25
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ III nömrə
etdikləri sübutlar əsasında yekun qərar çıxarır. İttiham sübuta yetirilmədiyi halda məhkəmə
prokurorun köməyinə gəlməməlidir, əks halda, o, ittiham funksiyasını öz üzərinə götürmüş olur.
Hakim heç vaxt təqsirləndirilən şəxsin ifşa edilməsinə çalışmamalıdır. Çəkişməyə əsaslanan
məhkəmə icraatında sübutların tədqiqini tərəflər həyata keçirir, məhkəmə isə yalnız prosessual
qaydadan kənara çıxılmamasına nəzarət edir. Prokuror da tərəf kimi məhkəməyə yalnız fikrini
bildirməlidir, məhkəmə qərarı ilə razı olmadıqda protest verə bilər (6).
Sübutetmə subyektləri sübutetmədə daimi rol oynayan sübutetməni həyata keçirən (sübutları
toplayan, yoxlayan və qiymətləndirən) və ona görə məsuliyyət daşıyan; qanunla müəyyən edilən
hüquqlarının qorunması üçün sübutetmə prosesində aktiv və uzunmüddətli iştirak etmək
hüququna malik olan orqan və şəxslərdir. Prosessual hüquq və vəzifələrin digər subyektləri
(sübutetmə subyektləri olmayan) sübutetmədə xüsusi prosessual maraqlar olmadan köməkçi və
ya epizodik rol oynaya bilərlər.
İttiham tərəfinin sübutetmədə iştirakı. Sübutetmə vəzifəsi.
Cinayət işi üzrə icraatı təhqiqat orqanı, müstəntiq, prokuror və məhkəmə həyata keçirir. Bu
orqanlar öz səlahiyyətləri çərçivəsində cinayət işini başlayır və araşdırır. Məhz bu orqanlar
sübutetmənin subyektləri sayılır. Onlar sübutların toplanması, fiksə edilməsi və yoxlanmasında
məsuliyyət daşıyır və öz daxili inamına görə onları qiymətləndirirlər. Təhqiqat və istintaq orqanı
ibtidai istintaq mərhələsində sübutetmənin əsas subyektləridir. İş üzrə əhəmiyyətli olan halların
tam, hərtərəfli və obyektiv araşdırılması tələbi istintaq və məhkəmə orqanı üçün məcburidir;
istintaq orqanı hökmün çıxarılması üçün məhkəmə qarşısında duran hər bir məsələnin həlli üçün
lazım olan bütün sübutları toplamalıdır. İstintaq orqanının təqsirləndirilən şəxsin təqsirliliyi
barədə gəldiyi nəticələr mötəbər sübutlara əsaslanmalıdır. İstintaq orqanının sübutetmənin
subyekti kimi vəziyyəti mühakimə icraatında müstəntiqin həyat keçirdiyi prosessual funksiyadan
asılıdır. Müstəntiq və təhqiqat orqanının sübutetmədə sırf ittihamedici fəaliyyət göstərdiyini
düşünmək səhv olardı. Doğrudur, müstəntiqin fəaliyyəti cinayət törətməkdə təqsirləndirilən şəxsin
aşkar edilməsinə yönəlir, lakin onun fəaliyyəti ittihamedici olmamalıdır. İstintaq obyektiv və
hərtərəfli aparılmalıdır‐bunu qanun tələb edir. Təqsirləndirilən şəxsin təqsirliliyi barədə istintaq
aparan orqanın gəldiyi nəticələr əsaslı olmalıdır, yəni iş üzrə toplanmış sübutlara söykənməlidir.
Qanun tələb edir ki, ittiham aktında cinayətin əsaslarını və təqsirləndirilən şəxsin təqsirliliyini
göstərən sübutlar əks olunmalıdır.
Cinayət işini aparan müstəntiq iş üzrə qərarların qəbul edilməsində müstəqildir. Onun qərarı ilə
razılaşmayan prokuror qərarı ləğv edib işi başqa müstəntiqə tapşıra bilər, lakin qərarın
çıxarılmasında müstəntiqə hər hansı göstəriş verə bilməz. Əks mövqe isə daxili inama görə
sübutların qiymətləndirilməsi prinsipinə zidd olardı.
