Mövzu 2.
AZƏRBAYCAN QADINI İLKİN ORTA ƏSRLƏR
DÖVRÜNDƏ (III – VIII ƏSRLƏR)
Məşğələnin planı
Qadın Bibliyada, ilkin xristian ənənəsində (Novıy Zavet). Qadın ilkin Orta əsrlər
dövründə Qərb dünyasında. Albaniyada xristianlığın yaranması. İlkin xristian dininin
yayıcıları-şəhidləri: Gürcüstanda – Nino, Ermənistanda – Qayane və Ripsime,
Albaniyada – Taquhi.
Albaniyanın ilk hüquqi sənədində ailə-nikah münasibətləri. Alban cəmiyyətində
qadının rolu. Albaniyanı pravoslav etmək cəhdi – xalkidonitçilik.
Şirin – fars çarı Xosrovun arvadı; onun xristianlığa meyilliliyi.
Qadın islam ənənələrində. İslam dünyasında müsəlman qadınının vəziyyəti barədə
elmdə mövcud olan fikrin yanlışlığı.
Quran: islam dünyasında qadının sosial-hüquqi statusu; kəbin müqaviləsinin
bağlanma qaydası; Qurana əsasən qadın üçün qoyulmuş qadağalar.
Müsəlman qadınları elmdə.
Qadın tarixi bəşəriyyətin yalnız yarısına deyil, ona bütövlükdə aiddir. Bəlkə də
bəşəriyyətin bir yarısının tarixini digəri ilə, onların hər birini isə «bütövlükdə tarixlə»
uzlaşdırmaq cəhdindəki ən vacib dönüş qadınlara bir sosial qrup olaraq yanaşma
sayəsində baş verdi. Müvafiq olaraq kişilər də müəyyən qender qrupu kimi qəbul
edilməyə başladı. Bu isə o deməkdir ki, ümumi tarix həm də qender tarixi kimi, yəni
qarşılıqlı qender təsiri tarixi olaraq araşdırılmalıdır.
Hər hansı dövrün tarixinin öz aktual siyasi aspekti mövcuddur. Hələ ki qadın bu
yaxud digər dövrün «tarix kölgəsində» qalır, biz onun verdiyi dərslər əsasında
öyrənmək, onun barəsində mühakimə yürütmək, həmçinin bu və ya başqa tarixi
mərhələdə qender münasibətlərinin səbəb-nəticə əlaqəsini aşkar etmək imkanından
məhrumuq.
Qadının cəmiyyətdəki vəziyyətini və ilkin feodal münasibətlərinin təşəkkül tapdığı
III-VIII əsr Albaniyasında, tarixi Azərbaycanda ilkin feodal dövlətinin yarandığı dövrdə
qadın müstəqilliyi ənənəsinin necə aşkar olunmasına nəzər salaq.
Qadının cəmiyyətdəki sosial vəziyyəti dövlətin ideologiyasından - dinindən köklü
dərəcədə asılıdır. Tarixi Azərbaycan da, Qafqaz kimi, dini sistemlərin – konfessiyaların
(zərdüştlük, iudaizm, xristianlıq və nəhayət islam) mərkəzi idi. Bütün bunlar qadının
vəziyyətində də öz əksini tapırdı.
Əvvəlki mühazirəmizdə qeyd olunduğu kimi, bütpərəstlik dövründə, ellinizm
dövründə həyatın, cəmiyyətin bütün sahələri qadın üçün açıq idi. Bir çox xalqların sitayiş
etdiyi və müxtəlif cür adlandırdığı – Artemida, Astarta, Mitra, Anait və s. – Venera
fahişəliyin dini, məbəd formasını işıqlandırırdı və tezliklə aradan götürüldü. İlahənin
şərəfinə ucaldılan məbədlərdə abırsız orgiyalar keçirilirdi. Ən çox bu kult Kiçik Asiya
xalqları arasında yayılmışdı və xüsusən də məbədin xeyrinə qadın bakirliyinin
yadellilərə satışı adəti Ermənistanda özünə yer almışdı. Ermənistanın Anaitis
məbədində özlərini ona sitayişə həsr edən gənc qızlar xidmət edirdi. Məbədi ziyarət
edən yadelliləri müəyyən mükafat əvəzində erməni qız və qadınlarının nəvazişi
gözləyirdi. Strabon xəbər verir ki, ilahəyə xoş gəlmək üçün yaşına görə, sosial
statusuna görə uyğun gələnləri seçməyə çalışırdılar. Təsvirə gəlməyən pozğunluqların
baş verdiyi «xeyirxah ilahə»yə həsr olunmuş şənliklərə kahinlər özləri başçılıq edirdi.
Albaniyaya gəldikdə isə burada məbəd fahişəliyi haqda birbaşa yaxud dolayı
məlumat yoxdur; amma Anaitin fars kultu barədə məlumat var və torevtikada onun
təsviri saxlanmışdır.
I əsrdə Şərqdə yeni xristian dini yaranmağa başladı və ilk növbədə qadınların
qəlbinə yol tapdı; əlbəttə, onu təbliğ edənlər yeni dini yaymaq üçün qadınların ona
meylinin nə qədər böyük əhəmiyyətə malik olduğunu düşünə belə bilməzdilər. Aşağı
təbəqədən olan qadınlar həm iudaizmi, həm də xristianlığı qəbul edirdi, çünki hər iki din
əziyyət çəkənləri zülmdən, ümidsizlikdən və ruh düşkünlüyündən azad etməyi vəd edir,
onlarda messiyanın gələcəyinə ümid təlqin edirdi. Roma imperiyasında xristianları hələ
bir neçə əsr də (314-cü ilə kimi) bir çox yəhudi sektalarından biri hesab edir və başqaları
ilə yanaşı onu da təqib edirdilər.
Məlum olduğu kimi, birinci əsrdə xristianlıq hamıdan qabaq cəmiyyətin ən aşağı
təbəqələrində özünə yer aldı. Öz ərlərini xristian edə bilməyən ilk xristian qadınlar evini,
ailəsini atıb gedir və İisusun sözü ilə «göylər səltənətinə çatmaq üçün onun ardınca yola
çıxırdılar».
İisus və onun şagirdlərinin – apostolların qadına münasibətinə nəzər salaq.
