Səlim RƏFİQ
AZƏRİ XALQ ƏDƏBİYYATINDA
“DƏLİ ALI” DASTANI
Klassik azəri ədəbiyyatının təşəkkül və inkişafında qüvvətli təsiri olan xalq ədəbiyyatının yayılma sahəsi siyasi və yaxud coğrafi hüdudların çərçivəsi daxilinə aid deyildir. Əksinə, azəri ləhcəsinin hökmran olduğu sahə qədər genişdir. Müxtəlif növlərə ayrılan bu ədəbiyyatın ən əhəmiyyətli parçalarından biri də dastanlardır. Azəri dastanları arasında “Koroğlu” kimi başqa sahələrdə təşəkkül edərək sonradan gələnləri olduğu kimi1, “Qaçaq Nəbi” kimi sırf məhəlli şəraitdən doğanları da vardır. Bunlardan biri də haqqında bəhs edəcəyimiz “Dəli Alı” dastanıdır. Dəli Alı xatirələrilə xalq zehnində bu gün belə yaşayan bir qəhrəmandır. Haqqında biri digərindən az-çox fərqli bir sıra rəvayətlər vardır. Nağı bəyin ağzından təsbit etdiyim rəvayətə görə:
Dəli Alı Gəncənin Qarasuçlu2 kəndlilərindən hündür boylu, enlikürək, kəskin baxışlı bir gənc imiş.
1898-ci ildə 22 yaşında dağlara çəkilmək məcburiyyətində qalmış, fəqət hər zaman dağlarda yaşamamış, ətrafına seçib topladığı on bir igidlə bərabər kəndləri dolaşaraq, günlərini toylarda, ziyafətlərdə keçirmişdir. Alı rus-yapon müharibəsinə çox maraqlı olduğundan gündəlik qəzetləri təqib və tərcümə etdirirmiş. Bir gün dostlarından birisi qəzetin hansı qismindən xoşlandığını soruşmuş, o da cavabında: “Yapon hərbində öldürülən rus zabitlərinin siyahısından”, – demişdir. Rus çar hökuməti tərəfindən şiddətlə təqib edilən və bir xalq qəhrəmanı mahiyyətini alan Alı 1905-ci ildə baş verən erməni-müsəlman (türk) hadisəsində böyük müvəffəqiyyət qazanmış və ətrafına topladığı üç min kəndli ilə bərabər, Bayan, Çardaxlı3 kimi erməni kəndlərini işğal etmişdir. Fəqət uşaqlara, qadınlara, ixtiyarlara və müqavimət göstərməyənlərə əsla toxunmamışdır... Erməni müsəlman hadisəsi barışıqla nəticələndikdən sonra çar hökumətinin vermiş olduğu gizli əmr əsasında rus əsgər və jandarması Alını mühasirə etmişsə də, heç bir nəticə əldə edə bilməmişdir.
Alı 1907-ci ildə Kərbəladan döndükdən sonra bir daha xüsusi olaraq Şimali Qafqazdan göndərilən xristian osetin alayı tərəfindən mühasirə edilmiş, iki düşmən arasında cərəyan edən şiddətli vuruşma bu dəfə də Alının müvəffəqiyyətilə nəticələnmişdir. Alının Zeynəb adlı bir bacısı vardı, bir gün yaylaqda Alının iştirakı ilə oğluna toy edirmiş. Hökumət fürsətdən istifadə etmək istəmiş, fəqət vəziyyətdən xəbərdar olan qaçaq bu dəfə heç bir hadisəyə meydan vermədən çəkilmək məcburiyyətində qalmış və hərbdən qaçmağını belə izah etmiş: “Məni yaxalamaq istəyənlərə söyləyin ki, bir neçə dəfə mühasirə edildiyimi öncədən bildiyim halda savaşdan qaçmadım. Özümü düşmənə tanıtmaq üçün çarpışdım. Fəqət bu dəfə bunu etməyəcəyəm, çünki ortada toy məclisi vardır!” Alını qəti olaraq yaxalamaq istəyən rus hökuməti zabit şahzadə Knyaz Qalitsını Petroqraddan Gəncəyə göndərmiş və bu da Zurnavat kəndində Alı ilə bir görüş təyin etmişdir. Alı knyazla qarşılaşınca dərhal ona güləş təklif etmiş. Alı da cavab olaraq: “Mən tüfənglə güləşərəm”, – demiş. Qalitsın Alıya heyran olmuş və mərkəzə dönər-gönməz onu əfv etdirərək, vəziyyəti teleqrafla vilayətə bildirmişdir. Xalq qəhrəmanını sevinclə qarşılamış, Alı da silah daşımaq səlahiyyətini saxlanmaq şərtini bildirməklə qəbul etmişdir. Silah daşımaq qəti şəkildə yasaq olmasına rəğmən, ona silahla dolaşmaq üçün icazə verilmişdir. Bununla yanaşı, 50-60-dan çox rus məmurunu öldürən Alı çar hökumətinin 300 illiyi münasibətilə keçirilən mərasimdə iştirak etmək üçün qonaq dəvət edilmiş və Petroqradda Qalitsın tərəfindən çara təqdim edilmişdir.
Bir gün Knyaz Janderi heç cür yaxalamağa müvəffəq olmadığı Qaçaq Nağını öldürməyi Alıya təklif etmiş. Alı bu təklifə görə valiliyə gedərək türk qaçağını yaxalamağın onun üçün namussuzluq olduğunu açıqca söyləmişsə də, fəqət çox keçmədən Janderinin qurduğu bir hiylənin qurbanı olmuş və aldadılmış olan bir mehtəri tərəfindən öldürülmüşdür. Gəncə xalqı böyük bir hüzn içində əvəzsiz bir mərasimlə onu torpağa tapşırmışdır. İstər bir rəvayətdən və istərsə də toplamış olduğum digər məlumatlardan çıxarılacaq nəticəni belə xülasə edək:
Dəli Alı on doqquzuncu əsrin son yarısı ilə iyirminci əsrin ilk rübündə yaşamış bir qəhrəmandır. Ətrafına seçib toplamış olduğu igidlərlə bərabər rus çarizmi ilə illərlə çarpışmış və mübarizəsi mütəmadi olaraq onun qalibiyyətilə nəticələnmişdir. Rus hökuməti mühitinin qəhrəmanının öhdəsindən gələ bilməyəcəyini anlayaraq, Alını əfv etmək məcburiyyətində qalmış və hətta onu rus xanədanının 300 illiyi münasibətilə keçirilən böyük mərasimə iştirak üçün Azərbaycandan qonaq dəvət etmişdir.
Xalq arasında xatirələriylə yaşayan Alı haqqında yaranan rəvayətlərdə tarixilik hakimdir. Əlbəttə, az olmaqla bərabər fantastik cəhətlərə də təsadüf edilir. Bu da, yəqin, hadisənin çox qədim olmamasından irəli gəlmişdir. Rəvayətin əsasını türk-rus müharibəsi təşkil edir. Əcəba, xalqın zehnində qüvvətli bir iz buraxan Alının xalq ədəbiyyatında bir mövqeyi varmı? Yəni xalqın həyat və həyəcanı ilə yaxından bağlı olan saz şairləri onun haqqında dastan yazmışmı? Bu sualın cavabını Hümmət Əlizadənin toplamış və Azərbaycanı Öyrənmə Cəmiyyətinin 1929-cu ildə Bakıda nəşr etmiş olduğu “Nağıllar”, yəni “Xalq hekayələri” adlı kitabının ikinci cildində tapırıq. Müvəffəqiyyət və toyla bitən bir çox xalq hekayələrinin sonunda “Doak”, yaxud “duvaqqapma”lar vardır. “Şahzadə” adlı hekayənin sonunda “Duvaqqapma” deyə qeyd edilən uzun bir mənzum parça Dəli Alı haqqında təşəkkül etmiş bir dastandan başqa bir şey deyildir.
Alının dastanı bundan ibarətdir1:
Dəli Alı bir set açıb, Şah Abbas dövranı kimi,
Yanında yoldaşları var, Azərbaycan xanı kimi.
Zeynalabdin bəy bəzənib , Misirin sultanı kimi,
Hər yana kağız dağılıb, Süleyman fərmanı kimi.
Neçə çinovniklər gəlib, çox ağır keçti yığnağı,
Bir yanda Qavrı-qanıq, bir yanda Qoşqarın dağı.
Aləmi çıraxban gördüm, xudadandır çır-çırağı,
Şəmkirdən dügi gəlir, Sarıyaldan gəlir yağı.
Hər yana qafilə işləyir, xudgar2 bəzirganı kimi,
İgitliginin səbəbinə, ona deyillər Dəli Alı.
