göstərmək istədikdə, məğlubiyyətə düçar oldu. Lakin dəyişən uğurlarla gedən
mübarizədən sonra samnitlər təslim olmağa məcbur oldular. B.e.ə. 304-cü il sülhünə görə,
Romanın Mərkəzi İtaliyada təsir sferası genişləndi, artıq onun torpaqları Adriatik dənizinə
qədər uzanırdı. Samnitlərlə aparılan üç müharibədəki qələbədən sonra Roma İtaliyada
bütünlüklə ağalıq etməyə başladı.
Mərkəzi İtaliyada beş əsr əvvəldən yaşayan etrusklar burada yeni dövlət quruluşu
yaratmamışdılar. Etrusk şəhər-dövlətləri möhkəm olmayan ittifaqlarda birləşmişdilər.
Lakin etrusklar başqa xalqlarla müqayisədə yüksək mədəniyyət yaratmışdılar və öz
yazılarına malik idilər. Onların iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edirdi.
Məhsul istehsalını artırmaq üçün onlar bataqlıqları qurudur, meşələri qırıb, ağacları
kökündən çıxarır və çayların məhvərini düzləndirirdilər. Onların Veyi adlı varlı şəhərini
romalılar işğal etdikdən sonra etrusklar tədricən öz ərazilərini itirməyə başladılar. Qalların
Şimali İtaliyaya müdaxiləsindən sonra etrusklar iki tərəfdən sıxışdırıldılar. Qallar bir neçə
etrusk şəhərini tutdular və Şimali İtaliyada məskunlaşdılar. Lakin b.e.ə. III əsrin sonunda
qallar İtaliyanı tərk etməyə məcbur oldular.
Romanın arxalandığı qüvvə, uğurlarının həlledici amili güclü qoşun və sıx birləşmiş
dövlət idi. Siyasi sahədə təmsilçilər tam hüquqlu olmayan pleybeylərin uzun müddətli
mübarizəsindən sonra varlı pleybey nəsilləri patritsilər kimi öz yüksək təbəqəsinə –
nobilitetə malik oldular. Xalq yığıncağı real siyasi hakimiyyət əldə etdi. Xalqın mənafeyinə
qarşı yönəlmiş qanunları ləğv etmək səlahiyyəti olan xalq tribunları toxunmazlara
çevrildilər. Bu, Roma cəmiyyətinin birliyinə gətirib çıxardı, həmin cəhət isə öz növbəsində
də güçlü xarici ekspansiyasının əsasına çevrildi.
Roma bütün İtaliyada ağalığını qurduqdan sonra tez ya gec Qərbi Aralıq dənizinin
ən iri dövləti olan Karfagenlə toqquşmalı idi. Onların münaqişəsi Siciliya uğrundakı
mübarizədən yarandı. Birinci Puniya müharibəsində (b.e.ə. 264-241-ci illər) Roma
donanma qurub, güclü dəniz dövlətinə çevrildi. Hannibalın İspaniyadan və Alp
dağlarından keçərək İtaliyaya girməsi ikinci Puniya müharibəsinə (b.e.ə. 218-201-ci illər)
səbəb olmaqla, Romanı məhv olmaq həddinə gətirib çıxardı. Lakin Karfagenin Hannibala
kömək göstərməkdən imtina etməsi, həm də Romanın hərbi gücü və italiklərə qarşı çevik
siyasət aparması Romaya öz rəqibini darmadağın etməyə və Qərbi Aralıq dənizində ağaya
çevrilməyə kömək etdi. Karfagen məhv edildikdən sonra Roma ellinist dövlətlərin
mübarizəsinə müdaxilə etdi və Yunanıstan şəhər-dövlətlərini işğal etməyə başladı. Şərqi
Aralıq dənizi sahillərində isə Parfiyanın nüfuz etmə cəhdi ilə toqquşmalı oldu.
Müharibələr və siyasi ittifaqlar hesabına Roma bütün ellinist dövlətlərini Roma dünya
dövlətinin tərkibinə daxil etdi.
Roma böyüməkdə davam edirdi. Onun ərizisinin genişlənməsi daxili böhrana
gətirib çıxardı. Polis quruluşundan qalxmış respublika icra hakimiyyətinin zəifliyindən
dünya dövlətini idarə etməyə qadir deyildi. Romada hətta vergi yığmaq üçün xidmət yox
idi – onu ayrı-ayrı varlı vətəndaşlar yığırdılar, xəzinəyə öz pullarını qoyur, sonra isə lazım
olan məbləği əyalətlərin sakinlərindən toplayırdılar. Uzun sürən müharibələrin gedişində
döyüşçü-əkinçilər öz torpaq paylarını itirirdilər, bu torpaqlar varlıların mülkiyyətinə
keçirdi. Yoxsullaşmış kəndlilər paytaxta axışır, orduya əsgər yığılması azalırdı. Qrakx
qardaşlarının b.e.ə. II əsrin sonundakı aqrar islahatı, kasıblara torpaq vermək hesabına
qoşunlara çağırışların sayını artırmaq cəhdi həyata keçmədi. Sərkərdə Qay Mari vəziyyəti
düzəltmək üçün könüllü vətəndaşlardan təşkil olunmuş ordunu professional qoşunla əvəz
etdi. Sosial ziddiyyətlər və vətəndaş müharibələri Roma dövlətinin gücünü sarsıdırdı.