Bibliyadan məlum olduğu kimi, İisus Nazaretdə – müxtəlif etnosların (yunanlar,
siriyalılar, finikiyalılar, xanaanlar, ən çox isə yəhudilər) yaşadığı kiçik bir kənddə,
«balaca bir yerdə» böyümüşdü.
Bütün xüsusiyyətlərinə görə İisus kənd adamı idi və buna görə də öz moizələrində
yoxsullara, səfillərə, cəmiyyətdəki məzlumlara müraciət edirdi. Onun ardıcılları öz
mülkiyyətini satmışdı. Ona sitayiş edənlərin əksəriyyətinin bir ürəyi və bir qəlbi vardı –
və onların heç biri mülkiyyətini özününkü adlandırmırdı, hər şeyləri ümumi idi (Deyan.
4,32). Onun düşmənləri - «dəvənin iynə deşiyinə kimi» göylər səltənətinə girə bilməyən
varlılar idi.
Qadınların ictimai vəziyyətini yaxşılaşdırmaq vacibliyini nəzərə çarpdırmaq üçün
İisus cəmiyyətin imtina etdiyi insanlara və cır-cındır içində olanlara müraciət edirdi.
Mömin bir insanın – İisusun Samariyada pis əxlaqlı qadınla quyu yanında
açıqcasına söhbət etməsi hətta onun şagirdlərini belə pərt etmişdi; həmin qadın yeddi
kişi ilə azad sevgidə yaşayırdı. İisus heç zaman «Həvvanın qızlarının» günah
işlətməsini yada salmamış, pis yola düşən qadını qorxuducu nümunə kimi heç zaman
misal çəkməmişdi. Əksinə, o deyirdi: «O şəxsin günahları bağışlanır ki, çoxlarını
sevmiş» (Luka, 7,47), amma əvf olunmasını rica etmişdir».
Bir dəfə «pis iş üstündə yaxalanmış» qadını bir yığın adam daşa basmağa
hazırlaşırdı. İisus onu öldürmək istəyən kişilərə müraciət etdi: «Sizlərdən kim
günahsızdırsa, qoy ona birinci daşı atsın» (İoann, 8,7). Doğrudan da, kim idi günahı
olmayan? Onda insanlar aralandı. Boşanmanı isə İisus qadının günahının olub-
olmamasından asılı olmayaraq rədd edirdi, çünki «allahın birləşdirdiyini insan ayıra
bilməz» (Mark, 10,9). Deməli, yeni kəbin kəsdirən kişi yaxud qadın zina edir. Birinci
evangelist Mark bu haqda aydın söyləyir: «Əgər qadın öz ərindən ayrılsa və başqasına
getsə, (o) zina edir» (Mark, 10,12). İisusun dövründə qadın nisbətən azad idi, o özü
boşanmaya nail ola bilərdi. Lakin İisus buna qarşı çıxaraq hesab edirdi ki, nikah iki
«mən»dən bir yaratmaq cəhdidir və bu – Yaradanın əmridir; onu pozmaq olmaz.
Şagirdləri ilə birlikdə bir çox qadınlar da, əsasən də onun xəstəlikdən sağaltdığı,
şeytandan xilas etdiyi qadınlar İisusu müşaiyət edirdi. Onların arasında canından
İisusun «yeddi cin» qovduğu Mariya Maqdalina da vardı (Luka, 8,2).
Apokrifik Misir İncilində İisus deyir: «Mən gəldim ki, qadınlığın qiymətini ləğv
edim». Fomanın yazdığı digər apokrifik İncildə deyilir: «Simen Petr onlara söylədi:
«Mariya bizdən aralanmalıdır, çünki qadın (əbədi) həyata layiq deyil». İisus etiraz etdi:
«Bax, mən onu elə aparacağam ki, o kişilərlə, və sizi kişi edən canlı ruhu ilə də bərabər
olacaq. Çünki kişi ilə bərabərləşən hər bir qadın göylər səltənətinə daxil olacaqdır».
Beləliklə, İisusa görə, qadın kişi ilə bərabər ola bilər.
İisusun dövründən xristianlıqda qadına münasibət eyni deyildi; o, dəyişir,
sərtləşirdi. Artıq apostol Pavelin moizəsində bu hiss olunur. Apostol Pavelin yaşadığı
həyat şəraiti onun qadınlara münasibətini müəyyən etmişdi. İisusdan fərqli olaraq, Pavel
Kilikiyanın (müasir Türkiyədə) izdihamlı paytaxtında, Tarsın yəhudi icmasında
böyümüşdü. Burada Artemidaya sitayiş edirdilər; apostol kütlələr üçün onun
cəlbediciliyini xüsusi qeyd edir və onunla güclü mübarizə aparırdı.
Artemida məbədi yəhudi olmayan qadınların hamısının sitayiş etdiyi şənliklər
orgiyası ilə bağlı idi. Artemida misteriyaları qadınların hər mənada azad olduğu Kiçik
Asiya üçün səciyyəvi olan mənəvi pozğunluq əlamətləri daşıyırdı. Tarsın qadın
azadlığına həqarətlə yanaşan Pavel kişi ilə qadın arasında hər hansı ruhi birliyin
olmasını tam sərtliklə rədd edirdi: «Sizin qadınlarınız kilsədə otursun və sussun» (1.Kar.
14,34). O deyirdi: «Qadın ərini öyrədə bilməz, ona hökm edə bilməz, amma sükutda ola
bilər. Çünki əvvəl Adam yaradılıb, sonra isə Həvva; və Adam yoldan çıxarılmayıb,
arvadı isə yoldan çıxıb və cinayətə batmışdır» (1.Tim. 2,12-14). Buna baxmayaraq,
xristianlığa ilk itaət edənlər arasında çox sayda görkəmli qadınlar vardı; məsələn, aktiv
dini fəaliyyətlə məşğul olan yəhudi Priskilla. Onun «missioner ciddi-cəhdi» sayəsində
apostol Pavelin ardıcılları arasında qadınların sayı getdikcə artırdı.