Şücaatda qəhrəmandı, Loğmana bənzər kəmalı,
Barilahim, özün saxla, pozulmasın bu cəlalı.
On bir serker qoyunun gördüm, yeddi serker qaramalın
Mehtərdə qırx atın gördüm,Cəlalın türkmanı kmi.
Günün günorta vaxtında, gəldi Alının dəstəsi,
Hər biri bir iyitdi, bir qoşunun sərkərdəsi.
Gördüm asmana dayandı, “öldürrəm-öldürrəm” səsi
Yaponyadan tüfəng gəlib, yeddi verst vurur gülləsi.
Zərbəsindən dağlar titrər, bərki dərəfşanı kimi.
Alı məclisə gələndə, təəccüp qaldı işlərinə,
Anası onu tək doğub, qurbandı sirrim sirrinə.
Savaş beşlik qızıl, işliyirdi qəpik üzərinə,
Neçə sandıxlar açılıp, zərrabın3 dükanı kimi.
Hadı bəy məclisə gələndə, nəf-ziyanın görmədim,
Beş yüz erkək qırıldı, toğlunun sayın görmədim.
Nisyə qalan xələtlərin, doğru, yalanın görmədim.
Nağdırdan mətləp verir, o kişi qərəmkar kimi.
O ki Kərbəlayi Məhəmməddi, bir nər oğlu nər kimiydi,
Qızılhacılı Allahverdi Malik Əjdər kimiydi.
Sağ olsun Əsmayi qardaşı, nərə Heydər kimiydi.
Xaçbulaqda meydan açıp, Koroğlu meydanı kimi.
Orucu çox bəyənmişəm, məhəbbətim var Qəfərə,
O səltənət o kişiyə, həlal olsun İsgəndərə.
Buraxıp dünya malını, tabi olup peyğəmbərə,
Avaznan namaz qılır, Kareyu-Quran kimi.
Aslan da şimşək kimi girəndə meydan içinə,
Səyriyir badronları1 batır al qan içinə,
Zərrəcə qorxusu olmaz, düşsə yüz düşman içinə
İsgəndər tək səs salıpdı, yeddi Dağıstan içinə,
Tip dağıdır, ordu pozur, qüdrətin aslanı kimi.
Biçarə fağır Əliəsgər, gəldin yetdin hər nə isə,
Haq səni zərraf yaradıp, qıymət qoy yaxşınan pisə.
Tatoğlu iki qardaşa, olar girəndə məclisə,
Hamıdan çox pul verib, qızılnan doldu kisə,
Aşıxlar güzəran tapıp, bəylər güzəranı kimi.
Dastan heca vəzninin səkkizlik şəkliylə yazılmışdır. Bəzi texniki qüsurlarına rəğmən, şəklən müvəffəqiyyətli olan bu dastan, şübhəsiz ki, bir həyəcan məhsuludur. Dastan sırf Alının şəxsiyyətinə aid deyildir, ətrafındakılara da əhəmiyyətlərinə görə bir-bir mövqe ayrılır. Bunların içərisində, xüsusən Alının qardaşı Aslan nəzər-diqqəti hər kəsdən çox cəlb etməkdədir. Dastandakı coğrafi isimlər, təbii olaraq, Gəncə vilayətinə aiddir. Bu da Alının dolaşdığı sahələri göstərməsi etibarı ilə əhəmiyyətlidir. Dastanda keçən “Həkim Loğman”, “Şah Abbas”, “Süleyman fərmanı” xalq ədəbiyyatında, xüsusən əvvəlki ikisinə, xalq hekayələrində2 də çox təsadüf edilir.
“Azərbaycan” sözü də kəlmənin xalq arasında yayılmasından sonra yerləşdiyi fikrini verməkdədir. Səkkizinci parçanın son misrası Koroğlu təsiri və xatirəsinin bu gün belə yaşadığını sübut etməkdədir. Üçüncü parçadakı: “Bariallahım özün saxla, pozulmasın bu cəlalı”, – beyti dastanın Alı həyatda ikən yazıldığına və dolayısı ilə sağlığındakı təsirinə bir dəlildir. Xalq rəvayətləri dastandan süjet etibarı ilə daha zəngindir. Dastanın quruluşunda bu rəvayətlərin təsiri olduğuna qüvvətli bir ehtimal vardır. Əcəba, Alı haqqında mövcud olan dastan yalnız bundanmı ibarətdir? Bu suala indilik qəti cavab vermək imkanı yox.
Bununla birlikdə, klassik bir şairin Alı üçün mədhiyyə yazdığını eşitdim. Bu dastan əldə edildiyi zaman qəhrəmanın hətta klassik ədəbiyyatda özü üçün bir mövqe qazandığı isbat edilə bilər.
On birinci parçadan anlaşıldığına görə, dastanın şairi Ələsgər ismində bir aşıqdır. Ələsgərin kimliyini təyin etmək əlimizdəki vəsiqələrə görə imkansızdır. Yalnız “Nağıllar”ın ikinci cildinin sonunda Alının müasiri olan və əlli, altmış yaşında ikən 1921-ci ildə ölən göyçaylı bir saz şairindən bəhs edilir ki, bu bizim dastanın müəllifi Ələsgərmidir, başqasımıdır? Bu xüsusda doğru və sağlam bir fikir söyləyə bilmək üçün məsələni qətiyyətlə həll edə biləcək vəsiqələri əldə edincəyə qədər açıq buraxıram.
Səlim RƏFİQ
NİGARISTANLI AŞIQ SADIĞIN BİR ŞEİRİ
Paris Milli Kitabxanası əlyazmaları arasında (S.P.994) nömrəsi ilə qorunan bir “Koroğlunamə” vardır. İngilis və rus dilinə tərcümə və Pertev Naili bəy tərəfindən “Koroğlu” dastanında Paris rəvayəti” deyə bəhs və xülasə edilən1 bu dastanın əslindən köçürülmüş surəti İstanbul Universiteti Türkiyyət İnstitutunda saxlanmaqdadır. Müəllifi Sadıq bəy adlı bir şəxs olan bu xalq romanının sonuna bir şeir əlavə edilmişdir. Nigarıstanlı Sadıq tərəfindən yazıldığı anlaşılan və tamamilə “Koroğlu”nun mənzum parçalarında olduğu kimi misraların altında yenə mənzum olaraq əcnəbicə tərcümələri verilən bu şeir eynən bundan ibarətdir:
Könül qulluq etdi evtadə2 kamil,
Kəmalə yetmədi, işi xam qaldı.
Danəndələr köştü, getti dünyadan,
Bədəlində bir axlı yox, kəm qaldı.
Əmanət kimsəyə vermə yaman dil,
Bivəfadır bu dünyanı yəqin, bil,
Nuh ömür eylədi min doqquz il3,
Sanasan bir səhər, bir axşam qaldı.
Hökm edən oturub vurdum deyənlər,
As, kəs, buyurup, vurdum deyənlər,
Malım, ev-eşiyim, yurdum deyənlər,
Elə köşdü getti, quru dam qaldı.
Nigarıstanlı Sadıq, ay nə belə,
Şəcirdən boy çəkmiş, ay nə belə.
İsgəndər yürüdü, ay nə belə,
Nə Cəmşit qaldı, nə də cəm qaldı1.
Aşıq hərzə sözü kəlam eyləməz,
Xəsis həm kimsəyə ənam eyləməz.
Heç kəs dünya işin tamam eyləməz,
Çoxları həmd etdi, natamam qaldı2.
Şeir heca vəznilə və on bir hecalı qoşma şəklində yazılmışdır. Açıq və sadə olan lisanında azəri ləhcəsinin xüsusiyyətləri barizdir. Mövzu etibarı ilə didaktik, yəni tərbiyəvidir. Hər şeyin fani olduğu qənaətini daşıyan misralar arasından bədbin bir ruh sezilməkdədir.
Əhməd Qutsi bəy Paris Milli Kitabxanasının kataloqundan nəqlən verdiyi məlumata əsasən3 1750-də yazıldığı anlaşılan “Koroğlunamə”nin sonunda verilən bu şeirin sonradan əlavə edilmədiyi təqdirdə on səkkizinci əsrin birinci yarısında yazıldığını qəbul edə bilərik. Yuxarıdakı parçadan müqtədir bir şair olduğu təxmin edilən Nigarıstanlı Aşıq Sadığa dair məlumatımızın azlığı ciddi şəkildə təəssüf doğurur.
