A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ III nömrə
12
Mülki Məcəlləsinin 228‐ci maddəsində göstərilir ki, yaşayış binasının tərkib hissəsinin
mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış
sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin
mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış sahəsinə
köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı
ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə
münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Mənzil Məcəlləsində isə fərqli qayda nəzərdə
tutulmuşdur: əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma
yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə
üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Burada başqa razılaşma dedikdə
tərəflər arasında bağlanmış və ikinci şəxsə mənzildən istifadə hüququ verən hər hansı müqavilə
nəzərdə tutulur. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə
etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış
sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü
yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə
məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında
saxlanıla bilər. Bu zaman yeni Mənzil Məcəlləsinin qüvvəyə minməsindən əvvəl yaranmış
münasibətlərə Mülki Məcəllənin müvafiq maddəsi, ondan sonra yaranan münasibətlərə isə Mənzil
Məcəlləsinin müvafiq maddəsi şamil olunur.
Mülki Məcəllənin 228.3‐cü maddəsinə əsasən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi
haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən
bazar qiyməti ilə müvafiq kompensasiya vermək yolu ilə xitam verilə bilər. Qanunverici
kompensasiyanın hesablanmasının xüsusi qaydasını müəyyən etməyib, bu məhkəmələrin
səlahiyyətlərinə verilib. Praktikada məhkəmələr kompensasiyanı hesablayarkən tərəflərin maddi
vəziyyətlərini, ailə üzvlərinin sayını, şəxsin istifadə hüququ olan yaşayış sahəsinin faktiki şəraitini,
həmin ərazidə eyni şəraitli evlərin aylıq kirayə haqlarını və s. faktorları nəzərə alırlar. Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007‐cil il qərarında göstərilən
“əvəzləşdirmə”yə uyğun məbləğ məhz davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə
əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməlidir. Bu qərardakı
qeyri‐müəyyənlik digər məhkəmələrin qərarlarına təsir göstərir. Belə ki, mənzilin yerləşdiyi ərazidə
eyni şəraitli evlərin aylıq kirayə haqlarının orta qiyməti əsasında müəyyən müddət ərzində yaşayış
sahəsinə olan tələbatını ödəmək imkanı verən pul məbləği müəyyən olunur. Həmçinin məhkəmə
təcrübəsində yaşayış sahəsindən istifadə hüququna xitam verilən şəxsin maddi imkanlarını nəzərə
alaraq 3 illik müddət müəyyən edir və kompensasiya müəyyənləşdirir. Bu zaman yaranmış mübahisə
üzrə tam, hərtərəfli araşdırma aparılmaqla aşağıdakı məsələlər barədə nəticə çıxarılmalıdır:
evdən istifadə etmək hüququ olan şəxslərin sayı;
evin kimin mülkiyyətində olması və evə mülkiyyət hüququnun tək bir nəfərə və ya paylı mülkiyyətə
mənsub olması;
kompensasiya ödənilən şəxsin mülkiyyətçi ilə qohumluq münasibəti;
kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları
ilə birlikdə çıxması;
yaşayış evinin sahəsi, orada yaşayan şəxslərə düşən sahəsinin həcmi;
kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanları;
yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsi ilə eyni şəraitli bir otaqlı mənzildə kirayə
haqqının məbləği.
Yuxarıda qeyd olunan məsələləri müəyyənləşdirdikdən sonra həmin meyarların kompensasiyanın
məbləğinə təsiri nəzərə alınmaqla kompensasiya təklif edənin təklif etdiyi məbləğin istifadə
hüququnun itirilməsi üçün yetərli olub‐olmaması həll edilməklə məhkəmə kompensasiya müəyyən
etməlidir. Təcrübədə buna yanaşma birmənalı deyil və məhkəmələr buna müxtəlif qiymət verirlər.
Aşağıda göstərdiyimiz işlərdə bu açıq aydın görünür.
