mahiyyətinə dərindən nüfuz edək, onların əsil dialektik əlaqələrini və qarşılıqlı
keçidlərini anlayaq; bunları ətraflı başa düşmədən nə təlim, nə də tərbiyəni, nə
təhsili, nə də inkişafı maksimum dərəcədə səmərəli təşkil etmək mümkün deyil.
2. “Pedaqoji proses” anlayışının “sistem” anlayışı vasitəsi ilə interpretasiyası.
Hadisə və proseslərə, onların dərk edilməsinə “sistem-struktur” adlanan baxışla
yanaşmaq müasir dövrün səciyyəvi xüsusiyyətidir. Mühüm metodoloji metod kimi
özünü doğruldan sistem-struktur yanaşma XX əsrdə o dərəcədə dəbdə oldu ki, hətta
bunu dialektik metodun çağdaş zəmanəmizdə alternativi kimi qiymətləndirmək
meyilləri də meydana çıxdı. Fikrimizcə, burada düzgün mövqe bundan ibarətdir:
sistem-struktur metod dialektik metodun elmi-texniki-informativ tərəqqi ilə
ayaqlaşmağa qabil olan elə inkişaf qoludur ki, burada tam və hissə, bunların nisbəti
kimi ənənəvi problemin yeni məzmun kəsb etməsindən, tam və hissənin
münasibətinin daha dərindən öyrənilməsindən söhbət gedir.
Lap yaxın keçmişlə fəlsəfi ədəbiyyatda “tam-hissə”, “sistem-element”, “sistem-
element-struktur” kateqoriyaları, bunların bir-birinə münasibəti barədə gedən
mübahisələr bir qədər səngisə də, hələ də bəzi cəhətlər haqqında fikir ayrılıqları yox
deyildir. Əksər filosoflar bu fikirdədir ki, sistem – bunu əmələ gətirən elementlərin
qarşılıqlı əlaqələrinin vəhdəti olub, öz məntiqi həcminə görə elə ümumi anlayışlar
qəbilinə aiddir ki, o istənilən predmet, hadisə və proseslərə aid edilə bilir. “Tam” ilə
“sistemi” çox zaman növ-cins münasibəti ilə izah edir, bəzən sinonim kimi işlədir,
eyni bir obyektin müxtəlif əks etdirmələrini qeyd edirlər. Bəzən də tam yenicə
yaranmağa başlayan sistemin zirvəsi sayılır.
Sistem və elementi dialektikanın qütb kateqoriyalarına daxil etmək
təşəbbüsləri də vardır. Tam və hissə haqqında ən çox yayılmış nöqteyi-nəzərə görə,
hissə sistemin tərkibinə daxil olan və nisbi müstəqilliyə malik komponentdir, tam
öz aralarında əlaqələnən hissələri əhatə edən ayrı-ayrı hissələrdə həmişə olmayan
bəzi xassələrə malik sistemdir.
Göründüyü kimi, tam və hissənin tərifində sistem anlayışından istifadə edilib.
Sistem ilə tam kimi, hissə ilə element bir-biri ilə əlaqəli anlayışlardır. Burada etiraz
doğurmayan belə bir nöqteyi-nəzəri də biz dəstəkləyirik ki, sistem həm
elementləri, həm də elementlər arasındakı münasibəti ehtiva edən tamdır; sistemin
elementlərinin təbiətindən fikrən uzaqlaşıb əsas diqqəti bunlar arasındakı
münasibətə yönəltdikdə isə sistemin strukturu anlayışına gəlib çıxırıq. Burada
element tamın nisbi bölünməz hissəsi kimi çıxış edir. Deməli, tam ilə hissənin
qarşılıqlı əlaqəsi öz ifadəsini həm tamın keyfiyyətinin onu təşkil edən hissələrin
spesifik təbiətindən asılılıqda, həm də bu hadisələrin keyfiyyətinin tamın spesifik
təbiətindən asılılıqda tapa bilir. Odur ki, tam və hissənin dialektik əlaqəsi əslində
tamın strukturunu təşkil edən əlaqədir və bu mənada struktur tamın mühüm
mövcudluq üsullarından biri kimi çıxış edir. Tamın nisbi bölünməz hissəsi kimi
çıxış edən elementlərin və bunların münasibətlərinin üzvi vəhdəti sistem anlayışı
ilə səciyyələnir. Başqa sözlə, elementlər ilə strukturun dialektik vəhdəti sistem
anlayışının əsas əlaməti sayılır.
Məqsədimiz, əlbəttə, “sistem”, “element”, “struktur”, habelə “tam” və “hissə”
kateqoriyaları barədə gedən fəlsəfi münasibətləri hərtərəfli təhlil etmək deyil.
