26
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
Azərbaycan Respublikası Qanununun 33cü maddəsinin I hissəsi sürücüyə dair dörd tələb irəli sürür:
1) müəyyən yaş həddinə çatma; 2) müəyyən olunmuş proqram üzrə nəzəri biliklər; 3) nəqliyyat
vasitələrini idarə etmə üzrə təcrübi vərdişlər; 4) sağlamlıq cəhətdən sürücülüyə yararlı olma (2,
179). Sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitmiş şəxs istənilən halda sadalanan tələblərdən
ilk üçünə malik olacaqdır: onun artıq sürücülük vəsiqəsi əldə etmiş olması o deməkdir ki, bu şəxs
müvafiq yaş həddinə çatmışdır, sürücülük üçün zəruri nəzəri biliklərə və təcrübi vərdişlərə malikdir
və uğurlu imtahan vermişdir. Vəsiqənin etibarlılıq müddətinin bitməsi bu üç tələbə təsir edə bilməz.
Lakin dördüncü tələb – sağlamlıq vəziyyətinin sürücülük üçün yararlı olması tələbi barədə eyni fikri
birmənalı söyləmək mümkün deyildir. Məhz bunu nəzərə alan qanunverici iki halda etibarlılıq
müddəti başa çatmış sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün sağlamlıq barədə arayışın təqdim
edilməsini zəruri saymışdır («Yol hərəkəti haqqında» Qanunun 35‐ci maddəsinin VIII hissəsinin
4‐cü bəndi): 1) şəxsin yaşı 60a çatdıqda və daha artıq olduqda; 2) şəxsdə müəyyən xəstəliklərin
olması səbəbindən ona sürücülük vəsiqəsi daha qısa müddət üçün verildikdə («Yol hərəkəti
haqqında» Qanunun 34cü maddəsinin V hissəsinin 2‐4‐cü bəndləri). Bu iki hal istisna olmaqla,
sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün sağlamlıq arayışı tələb edilmir. Deməli, arayış tələb
edilməyən hallarda sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitmiş olsa da, şəxs sürücülər üçün
irəli sürülən 4cü tələbə də cavab verir: ondan sağlamlıq arayışının tələb olunmaması məhz bu
deməkdir. Beləliklə, hesab edirəm ki, sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitdiyi halda onun
dəyişdirilməsi üçün qanunvericiliyə uyğun olaraq tibbi arayış tələb edilmədiyi hallarda şəxs
nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs sayıla bilməz.
Etibarlılıq müddəti bitdikdən sonra sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün tibbi arayış tələb
olunduğu hallarda isə məsələ bir qədər fərqli olacaqdır. Belə hallarda nəzəri və təcrübi baxımdan 3
müxtəlif vəziyyət yarana bilər: 1) şəxsin sağlamlığı sürücülük üçün yararlıdır və o, müraciət etdikdə
müvafiq tibbi arayışı alır (və ya ala bilər) və sürücülük vəsiqəsini dəyişdirir; 2) şəxs sağlamlığının
sürücülük üçün yararsız olduğunu və tibbi arayış ala bilməyəcəyini bilir və tibbi arayış üçün müraciət
etmir, deməli, həm də sürücülük vəsiqəsini dəyişməyə də cəhd etmir; 3) şəxs tibbi arayış almaq üçün
müraciət edir, lakin müayinə nəticəsində onun sağlamlığının sürücülük üçün yararsız olduğu
müəyyən edilərək ona tibbi arayış verilmir və deməli, o, sürücülük vəsiqəsini dəyişə bilmir.
Göstərilən vəziyyətlərdən birincisində şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun mövcud
olduğu heç bir şübhə doğurmur, çünki o, sürücü barəsində irəli sürülən dörd tələbdən hamısına
cavab verir. Digər iki vəziyyətdə isə bunun tam əksi mövcuddur: şəxs sürücülük üçün irəli sürülən
tələblərdən birinə – sağlamlığının sürücülük üçün yararlı olması tələbinə uyğun deyil. Bu tələb
kifayət qədər ciddi tələbdir, çünki sağlamlığın sürücülük üçün yararsız olması o deməkdir ki, ya belə
şəxs öz fiziki və psixi vəziyyətinə görə nəqliyyat vasitəsini idarə etmək imkanına malik deyil
(məsələn, əlinin birini və ya onun funksiyasını itirmişdir), yaxud hərəkət vaxtı yol hərəkəti şəraitinə
nəzarət imkanını itirmişdir və ya belə imkanı qəflətən itirə bilər (məsələn, görmə qabiliyyəti ciddi
şəkildə pisləşmişdir və s.). Belə şəxsin nəqliyyat vasitəsini idarə etməsi çox təhlükəlidir. Ona görə
də hesab edirəm ki, sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitmiş və sağlamlığı sürücülük üçün
yararsız olduğuna görə sürücülük vəsiqəsi dəyişdirilməyən (və ya dəyişdirilməsi mümkün olmayan)
şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs sayılmalıdır.
