61
İndi bildim naşı idim
Bəxt məni çox sevindirdi,
məni sevinclə dindirdi.
Xoş günümdən xumar oldum,
sığal oldum, tumar oldum!
Fəqət ömrü çox az oldu
bu günlərin!
Xərcləməyə yerini də
heç bilmədim sevinclərin.
İndi bildim naşı idim,
Bu nəşəni mən görmədim,
Tanrı mənə var vermişdi,
İsti yayda qar vermişdi.
Qış ayında ağaclarım
bar vermişdi!
Heyif! Heyif!..
Mən kal idim,
Özümə bir sual idim!
Anlamadım,
duyammadım
Bu nəşəni, bu sevinci!
Deyirəm ki, indi, könül,
Özündən küs,
sən özündən inci,
inci!
1995
Soruşmaq istəsən...
Soruşmaq istəsən kimdir bu Mövlud?!
Oxucum, sən oxu kitablarımı.
Onda sən hər şeydən agah olarsan
Görərsən çəkdiyim əzablarımı!
Görərsən cavankən töküldü saçım,
Görərsən alnım da qırış-qırışdır.
Görərsən nə qədər dərdi-sərim var,
Oğulsan sevinclə məni barışdır!
Həmişə həmdəmim kədər olubdur,
Məndən sevinc qaçıb, nəşə vaz keçib.
Boranlı, sazaqlı, qarlı günümdən
Nə bahar ötüşüb, nə də yaz keçib!
62
Görərsən taleyim odla oynayıb,
Qismətim ovsarlı yollardan ötüb.
Xəzan soldurubdur bağça-bağımı,
Nə gülüm göyərib, çiçəyim bitib!
Beləcə sovuşub ayım, hər ilim,
Möhnət asılıbdır çiyinlərimdən.
Göyümdən Günəş yox, kədər doğubdur,
Vulkan püskürübdür hətta yerimdən!
Görərsən bəxtimin bəxti yatıbdır,
İşim də dəmirdən, daşdan keçibdir.
Bəlkə də bəxtimə bu “get-gəl”ləri
Tale ayırıbdır, tale seçibdir!
Belə ömür olar, belə gün olar?
Özüm də özümə sual verirəm.
Köksümü ötürüb, deyirəm ki, mən
Daha olan olub, nə kədər, nə qəm!?
Soruşmaq istəsən kimdir bu Mövlud?
Oxucum, sən oxu kitablarımı.
Onda sən hər şeydən agah olarsan
Görərsən çəkdiyim əzablarımı!
1996
Yaxşı adam çox azdı
Gəz dünyanı, gəz ərzi,
Yaxşı adam çox azdı.
Sən dost bilmə hər kəsi,
Yaxşı adam çox azdı!
Yaman artıb, çoxalıb,
Özün dartıb, çoxalıb.
Mərdi satıb, çoxalıb,
Yaxşı adam çox azdı!
Uyma fitnə-fəsada,
Qəlbi vermə hər yada.
Yanda durur doğma da,
Yaxşı adam çox azdı!
63
Gülü tikan sanırlar,
Otu saman sanırlar.
Dinci yaman sanırlar,
Yaxşı adam çox azdı!
Mövlud Teymur çox dedi,
Pis gözünə ox dedi.
Yamanları yıx dedi,
Yaxşı adam çox azdı!
1978
Narahat insana
Niyə narahatsan, niyə narahat,
Niyə bu dünyada olmadın rahat?!
Niyə azalmadı dərdin, azarın,
Niyə gül açmadı yazın, baharın?!
Baxıb görkəminə, baxıb halına,
Mən də qəm şələsi aldım dalıma!
Sənin dərdlərinin həmdəmi oldum,
Kədəri, qüssəsi, ələmi oldum!
Gördüm dərdlərinin yükü ağırdı,
Gördüm həyat yolun sehir, nağıldı.
Nağıllar içində Məlikməmmədsən,
İgidsən, qoçaqsan, sən bir comərdsən!..
1986
Uşaqlıq dostum Bədrəddin Sadıqova
Uşaqlıqda, Bədrəddin,
Aşardıq biz sərhəddin
Böyük Sığnağın, Bəndin!
Çayqoşana çatardıq,
Başımızı qatardıq!
Xizəyimiz var idi,
Dörd yanımız qar idi.
Bizə yadigar idi
Qış ayı, sazaq ayı,
Sürüşkən buzlaq ayı!
64
Nə dərə, dağ bilərdik,
Nə az, nə çox bilərdik.
Nə bir doymaq bilərdik,
Qayıdardıq gec evə,
Tuş gələrdik hədəfə!
Anamız suçlayardı,
Atamız danlayardı.
“Al, gəldi!” – başlayardı, -
Kötək, kötək dalınca,
Qoyardıq baş balınca!..
Getdi o səslər, ünlər,
Xatirə bizi dinlər.
Hanı toylar, düyünlər,
Nə şirinmiş o günlər,
Nə şirinmiş o günlər!
1997
Həyatın mənası
Hörmətli dolanmaq, mehriban olmaq,
Həyatın ən gözəl nəşidəsidir.
Babalar düz deyib: iftira, yalan,
Ürəyin pasıdır, duman, sisidir.
Həyatın mənası – yalnız yanmaqda,
Vətən qarşısında imtahandadır.
Ömrün qızıl gerbi, qızıl bayrağı,
Həyatı dərindən anlayandadır.
Həyatın mənası parlaq ömürdə,
Şərəfli ad-sanda əks olunur da...
Odur ki, Nizami, Nəsimi, Vurğun,
Əbədi cahanda əks olunur da!..
Həyat həqiqəti, düzlüyü, safı,
Təmiz ürəkləri sevir həmişə.
Onunçün yaxşılar, düzlər, təmizlər,
Bizdə oxşadılır qızıl Günəşə!
1974
65
Hikmət bacısı
Sağlamlığın keşiyində dayanan
Şəlalə xanım Abbasovaya
Şəlalə xanım da şəlalə kimi,
Ağ, büllur işiylə qəlblərə axdı.
Çağladı, kükrədi, qaynadı, daşdı,
Şirin duyğulara, təblərə axdı!
Yorulmaq bilmədi həkim bacımız,
Haqq-nahaq bilmədi həkim bacımız.
Nədir dərdin, - dedi həkim bacımız,
Hamıya eyni bir göz ilə baxdı!
Ona dərman verdi, buna təb verdi,
Üstəlik güc, vüqar, dözüm, tab verdi.
Saxla lazım olar bir zaman dedi,
Bədnam qonşuları yandırdı, yaxdı!
Onun timsalında Həcəri gördüm,
İşıqlı sabahı, səhəri gördüm.
Bizə yaxınlaşan zəfəri gördüm,
Gördüm dalğalanan üçrəng bayraqdı!
Qüdrət bacısıdı Şəlalə xanım,
Vüsət bacısıdı Şəlalə xanım.
Hikmət bacısıdı Şəlalə xanım,
Hər zaman keşikdə sərvaxt, oyaqdı!
Öz xidmət borcunu – həkim borcunu,
Ucaldır, qaldırır şöhrət tacını.
Axtarır hər dərdin o, əlacını,
Hər zaman ellərə arxa, dayaqdı!
1998
İlham Hacıyev haqqında iki bayatı
( Anasının dilindən )
Əziziyəm dağ başı,
Çən-dumandı dag başı.
Divan tutdu bir gəncə
Çox yamandı dag başı!
Dostları ilə paylaş: |