BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3 Humanitar elmlər seriyası 2010
HAKİMİYYƏT ORQANLARININ QOLÇOMAQLARA QARŞI «DÜŞMƏN»
SİYASƏTİ (XX ƏSRİN 20-30-CU İLLƏRИ)
N.Z.MƏMMƏDOV
Bakı Dövlət Universiteti
Mammadov Nuru@mail.ru
Məqalədə 1920-ci aprel çevrilişindən dərhal sonra sovet hakimiyyət orqanlarının
Azərbaycan xalqına qarşı zorakılıq və qəddarlıq siyasəti, xüsusilə qolçomaqlara qarşı haqsız
və düşmən siyasəti konkret tədqiq olunur. Məqalədə XX əsrin 20-30-cu illərdə sovet hakimiy-
yət orqanlarının qolçomaq sinfinə qarşı apardığı düşmən siyasəti nəticəsində qeyri-azərbay-
canlılardan ibarət təşkil edilmiş «üçlüklər» tərəfindən qolçomaq siyahısının tərtib edilməsi,
on minlərlə namuslu adamın günahsız yerə güllələnməsi, həbs edilməsi və sürgün edilməsi və
bu siyasətə qarşı qolçomaqların hakimiyyət orqanlarının kollektivləşmə siyasətinə qarşı
apardıqları ədalətli mübarizə formaları tədqiq olunmuşdur.
Sovet hakimiyyətinin qolçomaqlara qarşı apardığı siyasət, ayrı-ayrı mərhələlər-
də qolçomaq məsələsi və onlara olan müxtəlif münasibətlər, qolçomaqlara qarşı sovet
hakimiyyət orqanlarının birmənalı «düşmən» siyasəti respublika tarixşünaslığında (1)
kifayət qədər işıqlandırılmışdır. Sovet dövründə yazılan həmin tədqiqat əsərlərində
hakim ideologiyanın sifarişlərindən kənara çıxmaq mümkün olmadığından birmənalı
şəkildə qolçomaqlara «düşmən» damğası vurulur və onlar yad ünsür, yad element
kimi ağına-bozuna baxmadan haqq-nahaq yeni quruculuğun günahkarları kimi göstə-
rilirdi. Ancaq bu, heç də belə deyildir. Nə yaxşı ki, Azərbaycan Respublikası Dövlət
müstəqilliyi 1991-ci il oktyabrın 18-də yenidən bərpa olundu və xalqımız müstəqil
dövlətə malik oldu. Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin dediyi
kimi, tarix o zaman tarix olar ki, o, obyektiv həqiqətlərə, tarixi reallıqlara, doğru-
düzgün faktlara və rəqəmlərə əsaslanaraq yazılsın. Bu baxımdan Azərbaycan xalqının
20-30-cu illərinin müxtəlif problemlərini, o cümlədən qolçomaqlara münasibət məsə-
lələrini araşdırmaq və tədqiq etmək istiqamətində monoqrafiyalar, elmi-tədqiqat
əsərləri (2) yazıldı. Həmin dəyərli elmi əsərlərdə qolçomaqlar məsələsinə yeni
müstəvidən yanaşılmış və həmin mürəkkəb ictimai-siyasi proseslər və baş vermiş
tarixi olaylar obyektiv şərh edilmişdir.