Hüseyn BAYKARA
AZƏRBAYCAN TARIXINDƏ “QAÇAQÇILIQ” HƏRƏKATI
(“Azərbaycan istiqlal mücadiləsi tarixi” kitabından)
İstilaya uğrayan və çeynənən, əsarətə düşən, zülm və işgəncə çəkən, öldürülən və sürgün edilən xalqla, çeynəyən, öldürən və sürgün edən zalım rus imperialist rejimi arasında tarix boyunca savaş davam edərək gəlmişdir və davam edib gedəcəkdir.
Çeynənən, öldürülən xalqla zalım imperialist idarə arasında savaş müxtəlif şəkillərdə olmuşdur. Bəzi məhkum xalq imperialist idarəyə vergi verməmək, imperialist idarəsinin istehsalı olan malları satın almamaq, iməciliklərdən boyun qaçırmaq kimi passiv mübarizə şəklində davranışlarda olur və beləliklə, zalım hakim idarəçiliyini qəbul etmir. Bəzən imtina hərəkatı felən imperialist idarənin məmurlarını öldürmək, idarələrini yandırmaq kimi başqaldırma – üsyan etmə yolu olurdu. Biz “Azərbaycanda Kənd hərəkatı” bölümündə bu hadisələrə örnəklər verdik. Azərbaycanda rus işğalçılara qarşı başqaldırma hərəkatı rus çarizm idarəsi Azərbaycanı işğal edər-etməz başlamışdır. Bunun örnəyini biz “Azərbaycanda yeniləşmə hərəkatı” adlı kitabımızda şair Zakir bölümündə vermişik. Bu xalq və kəndli başqaldırmaları və üsyanları özəlliklə 1840-cı ildə çarizm tərəfindən “Krepostnoy – köləlik rejimi” Azərbaycana tətbiq edilərək, “bəylər” torpaqların mülkiyyətinə sahib edildikdən sonra və torpaq üzərində çalışan kəndlilər “bəylərin” torpağa bağlı köləsi halına qoyulduqdan sonra ardı-arası kəsilmədən davam etmişdir.
Azərbaycanda “Qaçaqlar” hərəkatı rus çarizm rejiminə qarşı davamlı başqaldırma və əldə silah olaraq zülmə qarşı mübarizənin bir örnəyini təşkil etmişdir. Azərbaycan xalqı bu məşhur igidlik və qəhrəmanlıq dastanlarını yaradan qaçaqları sevmiş, öymüş və qorumuşdur. Çünki bu qaçaqlar bütün Azərbaycan xalq kütlələrinin zalım rus idarəsinə qarşı ürəkdən duyduqları kini, imtinanı ifadə etmişlər. Qaçaqlar bəzən dağlarda, bəzən kəndlərdə, bəzən şəhərlərdə, rus kazakları ilə burun buruna, boğaz boğaza deyiləcək qədər yaxından savaşmış və çətin savaşlardan sıyrılıb qurtarmağı bacarmışlar.
XIX yüzilin son rübündə Gəncə bölgəsində bu qaçaqlardan məşhur olanları Dəli Alı və Qəmbər, Qarabağda Süleyman və Murtuza, Şuşada Məhəmməd bəy Kavaler, Zaqatalada Yusif, Zəngəzurda Nəbi, Nuxada Qutqaşınlı Kərim Əfəndi oğlu və başqaları idilər.
Biz burada zəngəzurlu Qaçaq Nəbi, gəncəli Dəli Alı, şuşalı Məhəmməd bəy Kavalerdən söhbət açacağıq. Bunlar Azərbaycanda çarlıq zamanında ruslara qarşı yürüdülən qaçaqlar hərəkatının, zamanımızdakı anlamı ilə “Gerilla”1 savaşı aparanların örnəklərini, əsarət altına düşən azəri xalqının imkanlarına dayanaraq vermişlər.
Qaçaqlar hərəkatı XIX yüzilin son rübündə çar idarə sistemini qorxuya düşürəcək dərəcədə artmışdır. 1882, 1885 və 1890-cı ildən sonra ardı ardına davam etmişdir. Bu qaçaqlar hərəkatı səbəbindən o tarixlərdə Qubaya gələn Qafqaz əsgəri qüvvətləri komandiri və mülki idarə müfəttişi, general Dondukov-Korsakov2 qaçaqlarla mübarizədə yerli idarə rəhbərlərinə geniş səlahiyyət verməklə bərabər əsgəri birliklərin də onlara yardım göstərməsini əmr etmişdi.
Peterburqda yayımlanan “Narodnaya volya” qəzeti 1885-ci ildə dövlət məmurlarını, mülk sahibi bəyləri qorxuya salan qaçaqlardan söz ediyi kimi, Qafqazda “Qaçaq Kərimin3 məmurları və bəyləri pərişan eylədiyindən ...” uzun-uzun yazmışdır. 1888-ci ildə Quba həbsxanasındakı dustaqlar bir qaçağı qaçırmaq üçün üsyan etmişlər və həbsxana qapılarını qıraraq, çölə çıxmış və gözətçi strajniklərlə (jandarma) savaşa girmişlər və aralarındakı qaçağı qaçırmağı bacarmışdırlar. Bu savaş sonunda rus əsgəri və polislərindən ikisi ölmüş və üçü də ağır yaralanmışdır.
Xülasə, imperialist işğalçı rus çarizm idarəçiliyinin heç bir tədbiri Azərbaycandakı qaçaqlar hərəkatınını qarşısını ala bilməmişdir1.
Azərbaycan qaçaqlarından XIX yüzilin son rübünü dolduran üç qaçağı əldə etdiyimiz bilgilərə dayanaraq və duyduqlarımızı da əlavə edərək anladacağıq. Zəngəzur və Naxçıvanda igidliklə Gerilla savaşı verən Qaçaq Nəbi Gəncə vilayəti Zəngəzur ilçəsi Aşağı Mollu kəndində (indi Qubadlı) doğulmuşdur. Nəbinin yoxsul atası yeddi nəfərlik ailəsini çətinliklə keçindirirdi. Nəbi 16 yaşına çatanda bir dəfə bəy onun atasını döymüş. Bunun nəticəsində Nəbi bəyin üzərinə atılaraq bəyi döymüşdü. Bəyin şikayəti üzərinə Nəbi tutularaq sürgünə məhkum edildi. Bir fürsət taparaq, həbsxanadan qaçan Nəbi, başına bir kəndli dəstəsi toplayaraq, rus çarlıq rejimiunə və onun Azərbaycandakı əlaltıları olan bəylərə qarşı savaş açır. Nəbinin arvadı Həcər ilə baldızı Mehri də Nəbinin ruslara qarşı çıxışlarında ona yardımçı olmuşdurlar.
Nəbi həbsxanadan qaçdıqdan sonra çar idarəsinin və çarlıq rejiminin Azərbaycandakı əlaltıları olan və çarlıq tərəfindən geniş torpaq verilərək, mülkiyyət sahibi edilən “xan” və “bəy”lərin zülmündən cana gələn (təngə gələn) kəndlilərdən əli silah tutan bir qismi Nəbinin ətrafında toplandılar. Nəbinin düşmənçiliyi çarizm rejiminə, xan və bəylərə qarşı idi. Nəbi bu mübarizədə fağır kəndlini və onların haqlarını qoruyurdu. Nəbinin bölgəsi Zəngəzur və Naxçıvan vilayətləri idi. Azərbaycanın başqa vilayətlərində Nəbinin çağdaşları da başqa qaçaq dəstələri ilə hərəkatlarını sürdürürdülər. İmperialist müstəmləkəçi və öldürücü rus çarlıq rejiminə qarşı çıxan bu qaçaqlara lazım gələndə xalq həm yardım edir, həm də onları qəhrəman kimi öyürdü. Bu qaçaqları bəsləmək və gizlətməkdə xalq heç bir yardımını əsirgəmirdi. Nəbi rus kazak birlikləri ilə zaman-zaman savaşır və çətinə düşəndə İrana və Türkiyəyə sığınırdı. Çar idarəsi bu qaçaqlıq hərəkatını yatırtmaq üçün insanlıqdan kənar zülmün heç bir şəklindən çəkinmirdi.
1894-cü ilin iyul ayının 20-də Nəbinin qardaşı Mehdi Gürcüvan kəndində çarın casusları tərəfindən pusquya düşürülərək öldürüldü. Bu olaydan üç gün sonra Nəbi Gürcüvan kəndinə gələrək, o kəndin ağalarından çarlığa xidmət edənləri öldürdü və rus kazak birlikləri ilə savaşa tutuşaraq, Arazın o biri tərəfinə – İrana keçdi. Arvadı Həcəri Çiçəkli kəndində buraxdı. Rus idarəsinin casusları Həcərin Çiçəkli kəndində olduğunu xəbərlədilər və Həcər bacısı Mehri ilə birlikdə yaxalanaraq həbsə atıldı. Gorus bölgəsi qalasına qapadıldı.
