yerlərdə təşkil olunur. Xüsusi hallarda kiçik sututarı və su axınlarında I kateqoriyalı
məntəqələr təşkil edilə bilər. Bu kateqoriyalı məntəqələrdə: su mühitinin hidroloji və
hidrokimyəvi göstəriciləri üzrə müşahidələr hər gün; 2-3 xarakterik çirkləndiricilər
üzrə müşahidələr ayın hər dekadasında; bütün mümkün çirkləndiricilər üzrə
müşahidələr ayda bir dəfə; suyun fon tərkibi və çirkləndiricilər üzrə tam həcmli
müşahidələr hidroloji rejimin bütün fazalarında (adətən, ildə 7 dəfə) aparılır.
Hidrobioloji göstəricilər - fitoplankton, zooplankton, zoobentos və perifitonun
göstəriciləri üzrə ayda bir dəfə, bu göstəricilərlə yanaşı, makrofitlər, fitobentosun
fotosintez intensivliyi və mikrobioloji göstəricilər üzrə hər rübdə bir dəfə
müşahidələr aparılır.
II kateqoriyalı məntəqələr: su obyektlərinin əhalisinin sayı 0,5-1,0 mln. olan
şəhərlər yerləşən hissələrində; çayları Azərbaycan Respublikasının dövlət sərhədi ilə
kəsişdiyi yerlərində; su canlılarının kürüləmə və qışlama yerlərində; çayların balıq
təsərrüfatı üçün əhəmiyyətli olan su bəndlərinin yaxınlığında; kollektor-drenaj və
sənaye tullantı sularının mütəşəkkil axıdıldığı/atıldığı yerlərdə, suyun orta çirklənmə
səviyyəsinin olduğu rayonlarda və çayların mənsəblərində təşkil olunurlar.
Məntəqələrdə: vizual müşahidələr - hər gün, su mühitinin hidroloji və hidrokimyəvi
göstəriciləri üzrə müşahidələr - ayın hər dekadasında, bütün mümkün
çirkləndiricilər üzrə müşahidələr - ayda bir dəfə, suyun fon tərkibi və çirkləndiricilər
üzrə tam həcmli müşahidələr hidroloji rejimin bütün fazalarında (adətən, ildə 7 dəfə)
aparılır. Hidrobioloji göstəricilər - fitoplankton, zooplankton, zoobentos və
perifitonun göstəriciləri üzrə ayda bir dəfə, bu göstəricilərlə yanaşı, makrofitlər,
fitobentosun fotosintez intensivliyi və mikrobioloji göstəricilər üzrə hər rübdə bir
dəfə müşahidələr aparılır.
III
kateqoriyalı məntəqələr: su obyektlərinin əhalisinin sayı 0,5 mln.-dan az olan
orta və kiçik yaşayış məntəqələrinin yerləşdiyi və əhalinin kütləvi istirahət etdiyi
zonalarında, su obyektinə müxtəlif tullantı sularının mütəşəkkil axıdılması/atılması
nəticəsində zəif çirklənmə səviyyəsi müşahidə edilən zonalarda, böyük və orta
çayların suqovuşanlarında, böyük çayların və sututarların çirklənmiş qollarının
mənsəblərində təşkil olunur. Bu məntəqələrdə suyun hidroloji və hidrokimyəvi
göstəriciləri və bütün mümkün çirkləndiricilər üzrə müşahidələr ayda bir dəfə,
suyun fon tərkibi və çirkləndiricilər üzrə tam həcmli müşahidələr isə hidroloji
rejimin bütün fazalarında (adətən, ildə 7 dəfə) aparılır. Hidrobioloji göstəricilər
fitoplankton, zooplankton, zoobentos və perifitonun göstəriciləri üzrə vegetasiya
dövründə ayda bir dəfə, bu göstəricilərlə yanaşı, makrofitlər, fitobentosun fotosintez
intensivliyi və mikrobioloji göstəricilər üzrə hər rübdə bir dəfə müşahidələr aparılır.
IV
kateqoriyalı məntəqələr stasionar hidroloji şəbəkədə su obyektlərinin təbii fon
tərkibinin öyrənilməsi məqsədilə sututar və su axınlarının çirklənməyə məruz
qalmayan hissələrində, həmçinin, təbii milli parkların və qoruqların ərazilərindəki su
obyektlərində təşkil olunurlar. Bu məntəqələrdə müşahidələr çayların (göllərin)
hidroloji rejiminin əsas fazalarında (adətən, il ərzində 7 dəfə) kimyəvi tərkibi üzrə
tam həcmdə aparılır.