Bir mühüm məsələni də qeyd etmək vacibdir: respublika tarixşünaslığında
qolçomaqlara müasir obyektiv münasibət məsələlərinin işıqlandırılması əsasən ötən
əsrin 20-ci illərin sonunu - 30-cu illərini əhatə edir. Doğrudur, qolçomaqların bir sinif
kimi sıxışdırılmasından ləğv edilməsi siyasətinə keçid ÜİK (b) P-nin XV qurultayının
(dekabr 1927) qərarlarına uyğun olaraq Azərbaycanda 1929/1930-cu təsərrüfat ilin-
dən başlanıldı. Ancaq nədənsə qolçomaqlara «düşmən» münasibətdə olan hakimiyyət
orqanları aprel çevrilişindən az sonra mübarizəyə qalxdı. Bunu arxiv sənədləri təsdiq
edir. Problemə müasir yanaşma metodologiyasından çıxış edərək bildirmək istəyirik
107
ki, 20-ci illərin əvvəllərindən başlayaraq, yəni Sovet hakimiyyətinin ilk günlərindən
qolçomaqlara qarşı dövlət siyasətinin bir çox vacib istiqamətləri müstəqil bir tədqiqat
mövzusu kimi obyektiv araşdırılmayıb. Halbuki 20-ci illərin əvvəllərindən başlayaraq
Azərbaycan kəndlərinin və Azərbaycan kəndlilərinin hörmətli ağsaqqalları, ziyalıları
və varlı xeyriyyəçiləri olan qolçomaqlar, sözün əsil mənasında, elin-obanın sayılıb-
seçilən və nüfuzlu söz sahibi olan insanları, rəhbərləri olmuşlar. Ancaq nə edək ki,
kirpi cildinə girmiş dövlət hakimiyyəti orqanlarının yaramaz rəhbərləri olan erməni-
rus başçıları kəndin varlı və imkanlı ağsaqqallarını «qolçomaq» siyahısına salmaqla
onlara divan tutmuş, faciəli soyqırımı siyasəti yeritmişlər. Bu ağır siyasi prosesləri ilk
arxiv sənədləri əsasında tədqiq etməyi qarşımıza başlıca məqsəd kimi qoymuş və
çalışmışıq ki, məsələni daha ətraflı və müasir müstəvidən, obyektiv tədqiq edək. Bu
baxımdan ilk rəsmi sənədlər və arxiv mənbələri diqqətimizi cəlb etdi. 1920-ci il
mayın 5-6-da Ümumbakı partiya konfransı oldu. Həmin konfransda daşnak liderlərin-
dən biri A.İ.Mikoyan «Hazırkı vəziyyət» haqqında etdiyi çıxışında xanların, bəylərin
və qolçomaqların məhv edilməsi siyasətini partiya vəzifəsi kimi qarşıya qoyur və
onlara qarşı sinfi mübarizəni sürətləndirməyi vacib bilir (3, 11). Həmin çıxış əsasında
Ümumşəhər konfransı belə bir qərar qəbul edir: «Azərbaycanda sovet çevrilişindən
sonra partiyanın ən mühüm vəzifəsi…bəylərin, xanların və ağaların torpaqlarını mü-
sadirə etməkdən» ibarətdir (4, 18). Beləliklə, yoxsul kəndlilərə arxalanmaqla kənddə
sinfi mübarizənin dərinləşməsinin əsası qoyulur və qolçomaqlara düşmən obrazı
yaradılır.
Qolçomaqlara qarşı mübarizənin ilk proqramı və istiqamətləri AK (b)P-nin
ikinci qurultayında (oktyabr 1920) hazırlandı. Qurultay Azərbaycanın hər yerində So-
vet hakimiyyətinin möhkəmləndirilməsinin yalnız Sovetlər sistemi vasitəsilə mümkün
olduğunu bildirdi və kənddə iş haqqında məruzəni dinləyərək qeyd etdi ki, partiyanın
və sovet orqanlarının kənddə əsas vəzifəsi mülkədar torpaqlarının, taxıl və başqa
ehtiyatlarının müsadirə edilməsindən, onu yoxsul kəndlilər arasında bölüşdürülməsini
başa çatdırmaqdan, kənddə sinfi təbəqələşməni həyata keçirməkdən və ən yoxsul
kəndliləri Sovet hakimiyyətinin dayağına çevirməkdən ibarətdir (4, 24).