Amma söylədiklərimiz bu və ya digər spesifik şəkildə pedaqoji prosesin özü və
sahələri üçün metodoloji əsas kimi qəbul edilə bilər. Burada, öncə, diqqəti nəzəri
cəhət cəlb edir ki, hər hansı bir hadisəni daha dərindən öyrənmək, onun inkişaf
qanunauyğunluqlarını aşkar etmək naminə bu hadisəni onu təşkil edən
komponentlərinə, mühüm və mühüm olmayan xassələrinə ayırmaq və onları ayrı-
ayrılıqda araşdırmaq vacib əhəmiyyət kəsb edir. Elmi idrakda geniş yer tutan
analiz metodu məhz tamın bu cür hissələrə ayrılıb öyrənilməsi ilə bağlıdır. Adətən,
analiz idrak pro-sesinin başlanğıcı sayılır. Belə ki, hər hansı bir hadisəni öyrənmək
üçün onun yalnız ayrı-ayrı hissələrini öyrənmək heç də kifayət deyil. Bu hissələrin
qarşılıqlı əlaqə və asılılıqlarını da öyrənmək, bu hissələri bütövlükdə nəzərdən
keçirmək, tamı öyrənmək gərəkdir ki, bu da elmi idrakda analizin əksinə olan
sintez metodu ilə bağlıdır.
Sistemin mahiyyəti onun struktur ilə funksiyası, yəni elementlərin və onların
davranışının, əlaqələrinin xarakterilə, obyektin şəraitlə əlaqəsinin spesifikliyi ilə
müəyyən edilir. Sistemi təşkil edən elementləri, bunların qarşılıqlı təsirini
öyrənmədən buradakı davamlı, mühüm və zəruri əlaqələri ayırd etmək mümkün
olmur. Elementlərin belə davamlı, mühüm, zəruri olan qarşılıqlı təsiri məhz siste-
min strukturunu səciyyələndirir. Deməli, struktur elementlərin əlaqələri qanunu,
sistemin invariantı kimi çıxış edir. Elementlərin, bunların əmələ gətirdiyi bütövlə,
tamla əlaqəsini də öyrənmədən, açmadan həm sistemin funksiyası, həm də hər bir
elementin tama nəzərən funksiyaları kölgədə qalır. Deməli, tam anlayışı sistemə
nəzərən mənalanır, o, sistemin təşkilatlanmasıdır. Buradan aydın olur ki, hər bir
sistemin özünəməxsus strukturu və bu strukturun daşıyıcı olduğu funksiyası var.
Deməli, sistemə onun struktur və funksiyasının vəhdətindən ibarət tam kimi
baxmaq olar. Sistemlər bir-birindən təkcə struktur və funksiyalarına görə deyil,
həm də başlıca olaraq strukturla funksiyanın vəhdətinin necəliyi ilə, bu vəhdətin
xarakteri ilə fərqlənirlər.
Sistemin müəyyən edilməsi üçün ən azı aşağıdakı iki məqam gərəkdir: a)
tamdan hissəni fikrən seçib ayırd etmək; b) sistemə öz elementlərinin üzvi əlaqəsi,
toplusu və onların inteqrasiyası kimi baxmaq. Bunlar ona görədir ki, əvvələn,
prinsip etibarı ilə istənilən sistem özündən daha yüksək, daha mürəkkəb tamlığa
malik olan di-gər sistemə element və altsistem kimi daxil olur. İkincisi də, bu pro-
sesdə sistemin ziddiyyətsizliyi və nisbiliyi kimi xüsusiyyətləri aşkara çıxarır ki,
məhz bu məqamda onun daha yüksək, daha təkmil sistemin elementi kimi çıxış
etməsinə imkan yaranır. Hər bir sistem özündən aşağı struktur səviyyə kimi olan
sistemə nəzərən daha mükəmməl sistem qismində çıxış edir.
Pedaqoji proses tam və mürəkkəb sistemdir. O həm də çoxlu altsistemlərdən
ibarətdir: təlim prosesi, təhsil-tərbiyə prosesi, formalaşma prosesi, inkişaf prosesi,
müəllimlərlə şagirdlərin əməkdaşlığı prosesi, pedaqoji prosesin baş verdiyi
şəraitlər sistemi, pedaqoji prosesin həyata keçirilməsinin forma və metodları
sistemi və s. Bütövlükdə təhsil sistemi, o cümlədən, məktəb, sinif, tədris məşğələ-
ləri hər biri ayrı-ayrılıqda pedaqoji prosesin altsistemləri kimi çıxış edir. Bu
altsistemlərdən hər biri müəyyən şəraitdə (təbii-coğrafi, ictimai, istehsalat, mədəni)