Sübutetmə prosesində prokuror mühüm yer tutur. Onun fəaliyyəti qanunçuluğa riayət edilməsi
üçün nəzarət orqanı kimi qarşısında duran məsələlərin həllinə yönəlir. Prokurorun fəaliyyəti
çoxşaxəlidir. O, müxtəlif metod və vasitələrin tətbiqinin müxtəlif formalarında yaranır, lakin o, öz
mahiyyəti və vəzifələrinə görə bütün mərhələlərdə eynidir. Cinayət prosesinin bütün
mərhələlərində prokuror qanuna riayət edilməsinə nəzarət edir. Nəzarət orqanı kimi prokuror
istintaqda və məhkəmədə iş üzrə obyektiv həqiqətin müəyyən olunmasını təmin etməlidir.
Prokurorun sübutetmədə vəzifəsi və fəaliyyət formaları bu fəaliyyətin həyata keçirildiyi prosessual
mərhələlərdən asılıdır. Cinayət işinin qaldırılması mərhələsində prokuror törədilən cinayətin aşkar
edilən hər bir faktının araşdırılmasını, cinayətin əsaslarını göstərən materialların saxlanmasını
təmin etməlidir.
Prokurorun təhqiqat və istintaq hərəkətlərinin obyektiv və hərtərəfli aparılmasının təmin edilməsi
vəzifələri ilə yanaşı, həm də onun sübutların toplanması və yoxlanması üçün istintaq hərəkətlərini
birbaşa aparmaq hüququ var. Prokuror zəruri olduqda ibtidai istintaq mərhələsində sübutetməni
müstəqil həyata keçirə bilər. Onun fəaliyyəti iş üzrə toplanmış bütün
26
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ III nömrə
sübutların yoxlanmasından ibarətdir. Bu zaman prokuror istintaqın tam və hərtərəfli aparılmasını,
ittihamedici sübutların əsaslı olmamasını aşkar edərsə, o işi əlavə istintaqa qaytarır və ya iş üzrə
icraata xitam verir (CPM‐nin 290.3.3‐cü mad.) Prokuror istintaq orqanlarının gəldikləri nəticələrlə
razı olduqda ittiham aktını təsdiq edir və işi məhkəməyə göndərir. İttiham aktının təsdiq edilməsi
prokurorun sübutların toplanması, fiksə edilməsi və yoxlanmasını nizama salan qanunun bütün
tələblərinə riayət olunmasına əmin olmasını, həmçinin təqsirləndirilən şəxsin məhkəməyə
verilməsi üçün onun təqsirliliyinə, məhkəmədə ittihamı sübut etməyə hazırlığa və təqsirləndirilən
şəxsin məhkum olunmasına təkid etməyə prokurorun inamlı olmasını göstərir.
Bəzi alimlər prokurorun daxili inamının ibtidai istintaq materiallarından asılı olmasını prokurorun
məhkəmədə mövqeyinə mənfi təsir göstərən və onun qanunçuluğa nəzarət etməsini azaldan bir
faktor kimi baxırlar. Buna görə də onların fikrincə, prokurorun istintaq materiallarının qanuniliyini
yoxlamaq və ittiham aktını təsdiq etmək səlahiyyətindən azad etmək lazımdır (7). Lakin prokuroru
bu vəzifədən azad etmək məhkəməyə göndərilən iş üzrə materialların mötəbərliyinə təminat
verilməsindən məhrum edir (8). Məhkəməyə vermə mərhələsində prokuror toplanmış sübutların
kifayət olması məsələsinə qiymət verir. Məhkəmə baxışı mərhələsində isə o, dövlət ittihamını
müdafiə edir. Bununla yanaşı, prokuror proses iştirakçılarının qanunun tələblərinə riayət
olunmasını təmin etməlidir, baş verən hər bir pozuntunu aradan qaldırmalıdır. Prokurorun bu
vəzifələri‐qanunçuluğa riayət edilməsinə nəzarət və dövlət ittihamının həyata keçirilməsi ‐
mahiyyətcə eynidir və onları ayırmaq və ya bir‐birinə qarşı qoymaq olmaz. Prokuror təkcə qanunları
pozanlara qarşı ittihamçı kimi çıxış etməməlidir, həmçinin əsassız məsuliyyətə cəlb olunan
vətəndaşların hüquqlarını qorumalıdır.