Xüsusilə partiyanın XV qurultayından (dekabr 1927) sonra sinfi mübarizə
dalğası daha da şiddətləndi. Qurultay ölkə tarixinə kənd təsərrüfatının kollektivləş-
dirilməsini genişləndirmək və sosializmin bütün cəbhə boyu hücumuna geniş hazırlıq
görmək vəzifələrini qarşıya qoydu və qurultay belə bir qətnamə qəbul etdi. Yoxsulla-
rın hamısını və ortabab kəndlilərin çox hissəsini kooperasiyaya cəlb etməklə qolço-
maqları sıxışdırıb aradan çıxarmağın vaxtı çatmışdır.
Beləliklə, XV partiya qurultayından sonra mərkəzi və yerli hakimiyyət orqanları
qarşısında aşağıdakı konkret vəzifələr qoyuldu: 1) yoxsullara arxalanaraq; 2) ortabablarla
möhkəm ittifaqa girərək; 3) qolçomaqlara qarşı hücuma keçmək və onları sıxışdırıb
məhv etmək (5, 16).
1927/28-ci illərdə respublikada yoxsul təsərrüfatları 41,8 faiz, ortabab təsər-
rüfatları 51,4 faiz, qolçomaq təsərrüfatları 6,8 faiz idi (6, 46). Buna baxmayaraq qol-
çomaqlar daha çox kənd təsərrüfatı vergisi verirdi. Qolçomaqların mövcud durumu,
say tərkibi, iqtisadi və ictimai-siyasi mövqeyi ilə əlaqədar tarixşünaslıq ədəbiyyatları-
nın diqqətlə araşdırılması və arxiv sənədlərinin təhlili bizə belə bir fikir söyləməyə ta-
mamilə haqq qazandırır ki, 20-30-cu illərdə onlar sovet hakimiyyətinə qarşı mübarizə
aparan güclü siyasi qüvvə olmamışlar. Bu baxımdan Azərbaycan şəraitində qolçomaq
108
təsərrüfatları sosialist kənd təsərrüfatını məhv edə biləcək qüvvəyə malik deyildilər
(3, 112). Bunu faktlar, rəqəmlər və olaylar da təsdiq edir.
Respublikada elliklə kollektivləşmə siyasətinə keçidlə əlaqədar 1929-cu ildən
başlayaraq qolçomaqların bir sinif kimi ləğvi siyasətinə keçid başlandı və bunun
nəticəsində Azərbaycan kəndində sinfi mübarizə daha da şiddətləndi.
Qolçomaqları təcrid etmək və ya onları məhv etmək siyasəti o qədər də asan
məsələ deyildi. Çünki qolçomaqlar kəndin və rayonun sayılıb-seçilən nüfuz sahibi
olan ağsaqqalları sayılırdılar və böyük tayfa birliklərinə, çoxsaylı nəsillərə malik idi-
lər. Söhbət minlərlə yox, on minlərlə insan həyatından, onların bu günkü və gələcək
taleyindən və hətta sonu məlum olmayan mövcud siyasi rejimin nəticələrindən gedir-
di. Məsələ olduqca mürəkkəb və çətin idi. Bütün bu deyilənləri nəzərə alan partiya və
sovet hökuməti qolçomaqlara qarşı mübarizə problemini rəsmi qərarlarla həyata ke-
çirməyə başladı və bütün iqtisadi və siyasi güc rəhbərlərini açıq və ya gizli formada
bu işə səfərbər etdi. Bu məqsədlə bir çox qərarlar qəbul edildi: YİK (b) MK-nın «Kol-
lektivləşmənin sürəti və kolxoz quruculuğuna dövlət tərəfindən yardım edilməsi
tədbirləri haqqında» 1930-cu il 5 yanvar tarixli qərarı (7, 735), SSRİ MİK və XKS-in
«Elliklə kollektivləşmə rayonlarında… qolçomaqlarla mübarizə tədbirləri haqqında»
1930-cu il 1 fevral qərarı (8, 105), Azərbaycan SSR XKS-in 1930-cu il 30 mart tarixli
qərarı (9, v.116), Azərb.SSR MİK və Azərb.SSR XKS-in 1930-cu il 31 mart «muz-
dur əməyinin qorunması işində aşağı Sovet orqanlarının fəaliyyətinin gücləndirilməsi
haqqında» qərarı (9, v.1) və başqa qərarlar qolçomaqlara qarşı mübarizəni gücləndir-
məyi tələb etdi. Həmin qərarlara uyğun olaraq 1930-cu il yanvarın 17-də müttəfiq
respublikaların MİK sədrlərinin və yerli sovetlərin icraiyyə komitələri sədrlərinin
iştirakı ilə keçirilən geniş müşavirədə kənddə sinfi mübarizənin və qolçomaqlara qarşı
mübarizədə mövcud nöqsanları göstərildi (10, v.1) və onu aradan qaldırmaq, qolço-
maq ünsürlərinin bütün hücumlarını ləğv etmək üçün Sovetlərə geniş səlahiyyət
verildi (10, v.6). Həmin il yanvarın 30-dakı müşavirədə isə M.İ.Kalinin öz çıxışında
qolçomaqları bir sinif kimi ləğvetmə siyasətinə keçməyi bildirdi (10, v.1-5).