Bu məsələ ilə bağlı ölkəmizin yol hərəkətinə dair qanunvericiliyində olan mühüm bir boşluğu da
qeyd etmək zəruridir. Belə ki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33cü
maddəsinin V hissəsinin 3‐cü bəndində deyilir ki, şəxsdə bu maddənin III hissəsində nəzərdə
tutulmuş xəstəliklər və ya fiziki qüsurlar müəyyən edilərsə, xəstəlik müalicə olunanadək və ya fiziki
qusur aradan qaldırılanadək şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 13 dekabr 2012‐ci il tarixli, 46 saylı Qərarı
ilə təsdiq olunmuş «İşçilərin icbari tibbi müayinələrinin keçirilməsi tələb olunan işlərin Siyahısı»nın
32.1‐32.6‐cı bəndlərində müxtəlif mexaniki nəqliyyat vasitələrinin sürücüləri üçün tibbi əks‐göstə‐
rişlərin (xəstəliklərin və fiziki qüsurların) siyahısı verilmişdir. Həmin Siyahıda göstərilən əks‐
göstərişlərdən hər hansı biri sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitmiş olan şəxs vəsiqəni
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ V nömrə
27
dəyişdirmək üçün arayış almaq məqsədilə tibbi müayinədən keçərkən aşkar edildikdə (yəni şəxsin
sağlamlığının sürücülük üçün yararsız olduğu aydın olduqda), şəxsə tibbi arayış verilmir və yuxarıda
qeyd etdiyimiz kimi bu şəxsin sürücülük vəsiqəsi dəyişdirilmir. Lakin həmin əks‐göstərişlər
sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitənədək, habelə etibarlılıq müddəti bitdikdən sonra
vəsiqəni dəyişdirmək üçün tibbi arayış tələb olunmayan hallarda da yarana bilər (məsələn, aldığı
travma nəticəsində şəxsin qolunun biri amputasiya olunur, lakin onun sürücülük vəsiqəsinin
etibarlılıq müddətinin başa çatmasına hələ bir neçə il var). Belə hallarda sağlamlığı sürücülük üçün
aşkar yararsız olan sürücü barəsində hansı tədbir görülə bilməsinə dair ölkəmizin qanunvericiliyində
hər hansı müddəa yoxdur. Hesab edirəm ki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası
Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dünya təcrübəsi nəzərə
alınmaqla müvafiq müddəaların əlavə edilməsi ilə bu boşluğu aradan qaldırmaq olar. Bunun üçün
yol hərəkəti təhlükəsizliyinə nəzarət edən orqanın (yəni Dövlət Yol Polisinin) vəzifəli şəxslərinə
belə bir səlahiyyət vermək olar ki, onlar sürücünün sağlamlığının sürücülük üçün yararsız olmasına
əsaslı şübhələr aşkar etdikdə, bu şəxsə məcburi tibbi müayinədən keçərək tibbi arayış təqdim etməsi
barədə göndəriş versinlər. Bundan sonra həmin sürücü dəqiq müəyyən olunmuş müddət ərzində
müvafiq tibbi arayışı təqdim edə bilmədikdə onun nəqliyyat vasitəsini idarə etmək hüququ sağlamlıq
vəziyyətinə əsasən məhdudlaşdırılmalıdır. Belə halda həmin şəxs təkrar müayinədən keçərək
müvafiq tibbi arayış təqdim etməklə öz sürücülük vəsiqəsini geri almayanadək (yaxud onu
dəyişdirməyənədək) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs sayılmalıdır, çünki bu
şəxs də sürücülük üçün irəli sürülən tələblərdən birinə cavab vermir.
Aparılmış təhlilə yekun vuraraq qeyd etmək istəyirəm ki, «nəqliyyat vasitəsini idarə etmək hüququ
olmayan şəxs» ifadəsinə normativ anlayış verilməsi zəruridir. Qeyd etdim ki, Azərbaycan
Respublikası Ali Məhkəməsi Plenumunun «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı
qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarında bu
ifadənin kimləri ehtiva etməsinin dəqiqləşdirilməsi istiqamətində mühüm addım atılmışdır. Lakin
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarının normativhüquqi akt olmadığını
(tövsiyə xarakteri daşıdığını), habelə istinad olunan Qərardakı anlayışın natamamlığını nəzərə alaraq
hesab edirəm ki, CM‐in 263‐1‐ci maddəsinə bu ifadənin normativ anlayışını təsbit edən aşağıdakı
məzmunda «Qeyd» əlavə olunmalıdır: «Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs
dedikdə, həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan qanunvericilikdə nəzərdə tutulmuş
qaydada məhrum olunmuş və ya bu hüququ müvəqqəti məhdudlaşdırılmış və ya sürücülük
vəsiqəsinin kateqoriyasına uyğun olmayan nəqliyyat vasitəsini idarə edən şəxslər, habelə sağlamlıq
vəziyyəti sürücülük üçün yararsız olduğuna görə nəqliyyat vasitəsini idarə etmək hüququ
məhdudlaşdırılmış, yaxud sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitdikdən sonra sağlamlıq
vəziyyətinə görə vəsiqəsi dəyişdirilməmiş və dəyişdirilə bilməyən şəxslər başa düşülür».
Hesab edirəm ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə belə bir normativ anlayış
verilməsi CM‐in 263‐1‐ci maddəsində
göstərilən cinayətin subyektlərinin dairəsinin
dəqiqləşdirilməsi ilə bağlı nəzəri və təcrübi problemlərə son qoya bilər.
İstifadə olunmuş ədəbiyyatlar:
1. Abdullayev F.S. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri. Bakı,
«Zərdabi» nəşriyyatı, 2013. 664 s.;
2. Hüseynov Ə. H. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun kommentariyası. II
kitab. Bakı, «Digesta» nəşriyyatı, 2014. 304 s.;
3. Səməndərov F.Y., Cinayət hüququ. Ümumi hissə. Ali məktəblər üçün dərslik. Bakı, «Digesta»
nəşriyyatı, 2013. 720 s.;
4. Vəliyev S.Ə. Azərbaycan Respublikasının cinayət hüququ. Ümumi hissə. Dərslik. Bakı. «Elm və təhsil»
nəşriyyatı, 2012. 552 s.;
5. «Yol hərəkəti haqqında» BMTnin 1968‐ci il Vyana Konvensiyası;