1895-ci il oktyabr ayının 28-də Nəbi Gorus qəsəbəsini öz dəstəsilə mühasirəyə aldı və rus rəisdən (qaymaqam) Həcəri və baldızını istədi. Rus rəis Nəbinin istəyini yerinə yetirdi.
Həcərin ağzından söylənmişdir:
Qazamat istidi, yata bilmirəm,
Ayaqda qandalaq qaça bilmirəm.
Açar urusdadır, aça bilmirəm,
Mənim bu günümdə gələsən, Nəbi,
Qazamat dalını dələsən, Nəbi.
Məhz beləliklə Nəbi xalq qəhrəmanı oldu və xalq aşıqları Nəbi haqqında dastanlar yaratdılar. Aşağıda bu dastanın bir neçə parçasını örnək olaraq veririk:
Qazamat dalında gizləndim, yatdım,
Qoburnat gələndə sıçradım, qalxdım,
Aynalı tüfəngi doldurdum, atdım,
Qoy mənə desinlər, ay qaçaq Nəbi,
Arvadı özündən ay qoçaq Nəbi.
Nəbinin atlısı əllidi, beşdi,
Qırx gözəl içində Həcəri seçdi.
Güllələr urusun böyrünü deşdi,
Qoy mənə desinlər, ay Qaçaq Nəbi,
Arvadı özündən ay qoçaq Nəbi
Nəbini rus kazakları bir mövqeyə mühasirə edirlər, Nəbi kükrəyərək yoldaşlarınına ruh yüksəkliyi gətirir, cəsarətləndirir, savaş şiddətlənir və Nəbi ilə dəstəsi mühasirəni yararaq qurtulurlar. Nəbi mindiyi məşhur Bozatına belə söyləyir:
Bozat səni baş tövlədə bağlaram,
Əgər məni bu vartadan1 qurtarsan,
Ayağını altın, gümüş nallaram
Qoy mənə desinlər, ay Qaçaq Nəbi,
Arvadı özündən ay qoçaq Nəbi
Bu uzun dastanın mövzu baxımdan əsasını rus imperializminə qarşı mücadilə təşkil edir və bir çox dəfə dastanda “Nəbi urusları burda qoymadı” misrası təkrarlanır.
1896-cı ilin mart ayında Nəbi arkadaşları ilə Kərbəladan dönərkən, Türkiyə ilə İran sərhədi arasında yerləşən Larni kəndində öncədən rus-çar casusları tərəfindən tərtiblənmiş olan pusquya qurban gedir və öldürülür. Nəbinin ölməsiylə qəhrəman ölmüş olmur və indi də azəri xalqı arasında və qəlbində, xatirələrdə yaşayır. Rus çar idarəsinin qaçaqların ailələrinə qarşı apardığı ağır münasibət insanlıq və ədalət prinsiplərinə heç bir zaman uymamışdır. Şair Zakirin arvadının Şuşanın rus komandanı Tarxanov tərəfindən zorla əlindən alınaraq, bir rus “mujik”i ilə evləndirildiyi və zavallı azəri türk qadınının beləliklə öz toplumundan qoparılaraq qeyb olduğu və şair Zakirin beləliklə rəzil edilmək istənildiyi Azərbaycan tarixində bilinən və unudulmayan olaylardandır. Bəzi qaçaqların arvadlarının zorla rus “soldat”larının (əsgər) təcavüzlərinə tərk edildiyi də yaddan çıxmamışdır.
Gerilla savaşı tarixini yazanlar XIX yüzildə bu savaşın yaradıcıları olaraq Qafqaz müsəlmanlarını göstərirlər. İmam Şamil Gerilla ustadlarından biridir. Müəyyən bir kənd, qəsəbədə rus əsgərlərilə savaşa girən qaçaqlar bir müddət savaşdıqdan sonra yenə o bölgədə xalq arasına qarışaraq qaynaşıb ortadan qeyb olurdular. Bu üsul gerilla savaşı zamanında gerillaçılığın ən yaxşı taktikası olmaqdadır. Azərbaycan gerilla (qaçaqlar) tarixində çox maraqlı bir olaya rast gəlirik ki, o üsul zamanımızda çox mənimsənilmiş bir üsuldur. 1870-ci ilin sonlarında Qazax rayonu Quşçu kəndi əhalisi ağalardan İsgəndərbəyovların zülmünə qarşı baş qaldırdılar. Bəylərə yardıma gələn rus kazakları üsyanı qanlı bir şəkildə yatırtdılar. Kəndlilər Tiflisdə oturan çar naibinə şikayət etmək üçün aralarından bir heyət seçərək göndərmək istədilər. Rus məmurlar və ağalar bunların Tiflisə getmələrinə əngəl oldular. Bunların arasında Mürsəlqulu adlı bir kəndli gecə ikən qaçaraq, Tiflisə və oradan da çar naibinin oturduğu Qoçori bağ evinə yetişə bildi. Fəqət haraya baş vurdusa, çar naibini görmə imkanı tapa bilmədi və çar vəkilinin sarayına yanaşdırılmadı. Bundan ötrü Mürsəlqulu bir çarə düşündü. Əlbisəsini qaz yağı ilə islatdı. Çar vəkilinin sarayına yaxın bir yerdə gözlədi. Çar vəkili sarayından çıxıb arabasına mindiyi vaxt Mürsəlqulu özünü yandırmağa başladı. Və əlbisəsinə od vurdu. Bu durumu görən xalq yaxınlaşaraq, Mürsəlqulunu yanmaqdan qurtardı və atəşi söndürdü. Bu mənzərəni görən çar vəkili Mürsəlqulunu çağıraraq, özünü yandırmasının səbəbini soruşdu. Mürsəlqulu Qazağın Quşçu kəndindəki ağaların və çar məmurlarının zülmündən kəndlilərin bezdiklərini və ölümə razı olduqlarını anlatdı. Beləliklə, Quşçu kəndinin xalqı ağaların zülmündən qurtarmış oldu. Bu olay həmən bütün Azərbaycana yayılaraq duyulunca, bir çox yerlərdə ağalara qarşı kəndli başqaldırmaları oldu1.
Çar Rusiyası “krepostnoy” – köləlik hüququnu 1841-ci ildə senator Qanın düzənləməsilə Azərbaycana gətirib tətbiq etdikdən və 1846-cı ildən xan, bəy və ağalara kəndliləri mühakimə etmək və kəndlilərə qarşı polis idarəsi gücünü tətbiq etmək haqqını tanıdıqdan sonra Azərbaycanda kəndli üsyanları və qaçaqlar hərəkatı bir xalq hərəkatı olaraq baş vermişdir2.
Bundan açıqca görünür ki, Azərbaycan tarixində başqa xalqların tarixində olduğu kimi haqq, hüquq, azadlıq, hürr olma, əsarətdən qurtulma mücadiləsi və ruhu tarixi inkişafı çox ağır şərtlər altında olsa da, davam etmişdir və edəcəkdir də. Zamanımızda Vyetnamda mistik buddist rahiblərin xalqlarının hürriyyətinə edilən imperialist təcavüzlərə qarşı etiraz hərəkatına başlayaraq özlərini yandırmaları və çox yaxın zamanda Çexoslovakiyada imperialist rus milli kommunistlərin etdikləri qaba və qanlı müdaxiləyə etiraz etmək üçün gənc, cəsur və qəhrəman Jan Palanın özünü yandırması azəri xalqı üçün yeni bir şey deyildir.
QAÇAQ DƏLİ ALI
Özünü görən və tanıyanlardan öyrəndiyimə görə, Dəli Alı 1898-ci ildə 22 yaşında silahını alaraq dağa çıxmışdır. Ancaq bu dağa çıxışın əsl səbəbi bizə məlum deyildir. Gəzdiyi və gizləndiyi çevrədə kəndlilərin himayəsinə sığınmış, özünü onlara sevdirmiş və buna görə dağlarda, meşələrdə sığınacaq aramamışdır. Rus birlikləri ilə savaşa tutuşduğu zamanlar dağlar, meşələr Dəli Alıya yataqlıq etmişdir. Dəli Alı qaçaqçılığa başladığı 1898-ci ildən 1913-cü ilə qədər rus strajnikləri və kazakları ilə bir çox dəfə, sonuncu hər iki tərəf üçün də qanlı olan savaşlara tutuşmuşdur.