Azərbaycan SSR XKS-in 30 mart tarixli Təlimatı göstərişi ilə bütün İcraiyyə Komi-
tələrinə və yerli Sovetlərə qolçomaqların siyahısını tərtib etmək ixtiyarı verildi. Bu
göstəriş əvvəlki illərdən (1927-ci ildən) qolçomaq obyektlərinin uçota alınmasının
Sovetlərin ixtiyarına keçməsi (9, i.39-45, v.2) işini tamamladı və Sovetləri tam
səlahiyyətli etdi.
Qolçomaqlar üç formada mübarizə aparırdılar: 1) Kolxozlara qarşı mübarizə;
2) təbliğat; 3) öz adamlarını kolxozlara keçirmək (3, 109). Qolçomaqlara qarşı haqsız
mübarizə Ak (b)P MK-nın 13 avqust 1928-ci il qərarı və AK (b)P MK-nın 1928-ci il
oktyabr plenumunun qərarı (4, 413,418) ilə daha da şiddətləndi. Həmin qərarlarda
deyilirdi ki, qolçomaqların və bəylərin əllərində olan torpaqlar və otlaq sahələri
dərhal geri alınsın, kolxozlardan və kooperasiyalardan yad ünsürlər təmizlənsin, yox-
sul və muzdurların sovet tərəfinə cəlb edilməsinə diqqət artırılsın, banditizmə qarşı
mübarizə gücləndirilsin. Beləliklə, Azərbaycan kəndində sinfi mübarizə şiddətləndi.
Hakimiyyət orqanları Azərbaycanın hər yerində geniş həbslərə başladılar. 1928-ci ilin
mayında Qazax qəzasından 13 ailə, Kürdüstan qəzasından 13 ailə, DQMV-dən 10
ailə, Naxçıvan MSSR-dən 6 ailə, Ağdam-18 ailə, Nuxa 6 ailə, Lənkəran 5, Göyçay 4,
Quba 5 ailə bəy-xan adı ilə sürgün edildi (11, v.181-187).
Qolçomaqlara qarşı düşmən münasibət onları qəzəbləndirdi. Qazax, Ağdam,
109
Cəbrayıl, Quba, Şamxor və başqa yerlərdə qolçomaqların açıq çıxışları oldu (11,
i.261, v.181-187). Bu da səbəbsiz deyildi. Qolçomaqlar deyirdilər ki, əgər bizim tor-
pağımızı əlimizdən alsalar, onların başını üzəcəyik, çünki dövlət düzgün rəhbərlik edə
bilmir, ticarət monopoliyası onların əlindədir, bizə ticarət etmək qadağan edilib, xalq
acdır və i.a. Dəllər camaatı qolçomaqlara qoşulub yerli hakimiyyət orqanlarının
rəhbərlərini öldürməklə hədələyirdilər.
