BABURNAMƏ
5
1497-ci ildə Səmərqəndi alır. Ancaq ağır xəstələndiyi üçün uzun müddət
burada fəaliyyətsiz qalır, ətrafındakı bəylər onu tərk edirlər. Bu yetməzmiş
kimi, Baburun ən inandığı bəylərindən biri, Axsi qalasının komendantı
Uzun Həsən (Ağqoyunlu Uzun Həsənlə qarışdırmamalı) başqa bəylərlə əlbir
olub «Babur, ağır xəstədir, dili tutulub, ağzına pambıqla su damızdırırlar»
deyə şayiələr yayaraq Əndicanı mühasirəyə alır. Bunu eşidən Babur əmrin-
dəki 250 nəfərlik dəstə ilə Əndicana üz tutur, lakin şəhərin ələ keçdiyini
öyrənərək Xocəndə gəlib dayısına sığınır. Onun köməyi ilə Axsi və Əndica-
nı geri almağa çalışsa da, bundan bir şey çıxmır. Yalnız 15 ay sonra Əndica-
nı qurtarmağa müvəffəq olur. Bu arada 12 yaşından bəri nişanlı olduğu, la-
kin bacı gözü ilə baxdığı əmisi qızı (Sultan Əhməd Mirzənin qızı) Ayşə bə-
yimlə evlənməli olur. Bu evlilik uzun sürmür, Ayşə bəyim bir il sonra onu
tərk edir.
Taxta çıxdığı vaxtdan bəri Hüseyn Bayqaranın bəyləri ilə savaşan Ba-
bur bu dəfə rəqiblərin ən təhlükəlisi olan Şeybani xanla üz-üzə gəlir. 1501-
ci ilin yayında Səripul müharibəsində ona məğlub olub Səmərqəndə qaçır.
Şeybani xan bu dəfə Səmərqəndi mühasirəyə alır və tutur. Babur şəhəri tərk
edir, ancaq bacısı Xanzadə bəyim Şeybaninin əlinə düşür, xan onunla evlə-
nir. Bəxti gətirməyən və hər şeyini itirən gənc Babur yanındakı bir neçə nə-
fərlə ac-susuz vəziyyətdə dağlarda, düzlərdə dolaşır, axırda payi-piyada
Daşkəndə gələrək yenə dayısı Sultan Mahmud Mirzəyə sığınır. Bu sıralarda
onun digər dayısı Əhməd xan Monqolustandan Daşkəndə gəlir. İki qardaş
Fərqanəni tutmaq üçün ona dəstək verir. Babur bəzi yerləri ələ keçirərək
Əndicana yaxınlaşır, qoşunla dincəldiyi zaman qəfildən basqına uğrayır,
çoxlu itkiyə məruz qalır, özü isə Əndican bəyi Əhməd Tənbəlin qılınc zər-
bəsilə başından ağır yaralanır, səkkiz yaxın adamı ilə birlikdə qaçıb qurtulur.
Sonra onlardan ayrılaraq, yolboyu xarabalıqlarda gizlənə-gizlənə bir təhər
dayılarının yanına qayıda bilir.
Şeybani xan Babura və dayılarına qarşı mübarizəni davam etdirir, on-
ları ağır məğlubiyyətə uğradır. Babur bu dəfə Fərqanənin cənubundakı dağ-
lara qaçır. Uzun müddət burada ağır şəraitdə ac-yalavac qalır, nəhayət, Xo-
rasana Hüseyn Bayqaranın yanına getmək üçün əksəriyyəti qadınlardan və
uşaqlardan ibarət olan 250 nəfərlik qafilə ilə 1504-cü ilin iyun ayında yola
çıxır.
Qunduz hökmdarı Xosrov şahın ərazisindən keçərkən xalq iki ulu xa-
qanın törəməsini böyük sevgi ilə qarşılayır, şahın qardaşı Baqi Çağanyani
başda olmaqla bir çox adam ona qoşulur. Qısa müddətdə Baburun ətrafında
böyük bir ordu toplanır. Babur istiqaməti dəyişdirərək bu dəfə Xorasana de-
yil, Hindiquş dağlarını keçib Kabilə üz tutur. Qan tökmədən Müqim Arğun-
dan şəhəri alır və 1506-cı ildə özünü Kabil şahı elan edir. Həmin il Heratda
çox sevdiyi Mahım bəyimlə evlənir.