Fanatik mənəviyyatçı olan apostol Pavel özünün qadın ardıcıllarından yunan
emansipasiya ideyalarına baş qoşmamağı, dindar qanunlara sədaqətli olaraq dini borcu
yerinə yetirməyi tələb edirdi. Pavel sevgini «zina», günah, əxlaqsızlıq, «yüyənsiz
şəhvət» sayırdı. O, yalnız «ehtirasdan yanan»lara kəbin kəsməyi məsləhət görürdü;
amma onlar öz instinktlərini dərrakə ilə, mənəviyyatla tarazlamalıdır, «bədən zina üçün
yox, tanrı üçündür» (1.Kar. 6,13).
Pavelin ardıcıllarından biri, kilsə müəllimi (II-III əsrlər) Tertullian daha da irəli
gedərək kəskin və qısa şəkildə elan etmişdi: «Kəbin də zina kimi eyni akta əsaslanır».
Beləliklə, Pavelin və onun ardıcıllarının fikrinə görə, kəbin nəsil artırmaq üçün (qədimdə
belə hesab edirdilər) yox, yalnız və yalnız hissi şəhvəti ödəmək üçündür.
İlkin birlik olan ailədə qadının və uşağın hansı yer tutduğunu dəqiq anlamaq
çətindir. İlkin orta əsrlər dövründə şübhəsiz ki, qadın asılı vəziyyətdə idi. O, həyatının
həmişə təhlükə altında olan kişi kimi cəmiyyətdə hörmətə layiq deyildi və burada nəsil
artırma qabiliyyəti xeyirdən çox qarğış hesab olunurdu. Xristianlıq qadının maddi və
mənəvi statusunu yaxşılaşdırmaqdan ötrü çox az iş gördü. Axı başlıca günahın taqsırı
da onun üstündə idi. Şeytan əməlləri arasında ən böyük şər təcəssümü məhz qadın
sayılırdı. «Ər arvadının böyüyüdür» (Ef. 5,23) – xristianlar Apostol Pavelin bu sözlərinə
inanır və onu təbliğ edirdi.
Sonralar da xristian dünyasında artıq heç bir şey qadının ictimai vəziyyətinin
pisləşməsi prosesini dayandıra bilmədi. Orta əsrlərin qaranlıq zamanı gəlirdi. Lakin bu
hələ sonra baş verəcəkdi.
İlkin xristianlıq dövründə Qərbi Roma imperiyasının süqutundan (476-cı il) sonrakı
ilk əsrlərdə xristian qadının geyimi uzun müddət sadə və yeknəsəng idi, çünki xristian
kilsəsi bədənin tam örtülməsini tələb edirdi. O zamanlar qadının libası iki (soyuq
mövsümdə isə bir neçə) – uzun, enli, uzunqollu dondan ibarət idi. Alt paltarın qolları
adətən daha uzun olur və biləkdən çıxırdı. Donun üstündən enli dördkünc örtük taxır və
onu çiyində bağlayırdılar. Boyun kəsiyi enli idi ki, donu başdan keçirmək mümkün olsun.
Əgər donun qabağında uzun kəsiyi olurdusa, onu broşla bərkidirdilər. Sərt xristian
məhdudiyyətlərinə baxmayaraq, hakim zümrədən olan qadınlar cəmiyyətdə görsənir,
özünütəsdiqə cəhd edirdilər.
İlkin xristianlıqda Avropada görkəmli hökmdar qadınlar: Vizantiya imperatoru I
Böyük Yustinianın arvadı Feodora (VI əsr), Vizantiya imperatoru II Kiçik Yustinin arvadı
Sofiya (VI əsr), Vizantiya imperiyasının imperatriçası, taxtın sahibi İrina (VIII əsr)
yaşamışdır.
Feodora – Vizantiya dövlətindəki maraqlı və istedadlı qadınlardan idi. Təbiət ona
gözəllik, qamət, ağıl və hazırcavablıq bəxş etmişdi. Vizantiya imperatoru I Yustinianın
arvadı olduqdan sonra Feodora faktiki olaraq Vizantiya imperatoruna çevrildi. O, dövlət
işləri ilə, kilsə məsələləri ilə maraqlanır, dövlət və kilsə məsələlərindən gözəl baş çıxarır
və bunlarla əlaqədar I Yustiniana təsir göstərə bilirdi. 532-ci il üsyanında Feodora əsas
rollardan birini oynamışdı; öz soyuqqanlılığı və enerjisi ilə o, bəlkə də dövləti sonrakı
çaxnaşmalardan xilas etmişdi. Onun müasiri olan yazıçılardan biri Feodoranı
«əməlisaleh, qısqanc, çətin anlarda təqib olunan xristianlara dəstək olmaq üçün allah
tərəfindən göndərilən, Xristosu sevən çariçə» adlandırırdı.
Vizantiya imperatoru II Yustinin arvadı Sofiya da idarəetmə məsələlərində öz ərinə
yaxşı təsir göstərirdi.
797-ci ildə Vizantiyada Vizantiya imperatoru Konstantinin anası İrina öz oğlu və
imperatoru Konstantini taxtdan salaraq qadının heç bir vaxt hakim səlahiyyət
daşımadığı bir imperiyanın hökmdarı oldu. Müqəddəs Roma imperiyasının imperatoru
Böyük Karl Qərbi və Şərqi imperiyanı birləşdirmək məqsədi ilə İrinaya ona ərə getməyi
təklif etdi. İrina bu təklifi qəbul etdi. Lakin o zaman əzəmətli Aetsinin işə qarışması
nəticəsində İrina taxtdan salındı və sürgünə göndərildi.