Vəziyyətin kritik həddə çatması Mərkəzi narahat etməyə bilməzdi. İş o yerə
çatdı ki, AK (b)P MK-nın rəhbəri Gikalo 1928-ci ilin martında məxfi qrif ilə rəsmi
Moskvaya, ÜİK (b) P MK-ya, Molotova xüsusi material hazırlayıb göndərdi (11,
s.231, i.5, v.3-5). Yeri düşmüşkən qeyd etmək lazımdır ki, həmin material mövcud
vəziyyəti və siyasi durumu az-çox təhlil etmək baxımından çox əhəmiyyətli bir
sənəddir. Həmin sənəddə Azərbaycanda qolçomaqlara qarşı aparılan siyasətin səhv
olduğu, kollektivləşmədə tələsikliyə yol verildiyi, AK (b) P MK rəhbərliyində ciddi
nöqsanlar olduğu bildirilirdi.
Azərbaycan rəhbərliyi kənddə işi heç cür yaxşı apara bilmirdi. O, mərkəzin
tapşırıqlarını «artıqlaması ilə» həyata keçirirdi. 1928-ci ilin noyabrında Ağcabədi ra-
yonunun Hindarx kəndində 10 qolçomaq müəyyən edildi və ailəsi ilə qara siyahıya
salındı. Qəribədir ki, bəzən həmin siyahılara 4,7,9 yaşlı cocuqlar da salınırdı, bir mər-
təbəli daş binası (4 otaqlı), 3 desyatin bağı, 1 arabası, 1 atı, 2 öküzü olanlar «qolço-
maq siyahısı»na salınırdılar (11, v.55-56). Belə qolçomaq siyahısına Ağdam qəzası
yzrə 32 qolçomaq salınmışdı, 51 nəfərin siyahısı hazırlanmışdı (11, m.58-64).
1929-cu ilin aprelində Az.Mik-in sədri Ağamalıoğlunun VI Ümumazərbay-
can Sovetlər qurultayında etdiyi məruzədə göstərilir ki, hazırda Azərbaycanda 3 min
qolçomaq vardır (12). VII Ümumazərbaycan Sovetlər qurultayında (fevral 1931)
Azərb. SSR XKS-in sədri D.Bünyadzadənin məruzəsində göstərilirdi ki, respublikada
1929-cu ildə 7.954 qolçomaq təsərrüfatı var idisə, hazırda 4.658 qolçomaq təsərrüfatı
vardır (12 fevral, 1931). 1931-ci ilin yayında Cəlilabad rayonunda 240, Masallı
rayonunda – 166, Şamxor rayonunda 147, Quba rayonunda – 124, Şamaxı rayonunda
120, Ağcabədi rayonunda – 67, Bərdədə – 70, Xızıda – 89, Ağsuda-86, Qaraməryəm-
də – 69, Kürdəmir rayonunda 81, bütövlükdə Azərbaycanda 3.924 qolçomaq təsərrü-
fatı aşkar edilmişdi (9, f.379, ı.3, i.5892, v.1-2). Azərbaycan SSR XKS-in sədri
D.Bünyadzadənin çıxışında göstərilir ki, 1930-cu ilin dekabrında qolçomaq
təsərrüfatları təqribən 6 faiz (11, i.335, v.235) təşkil edir. Faktlardan aydın olur ki,
kollektivləşməyə keçidlə əlaqədar Azərbaycan kəndinə əsil «hücum» başlanmışdı.