Prokuror cinayət işinin başlanılması və təhqiqat zamanı böyük səlahiyyətlərə malikdir. O, cinayəti
təqib etməsini, təhqiqat orqanları tərəfindən qanunların yerinə yetirilməsinə prosessual nəzarəti,
ilkin təhqiqata və s. nəzarəti həyata keçirir. Məhkəmə prosesində prokurorun prosessual vəziyyəti
təhqiqat və istintaq orqanlarının vəziyyətindən əsaslı fərqlənir. Məhkəmə araşdırması zamanı
cinayət təhqiqatını həyata keçirərək prokuror məhkəmə qarşısında məhkəmə araşdırmasının digər
iştirakçıları ilə bərabər hüquqlardan istifadə edərək dövlət ittihamını müdafiə edir. (CPM‐nin
314.1‐ci mad.) Bu funksiya tutduğu vəziyyətdən, hətta ittihamdan imtina etməsindən asılı
olmayaraq araşdırmanın bütün mərhələlərində yerinə yetirilir. Dövlət ittihamçısı kimi prokuror
sübutların araşdırılmasında fəal iştirak edir, təqsirləndirilən şəxslə münasibətdə cinayət qanunun
və cəza tədbirinin tətbiqi ilə bağlı öz fikirlərini məhkəməyə bildirir və ya ittihamdan imtina etdiyi
halda bu imtinanı əsaslandırır.
Məhkəmə prosesində sübutetmədə prokuror və prosesin digər iştirakçılarının bərabər mövqedə
durmaları prokurorun vəsatət verməyə, irəli sürülən ittihama qarşı öz münasibətini bildirmək,
prosesin digər iştirakçılarının təqdim etdiyi sübutlara qarşı etirazını bildirməyə imkan verir.
Sübutların araşdırılmasının belə prosessual qaydası məhkəmədə iş üzrə bütün halların tam,
hərtərəfli və obyektiv araşdırılaraq müəyyən edilməsinə kömək edir. Prokuror məhkəmə qarşısında
ittihamın təsdiqi üçün qanunla göstərilən bütün vasitələrdən istifadə etməlidir. Bu halda, o,
həmçinin təqsirləndirilən şəxsə bəraət verən halları və ya onun məsuliyyətini yüngülləşdirən halları
da araşdırmalıdır. Bu, o vaxta qədər baş verir ki, təqsirləndirilən şəxsin xeyrinə bütün sübutlar tam
araşdırılır və onların ittihamı rədd edə bilməməsi sübut edilir. Məhkəmədə prokuror ‐ ittihamçı
olsa da, həqiqətin müəyyən edilməsinə çalışan ittihamçı olmalıdır. Prosessual ədəbiyyatlarda belə
fikirlər səslənir ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməsi vəzifəsi
daşımır (9). Belə fikir cinayət prosesinin mahiyyətinə ziddir, məhz prokuror sübutetmə vəzifəsi
daşıyır. Həmin fikrin nümayəndələri ona əsaslanır ki, prokuror məhkəmə kimi eyni qaydada iş üzrə
halların tam və hərtərəfli araşdırılmasını təmin etməlidir. Prokurorun məhz belə vəzifə daşıması
prokurorluq orqanları qarşısında duran vəzifələrin həyata keçirilməsinə heç bir maneçilik törətmir.
Bu orqanlar öz səlahiyyətlərinə uyğun olaraq cinayət‐prosessual qanunla müəyyən edilmiş
funksiyaları həyata keçirir. Prokuror tərəfindən həyata keçirilən ittihamın əsas xüsusiyyəti kimi iş
üzrə halların tam və hərtərəfli araşdırılmasını hesab etmək olar.