Əslən Gəncənin Qarasu1 kəndindən olub, uca boylu, enli kürəkli, sərt baxışlı, yaraşıqlı, zəkalı və hazırcavab bir gənc imiş. Davası o biri şüurlu qaçaqlar kimi kənd əhlini rus çarizminin və çar rejiminin Azərbaycandakı əlaltıları olan xan, bəy, ağa zülmündən və köləliyindən qurtarmaq olmuşdur. Dəli Alı rus-yapon savaşında, rusların məğlubiyyətə uğramasından böyük ümidlərə qapılmışsa da, bu ümid siyasi gerçəkliyə çevrilməmişdir. Bundan ötrüdür ki, 1905-ci il Birinci rus inqilabı illərində belə qaçaqlığı buraxaraq dağlardan enməmişdir. O, əldə silah başına topladığı cəsur və döyüşkən kəndli arkadaşları ilə bir dəstə şəklində olan birliyini ciddi intizamla bəzən kəndlərə dağılaraq və kəndlilərə qarışaraq Gəncəyə yaxın meşə və dağ kəndlərinə sığına bilmişdir. Həqiqətən, Dəli Alının bu tədbirli hərəkəti Gəncədə azəri türk xalqına qarşı ermənilərin başladıqları qırğın zamanı çox işə yaramış və Gəncə xalqını erməni gülləsindən qurtarmışdır.
Çarizmin Qafqazdakı yüksək vəzifəli məmurları erməniləri silahlandıraraq, azəri türklərinin üzərinə hücuma keçmələrini təmin və təşviq etdilər.
Məhz bu zaman Dəli Alı başına topladığı dəstələri (Gerilla birlikləri) ilə Gəncənin böyük erməni kəndləri olan Bayan və Çardaxlı1 və başqa bir neçə kəndi işğal etdi. Qadın, uşaq və qocalara toxunmadan əli silah tutan ermənilərə haqq etdikləri divanı tutdu (qarşılıq verdi). Erməni və azəri türk xalqının önündə gələnləri çarizmin bu intriqasını idrak edincə, barışıq yoluna gedərək anlaşdılar. Dəli Alı yenə birliklərini alaraq, öz dağlarına və meşələrinə çəkilərək, öz çevrəsində hökmranlığına başladı. Bu arada Dəli Alınıın rus jandarma və kazakları ilə dəfələrlə savaşa girdiyini və mühasirə edildiyində bu çətin savaşlardan igidliklə çıxa bildiyini, 60-70 rus rus əsgər və jandarmasını öldürdüyünü anlatmağa gərək yoxdur.
Çarlıq – Romanov xanədanının 300 illiyi törəni münasibətilə çar bir əfv fərmanı hazırladı. Bu zaman Peterburqdan knyaz-general Qalitsin Gəncəyə gəldi. Gəncə rus valisinin vasitəsilə Gəncəyə yaxın bir dağ mövqeyində Qalitsin ilə Dəli Alı arasında müzakirə başladı və sonuc anlaşma ilə nəticələndi. Ümumu əfvdə Dəli Alının əfv edildiyi elan olundu. Bundan sonra Dəli Alı Peterburqa çar ailəsinin 300 illiyi törəninə dəvət edildi2.
“Dəli Alı” dastanından örnək parçalar:
Dəli Alı bir set açıb, Şah Abbas dövranı kimi,
Yanında yoldaşları var, Azərbaycan xanı kimi.
Zeynalabdin bəy bəzənib, Misirin sultanı kimi,
Hər yana kağız dağılıb, Süleyman fərmanı kimi.
Aslan da şimşək kimi girəndə meydan içinə,
Seyriyir badronları batır al qan içinə,
Zərrəcə qorxusu olmaz, düşsə yüz düşman içinə
İsgəndər tək səs salıpdı, yeddi Dağıstan içinə,
Tip dağıdır, ordu pozur, qüdrətin aslanı kimi…
QAÇAQ MƏHƏMMƏD BƏY KAVALER
Doğulduğu və öldüyü tarixlər haqqında əlimizdə bir bilgi və qaynaq yoxdur. Ancaq Qaçaq Nəbinin çağdaşı və arkadaşı olduğu bilinməkdədir. Onun haqqında Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab” adlı kitabında çox qısa, yanlış dəyərləndirilmiş bir tərcümeyi-halı və bir də dərin mistik (təsəvvüfi) qəzəlini tapa bilmişik.
Yarım əsrə yaxın bir zaman öncə Şuşanın tanınmış din adamı, ədibi və şairi Mirzə Cəlal əfəndidən Qaçaq Məhəmməd bəy Kavalerin Azərbaycanın musiqi ustadlarından Sadıq Əsədoğlunun (Sadıqcan (1846-1902) toyuna (düyününə) bir axşam vaxtı qəflətən Qaçaq Nəbi ilə birlikdə getdiklərini və çox qələbəlik olan toy əhlinin Qaçaq Nəbi ilə Qaçaq Məhəmməd Kavalerin gəldiklərini görüncə çox qorxduqlarını və sazəndənin susduğunu, Qaçaq Məhəmməd Kavalerin: “Əyləncənizə davam edin”, – deyə işarət etməsi və söyləməsindən sonra sazəndənin çalmağa başladığını və toyun daha coşğun bir havaya və bir nəşəyə büründüyünü, beləliklə, iki məşhur qaçaq dostun Sadıqcanın toyunda iki saat qədər oturduqdan sonra sazəndə qrupuna və xidmət edənlərə bol bəxşişlər verərək toydan ayrılıb getdikləri hekayəsini dinləmişəm.
Yenə rəhmətlik Mirzə Cəlal əfəndi mənə aşağıdakı olayı anlatmışdır: “Məhəmməd bəy Kavaler Şuşa-rus həbsxanasında dustaq olan zaman öz həyatından bəhs edən farsca bir poem (mənzum hekayə) yazdığını və bu mənzum hekayədə rus işğalçı imperialist rejiminin azəri xalqının başına gətirdiyi zülmü dilə gətirdiyini, bu hekayənin sonunu rus çar rejiminə qarşı belə tamamladığını:
Dər həbsxaneyi-rus
Əz hökuməti “Dəyyus”.
Qaçaq Məhəmməd bəy Kavaler Qarabağ vilayətinin mərkəzi olan Şuşa şəhərinin öz yerlisi olub, Çuxur məhəlləsindəndir. Çuxur məhəlləsində Xan sarayından başqa, bir neçə dənə böyük daş bina vardır. Elə bunlardan biri olan, üzü boydan-boya Çuxur məhəlləsinin meydanına baxan və böyük alaqapısı üzərində:
Kuşadı badı be devlət həmişə in dərgah,
Be haqqı eşhədü-en-la lailahe illəllah, –
yazısı daşa oyularaq yerləşdirilən evdə doğulmuşdur.
Bu gün belə ayaqda duran və içində on beşdən çox erməni ailəsinin sığındığı bina Qaçaq Məhəmməd Kavalerin evidir. Qaçaq Məhəmməd Kavaler Şuşa şəhərinin tanınmış ailələrindən və sayılan kişilərindən Şirin bəyin oğludur. Şirin bəyin anasının adı Mahpəri xanım imiş. Şirin bəyin arvadı Tükəzban xanımdan beş oğlu, bir qızı olmuşdur. Məhəmməd bəy Kavaler onlardan biri imiş. Şirin bəyin Həsən bəy adlı bir oğlu ruslara qarşı Qarabağda aparılan mücadilədə tutulmuş və ömrünü Bakıda Şamaxinka deyilən rus həbsxanasında bitirmişdir. O biri oğlu Tağı bəy 1905-ci ildə Qafqazdan (Vladiqafqaz) Şuşaya gedərkən, Bakıda müsəlmanlara qarşı aparılan erməni qırğınında öldürülmüşdür.
Üçüncü oğlu Qaçaq Məhəmməd bəy Kavaler Mir Möhsün Nəvvabın verdiyi çox qısa bilgiyə görə, 45 yaşında öldürülmüşdür. Təxmini olaraq söyləyə bilərəm ki, ölümü Qaçaq Nəbi ilə bir-birinə yaxındır və Üçüncü Aleksandr zamanında ölmüşdür. Çünki Üçüncü Aleksandrın qaçaqlara, siyasi şəxslərə və təşkilatlara qarşı qanlı və şiddətli surətdə hərəkətə keçdiyi illərə təsadüf edir.