Zəhirəddin Məhəmməd BABUR
6
Şah İsmayıl Xətai 1510-cu ildə Şeybani xanı öldürür. Ən əsas düş-
mənlərindən birinin aradan çıxması ilə Babur şah əski torpaqlarını, yəni ata
mülkü Mavəraünnəhri yenidən ələ keçirmək fikrinə düşür. Ona görə Şah İs-
mayılla müqavilə bağlayır, onun adına xütbə oxutdurur və sikkə kəsdirir.
Lakin sünni əhali Baburun bu hərəkətini bəyənmir. Xətainin hərbi qüvvələ-
rinin yardımı ilə Hisarı, Buxaranı və Səmərqəndi ələ keçirən Babur osmanlı-
səfəvi savaşı ilə əlaqədar Şah İsmayılın öz qoşununu geri çağırması üzündən
tutduğu torpaqları yenidən itirir. Xətainin Çaldıran savaşında osmanlılara
məğlub olması Baburun bütün ümidlərini puça çıxarır. Çarəsiz qalan Babur
dörd illik fasilədən sonra Kabilə geri qayıdır və bütün diqqətini bu coğrafi-
yaya yönəldir. 1519-cu ildə siyasi məqsədlərlə Şah Mənsurun qızı Bibi Mü-
barəkə-Əfqani Ağaçə ilə evlənir.
Babur şah 1519-26-ci illərdə Hindistana beş dəfə yürüş edir. Pəncabı
(1519/20), Qəndahar (1522), Lahor (1523), Dehli və Aqra (1526) şəhərlərini
ələ keçirir. Nəticədə Əfqanıstanı, Bəlucistanı və şimali Hindistanı öz hökm-
ranlığı altına alaraq Böyük moğollar imperiyasının təməlini qoyur.
Hindistanda iki əsas rəqibindən biri olan İbrahim Ludini Panipat ya-
xınlığında məğlub edərək 5 may 1526-cı ildə Dehlini tutan Babur raçputla-
rın başçısı Rana Sanka ilə vuruşur və 16 may 1527-ci ildə onun qoşunlarını
Kanvanda darmadağın edir. Bu savaşdan sonra «Qazi» ünvanını alır. Babur
1527-29-cu illərdə öz nəzarətindəki yerlərdə üsyanları yatıraraq, müstəqil
knyazlıqların çoxunu məhv edir, axırda Qanq çayını keçərək benqal hökm-
darını yenir və 24 iyun 1529-cu ildə Aqra şəhərinə qayıdır.
Uşaqlığından bəri ağır xəstələliklər keçirən, xüsusilə də bataqlıq qız-
dırmasından əziyyət çəkən Baburun səhhəti ciddi şəkildə pozulur. Onu bir
dəfə zəhərləyirlər. İbrahim Ludinin anası tərəfindən aşpaz Əhmədin əli ilə
verilən ağının təsiri nəticəsində Baburun vəziyyəti gündən-günə ağırlaşır.
Baburun qızı Gülbədən bəyim özünün «Hümayunnamə» adlı kitabın-
da atasının həyatının son aylarını müfəssəl şəkildə təsvir etmişdir. Onun
yazdığına görə, şahzadə Hümayunun çox ağır şəkildə xəstələnməsi Babura
öz dərdini unutdurur. O, xüsusi bir ayinə əməl edərək oğlunun yatağı başına
üç dəfə dolanır, Hümayunun xəstəliyini öz üzərinə götürdüyünü bildirir, bu-
nu gerçəkləşdirməyi sidq-ürəklə Allahdan niyaz edir. Tezliklə Hümayunun
vəziyyəti yaxşılaşır və o, tamamilə sağalır. Əvəzində Baburun xəstəliyi get-
dikcə şiddətlənir. Bu dünyadan köçəcəyini anlayan Babur övladlarını (oğul-
ları Hümayun, Kamran, Əskəri və Hindal mirzələri, qızları Gülrəng, Gül-
çöhrə və Gülbədən bəyimləri), bəylərini və sərkərdələrini yanına çağırır.
Hamının hüzurunda böyük oğlu Hümayunu padşah təyin edir, elə həmin gün
– 26 dekabr 1530-cu ildə 48 yaşında əbədiyyətə qovuşur. Aqrada dəfn olu-
nur, sonralar vəsiyyətinə uyğun olaraq qəbri Kabilə köçürülür. 1646-cı ildə