Albaniyaya gəldikdə isə burada xristianlıq I əsrdə yayılmağa başladı və bu vaxtlar
apostolların özləri – Varfolomey və apostol Faddeyin şagirdi Yelisey Yerusəlimdən
Albaniyaya yeni dini təlimi təbliğ etmək üçün göndərilmişdi. Onlar ilk kilsənin əsasını
Ordubadda və Kişdə (Şəki rayonu) qoydular. IV əsrdə alban çarı Urnayr xristianlığı
dövlət dini elan etdi. Onun varisləri, alban çarları Arşakidlər ölkənin xristianlaşma
siyasətini davam etdirdilər. Albaniyada ailə və cəmiyyətdə, alban hökmdarlarının dini
siyasətində qadının vəziyyəti yerli yazılı alban mənbələrindən (V-XII əsrlər): Moisey
Kalankatuyskinin «Albanların tarixi» (VIII əsr); V əsrin Aquen qanun kitablarından;
Mxitar Qoşanın «Qanun-namə»sindən (XII əsr) məlum olur. Məlum olduğu kimi, IV
əsrdə xristianlığın tərəfdarları arasında qadınlar da vardı və onlar dini yaymaq məqsədi
ilə uzaq ölkələrə yola düşür, əzablı ölümə məhkum olurdular. Qafqaz üçün Vizantiyadan
göndərilmiş iki qız – Ripsime və Qayane Ermənistanda, Nino isə Gürcüstanda təbliğatla
məşğul idi. Moisey Kalankatuyskinin məlumatına görə, alban məlikəsi, Uti vilayətindən
olan zadəgan qadın Taquhi əzab tacına layiq görülmüşdü. V əsrin əvvəlində Albaniyaya
Yerusəlimdən üç ruhani gəldi. Həmin vaxt Albaniyaya hücum edən hunlar Yerusəlim
ruhanilərini həbs edərək onları mühakimə və edam etməyə cəhd göstərirdi. Zadəgan
Taquhi həmin ruhanilərə böyük qayğı göstərdi. Taquhi hunn sərkərdəsinin çox xoşuna
gəldi və ona sahib olmaq istədi. Xristianlığın qatı tərəfdarı olan Taquhi duasıyla allahdan
ona güc verməyi və sərkərdə ilə mübarizədə ona kömək olmağını istədi. Taquhi
ruhanilərlə birlikdə əzab içində öldürüldü. Alban tarixçisi nəql edir ki, Taquhinin öldüyü
yerdə güclü və parlaq işıq yanmışdı.
Alban qadınları artıq VI əsrdən başlayaraq, kult abidələrin – xristian kilsələrinin,
ibadət evlərinin tikintisində fəal iştirak edirdi. Alban tarixçiləri böyük minnətdarlıqla,
məftunluqla kilsə üçün torpaq sahəsi alan və bağışlayan, öz hesabına kilsə, monastır
yüksəldən, Albaniyada memarlıq-tikinti sənətinin inkişafına xidmət edən zadəgan
qadınların adlarını çəkirlər. Belə ki, Stepannos Orbelinin (XIII əsr) xəbər verdiyinə görə,
ilk monastır alban vilayəti Sünikedə alban zadəganı xanım Varazduxt tərəfindən VI
əsrdə ucaldılmışdı.
Alban qadınları barəsində o da məlumdur ki, onlar Yerusəlimdə IV-VIII əsrlərdə
alban hökmdarları və zadəganlarının tikdirdiyi alban monastırlarını mühafizə edirdilər.
Bunlar – Şamxordan Mariya adlı alban qadınının malik olduğu, David qülləsinin yanında
ucaldılan Bərdə-Bərdinski müqəddəs Ana monastırı; Arsax – Qarabağlı alban qadınına
məxsus olan Amaras (Kalankatuyski, II, 52) monastırlarıdır. Bu, xristianlığın dövlət dini
olduğu bir zamanda hökmdarların, ali təbəqə nümayəndələrinin xristianlıq ənənəsinə
əsasən, Tanrı kilsəsinin olduğu Yerusəlimdə kilsələr, monastırlar tikdirdiyi dövr idi və
ölkənin hədiyyəsi kimi yerinə yetirilirdi. Bununla xristianlığa sədaqət xüsusi qeyd
olunurdu.
Alban tarixçisi Moisey Kalankatuyski alban knyaginyası Sprama və Şirin haqqında
maraqlı məlumatlar verir. Alban qadını Şirin – şahbanu, fars çarı II Xosrov Pərvizin
(591-628-ci illər) arvadı, Nizami və digər şairlərin «Xosrov və Şirin» poemasının
qəhrəmanıdır. 603-604-cü illərdə Albaniyada alban patriarxı Vironun başçılıq etdiyi
antifars üsyanı yatırdılanda bir çox alban zadəganları və patriarx Vironun özü II
Xosrovun arvadı, fars şahbanusu Şirinin köməyi ilə sağ qalmışdı. Şahbanu Şirin «bir
çox cəhdlərdən sonra çardan hədiyyə olaraq Vironun həyatını ala bildi» (Kalankatuyski,
P, 14). 5 il ərzində Viro fars sarayında Albaniyadan sürgün olunmuş vəziyyətdə
saxlandı. Şirin II Xosrovun gəlirini pariarxdan almamasına və onu kilsə rütbəsindən
məhrum etməməsinə nail ola bilmişdi.
Şirinin və II Xosrov Pərvizin qızı Purandoxt 2 ilə yaxın İrana hökmdarlıq etdi, onun
ölümündən sonra isə bacısı, yəni Şirinin başqa qızı Azərmidoxt İran hökmdarı oldu.
Moisey Kalankatuyski digər bir alban qadını – böyük alban knyazı Varaz-Trdat
Mihranidin arvadı knyaginya Sprama barəsində də maraqlı məlumatlar verir. 705-ci ildə
Varaz-Trdat beş oğlu ilə birlikdə Vizantiyada girov saxlanarkən, onun arvadı knyaginya
Sprama Albaniyanın patriarxı Nerses-Bakurla danışığa girərək Albaniyada hökm sürən
monofizitlik əvəzində pravoslaviye (diofizitlik) tətbiq etmək (yəni xristianlığın bir
istiqamətinin başqası ilə əvəz olunması) qərarına gəldi. Nerses-Bakur və Sprama
gizlincə pravoslaviyanı qəbul edərək onu ölkədə yaymağa cəhd göstərdilər. Bu hərəkəti
ilə knyaginya Sprama Vizantiyada, Vizantiya imperatorunuda özünə qarşı rəğbət
doğurmaq istəyirdi. Çünki Vizantiyada pravoslaviye mövcud idi və Vizantiya hökmdarları
da Qafqaz ölkələrini və Albaniyanı da o cümlədən, özü ilə eyni dinli etmək istəyirdilər.
Bu yolla onlar Qafqazı idarə etmək fikrində idi. Albaniyanı pravsolav edərək Sprama
Vizantiyadan ərini və oğlanlarını xilas edərək qaytarmağa ümid edirdi. Lakin onun bu
planı ərəblərə məlum oldu və Sprama edam olundu.