«Troykaların» kolxoz «düşmənlərini» kənd camaatının gözü qarşısında əksinqilabçı
kimi güllələməsi adi hal almışdı. Təkcə Ağdam rayonunda 540 kommunistdən 266-sı
partiyadan çıxarılmış, 340 kolxozçu isə «qolçomaq-antisovet» ünsürü kimi güllələn-
mişdi (11, i.305, v.235). Məsələ həm də bundadır ki, qolçomaqların ləğvi məsələsini
əslində «başa çatdıran», lakin onu bəhanə edən hakimiyyət orqanları «zibillənmiş»
kadrları təzələmək bəhanəsi ilə xalqa ciddi zərbələr vurmaqda davam edirdilər. Belə
bir fakt: 1935-ci ilin birinci yarısında respublikada 21 RİK sədri, 24 müavini, 40
katib, 44 şöbə müdiri, 57 instruktor, 26 təbliğatçı, 336 kənd soveti sədri, 339 katibi
müxtəlif nöqsanlara görə vəzifədən çıxarılmışdı (13, 268). Həmin ilin 2-ci yarısında
yenə 9 RİK sədri, 16 müavin, 8 katib, 11 şöbə müdiri, 321 kənd soveti sədri, 277
katib, 200 hesabdar vəzifədən çıxarılmışdı (14, v.25).
Mərkəz yerlərdə satqınçılıqla məşğul olan ictimai və şəxsi dayaqlar yaratmaq
110
üçün SSRİ MİK və XKS-in 1935-ci il iyulun 17-də «Kənd icraçıları haqqında» qərar
verdi (14, s.26, i.601, v.26-28). Həmin qərara uyğun olaraq sovetlərdə kənd icraçısı
vəzifəsi yaradıldı. Kənd icraçılarının başlıca vəzifəsi cinayətkar ünsürlərlə (qol-
çomaqlarla) mübarizə aparmaq, onlar haqqında müntəzəm milis orqanlarına xəbər
vermək, ictimai qaydanı pozanlara qarşı mübarizə aparmaq idi. Bununla da xəbərçi-
lik, çuğulluq, donosçuluq, satqınlıq süni şəkildə artırdı. Kənd icraçı vəzifələrinə daha
çox satqınlıq xarakterinə malik olanlar təyin edilirdilər.
Respublikada qolçomaq siyahılarına düşənlərin sayı artırdı. 1930-cu ildə
Azərbaycanda ailələri ilə birlikdə 50-60 min qolçomaq aşkar edildi. Təkcə Ucar rayo-
nundan 300 qolçomaq sürgün edilmişdi (14, s.25, i.601, v.26-28). Baş Dövlət Siyasi
İdarəsinin 2 fevral 1930-cu il tarixli əmri daha qəddar və amansız idi. Həmin əmrə
əsasən Qafqazdan Urala 23 min, Qazaxıstana isə 5 min nəfər qolçomaq sürgün edil-
mişdi. Həmin əmrdə göstərilirdi ki, martın 15-nə qədər Azərbaycandan 500 nəfər qol-
çomaq «müəyyənləşdirilib» sürgün edilsin (15, 159).
1931-ci ilin iyununda olan AK(b)P MK plenumunun qərarı ilə «sinfi
düşmənə sarsıdıcı zərbə endirilməli, qolçomaq sabotajı, təşviqatı, möhtəkirliyi ilə qəti
mübarizənin diqqət mərkəzində» durmaq (4, 585) yerli təşkilatlara bir vəzifə kimi
tapşırılırdı.
Beləliklə, aparılan tədqiqatdan, tarixşünaslıq materiallarından və külli miq-
darda arxiv sənədlərindən aydın olur ki, respublikada sovet hakimiyyətinin qurulma-
sının ikinci günündən (aprelin 29-dan) başlayaraq Azərbaycan xalqının qəddar düş-
məni Pankratovun rəhbərlik etdiyi XI Ordunun Xüsusi Şöbəsi tərəfindən kütləvi həbs-
lər aparılmağa başlandı və sonralar «kollektivləşmə» illərində on minlərlə ortabab
kəndlilər və «qolçomaq» damğası vurulan varlı kəndlilər «bir sinif kimi» məhv edil-
məyə, onları «kolxoz süpürgəsi ilə» süpürüb təmizləməyə başladılar. Bu zorakılıqlara
və haqsızlığa dözməyən kəndliləri məcburi çıxışlar etdiyi üçün banditizm adlandırıb,
sovet hakimiyyətinin düşməni kimi güllələnməyə, həbs və sürgün etməyə başladılar.