Kateqoriyalarından asılı olmayaraq müşahidə məntəqələrinin hamısında hər gün
su obyektinin ümumi vəziyyəti üzrə və kimyəvi analiz üçün su nümunələri
götürülən zaman suyun sərfi (səviyyəsi), temperaturu və su axınının sürəti üzrə
müşahidələr aparılır.
6.2.1.2. Yeraltı su obyektlərinin çirklənməsinin monitorinqi - təbii və texnogen
amillərin təsiri nəticəsində, onların kimyəvi element və birləşmələrlə, üzvi
maddələrlə, bakteriyalarla (mikroorqanizmlərlə) çirklənmə dərəcəsinin öyrənilməsi,
proqnozlaşdırılması və çirklənməyə qarşı tədbirlərin hazırlanmasının təmin edilməsi
məqsədilə aparılır.
Yeraltı su obyektlərinin çirklənməsinin monitorinqi regional və xüsusi şəbəkə
üzrə aparılır.
Yeraltı su obyektlərinin çirklənməsinin monitorinqinin regional şəbəkəsi yeraltı
su obyektlərinin vəziyyətinin monitorinqini təşkil edən dövlət dayaq rejim
şəbəkəsinin müşahidə məntəqələri - quyular, bulaqlar, kəhrizlər, horizontal drenlər
və s. ilə eynidir və bu məqsədlə ayrıca şəbəkə yaradılmır.
Şəhər, qəsəbə və digər yaşayış məntəqələrinin və aqrar sektor obyektlərinin su
təchizatı üçün istifadə edilən yeraltı su götürücülərin sahəsində, yeraltı suları
çirkləndirən obyektlərin təsir sahələrində, yeraltı suların qidalanma mənbəyi olan
çirklənmiş yerüstü və həmçinin yerüstü suları qidalandıran çirklənmiş yeraltı suların
təsir zonasında yeraltı suların çirklənməsinin monitorinqinin aparılması məqsədilə
ərazinin hidrogeoloji, geoloji, geomorfoloji şəraiti, yerüstü və yeraltı suların axımının
istiqaməti, obyektin planda və kəsilişdə sərhədləri, çirkləndiricilərin növü, miqrasiya
xüsusiyyətləri və s. nəzərə alınmaqla xüsusi şəbəkə yaradılır.
Regional və xüsusi şəbəkənin məntəqələrindən su nümunələrinin götürülərək
laboratoriyalarda xüsusi kimyəvi, bioloji və radioaktiv analiz edilməsi yeraltı suların
çirklənməsinin monitorinqinin tərkib hissəsidir.
Monitorinqin aparılma tezliyi regional şəbəkə üzrə ildə bir dəfədən az olmamaqla
həyata keçirilir. Xüsusi şəbəkə üzrə isə hər bir hal üçün ayrılıqda müəyyən edilir.
Yeraltı su obyektlərinin hidrokimyəvi göstəriciləri müşahidə məntəqələrindən
götürülmüş su nümunələrinin laboratoriya şəraitində analiz edilməsi ilə öyrənilir.
Analizlərin götürülmə tezliyi qarşıda duran məqsəddən və sulu horizontların
hidrokimyəvi dinamikliyindən asılı olaraq ildə bir dəfədən az olmamalıdır.
6.2.1.3. Sərhəd su obyektlərinin çirklənməsinin monitorinqi - dövlətlərarası
sərhədi müəyyən edən, sərhədi kəsib keçən, yaxud üzərindən Azərbaycan
Respublikasının dövlət sərhədi keçən yerüstü və yeraltı su obyektlərində yerləşən
suların keyfiyyətini pisləşdirən, su obyektlərinin səthinə, dibinə və ətrafına mənfi
təsir edən zərərli maddələrin tökülməsi və ya axıdılması üzərində müşahidə və
nəzarət sistemidir.
Çayların transsərhəd çirklənməsinin monitorinqi II kateqoriyalı müşahidə
məntəqələrində aparılır. Su obyektlərində transsərhəd çirklənmənin monitorinqinin
təşkili aşağıdakılardan ibarətdir:
transsərhəd çayların respublika ərazisinə qonşu ölkələrdən daxil olan
hissələrində daimi müşahidə məntəqələrinin qurulması;