Təklif
Qanunun 3.2‐ci maddəsi çıxarılsın.
Mənfəətin bölüşdürülməsi
Qanunun 3‐cü maddəsində mənfəətin bölüşdürülməsi ilə bağlı yazılıb: «3.3. Publik hüquqi şəxsin
mənfəəti onun nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün yalnız təsisçinin qərarı ilə müvafiq
olaraq dövlət büdcəsinə və yerli büdcəyə köçürülə bilər». Bu halda yenə də belə çıxır ki, dövlət
tərəfindən yaradılmış hüquqi şəxsin mənfəəti dövlət büdcəsi ilə yanaşı bələdiyyənin büdcəsinə
köçürülə bilər. Ancaq eynilə həmin norma bələdiyyə tərəfindən yaradılmış hüquqi şəxsin mənfəətinin
dövlət büdcəsinə yönəldilməsinə də imkan verir. Avropa oyunları ilə bağlı büdcədoldurma
təcrübəmizə nəzərə salsaq görərik ki, bələdiyyə hüquqi şəxslərinin bu cür istismarı heç də xam xəyal
deyil. Amma Azərbaycan Respublikasında bələdiyyələrinin əksəriyyətinin potensialının və onların
iş bacarıqlarının yetərli səviyyədə olmamasını, habelə digər qüsurlarını nəzərə alaraq, güman etmək
olar ki, onların da publik hüquqi şəxs yaratmaları üçün «yuxarılardan» kimsə onlara məsləhət
verməlidir, onlar da məsləhət verənlər qurumun potensialından istifadə edərək nə isə iş görəcəklər.
Belə olan halda bələdiyyə hüquqi şəxsinin qazandıqlarının da dövlət və bələdiyyə büdcəsi arasında
bölüşdürülməsi ədalətli görünür.
Hüquqi şəxsin yaradılması
Qanunun 4‐cü maddəsinə əsasən: «4.1. Publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti
orqanı, bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır. 4.2. Bu Qanunun 4.1‐ci
maddəsinə uyğun olaraq yaradılan publik hüquqi şəxslər tərəfindən də nizamnaməsində nəzərdə
tutulmuş halda publik hüquqi şəxslər yaradıla bilər».
Hal‐hazırda dövlət adından Azərbaycan Respublikası Prezidenti tərəfindən yaradılır, halbuki,
Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016‐cı il tarixli 759 saylı Fərmanına əsasən Qanunun
4.1‐ci maddəsi üzrə müvafiq icra hakimiyyəti orqanlarının siyahısı Azərbaycan Respublikası Prezident
tərəfindən müəyyən olunacaqdır. Lakin hal‐hazırda publik hüquqi şəxslərin Azərbaycan Respublikası
Prezidenti tərəfindən yaradılması səbəbi ondadır ki, mərkəzi icra hakimiyyəti orqanlarının
əsasnamələrində publik hüquqi şəxs yaratmaq səlahiyyəti nəzərdə tutulmayıb. Nazirlər kabineti də
belə hüquqi şəxsləri yaradılması, qeydiyyatı, hesabatlılığı xüsusiyyətlərini tənzimləyən normaları
qəbul etməyib. Əlbəttə dövlət orqanları belə bir hüquq qabiliyyətinə malikdirlər ki, onların təsis
sənədində (nizamnaməsində və ya əsasnaməsində) yazılmayan səlahiyyəti icra edə bilməzlər.
Səlahiyyət qazıldıqda belə, qaydalar, təlimatlar, tənzimləyici normalar olmalıdır ki, həmin
səlahiyyətlərin icra mexanizmini əks etdirsin. Əks təqdirdə dövlət orqanlarının atdığı hər addım
mübahisələndirilə bilir, bürokratik və digər əngəlliklərə rast gəlir, fəaliyyətləri effektiv olmur. Bütün
bunları həll etmək üçün qanunaltı qanunvericiliyə (Nazirlər Kabineti qərarları, müvafiq icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktları) ehtiyac duyulur. Publik hüquqi şəxslər haqqında
isə belə qanunvericilik hələ ki, mövcud deyil.
Digər tərəfdən, bələdiyyələrin də əsasnamələrində publik hüquqi şəxs yaratma imkanları nəzərdə
tutulmayıb, onların yaradılmasına dair müddəalar normativ xarakterli aktlarla tənzimlənməyib.
Üçüncü istiqamət də, dövlətlə bələdiyyələrin müştərək hüquqi şəxsləridir ki, onların da
fəaliyyətlərinin tənzimlənməsi üçün bir tək yaradılan hüquqi şəxslərin nizamnamələri yetməz. Həm
onların maliyyə mənbələrinin tənzimlənməsi, həm müştərək qurumun yaradılması və qərarların
razılaşdırılması prosedurları mütləq təsbit edilməlidir. Əks təqdirdə həmin hüquqi şəxslərin
yaradılması da, fəaliyyəti də kor‐təbii, pərakəndə xarakter daşıyar, kompleks yanaşma tətbiq etmək
mümkün olmaz, nəticədə bu fəaliyyətdən nə cəmiyyət, nə də dövlətçilik yararlanmaz.
Hüquqi şəxsin qeydiyyatı
Qanunun 4.4‐cü maddəsinə əsasən «4.4. Publik hüquqi şəxs «Hüquqi şəxslərin dövlət qeydiyyatı və
dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IX nömrə
13
14
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IX nömrə
icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə
edir». Bu halda müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri Vergilər Nazirliyinə həvalə edilib.