Sərkərdə Lutsi Korneli Sulla nobilitetin ağalığını bərpa etməyə çalışdı. Orduya arxalanaraq
o, diktatura rejimi qurmaqla b.e.ə. birinci rübündə xalq yığıncağının hakimiyyətini
məhdudlaşdırdı. Bu vaxtdan etibarən təkbaşına hakimiyyətə can atan siyasətçilər özlərinə
sədaqətli olan qoşuna, əyanların və ya xalqın dəstəyinə ümid edirdilər.
Bu, bütünlüklə sərkərdə Qney Pompeyə də aid idi. O, İspaniyanı sakitləşdirərək
Aralıq dənizini dəniz quldurlarından təmizləyib və Şərqdə Romanın ağalığını qurub,
dövlətdə ən nüfuzlu siyasətçiyə çevrildi. O, Romada təkbaşına ağalıq edirdi, lakin
konstitusiyaya zidd çıxmırdı. Lakin senat əyanlarının Pompeyə qarşı açıq düşmənçiliyi
birinci triumviratın – senat əleyhinə olan Krass, Pompey və Yuli Sezarın senat
koalisiyasının meydana gəlməsinə səbəb oldu. Onların hər biri bu məsələdə öz
məqsədlərini güdürdü. Sezar bütün Qalliyanı işğal edib, Romada öz nüfuzunu
möhkəmləndirdi. Krassın ölümündən və Pompeyin senat tərəfə keçməsindən sonra Sezar
ona sadiq olan legionlara arxalanıb, öz əleyhdarlarını darmadağın etdi və Romada
təkbaşına hakimiyyət qurdu. Ömürlük diktator elan edilən Qay Yuli Sezar çar
hakimiyyətini qurmağa gedirdi. Sezarın siyasətindən narazı olan senatorlar Brutun və
Kassinin başçılığı altında qəsd hazırladılar. Sezar b.e.ə.44-cü ildə qətlə yetirildi. Bu, növbəti
vətəndaş müharibələri dalğasının yaranmasına səbəb oldu. Nəticədə ikinci triumvirat
yarandı, ona Sezarın götürmə oğlu Oktavian və keçmiş hərbi xadimlər Mark Antoni və
Emil Lepid daxil oldular. Müxalifəti darmadağın etdikdən sonra Oktavian b.e.ə. 31-ci ildə
Aktsi burnu yanında Mark Antonini də tar-mar etdi və Roma dövlətində təkbaşına
hakimiyyət qurdu. Lakin Sezardan fərqli olaraq o, bunu gizli şəkildə etdi. Senat ona fəxri
Avqust titulunu və ali hərbi hakimiyyəti verdi. Lakin respublika bərpa olunmadı, onun
yerinə imperiya gəldi. Printsepsin təkbışana idarəçiliyi forması respublikanizmin zahiri
əlamətlərini saxlayırdı və printsipiat adlanırdı. Printsipiatın iki əsri ərzində üç sülalə: Yuli
– Klavdilər, Flavilər və Antoninlər dəyişildi. Kaliqula, Neron və Domitsian kimi
printseplərin hakimiyyəti qəddarlıqla və senatı, həmçinin siyasi əleyhdarları nüfuzdan
salmaq və onlara divan tutmaq qaydası ilə əlamətdar oldu.
Kaliqula (hərfi mənada Çəkməcik) imperator taxt-tacına 37-ci ildə çıxmışdı. Onun
atası imperator Tiberinin qohumu və götürülmüş oğlu idi. Öz hökmranlığının
başlanğıcında Kaliqula çox populyar olsa da, onun qeyri-məhdud hakimiyyətə can atması,
özünə allah kimi sitayiş edilməsini tələb etməsi, ağılsız siyasi qərarları senatın və
pretorianların narazılığına səbəb oldu.
O, getdikcə hamıdan daha çox şübhələnirdi. Ona görə də repressiyalara başladı.
Kaliqula özünə yaramayan adamlardan yaxasını qurtarmaq üçün «dövlət canilərinə» qarşı
proseslər təşkil etdirirdi. Müasirləri həm də onu öz doğma bacılarına olan ehtirasına,
Dostları ilə paylaş: |