Respublikanın hər yerində fəaliyyət göstərən üçlüklər xalqımızı kütləvi şəkildə «qara
siyahı»lara daxil edirdilər. Üçlüklər isə əsasən ermənilərdən ibarət idi (16, 4). Dinc və
namuslu əməklə məşğul olan qolçomaqların normal yaşamalarına mane olan hakimiy-
yət orqanlarına qarşı özlərini müdafiə edən kəndlilər və qolçomaqlar 20-30-cu illərdə
Naxçıvan, Şəki-Zaqatala, Gəncə, Şəmkir, Quba, Lənkəran, Qarabağ və Azərbaycanın,
demək olar ki, hər yerində hakimiyyət orqanlarının törətdiyi özbaşınalıqlara və zora-
kılıqlara qarşı üsyanlar edirdilər. Bütün bunlar Azərbaycan xalqının haqlı tələblərin-
dən doğan narazılıq hərəkətləri və müqavimət hərəkatı olub, mövcud siyasi rejimin
qanlı vəhşiliklərinə qarşı haqqın və ədalətin hayqıran səsi və ədalətli mübarizəsi idi.
ƏDƏBİYYAT
1.
Əlimirzəyev X. Azərbaycan kəndi sovet hakimiyyəti illərində. Bakı: Azərnəşr, 1963,
208s.; Əliyev X. Azərbaycan Kommunist Partiyasının fəhlə-kəndli ittifaqının möhkəm-
ləndirilməsi uğrunda mübarizəsi tarixindən. Bakı: ADU, 1961, 414s.; Məmmədov E.
Kənd təsərrüfatının elliklə kollektivləşməsi ərəfəsində Azərbaycan kəndində sinfi
mübarizə (1927-1929). Bakı: Azərb. SSR EA, 1961, 156s.; yenə onun: İstismarçı
ünsürlərə qarşı mübarizədə Bakı fəhlələrinin Azərbaycan zəhmətkeş kəndlilərinə köməyi
(1927-1929) // Azərb. SSR EA xəbərləri. 1958, №6; Yenə onun: Elliklə kollektivləşmə
illərində Azərbaycan kəndində sinfi mübarizə (1930-1937). Bakı: Azərb. SSR EA, 1967,
111
151s.; Şıxlinski Z. Azərbaycan kəndində sovet quruculuğu (1933-1937). Bakı: Azərb.
SSR EA, 1965, 236s.; yenə onun: Azərbaycan kəndində sovet quruculuğu (1926-1932).
Bakı: Elm, 1975, s.238s.; Mirhadıyev M. Proletariat diktaturası haqqında Lenin təliminin
Azərbaycanda həyata keçirilməsi. Bakı: Azərnəşr, 1963, 220s.; Qüdrətov D. Xalq
təsərrüfatının bərpasına keçid dövründə Azərbaycan kəndində sinfi mübarizə // Azərb.
SSR EA xəbərləri. 1961, №6; yenə onun: Bərpa dövrünün son illərində Azərbaycan
kəndinə sinfi mübarizə // H.Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunun elmi əsərləri.
Kirovabad, 1962, №11; Токаржевский Е. Очерки истории Советского Азербайджана
в период перехода на мирную работу по восстановлению народного хозяйства
(1921-1925). Баку: АН Азерб. ССР, 1956, 276с.; X.Əhmədov. Azərbaycanda sovetlərin
yaradılması və möhkəmləndirilməsi (1920-1925). Bakı: Azərnəşr, 1966, 186s.
2.
Ziya Bünyadov. Qırmızı terror. Bakı: Azərnəşr, 1993, 331s.; Дж. Б. Гулиев. К истории
образования второй республики Азербайджана. Баку: Елм, 1997, 163с.; Həsənli C.