Belə güman etmək olar ki, bir müddət sonra qeydiyyat səlahiyyəti ASAN xidmətlərə ötürüləcək. Bir
tərəfdən bu hal qeydiyyat prosedurunu asanlaşdırır. Lakin publik hüquqi şəxslərin qeyri‐
kommersiya təşkilatları ilə uyğunluğuna dair məzkur normaları nəzərə alsaq belə qənaətə gəlmək
olar ki, qeydiyyat orqanı qismində Ədliyyə Nazirliyi daha uyğundur. Çünki kommersiya fəaliyyəti
publik hüquqi şəxsin Qanuna görə fakultativ fəaliyyətidir (əsas fəaliyyət istiqaməti deyil, istisna
olaraq nizamnaməsi ilə nəzərdə tutulduğu halda məşğul olduğu fəaliyyətdir).
Vergilər Nazirliyi kommersiya hüquqi şəxslərinin qeydiyyatı ilə məşğul olur və bu vergilərin düzgün
tənzimlənməsi baxımından əlverişlidir. Ancaq təəssüflə qeyd etməliyik ki, Vergilər nazirliyi
tərkibində fəaliyyət göstərən birpəncərənin təcrübəsi transmilli kommersiya qurumları təcrübəsi,
hətta milli qanunvericilik baxımından heç də peşəkar görünmür, bəzi hallarda isə hətta Mülki
Məcəlləyə ziddir. Məsələn, Vergilər Nazirliyinin internet saytında uzun illər dərc olunan 2 səhifəlik
nizamnamə formaları Mülki Məcəlləyə birbaşa zidd idi. Bu günə qədər də o dövrdə qeydiyyata
alınmış hüquqi şəxslərin hüquqi əqdlər bağlamaqda, kredit təşkilatlarında hesab açma və əməliyyat
həyata keçirmə məsələlərində müşküllüklər mövcuddur. Onların icra orqanlarının səlahiyyətləri,
nəzarət orqanlarının səlahiyyətləri Mülki Məcəlləyə zidd olaraq Nizamnamədə qeyd edilməmiş,
təsisçilərin öhdəliyinə buraxılmışdır deyə, səlahiyyətləri müəyyən etmək çətindir. Bundan başqa,
birpəncərənin tabe olduğu Vergilər Nazirliyi qurumlarında çalışan əməkdaşlar təhsilcə hüquqşünas
deyillər. Ona görə də Nizamnamələrdə mütərəqqi normaları qeyd etmək olduqca çətin olur. Ədliyyə
nazirliyində isə belə çətinliklər olmur. Onda həm icraçılar, həm nəzarət edən qurumlar hamısı
hüquqşünaslardan komplektləşir.
Təklif
Bu cür hüquqi şəxslərin qeydiyyatı Ədliyyə Nazirliyi tərəfindən aparılması daha peşəkar
nizamnamələrin yazılmasına imkan yaradar.
Nümunəvi nizamnamələr
Qanunun 6‐ci maddəsinə əsasən «6.1. Müxtəlif sahələr üzrə publik hüquqi şəxsin nümunəvi
nizamnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən oluna bilər». Bu norma «Normativ
hüquqi aktlar haqqında» Konstitusiya qanunun 64.4‐cü maddəsinə ziddir («64.4. Dövlət orqanı
üçün hüquq və vəzifələr onun səlahiyyətlərini təşkil edir və bu səbəbdən normativ hüquqi aktda həmin
orqanın hüququ konkret icraçının mülahizəsindən asılı olan bu və ya digər hərəkətlərin edilməsi,
dispozitiv imkan kimi müəyyənləşdirilə bilməz. Normativ hüquqi aktda dövlət orqanının
səlahiyyətlərinin həddindən artıq ümumiləşdirilmiş formada müəyyən edilməsinə, «orqan edə bilər»,
«bir qayda olaraq», «müstəsna hallarda yol verilir», «orqan öz səlahiyyətləri daxilində», «zərurət
olduqda» və bunlara bənzər qeyri‐müəyyən ifadələrdən istifadə olunmasına yol verilmir»).
Belə ki, həddən ziyadə diskresiyon səlahiyyət nəzərdə tutur. Bir tərəfdən baxdıqda elə görünə bilər
ki, nümunəvi nizamnamələrin olması bir sıra tənzimləmə problemlərini həll edə bilər. Nümunəvi
sənədlərin mənfi cəhəti ondan ibarətdir ki, nümunəvi sənədi qəbul etmiş orqan həmin nümunədəki
hüquqi və digər risklərə görə məsuliyyəti üzərinə götürmüş olur. Təəssüf ki, Azərbaycan
Respublikası tarixində həmin məsuliyyətin reallaşmasını görmürük. Bu nümunələr sonda həm
fəaliyyətin səmərəliyini aşağı salır, həm biznesin önünü kəsir, amma nümunəni təsdiq etmiş şəxs
isə məsuliyyət daşımır
Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən Qanunun 6.1‐ci maddəsi üzrə
səlahiyyətlər «Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti
və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi» tərəfindən həyata keçirilir. Bu
müddəadan da məlum olmur ki, sadalanan orqanlar hamısı nizamnamə nümunələrini birgə təsdiq
edirlər, yoxsa onlar arasında hansısa səlahiyyət bölgüsü var. Ehtimal etmək olur ki, Prezident
tərəfindən təsis olunan hüquqi şəxslər üçün nümunələr də Prezident tərəfindən, Nazirlər Kabineti