Alban qadınının ailədəki vəziyyəti barədə V əsrə aid alban hüquq sənədlərində –
alban çarı III Vaçaqanın Kanonlarında (Aquen kanonları) məlumata rast gəlirik.
Sırf hüquqi xarakter daşıyan 10, 11-ci kanonlar ailə-kəbin hüquq normalarını əks
etdirir.
10-cu kanonda oxuyuruq: «Kişi üçüncü dərəcəli qohumluq əlaqəsində olan qadınla
və qardaşının arvadı ilə evlənə bilməz». Bu kanon tamamilə Bibliyaya gedib çıxır ki,
orada üçüncü dərəcəli qohumluq əlaqəsində olan qohumlar arasında kəbin qadağan
edilmişdi. Moiseyin qanunu kimi (Bibliya), alban xristianlığı da belə kəbinləri cinayət
hesab edir və ciddi cəzalandırırdı. Bu normalar ilkin xristianlıqda, «apostol kanonları»nın
34-cü maddəsində və həmçinin V əsrin Siro-romey qanunnaməsinin 54-55-ci
maddələrində də əksini tapmışdı.
Amma Bibliyada daha bir bənd vardı: «Moisey söylədi: kim uşaqları olmadan ölsə,
qoy onun qardaşı onun arvadını özünə götürsün və qardaşının ailəsini bərpa etsin»
(Matfeyin Yevangeliye kitabı. Fəsil 22, s.24).
Məsələ burasındadır ki, xristianlığa qədər Albaniyada atəşpərəstlik, zərdüştlük
yayılmışdı ki, yaxın qohumlar arasında kəbini həvəsləndirirdi. Və bu, Albaniyada geniş
vüsət almışdı. Sonralar, VIII əsrdə Bərdədə (16-cı maddə) yığılmış alban məbədi
dördüncü dərəcəli qohuma evlənməyi qadağan edərək, kişiyə yalnız beşinci dərəcəli
qohumluq əlaqəsində olan qadınla evlənməyə icazə verdi.
11-ci alban kanonunun birinci yarısı da ailə-kəbin hüququna həsr olunmuşdur:
«Kim qadını səbəbsiz yerə atsa və kim qadını kəbinsiz alsa, kim imansız və
adamöldürən olsa, belələrinin əlini bağlamaq, çar sarayına gətirmək və əzablı ölümə
məhkum etmək gərəkdir». Göründüyü kimi, ən ağır cinayətlər çar hökmü ilə araşdırılır
və həyata keçirilirdi. Qadını səbəbsiz atmaq, yəni boşamaq (kişi tərəfindən) cinayət
dərəcəsinə görə ölümlə bərabərləşdirilir və bu səbəbdən də eyni səviyyədə
cəzalandırılırdı.
Belə ki, alban kilsəsi ailənin və arvadın-qadının mühafizə olunmasının təminatçısı
rolunda çıxış edirdi. Xristianlıq dövründəki alban reallığından məlum olur ki, alban
qadınları cəmiyyətin dini ideoloji həyatında – yeni dinin yayılmasında, ayin tikintisində
iştirak etmişdir.
İndi isə islamın qəbul edildiyi dövrdə, islam dünyasında qadının ailədə,
cəmiyyətdəki vəziyyətinə nəzər salaq.
Elmdə uzun müddət Avropa alimlərinin, oriyentalistlərinin ictimai və şəxsi həyatda
müsəlman qadının rolu və yeri haqda yanlış fikri üstünlük təşkil edirdi. Onların fikrincə,
müsəlman qadını sadəcə arvad, hərəmxana dustağı olmuşdur. Qadının hüquqsuzluğu,
kişi və qadının tam bərabərsizliyi barədə fikir hökm sürürdü.
Quranın və hədislərin meydana gəlməsi müsəlman Şərqində qadının sosial və
hüquqi vəziyyətində çox böyük dönüş yaratdı.
İslam dini – yayılmasında özündən əvvəlki dinlərdən fərqli olaraq təbliğatçı və
missionerləri olmayan unikal bir dindir. Bu dini etnoslar kompakt şəkildə qəbul edirdilər.
Heç bir din, heç bir cəmiyyət qadına islamdakı qədər yüksək və hörmətli bir yer
ayırmamışdı. Müsəlman qadını hər şeydən əvvəl əri tərəfindən həm kəbində, həm də
ondan sonra – boşansa, yaxud əri ölsə belə - maddi cəhətdən təmin edilir.
«Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin!
Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar,
onu halal olaraq, nuşcanlıqla yeyin!
Amma
arvadınız ağılsızdırsa, malınızı ona vermək lazım deyil».
«Onları həmin maldan yedirib geyindirin və özlərinə xoş söz deyin»
(Quran. Surə 4. Qadınlar, 4,5)
Qurana əsasən, Allahın izn verdiyi şeylərdən boşanma Allaha ən xoş
getməyənidir, buna görə də ona yol verməmək üçün bütün imkanlardan istifadə etmək
lazımdır. Söhbət ərini saxlamaq üçün qadının maddi imkanlarından (Quran, 4-Qadınlar,
128), «birgə razılığa gəlməkdən» gedə bilər; həmin surənin (4) 129-cu ayəsində isə
söhbət hər iki tərəfi razı salan və kəbinə dəstək olan şifahi razılıqdan gedir.
«Əgər siz yaxşı dolanıb (dava-dalaşdan, kobud rəftardan)
çəkinsəniz, ( bu sizin üçün daha yaxşı olar). Əgər özünüzü
islah edib (belə hərəkətlərdən) çəkinsəniz, (allah sizi bağışlar)».
Quranın ayrı-ayrı surələrində boşanma prosesinə çoxlu maddələr-ayələr həsr
olunmuşdur.
Arvadı ilə ünsiyyətdə olmamağa söz verən kişilər üçün boşanma qanunvericiliyi
ərlə-arvad üçün bir dam altında dörd ay gözləmə müddəti təyin edir. Əgər bu dövr
ərzində ər arvadına müraciət edərsə, kəbin bərpa olunur. Əgər boşanma labüd olarsa,
islam qanunvericiliyinə əsasən, boşanmış qadın hamiləliyin olması yaxud olmamasının
təsdiqi məqsədi ilə «üç heyz» (üç dəfəlik aybaşı) müddətini gözləyir. Arvad hamilədirsə,
kəbin bərpa olunur. «Onlar barışmaq istərlərsə, onları geri almağa (hər kəsdən) daha
çox haqlıdırlar. Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların
da onlar (kişilər) üzərində hüquqları vardır. Ancaq kişilər onlardan bir dərəcə
üstündürlər» (Quran, 2 – İnək, 228).