Qaçaq Məhəmməd Kavalerin qaçaqçılığının səbəbi işğalçı rus çar rejiminin xəzinə gəlirini əngəlləməkdə olmasıdır. Olay belə idi:
Yeni sənayeləşməyə başlayan Rusiya o zamankı Qərb texnikasına görə geri qalmış bir ölkə sayılsa da, Azərbaycan, Türküstan, Dağıstan və başqa müstəmləkələrinə göndərə biləcək və bu ölkələri bazar olaraq istifadə edə biləcək qədər tekstil, şəkər və başqa məhsullar yetişdirən zəif bir sənaye ölkəsi idi. Digər tərəfdən, Araz çayı ilə sərhəd olaraq ayrılan Güney – İran Azərbaycanına, Fransa və İngiltərədən tekstil, şəkər, çay və başqa fabrik mallarının daha yaxşısı və ucuzu gəlirdi. Rus malları keyfiyyət cəhətdən bu mallardan aşağı səviyyədə olduğu kimi dəyərinə görə də bahalı idi. Məhz bu şəraitdə İran Azərbaycanı ilə Qafqaz Azərbaycanı arasında bir mal qaçaqmalçılığı baş verməkdə idi. İrandan qaçaq olaraq, gömrüksüz gətirilən mallar alıcıya daha ucuz satılırdı. Qaçaq Məhəmməd Kavaler bu qaçaqçılıq işini elə bir şəkildə təşkil edibmiş ki, rus xəzinəsi bundan böyük zərərə uğrayırmış.
Araz çayı sahillərindən qaçaqların mallarını “bu taya” – Qarabağa rus kazak və strajniklərin müdaxiləsindən çəkinmədən keçirə bilmələri üçün Qaçaq Məhəmməd mənzillər hazırlamışdı. Qaçaqçılar bu mənzillərdən rahatca faydalanır və bu xidmətə qarşılıq Qaçaq Məhəmməd Kavalerə bir hissə verirdilər. Qaçaq M.Kavaler də bu aldığı hissələrlə qaçaqları himayə etmək üçün qurduğu dəstənin (gerillası) mənsublarını bəsləmişdir.
Bu olay açıqca rus xəzinə gəlirini Azərbaycan müstəmləkəsində Qarabağ bölgəsində gömrük yönündən baltalamaq idi. Mirzə Fətəli Axundzadə “Hacı Qara” adlı pyesində bu olayı komik bir şəkildə çox gözəl xarakterizə etməkdədir. Bir tacirin manufaktura mağazasına qumaş almaq üçün gələn müştəri: “Mənə firəng malı qumaş ver”,– deyə israr eyləməkdədir. Mağaza sahibi tacir müştəriyə rus malı satmağa çalışmaqdadır. Tacirlə müştəri arasında dialoq çox komik və qəribədir. Müştəri heç cür rus malına yanaşmamaqdadır.
Bu olay təbiidir, Qaçaq M.Kavalerin qaçaqları himayə edərək, onlardan vergi alması elə anladıldığı kimi asan olmamaqdadır və rus sərhəd mühafizəçiləri ilə Qaçaq M.Kavalerin arasında qarşılıqlı çatışmalar olmaqla, bəzən kazaklar, bəzən də Kavalerin dəstələri insan itkilərinə uğramaqdadırlar. Bütün bu çətin şərtlər altında qaçaqçılıq baş alıb getməkdə və davam etməkdədir. Bu savaşlara bəzən Qaçaq M.Kavaler öz dəstəsi və ya dəstələri başında şəxsən iştirak etməkdədir. Təbii, hər qaçaq və seçilmiş insanın dostu olduğu kimi, düşməni də vardır. Qaçaq M.Kavaler rus tərəfini saxlayan və ruslara casusluq edən düşmənlərilə də mübarizə aparmaqdadır. O zamanın şərtlərinə görə, Qaçaq M.Kavaler bu iki tərəfli mübarizəyə taleyinin təqdirilə sürüklənmişdir.
Bu çağ, sanıram, Üçüncü Aleksandrın zamanına uyğun gəlir. Necə olur, araya kim girir? Bu cəhətlər haqqında bir tarixi sənəd və qaynaq əldə edə bilmədim. Qaçaq Məhəmməd Kavaler çar tərəfindən əfv edilir və ona kavaler kapitan rütbəsi verilərək bir maaş təyin edilir. Bu tarixdən sonra Qarabağ xalqı1 Qaçaq Məhəmməd ailəsini Kavalerli kimi xatırlayır və tanıyırlar. Bu soyad onun qardaşları tərəfindən gələn bütün qohumlarına yayılır. Xalq arasında bu qələbəlik ailəyə “Geverelliler” deyirlər.
O çağda Qaçaq Məhəmməd Kavalerin “üzə şıxması” çar tərəfindən əfv edilməsi və ona rütbə verilərək maaş təyin olunması, yalnız Qarabağda deyil, bütün Azərbaycan və İranda da böyük əks-səda doğurmuşdur. Əsasən xalq tərəfindən sayılıb sevilən Qaçaq Məhəmmədin ailəsi bu tarixdən sonra da, hər zaman, hər yerdə əskisindan daha çox sevgi və sayğı ilə qarşılanmışdır. “Bu adam Geverellilərdəndir”, – deyildimi, o adam ayrı, özəl bir hörmət və sayğı görürmüş. Qaçaq Məhəmmədin bu üzə çıxma olayı neçə il davam etmiş? Bu barədə də əlimizdə tarixi bir bəlgə yoxdur. Elə sanıram ki, bu üzə çıxma olayı uzun müddət davam etməmişdir. Çünki Qaçaq Məhəmməd Kavalerin düşmənləri vardır və bunlar çarizm idarəsinin yüksək vəzifəli adamlarına davamlı olaraq Qaçaq M.Kavalıer haqqında xəbər verirlər və “Üzə çıxan Qaçaq M.Kavalerin dəstələri yenə əvvəlki kimi qaçaqçıları gözətləyərək qorumaqda və eyni təşkilat heç dəyişmədən yürüdülməkdədir”, – deyirlər. Belə bir vəziyyətdə Qaçaq M.Kavaler yenə silahını əlinə alaraq, şəhərdən ayrılmış və dağdakı arkadaşlarının yanına çəkilmək zorunda qalmışdır. Bu tarixdən öldürüldüyü tarixə qədər Qaçaq M.Kavalerin rus hökuməti ilə verdiyi gerilla savaşları ən kritik bir dövrəyə girmiş olur və şəxsi düşmənləri ilə də hesablaşmağa qərar verir.
Söz gəlişi, bunlardan bir örnək anladaq: Qaçaq M.Kavalerin Hacı Şükür (Şükrü) adlı bir düşməni vardır. Bu adamın işi-gücü K.M.Kavalerin bütün qaçaqlıq və qaçaqçılıq hərəkatını izləyib, adamların vasitəsilə izlədib rus jandarma təşkilatı, gizli işlər şöbəsinə xəbər verməkdir.
Bu arada Həcc ziyarəti zamanı gəlmiş və Hacı Şükür də hacılar arasında Məkkəyə getmişdir. İndi hacılar Həcc ziyarətindən toplu halda dönməkdədirlər. Hacı qafiləsi daha İran tayındadır (tərəfində) və Araz çayı kənarına doğru gəlməkdədir. Bunu xəbər alan Qaçaq M.Kavaler atına minərək Araz çayını keçərək, İran Azərbaycanının bir yerində hacı qafiləsini qarşılayır. Hacılar Qaçaq M.Kavalerin gəldiyini görüncə çox qorxurlar. Qaçaq M.Kavaler durumu hiss edir. Bu vaxt atlı hacı qafiləsi də səssiz, uzun bir qələbəlik halında durub gözləməkdədir. Hər şeydən öncə, Qaçaq M.Kavaler hacılara səslənərək, Həcc ziyarətlərini təbrik edir və bu ziyarətlərinin cənabi Allah tərəfindən qəbul edilməsi diləyində olur. O zamankı dini ənənəyə görə, at üzərində əlini ulu Tanrıya (göyə) qaldıraraq, lazım olan duaları oxuyur. Bütün bunlardan sonra hacılara xitab edərək: “Zəvvar Hacı Şükür aranızdadırmı?” – deyə soruşur. Hacılar da: “Bəli”, – deyə cavab verirlər. Bu dəfə Qaçaq M.Kavaler Hacı Şükürə səslənərək, onun hacılar qafiləsindən ayrılaraq, bir kənara çəkulməsini istəyir. Hacı Şükürdən bir səs çıxmır. Hacı Şükür də başqa hacılar kimi silahlıdır. (O tarixdə ərəb soyğunçular hacı qafilələrini soyardılar. Bu səbəbdən hacılar qafilə halında və silahlı olaraq Həcc ziyarətinə gedərdilər – H.B.). Qaçaq M.Kavaler bir neçə dəfə Hacı Şükürə səsləndikdən və cavab almadıqdan sonra hacı qafiləsinə: ”Hacılar, siz çəkilin”, – deyir. Hacılar bir tərəfə çəkilincə, Hacı Şükür ortada qalır. Qaçaq M.Kavaler Hacı Şükürün etdiyi pislikləri bir-bir sayır və onu öldürmək üçün qərarlı olduğunu, silahını alaraq özünü müdafiə etməsini söyləyir. Hacı Şükür qolu-qanadı qırılmış, kefi pozulmuş bir halda səssiz və hərəkətsiz at üzərində durmaqdadır. Bütün bu olay və dialoqdan sonra Qaçaq M.Kavaler tüfənginə sarılır, hacı qafiləsinin gözləri önündə Hacı Şükürü vurub öldürür.