«Ağ ləkə»lərin qara kölgəsi. Bakı:Gənclik, 1991, 199s.; İbişov (İbrahimli) F. Azərbaycan
kəndinhdə sosial-siyasi proseslər (1920-1930). Bakı: Mütərcim, 1996, 168s.; Məhərrəmov H.
Getsin-gəlməsin. Bakı:Azərnəşr, 1992, 144s.; Manaflı H. Şəki üsyanları. Bakı: Azərnəşr,
2002, 220s.; C.Cəfərov. Azərbaycan kəndi kollektivləşmə illərində. 20-ci illərin sonu -30-cu
illər. Bakı: Elm, 2008, 299s.; Hüseynbəyli H. XX əsrin 20-30-cu illərində Naxçıvan MSSR-
də siyasi repressiya və onun nəticələri. Tariö elmləri nam. diss. Naxçıvan, 2006, 165s.
3.
N.Məhərrəmov. Getsin gəlməsin. Bakı: Azərnəşr, 1992, 144s.
4.
Azərbaycan Kommunist Partiyasının qurultayları, konfransları və MK plenumlarının
qətnamə və qərarları. 2 cilddə, I c. Bakı: Azərnəşr, 1987, 712s.
5.
Коллективизация сельского хозяйства… 1927-1935 гг. М.: 1957, 450 с.
6.
20 лет Азербайджанской Советской Социалистической Республики. Bаку: Наука,
Азернешр., 1940, 41 с.
7.
Sov.İKP qətnamə və qərarları, 2 hissədə, II hissə, 735 s.
8.
Советское законодательство СССР 1930, №9, 105 s.
9.
AR. MDA, f.411, s.20, i.42, v116 (Z.B.Şıxlinski. göst. əsər. səh.187)
10.
Rusiya Federasiyasının Dövlət Arxivi, f.3316, s.42, i.263, v.1
11.
AR DSPİHA, f.1, s.74, i.261, v.181-187.
12.
«Bakinskiy raboçiy» qəzeti, 1929, 2 aprel.
13.
Azərbaycan tarixi. 7 cilddə VI c. Bakı: Azərnəşr, 2000, səh.268.
14.
RFDA, f.3316, s.42, i.357, v.20
15.
C.Cəfərov. Azərbaycan kəndi kollektivləşmə illərində. Bakı: Елм, 2008, 299s.
16.
Z.Bünyadov. Qırmızı terror. Bakı: Azərnəşr, 1993, 331s.
«ВРАЖДЕБНАЯ» ПОЛИТИКА ГОСУДАРСТВЕННЫХ ОРГАНОВ
ПРОТИВ КУЛАКОВ (1920-30-Е ГОДЫ)
Н.З.МАМЕДОВ
РЕЗЮМЕ
В статье конкретно исследуется жестокая насильственная политика, проводимая
советскими государственными органами после апрельского переворота против
азербайджанского народа, а особенно против кулачества. В статье также раскрывается
роль созданных в 1920-30-к годы из неазербайджанцев «троек» готовивших списки
кулаков и в последующем осуществляющих против них «враждебную» политику. В ре-
зультате этой политики десятки тысяч невинных людей были расстреляны, арестованы
и сосланы. Здесь раскрыта также и борьба, портив насильственных методов, которая на-
чалась против государственных органов в районах Азербайджана.
112
THE “ANTAGONIST” POLICY OF ADMINISTRATIVE
BODIES AGAINST KULAKS
(1920-30 s)
N.Z.MAMMADOV
SUMMARY
The article preciously investigates the violent and cruel policy of Soviet governmen-
tal bodies against Azerbaijani people, especially against kulaks after the April revolution.
The article also illustrates the role of non – Azerbaijani “triplet” of 1920-30 s listing the
names of kulaks and realizing enmity policy aganist them. As a result of this policy ten
thousand innocent people were shot, arrested and exiled. The struggle against violent methods
which began in the regions of Azerbaijan against governmental bodies is reflected in the
article as well.
113
Dostları ilə paylaş: |