Boşanma iki pillədə mümkündür: əvvəl münasibətlər müəyyən müddət üçün heç
bir mərasimsiz kəsilir və bundan sonra arvadı sadəcə geriyə qəbul etmək olar.
Kişi «kəbində olduğu müddətdə arvadına verdiyi hədiyyələri geri ala bilməz»
(Quran, 2 – İnək, 229). Lakin ər boşanmanın islamda nəzərdə tutulan maddi tərəfini
təmin edə bilməzsə və arvadını boşamaq istəməyərək eyni zamanda onu arzulayır və
öz gücsüzlüyündən qəzəbini onun üstünə tökürsə, belə hallarda arvad xərci ödəyə bilər
(Quran, oradaca).
Boşanma zamanı təyin olunmuş müddət keçərkən ər arvadını ləyaqətlə geriyə
qaytarmalı, ya da ləyaqətlə onu azad etməlidir. Amma onu iradəsinə qarşı saxlamamalı,
ona pislik etməməli, pis hərəkət etməməlidir (Quran, 2- İnək, 231).
Kəbini mühafizə etmək üçün quranda kişi ilə arvad arasındakı münasibətlərin
pozulmasına dair hər bir hal nəzərdə tutulmuşdur. Boşanan ərlə-arvadın könül yaxınlığı
və birliyinin aşkar olunması və sınaqdan keçməsi cəhdi xüsusi maraq yaradır.
Əgər kişi övrətini yenə də boşarsa,
O zaman qadın başqa bir ərə getməmiş ona (əvvəlki ərinə)
halal olmaz. İkinci əri onu boşadıqdan
sonra Allahın hökmlərini yerinə yetirəjəklərinə inamları
olduğu təqdirdə həmin qadının əvvəlinci əri ilə təkrar
evlənməsində günah yoxdur.
(Quran, 2 – İnək, 230).
Quranın surələrində müsəlman icmalarında kişilərin bir çoxunun məhv olduğu
yaxud yaralandığı və nəticədə çoxlu yetimin, dul və ərə getməmiş qadınların qaldığı
döyüşlərdən sonra qarşılaşdığı sosial və mənəvi problemlərə toxunulur. Qadınların
sosial və maddi müdafiəsi, absolyut sayda qadınların ailə və övlad sahibi olmaq kimi
mənəvi hüquqla təmin etmək üçün poliqamiyanın rəsmi şəkildə leqallaşması məsələsi
meydana çıxır.
Əgər onlarla ədalətlə rəftar edə bilməyinizdən qorxarsınızsa,
O zaman sizə halal olan başqa qadınlardan iki-üç və dörd
nəfərlə nikah bağlayın!
(Quran, 4- Qadınlar, 3).
İslamda dördə qədər arvad almaq vacibliyi yoxdur, buna təkcə icazə var; amma o
şərtlə ki, eyni zamanda kişi arvadların hamısı ilə ədalətlə rəftar etsin. Üstəlik də yerinə
yetirilmədiyi halda birdən artıq arvadı saxlamağın günah sayıldığı şərtlər də mövcuddur.
Birinci və ən vacib şərt – kişinin maddi imkanıdır; o maddi cəhətdən varlı olmalıdır ki,
birdən artıq arvad saxlaya bilsin. Kişi arvadını hər bir şeylə təmin etməlidir, yəni qadın
gündəlik gücü çatmayan əziyyətdən azad olmalıdır. İslamda qadın bu cür yüksəkliyə
ucaldılmışdır.
Allahın elçisi olan Məhəmməd peyğəmbər son həcc zamanı özünün son
xütbəsində söyləmişdi: «Arvadlarınızı incitməyin! Yaradan Allah onları sizin himayənizə
vermişdir. Onlara qarşı ürəyiyumşaq və əliaçıq olun». Quranda deyilir: «Qadınlarınız
sizin övlad əkdiyiniz tarlanızdır, istədiyiniz vaxtda öz tarlanıza gəlin» (Quran, 2- İnək,
223).
Quranın 2-ci surəsinin 223-cü ayəsindəki «Qadınlarınız – sizin tarlanızdır» sözləri
qadının təbii quruluşunu bildirir – yalnız qadın uşaq doğa və əmizdirə bilər; bu isə onun
ən başlıca nəsibidir – uşaq doğub tərbiyə etmək. Sonsuzluq tale cəzası kimi qəbul
olunurdu.
Hesab edirik ki, «hər bir halda doğmaq və əmizdirmək – faliyyət deyil, təbii
funksiyadır. Bunlarda heç bir proyekt yoxdur; buna görə də qadın burada öz
mövcudluğunu tapması barədə təkəbbürlü təsdiq üçün bir bəhanə görmür; o, passiv
şəkildə özünün bioloji taleyini yaşayır. Onun bədbəxtliyi bundadır ki, qadın bioloji olaraq
həyatı təkrar etməyə məhkum olunmuşdur» deyən Simona de Bovuar (Simona de
Bovuar. Vtoroy pol.// M., Proqress, 1997, 7.1. Faktı i mifı) böyük səhv edir. Bu sitatda
hər şey mübahisə doğurur. «Doğmaq və əmizdirmək» - hərfi məna daşıyır, amma təkcə
hərfi yox; bəs böyütmək, tərbiyə etmək – bu fəaliyyət deyilmi? Özü də necə bir
məsuliyyətli, nəcib və lazımlı! Bəşəriyyətin ilkin dövrləri istisna olmaqla «doğmaq və
əmizdirmək» demək olar ki, həmişə ailəyə, nəslə, cəmiyyətə proyeksiya olunmuşdur.
