© AMEA Hüseyn Cavidin Ev Muzeyi- www.huseyncavid.com
Ekspozisiyanın ilk otağında daxil olan kimi sağ divarda xalçaçı-rəssam Afaq
Kərimovanın yaratdığı Cavid xalçası asılmışdır (1993).
Bu xalçanın yuxarı hissəsində Cavidin portreti işlənib. İkinci hissə saçaqlarla
birincidən ayrılmış və bu bölümdə Cavid aləmi ilə bağlı müəyyən elementlər,
şairin sevdiyi qızılgüllər, ayrılıq rəmzi bənövşə əks edilmişdir. Xalça üzərində
Cavidin 1939-cu ildə Sibirdən göndərdiyi ilk məktubundan bir cümlə yazılıb:
“Turandan muğayat olun”.
Aparıcı mətni:
Cavid 1939-cu ildə Sibirdən yolladığı ilk məktubunda “Turandan muğayat
olun” yazmışdı. Tale elə gətirdi ki, Cavidlərin hamısından, onların nigaran
xatirələrindən muğayat olmaq yükünü bütün ömrü boyu zərif çiyinlərində evin
sonbeşiyi Turan Cavid daşıyası oldu. O, Cavidin, qardaşı Ərtoğrolun əsərlərini,
əzizləri ilə bağlı hər bir yadigarı göz bəbəyi kimi hifz edərək bu günə çatdırdı,
onillərlə sürən arzulardan, ümidlərdən sonra yenidən burda – öz evlərində topladı
və siz bu gün burada Cavidlər ömrünə doğruçu bir səyahətə çıxa bildiniz, bu ilk
növbədə Turan Cavidin – ləyaqətli övladın, dəyanətli, dözümlü, mərd insanın
xidmətidir...
Xalçanın ətrafında H.Cavidin müxtəlif illərdə müəllimlərinə, həmkarlarına və
xanımına göndərdiyi məktublardan fraqmentlər nümayiş olunur:
Ekspozisiyanın ilk otağında bir-birindən sütun-divarlarla ayrılan 3 şəbəkəli
bölümün hər birində heykəltaraşlıq nümunələri yerləşir:
1. Orta Hüseyn Cavidin məqbərəsindəki mərmər heykəlin natural ölçüdə
gipsdən olan variantı (Müəllif Ö.Eldarov). Bu heykəlin üst hissəsində H.Cavidin
“Azər” poemasından misralar yazılıb:
“Bir əlim iştə su, atəş bir əlim.
Çarpacaq qəlbim, əgər sussa dilim.”
2. Sağda Hüseyn Cavidin qızı Turan Cavidin mərmərdən büstü. (Müəllif
Ö.Eldarov). Büstün üst hissəsində “Şeyx Sənan” əsərindən misralar yazılıb:
“Bəni öldürsələr də, bən yaşarım,
Tərk edib xəlqi, xaliqə qoşarım.”
Büstün sol tərəfindəki sütunda A.Kərimovanın “Alın yazısı” adlı əsəri təqdim
olunur (2001- ci il. Texnika-qələmkar).
Aparıcı mətn:
Fəlsəfi məna daşıyan bu əsərdə fonda H.Cavidin obrazı canlandırılmışdır. Bu,
şairin ümumbəşəri mahiyyət daşımasına bir işarədir. Mərkəzdə Mişkinaz xanım,
Ərtoğrol və Turanın 1936-cı il yaşlarına uyğun obrazları verilmişdir. Ön planda isə
Turan Cavidin müasir yaş dövründə olan təsviri əks olunub. Bu özü də simvolik
məna kəsb edir. Çünki Cavid irsinin yaşaması və gələcək nəsillərə çatdırılmasında
onun xidmətləri əvəzsizdir.