Rus kazak və jandarmaları ilə girişilən çatışmalarda ölən və öldürülənlərdən başqa, Qaçaq M. Kavalerin, yuxarıda örnəyini verdiyim düşmənlərini öldürmələri də olmuşdur, təbii...
Bunlara Mir Möhsün Nəvvabın kitabında bir qaçağı layiqincə dəyərləndirməmiş olması səbəbindən veririk. İşğalçı rus rejiminin, bir ölkənin yerli xalqını nə kimi talesizliklərə sürüklədiyini və rus idarəsinin zülm və haqsızlıqlarını göstərmək üçün yazıram.
Bu mübarizə zamanı Qaçaq M.Kavaler bir dəfə yaxalanaraq, Sibirə sürgün edilmiş və sonra oradan qaçaraq, Qarabağa dönmüş və qaçaqçılığa davam etmişdir. Təbii, belə igid bir sərkərdə haqqında da xalq öyücü türkülər söyləmiş və onun bu çarpışmalarında ruslara qarşı olan kinlərinin əksini və təsəllisini görmüşdürlər. Bu türkülərdən bir qarabağlı kişinin hafizəsindən mənə çatan ancaq bir parçanı aşağıda verirəm:
Kazak gəldi Şelliyə1,
Biz qaçalım Telliyə2.
Urusa damojna3 vermə,
Apar Geverelliyə.
Qaçaq M.Kavalerin Şuşa şəhərində olan evi sıx-sıx rus jandarması tərəfindən basılır. Hər zaman bu basqınlara Qaçaq M.Kavalerin atasının anası Mahpəri xanımla anası Tükəzban xanım cavab verirlər. Ev aranır, ələ keçən əşyaların çoxu qaçaq olmasa da, “qaçaq” deyə alıb götürülür. Qarabağlı azəri iki türk qadını bu rus təzyiqinə qarşı qovrulur və çəkişirlər. Belə çəkişmələrdən birində Mahpəri xanımın rus jandarmalarına söylədiyi və xalqın dilinə düşən bu sözlər zalım rus işğalçı hərəkətinin çox sadə xalq diliylə deyilişidir: “Bu yerlər Məmmədin öz torpağıdı. Öz ürəyi istədiyi hər şeyi edə bilər, axı siz urussuz. Bizim urus İvannan, Nikalaynan ki qohumluğumuz (əqrəbalığımız) yoxdu. Siz burda nə gəzirsiniz? Niyə öz yerinizə, torpağınıza getmirsiniz?”
Budur, təmiz bir azəri anasının ağzından çıxan və işğalçılığı anladan sadə və açıq anlamlı sözlər...
Qaçaq M.Kavaler bir zaman tutulmuş və Şuşa həbsxanasına qapadılmışdır. Bir gün bir fürsət tapır və həbsxanadan qaçır. Qaçışın fərqinə varan həbsxana gözətçisi, soldatlar4 M.Kavaleri təqib edir və vururlar. Məhəmməd bəy yaralı olaraq yerə yıxılır. Anası Tükəzban xanıma olayı xəbər verirlər. Tükəzban xanım hadisə yerinə yetişir və oğlu Məhəmmədin üzüqoylu yaralı olaraq yatdığı və inildədiyini görür. Ətrafdakı gözətçi, soldatlar və jandarmlar rus prokurorun (savcı) gəlməsini gözləyirlər. Bu mənzərəni görən Tükəzban xanım Məhəmmədə xitabən: “Məhəmməd, niyə inildəyirsən? İnildəyib düşməni sevindirmə, bu urus yarasından sən ölərsənsə, sənə südümü halal etməm”, – deyərək, toplanan yüzlərcə Şuşa xalqının gözü önündə oğlunu azarlayır. Qaçaq M.Kavaler bu yaradan ölmür və sağalır. Sibirdə 20 il sürgünə (qalabəndliyə) məhkum olunur. Sibirə sürüləcəyi gün öncədən Qarabağ xalqı tərəfindən duyulur. Hər tərəfdən xalq: “Qaçaq Məhəmməd Sibirə yatab (etap) gedəcək” , – deyə Şuşaya axın edir. Sibir sürgünü dəstəsində Qaçaq Məhəmməddən başqa məhkumlar da vardır. Həbsxanadan Məhəmməd və digər sürgün edilənlər əlləri, ayaqları qandallı (zəncirli) olaraq çıxarılırlar. Etap hərəkətə hazırdır, minlərcə xalq seyrçi olaraq toplanmışdır. Etap hərəkət etmədən öncə Tükəzban xanım etapın önünə çıxaraq Qarabağ xalqına belə xitab edir: “Camaat, siz gözünüzün qabağında (önündə) görürsünüz ki, urus hökuməti mənim oğlumu nahaq yerə Sibirə yatab göndərir. Bura bizim öz torpağımızdır, axı urusun burda nə işi var?.. Sizin qabağınızda mən də deyirəm ki, “Məmməd, sən Sibirdən salamat gələcəksən, orda ölsən, südümü sənə həlal etməyəcəyəm. Oğlum, yoldaşlarınla Allaha əmanət ol...”
Bu cəsur və igid azəri anasının bu cəsur sözləri minlərcə Qarabağ xalqını ağladır. Qaçaq M.Kavaler iki il sonra Sibirdən qaçaraq Qarabağa dönür və qaçaqçılığını davam etdirir. Bu olayları yazarkən, hansı olayın öncə və ya sonra olduğunu müəyyən edə bilmədiyim üçün tarixi göstərmədim.
Mir Möhsün Nəvvab Qaçaq Məhəmməd Kavaler haqqında nə deyir:
“Təzkireyi-Nəvvab: 1310, Bakı, Orucov qardaşları basın evi, s.217-218”.
Əhvali və imrarı həyat Kərbəlay Muhamməd Kavaler.
Yazı farscadır. Biz türkcəsini veririk.
Kərbəlayi Məhəmməd Sofi təxəllüslü Şirinbəyov Qarabağlı, Şuşa şəhərində təvəllüd etmiş, 45 yaşında iri cüssəli, uca boylu bir kişi idi. Şəhərdə başqalarının təhriki ilə nahaq qanlar tökmüş, sonra dağlar və biyabanlarda dolaşaraq bir müddət yol kəsmək ilə məşğul olmuş və İran təbəəsindən bir qadın ilə evlənmiş, bir müddət sonra öz arvadını və qaynanasını nahaq qətl etmiş, sonunda arvadının qardaşı adamlar toplayaraq bunu tapmış, iki qolları ilə başını kəsərək və bədənini biyabanda buraxmışlar. Bir şəxs də bədəni dəfn etmiş. Çeşidli şeirləri vardır. Bu qəzəl onun qəzəllərindəndir:
Qəzəlin türkcəyə çevrilişi:
Mənim dostum üz örtüsünü hər zaman hər cür örtdüyü üçün aşiqlər arasında ixtilaf olur,
Bəzən onun gözəllik işığı Musanın gözlərini qamaşdırır.
Bundan ötrü görmürsənmi səsi dağları bürüyür. Bəzən harada “haqq” deyə mələklərə fərman verdiyində
Kəlim-Allah olan Musa şaşırır.
Bəzən bir zahidi Kəbeyi-müəzzamaya doğru çəkir,
Bəzən rahibləri yolda çaşqınlığa düşürərək pərişan edir.
Dostumun sevgisi hansı ürəkdən azacıq əksilərsə dərd və üzgünlüyə düşür.
Rəqs edən mütrüf belə oynadığı zaman dostumun xəyalına gəldiyində özünü atəşə atmağa qalxır.
Ölüm şərbətini əcəl saqisinin əlindən içərkən Sofi özündən gedir, səssiz bir hala düşür.
Yuxarıdakı sətirlərdən göründüyü kimi, mistik və dərin bir inancın anlamını daşıyan qəzəlin yazarı necə olur ki, yol kəsir və quldurluq edir? “Yol kəsmək” azərbaycanca “adam soymaq” anlamına gəlir. Qaçaq Məhəmməd Kavalerin, toplum içərisində mənsub olduğu sosial təbəqəyə görə, qətiyyən, adam soymağa ehtiyacı yox idi. Şuşada bir şəhər uşağı olaraq yetişmiş, ərəb və farscanı mükəmməl öyrənmiş, ayrıca, qatı dindar ortodoks şiə məzhəbindən olan təsəvvüfü anlamış və inanmış bir adam idi. Bu durum Sofi təxəllüsü ilə yazdığı qəzəlindən də anlaşılır.