Məyər qadın burada bəzi istisnalar olmaqla «öz mövcudluğunun təkəbbürlü isbatı üçün»
bəhanə görmürdümü və görmürmü? Axı bundan qabaqkı mühazirədə, elə ümumiyyətlə
bir çox tədqiqatlarda nümayiş olunduğu kimi, hələ siniflərdən əvvəlki və ilkin sinifli
cəmiyyətlərdə doğum aktı, yedizdirmə sayəsində bütün xalqlarda ilk allahlar elə qadın
ilahələri idi və onlara səcdə edirdilər.
Quranda kişi və qadının qarşılıqlı bağlılığı, qarşılıqlı asılılığı fikri bir çox dəfə təkrar
olunur.
«Siz hamınız bir-birinizdən yaranmısınız»
(Quran, 4 – Qadınlar, 2,5).
«İstər kişi, istərsə də qadın olsun
Mən heç birinizin əməlini puça çıxarmaram,
Siz hamınız bir-birinizdənsiniz»
(Quran, 3 – İmran ailəsi, 195).
Quranda Həvvanın Adamın qabırğasından yarandığı haqda ideya təsdiq olunur ki,
bu hələ Bibliyada və xristianlıqda öz əksini tapmışdı.
Hesab edirik ki, bunu kinayə ilə şərh etmək yersizdir. Çünki Yaradan belə
istəmişdir.
Bununla bağlı olaraq Simona de Bovuar yazır: «Həvva kişi ilə eyni vaxtda
yaranmamışdır; onu hansısa bir materialdan deyil, amma Adamın hazırlanması üçün
istifadə olunan həmin gildən də düzəltməmişlər – o, ilk kişinin qabırğasından çıxmışdır.
Onun doğulması özü avtonom olmamışdır» (oradaca). Sual yaranır: bəs niyə qadında
Adama dəstək, kömək görməyəsən? Axı müqqədəs yazılara əsasən, o elə bu məqsədlə
yaradılıb. Bunda onların qarşılıqlı asılılığını, tam vəhdətini, ayrılmazlığını görmək
lazımdır.
Quran cinsi mənsubiyyətindən asılı olmayaraq, mömin olan kişi və qadının törətdiyi
yaxşı işlər üçün bərabər mükafat vəd edir.
«Mömin olmaqla bərabər yaxşı işlər görən
Kişilər və qadınlar Cənnətə daxil olarlar.
Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz!»
(Quran, 4- Qadınlar, 124).
İslamda qadının kommersiya ilə, elmlə, əkinçiliklə məşğul olması, digər ixtisasları
da mənimsəməsinin məcbur olmadığına baxmayaraq, icazə verilən yolla pul qazanmaq
ona qadağan olunmur. Müsəlman qadınına naməhrəm kişilərə başıaçıq, dirsəyi və qıçı
açıq vəziyyətdə görsənmək haram sayılır. Həmçinin bədəni kip tutan paltarda, kişi
şalvarında, idman kostyumunda insan qarşısına çıxmaq qadağandır.
Qadınların etdiyi günah üçün kişilər də məsuliyyət daşıyır. Arvadın qüsuru üçün
onun əri də cavabdeh hesab olunur. Ərsiz qadınların işlətdiyi günah üçün onların
ataları, qardaşları və sonra onların kişi qohumları məsuliyyət daşıyır. – onlara günah
işlətməyə imkan verdikləri və onları vaxtında öyrətmədikləri üçün. Qadınlar isə kişilərin
günahı üçün cavabdeh deyillər.
Ərin arvadı qarşısında vəzifələri haqqında özünün «Mərifətnamə» kitabında
İbrahim Həqqi (1195/1781 il) qısa şəkildə yazmışdı. Aşağıdakı məlumatlar lazımi qədər
obyektiv şəkildə qızlarımıza, bacılarımıza və arvadlarımıza hörmətli və ədalətli
münasibət tövsiyyə edən müddəaları əks etdirir.
1. Arvadınla münasibətdə mehriban, yolagedən olmalısan. Məhəmməd peyğəmbər
demişdi: «Sizlərin aranızda ən yaxşı, ən xeyirli müsəlmanlar o şəxslərdir ki, öz
arvadına lazımlıdır və onunla xoş münasibətdədir».
2. Evə gələrkən arvadınızı salamlayın və onun işləri, ovqatı ilə maraqlanın.
3. Onu təklikdə oturan, məyus görsəniz, tez baş verən hadisə ilə maraqlanın. Onun
probleminin həllində ən fəal şəkildə iştirak edin. Onu necə sevdiyinizi və onun
məyusluğuna şərik olduğunuzu və baş vermiş hadisə ilə bağlı peşiman olduğunuzu
ona söyləyin. Ona xoş gələn sözlərlə arvadınızı sakitləşdirin.
4. Onu sakitləşdirmək üçün həmin məqamda edə biləcəyinizin mümkün olmadığı
şeyləri də vəd edin. Sizdən başqa onu kim sakit edə bilər. Axı o bütün gün ərzində
evdən çıxmır və bütün ümidini sizə bağlamışdır. Axı siz Allahın əmri ilə onun üçün
həm ailəni dolandıran, övladları tərbiyə edən, həm də yeganə sevgili insansınız.
5. Arvadınıza uşaqların tərbiyəsində fəal köməklik göstərin. Axı balaca uşaq öz
nadincliyi ilə anasına nə gecə, nə də gündüz rahatlıq vermir. Balacalardan bir az
böyükləri isə hələ çox şeyi anlamır və analarını tez-tez məyus edirlər. Buna görə də
arvadınıza hər işdə kömək etməyə çalışın və Allah sizə yar olsun.
6. Arvadınızı (bacardığınız səviyyədə) ölkənizdə geyinilən ən yaxşı alt və üst paltarı ilə
təmin edin. Ev şəraitində onu bəzəyin. İstədiyi hər şeyi geyindirin.
7. Arvadınızı döyməyin. Quranın 4-cü – «Qadınlar» surəsində (34-cü ayə) deyilir:
«Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. Bu, Allahın onlardan birini digərinə
üstün etməsi və kişilərin öz mallarından (qadınları üçün) sərf etməsinə görədir.
Əməlisaleh qadınlar (ərlərinə) itaət edir; özbaşınalıq etmələrindən qorxduğunuz
qadınlara nəsihət edin, (yola gəlməzlərsə) onlardan yatağınızı ayırın. Bu da kömək
etməsə, onları yüngülcə vura bilərsiniz».