“Alın yazısı”nın altında bu misralar yazılıb:
“Cavidlərin “sonuncu moqikani” olan Turan Cavid bütün ömrünü Cavidlərin
doğrudan da Cavid, yəni əbədi olduğunu sübut etməyə sərf etdi və bu işin
öhdəsindən uğurla gəldi”.
© AMEA Hüseyn Cavidin Ev Muzeyi- www.huseyncavid.com
Həmin sütunun qarşısında vitrin qoyulmuşdur. Vitrində H.Cavidin əsərlərinin
Sovet dönəmində çap olunmuş kitabları qoyulmuşdur. Həmin kitablarda Turan
xanım düzəlişlər etmişdir.
3. Solda Ərtoğrol Cavidin mərmərdən büstü. (Müəllif Ö.Eldarov). Heykəlin
üst hissəsində H.Cavidin “Qadın” şerindən misralar yazılıb:
“Kimsədən gözləmə yardım əsla
Yalnız kəndinə kəndin ağla”!
Büstün sol tərəfindəki sütunda H.Cavidin xatirəsini əbədiləşdirən Heydər
Əliyevin portreti asılıb. Fonda H.Cavidin Naxçıvandakı məqbərəsi ucalır.
1937-ci ilin 4 iyun gecəsində sovet cəza orqanları tərəfindən bu evdən dustaq
edilib aparılan, bir müddət sonra Sibirə sürgün edilən, ailəsi də bu mənzildən
çıxarılan Cavid bir də Vətənə, evinə 45 il sonra qayıda bildi.
Bu qeyri-adi qayıdışın səbəbkarı və dünyadan 59 yaşında köçmüş şairin
ölümündən 59 il sonra bu otaqlarda onun xatirə muzeyinin açılmasının səbəbkarı
Azərbaycan dövlətinin rəhbəri, Cavidin mənəvi övladı Heydər Əliyev oldu.
Portretin altında “Peyğəmbər” pyesindən misralar yazılıb:
“Kəssə hər kim tökülən qan izini
Qurtaran dahi odur yer üzünü”
Aparıcı mətn:
XX yüzil Azərbaycan ədəbiyyatının ən görkəmli simalarından olan böyük
şair, dramaturq, filosof Hüseyn Cavid Rasizadə 1920-ci ildən 1937-ci ilədək həyat
yoldaşı Mişkinaz xanım, oğlu Ərtoğrol və qızı Turanla bu mənzildə yaşamışdır.
20-ci illərdə, əvvəlcə “Darülmüəllimin” adlandırılan pedaqoji texnikumun
yerləşdiyi bu binada müəllimlik edən Cavidə 3-cü qatda – indi muzey olan bu
mərtəbədə mənzil verilmişdi. Bu bina Cavidin həm iş yeri, həm evi idi. Və Cavid
bütün ömrü boyu işinə - bəxtinə yazılmış şairlik peşəsinə evi və ailəsi qədər
namusla, məhəbbətlə yanaşdı; Evinə, ailəsinə - qələmə, sözə, şerə bəslədiyi qədər
sədaqət, nəvaziş, sayğı göstərdi.
Müdiriyyətin qapısının sağ tərəfindəki divarda Naxçıvandakı Cavid türbəsinin
açılışını əks etdirən fotoşəkillər (Heydər Əliyev, Turan Cavid və başqaları) həmin
tədbirin açılış lenti yer alır.
Yuxarıda gələcəyi görən Cavidin, həyatının bütün macəralarını irəlicədən
duyaraq yaradıcılığında əks etdirmiş Cavidin sanki türbəsi önündə dayanmış öz
böyük xeyirxahına yönəlmiş sözləri yazılıb:
Tutduğun yol böyük... Sən el rəhbərisin.
Bütün səslərdən üstündür sənin səsin.
Bağır, hayqır, can ver ıssız bucaqlara,
Bilgi nuru yağdır sönmüş ocaqlara.
... Çalış bütün boşluqlar əzminlə dolsun,
Hər bataqlıq çiçəkli bir cənnət olsun.
(“Azər” poeması)