Azərbaycan elmində pedaqoq, rəssam və xəttat, ədib və şair olaraq xidməti olan M.M.Nəvvabın Qaçaq Məhəmməd Kavaleri belə yanlış tanıması və tanıtmağa çalışması, məncə, onun dindar və sakit bir həyat yaşayan, məhdud görüşlü bir adam olmasından irəli gəlmişdir. Bir vaxtlar bir müəllim olan və rus xəzinəsindən maaş alan M.M.Nəvvabın məhdud görüşündə insan yaşadığı dövrdə olan qanunlara itaət etməlidir. Bu qanunlar işğalçı rus imperializminin qanunları olsa belə... fikri hakimdir. Təbii ki, belə bir yaşam şəraitində olan M.M.Nəvvabdan istismar edilən və əzilən, torpaqları işğala uğrayaraq, haqları çeynənən bir xalqın “mübarizə haqqı” olduğunu da bilməsi, bu fikri mənimsəyərək insanları bu yöndən dəyərləndirilməsi gözlənilə bilməzdi. M.M.Nəvvabın Qaçaq Məhəmməd Kavalerin rus casusu Hacı Şükürü hacılar qafiləsi arasında qarşılayaraq öldürməsi olayını yol kəsmək sayması, nahaq qan tökmək deyə dəyərləndirilməsini anlayırıq.
Qaçaq Məhəmməd Kavalerin arvadını və qaynanasını öldürməsi olayına gəlincə: Qaçaq Məhəmməd Kavalerin üzə çıxdıqdan və çar Üçüncü Aleksandr tərəfindən əfv edildikdən və özünə “kavaler-kapitan” rütbəsi verdikdən bir neçə il sonra yenə çar hökumətilə arası dəyir. Çünki daha öncədən qurmuş olduqları dəstənin qaçaqlarını qoruyaraq, onlardan bir hissə alma işi davam edir. Qaçaq Məhəmməd Kavaler şəhərdə və hər yerdə sərbəst olaraq gəzməkdədir. Casusların sıx təqib və təzyiqi altında olan Qaçaq Məhəmməd Kavaler İrana sığınmaq məcburiyyətini duymuşdur. Evinə gəlmiş, atları və silahını hazırlamışdır. Qaçaq Məhəmməd Kavalerin arvadı İran Azərbaycanından bir xanın qızıdır. Belə vəziyyətdə bir qadının atasının evinə getməsi üçün ərinə bir çətinlik yaratmaması ən məntiqli hərəkət olardı. Hələ qaynanasının ki, əri İrandadır və Qaçaq Məhəmmədin onun yanına getmək istəməsini xoş qarşılaması lazım gələn olaydır. Təəccüblüdür ki, belə olmamışdır. Rus kazak və jandarmalarının təqibindən qurtulmaq üçün dərhal Şuşa şəhərini tərk etməsi lazım gələn Qaçaq Məhəmməd Kavalerə arvadı və qaynanası mane olaraq: “Biz gəlmərik də gəlmərik”, – deyə dirənmişlər.
Belə vəziyyətdə Qaçaq Nəbinin arvadı Həcərin əl və ayaqlarına qandal (zəncir) vurularaq, baldızı Mehri ilə birlikdə həbsxanaya atıldığını görən və şair Zakirin arvadının bir rus komandiri tərəfindən zorla əlindən alınaraq, bir rus “mujik”inə verildiyini eşidən və bir çox qaçaqların arvadları və bacılarının rus komandanları tərəfindən rus “soldat”ları bölüyünə təslim edildiyini bilən Qaçaq Məhəmməd Kavaler arvadını və qaynanasını Şuşada buraxmaq istəməməkdədir. Məhz bu əhvali-ruhiyyədə arvadı və qaynanası ilə “gəlirsən də, gəlmirsən də” münaqişəsinə girən və vaxt itirmənin özü və ailəsi üçün lazım olmadığını anlayan Qaçaq Məhəmməd Kavaler böyük bir sinir böhranı və ruh düşkünlüyü içində tapançasını çəkərək: “Mən arvadımı rus əlinə düşürmərəm”, – deyərək, qaynanası ilə birlikdə cansız yerə sərmiş və atını məhmizləmişdir.
Araz çayını keçmiş, İran tayında (tərəfində) bir meşəlik bölgədə Qaçaq Məhəmməd Kavaler atını buxovlamış (otlamağa buraxmış) və atının yəhərini özünə yastıq edərək, bir ağacın dibində yuxuya dalmışdır. Arvadının və qızının kürəkəni tərəfindən öldürüldüyünü xəbər alan, eyni zamanda, bir qəbilə başçısı olan xan, oğlunu Qaçaq Məhəmməd Kavaleri təqibə və öldürtməyə göndərmişdir. Bunlar Qaçaq Məhəmmədin İran tayındakı keçəcəyi yolları da bilməkdədirlər. Təqib nəticəsində atını görmüş, tanımışlar və yatan Qaçaq Məhəmməd Kavalerə uzaqdan toplu yaylım atəşi açaraq öldürmüşlər.
Məhz azərbaycanlı bir igid, qarabağlı – şuşalı Qaçaq Məhəmməd Kavalerin ruslarla aparmış olduğu savaşın hekayəsi belə olmuş və belə dramatik bir şəkildə sona çatmışdır.
Bu bəhsi tamamlamadan öncə, Qaçaq Məhəmməd Kavalerin bir epizodunu anlatmadan keçə bilməyəcəyəm. Qaçaq Nəbi və Qaçaq Dəli Alılar kəndli olaraq yetişmiş, oxuyub yazmağı bilməyən, ancaq çox ağıllı və cəsur igidlərdirlər.
Yuxarıda da qeyd etdiyim kimi, Qaçaq Məhəmməd Kavaler şəhər həyatında, o zamana görə mükəmməl mədrəsə təhsili görmüş, dindar-sufi, şair – bir azəri övladı idi. Yaxın zamanın Azərbaycanın irfan həyatında adı çox duyulan pedaqoq Hüseyn Camal Yanar (Hüseyn Mirzəcamalaov) adlı bir dostumuz vardı. Rəhmətlik Hüseyn Camal Yanar əslən qarabağlı və şuşalıdır. Bütün azərilər ona “dayı” deyərdilər. İndi masamın üzərində olan və Qaçaq Məhəmməd Kavaler haqqında mənə yazdığı bir məktubu belə başlayır:
“Əziz adaşım.
27/7/1958 tarixli məktubunu indi aldım. Dayıya heç də zəhmət olmadan, həm də iftixarla, çox möhtərəm və ziyalı, eyni zamanda, qəhrəmanlığı, açıqfikirliliyi ilə tanınmış həmşəhrim Kavalerli Kərbəlayi Məhəmməd haqqında Şuşa şəhərinin mötəbərlərindən şəxsən dinlədiyim bir hadisəni nəql edirəm. Belə ki, “Bir gün Təbriz hacıları və irəli gələnləri tərəfindən “Vəliəhd” şərəfinə tərtib edilən bir böyük ziyarətdə mərhum Kərbəlayi Məhəmməd (belə tələffüz edilirdi) də dəvətli olaraq iştirak etdiyi zaman vəliəhd bir aralıq, səbəbsiz hiddətlənərək, bağırıb-çağırmağa başlamış, oradakılar donub qalmışlar. Belə səssizlik hökm sürən bir anda mərhum dizləri üstünə qalxaraq, yüksək bir səslə: “Veksid fi meşyikə. Veğzüz min sovtikə. İnna ənkərəl esvati le sövtül-hümir”. Türkcəsi: “Hərəkətində mülayim ol. Səsini çox yüksəltmə. Ən nifrətə layiq səs eşşəyin səsidir”.
Bu ayəti söylər-söyləməz yenə hər kəs kimi bardaş qurub oturmuş, vəliəhd də daxil olmaqla kimsədən səs çıxmamışdır. Mərhumu o aralarda hər kəs tanıyırdı. 4/8/1958, İstanbul”.
1. Mir Möhsün Nəvvabın öz (məhdud) görüşü ilə yanlış dəyərləndirdiyi qarabağlı bir azəri qaçağının həqiqi kimliyini açıqlamaq;
2. Kərbəlayi Məhəmməd Kavaler kimi neçə azəri qəhrəmanlarının adlarının Azərbaycan tarixinin səhifələrinə keçmədən unudulub getmiş olduqlarını bildiyim üçün bu mövzu üzərində durdum.
Dostları ilə paylaş: |