İslamda qadına münasibət yüksək olduğundan şəriət kişiyə əvvəlcə onu cəzanın
daha sərt olduğu ədalət məhkəməsinə tapşırmayaraq, özünün yola gətirməsinə icazə
verir.
Quranın Məhəmməd peyğəmbər ilə qadınların razılaşma bağlanmasına dair ayəsi
(60) Məkkənin müsəlmanlar tərəfindən alınmasının birinci günü göndərilmişdi. Bu ayədə
deyilir: «Ya Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq
və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri, özgə kişilərdən olan uşaqlarını
yalandan ərlərinə isnad etməyəcəkləri və heç bir bəyənilən işdə sənin əleyhinə
çıxmayacaqları barədə sənə and içsələr, andlarını qəbul et və Allahdan onların
bağışlanmasını dilə – axı Allah bağışlayan və rəhm edəndir!» (Quran, 60, 12).
Quranda varislər arasında mülkiyyətin bölünməsinə həsr olunan xüsusi ayələr
vardır: oğulun payı iki qızın payının cəminə bərabərdir; lakin ailədə iki və daha artıq
yalnız qız uşağı varsa, atanın qoyduğu mirasın üçdən ikisi onlara düşür; ailədə yalnız bir
qız varsa, mirasın yarısı onundur; övladı olan təqdirdə vəfat edənin ata və anasının hər
birinə mirasın altıda bir hissəsi verilir; əgər övladı olmayıbsa, ana mirasın üçdən bir
hissəsini alır; miras qoyan atanın qardaş və bacıları varsa, anaya mirasın altıda bir
hissəsi düşür (Quran, 2 – «Qadınlar», 11, 176). «Hər kişi cinsindən olana qadına düşən
payın iki misli verilir».
Əgər müsəlman qadının vəziyyətini Qərbi Avropa qadınının vəziyyəti ilə müqayisə
etsək, görərik ki, Merovinqlər və Karolinqlər dövründə (VI əsr) qüvvədə olan məşhur
frank «Salik həqiqəti»ndə qadınlar mülkiyyət hüququndan tamamilə məhrum idi – miras
yalnız qanuni və qanunsuz doğulmuş oğullar arasında bölüşdürülürdü.
İslam qız atasına, sonra isə onun ərinə öz qızına və arvadına dini qaydaları
öyrətməyi tövsiyyə edir. Əgər ata yaxud ər öz qızına yaxud arvadına dini tərbiyə
verməkdən boyun qaçırırsa, bilməlidir ki, müqəddəs Quranda onları gözləyən sərt cəza
tədbirləri barəsində çoxlu məlumat verilmişdir. Belə hallarda qadın dini bilik
mənimsəmək üçün başqa yerə getmək hüququna malikdir. Bu fakt İslamda biliyə verilən
yüksək qiyməti bir daha təsdiq edir.
İslam dünyasında hədislər barəsində elmin inkişafı sahəsində hələ onun başlanğıc
dövründə belə qadının rolu böyük idi. Belə ki, hədislərin yayılması və öyrənilməsində
Məhəmməd peyğəmbərin üç arvadı əlamətdar rol oynamışdı. Onların arasında Ayişə
daha böyük nüfuza malik idi ki, onun hüquq sahəsindəki və həm hüquqi, həm də dini
işlər sahəsindəki fikri və qərarları ilə ilk üç xəlifənin – Abü Bəkrin, Ömərin və Osmanın
(VII əsr) hökmdar olduğu çətin dövrlərdə hesablaşırdılar. Rəvayətdə Məhəmməd
peyğəmbərə aid olunan sözlər belədir: «Elm öyrənmək hər bir müsəlman – həm kişi,
həm də qadın üçün vacibdir».
Məhəmməd peyğəmbərin ölümündən bir az əvvəl müəyyən vaxt ərzində yalançı
peyğəmbərlər arasında Sacaq adlı bir qadın ərəb çarlıqlarının birində hökmdar idi.
Amma uğursuzluğuna qədər də o hökmdar kimi və baş komandan kimi hərəkət edərək
digər yalançı peyğəmbərlə – Müseylima ilə danışıqlar aparırdı.
Beləliklə, bu gün üçün son müqəddəs kitab sayılan Quranda qadına münasibət
şərh olundu və islam qadınının hüquq və vəzifələrinin bütün aspektləri göstərildi. Amma
məlum olduğu kimi, müsəlman ölkələrinin keçmişdəki və bu günkü tarixi reallıqları heç
də hər zaman Tanrı Qanunlarına müvafiq olmur.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI
1. Бахрис Учок. Женщины – правительницы в мусульманских государствах. –
Москва, 1982
2. Библия
3. Вардиман Е. Женщина в древнем мире. Москва, 1990
4. Жак ле Гафф. Выдержка из книги «Цивилизация средневекового Запада»
5. История Азербайджана. Под ред. И.Алиева. Баку, 1995
6. Каланкатуйский Моисей. История албан. СПб, 1861
7. Карпов Ю.Ю. Кавказская женщина: мировоззренческие предпосылки
общественного статуса. // ЭО. 2000., № 4
8. Клименко Л.В. (г.Ростов). Властные отношения в традиционных обществах
Северного Кавказа
9. Коран
10. Мамедова Фарида «Политическая история и историческая география
Кавказской Албании». Баку, 1986
11. Фарида Мамедова. Агуэнские каноны – древнейший памятник албанского
права. «История албан» Моисея Каланкатуйского как источник по
общественному строю средневековой Албании. Баку, 1977, Стр. 153-180.
12. Очерки по истории Византиии. Под ред. В.Н.Бенешевича. Вып. II, СПб, 1912
13. Симона де Бовуар. Второй пол. // М: Прогресс. 1997, 7.1. Факты и мифы
14. Смирнова Я.С. Трудовые роли и статусы женщины в традиционных обществах
народов Кавказа. // ЭО. 1997, № 4
15. Шарапова Ольга. По материалам журнала «Силуэт»
Document Outline - Movzu 2. AZ?RBAYCAN QADINI ILKIN ORTA ?SRL?R
- DOVRUND? (III – VIII ?SRL?R)
-
- ISTIFAD? OLUNMUS ?D?BIYYATIN SIYAHISI
Dostları ilə paylaş: |