də işin predmetini təşkil edir. Qazax aşıqları-
nın sənətkarlıq xüsusiyyətləri, Göyçə və Borçalı aşıq mühitinin sənət
əlaqələri, mövzu-janr xüsusiyyətləri və ustad aşıqların dastan
yaradıcılığının poetik xüsusiyyətləri də tədqiqat işinin predmetini
təşkil edir.
İşin məqsəd və vəzifələri. Tədqiqat işində əsas məqsəd XX
əsr Qazax aşıq mühitinin formalaşma və inkişaf yolunu öyrənməklə,
Qazax aşıqlarının və el şairlərinin yaradıcılığının səciyyəvi
cəhətlərini müəyyənləşdirməklə konkret olaraq ustad aşıqların və el
şairlərinin simasında Qazax aşıq mühitinin özünəməxsusluğunu
aşkarlamaq, onun ədəbi-estetik məzmununu, funksiyasını və elmi-
nəzəri dəyərini müəyyənləşdirməklə XX əsr Azərbaycan aşıq
sənətinin inkişafında rolunu üzə çıxarmaqdır. Dissertasiyada qarşıya
qoyulan əsas məqsədə çatmaq üçün aşağıdakı konkret vəzifələrin
yerinə yetirilməsi nəzərdə tutulmuşdur:
– aşıq mühiti kontekstində Qazax aşıqları və el şairlərinin
özünəməxsusluğunu müəyyənləşdirməklə onların fərdi xüsusiyyətləri
üzərində durmaq;
– Qazax aşıqlarının Gəncəbasar aşıq mühitinin təşəkkülündə
rolunu müəyyənləşdirmək və Qazax aşıq mühitinin formalaşmasını
göstərmək;