13
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ III nömrə
Hüquqi yardım göstərdiyimiz Əlibəyli Əli Davud oğlunun Əlibəyli Tünzalə Kamal qızına qarşı
mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və mənzildən çıxarılması
tələbinə dair mülki işdə birinci instansiya məhkəməsi mənzildən istifadə hüququnun “dövlət
tərəfindən qorunan hüquq” olduğunu qeyd etmişdir. Məhkəmə qətnaməni təmin etməyərək təklif
olunan 9000 manat kompensasiyanın Tünzalə Əlibəyli ilə azyaşlı uşağının birlikdə yaşayış
hüququnun lazımi qaydada təmin etməməsi qərarına gəlmişdir. Həmin işdən tərəfimizdən verilmiş
apellyasiya şikayətində apellyasiya məhkəməsi 15000 manat kompensasiya verilməklə Tünzalə
Əlibəylinin Əlibəyli Əlinin mülkiyyətində olan yaşayış sahəsindən istifadə etmək hüququna xitam
verilmişdir.
Digər bir mülki işdə hüquqi yardım göstərdiyimiz Əliyeva İlahə Şahin qızına qarşı Əliyeva Zemfira
Hüseyn qızı və Əliyeva Əkbər Əşrəf oğlu tərəfindən mənzildən çıxarılma və yaşayış yeri üzrə
qeydiyyatın ləğv edilməsi tələbi ilə iddia qaldırılmışdır. Tərəfimizdən həmin iddiaya qarşılıqlı iddia
ərizəsi verilərək yaşayış sahəsindən istifadə hüququna yalnız kompensasiya verilməklə xitam
verilməsi əsaslandırılmışdır. Yasamal rayon məhkəməsi 3000 manat kompensasiya ödəməklə
Əliyeva İlahə ilə azyaşlı uşağının yaşayış sahəsindən istifadə hüququna xitam vermişdir.
Bu iki işdən də göründüyü kimi, məhkəmələr oxşar işlərdə bir‐birindən əhəmiyyətli dərəcədə fərqli
olan kompensasiya müəyyən edir.
Məhkəmə qərarlarının icrası bu gün vəkillik fəaliyyəti zamanı rastlaşılan ən aktual məsələlərdən
biridir. Azərbaycan Respublikası Konstitusiyasının 60‐cı, Mülki Prosessual Məcəlləsinin 4‐cü, “İnsan
hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6‐cı maddəsinin
birinci bəndində bütün fiziki və hüququ şəxslərin onların mülki hüquq və vəzifələri müəyyən
edilərkən öz hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə
qanunla müəyyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququnu tanıyır.
“İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası ədalətli məhkəmə
araşdırılmasına geniş mənada yanaşaraq məhkəməyə müraciət məqamından məhkəmənin qərarının
icrasının başa çatdığı anadək olan münasibətləri bura aid edir. Avropa İnsan Hüquqları
Məhkəməsinin presidentlərində bu hallar dəfələrlə öz əksini tapmışdır. Hornspi Yunanıstana qarşı”
işində Məhkəmə qeyd etmişdir ki, “ədalətli məhkəmə baxışına olan hüquq qanuni qüvvəyə minmiş
məhkəmə qətnaməsinin icra edilməsi vəzifəsini də özündə ehtiva edir”. “Burdov Rusiyaya qarşı”
işində isə Məhkəmə qeyd etmişdir ki, “bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində,
qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər”.
Azərbaycan Respublikasında qərarların icrasını icra məmurları həyata keçirir. “İcra haqqında”
Azərbaycan Respublikası qanununun 2‐ci maddəsinə əsasən, məhkəmə və digər orqanların
qərarlarının məcburi icrasını icra məmurları həyata keçirir. Həmin qanunun 3‐cü maddəsində qeyd
olunur ki, “məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunın tələbləri
Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və
fiziki şəxslər üçün məcburidir.” Həmin maddənin ikinci bəndində isə qeyd olunur ki, “məhkəmə və
digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən,
onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”.
“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6‐ci maddəsində icra sənədləri göstərilmişdir.
Bu maddəyə əsasən, aşağıdakılar icra sənədləri hesab olunur:
Azərbaycan Respublikası məhkəmələrinin qərarları;
iddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları;
məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərardadlarının və qərarlarının əmlakın
alınmasına dair hissəsi;
beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin qərarları;
xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qərarları əsasında verilən icra vərəqələri;
məhkəmə əmrləri;
alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlər;