Kollektivdə heç bir əhəmiyyəti olmayan bu insan sadəcə və sadəcə fərddir



Yüklə 0,71 Mb.
səhifə14/15
tarix26.05.2018
ölçüsü0,71 Mb.
#46099
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   15

On beş dəqiqə keçdi. Oxucu yenidən pıçıldayırdı. Ona baxmağa cəsarət etmirdim, amma açıq-aydın mehriban, cavanlaşmış üzünü, ona istiqamətlənmiş hiss etmədiyi ağır baxışları təsəvvür edirdim. Birdən cingilitili uşaq gülüşü ilə güldü. Ürəyim sıxıldı, elə bil ki, nadinc cavanlar pişiyi batırmaq istəyirlər. Sonra pıçıltı kəsildi. Sükut mənə faciəli göründü, bu ki sondu, ölüm hökmüdür. Qəzetin arxasında gizlənib özümü elə göstərdim ki, guya oxuyuram, amma oxumurdum, qaşlarımı qaldırıb, çalışırdım gözlərimi daha yuxarı qaldırım ki, məndən iki addımlıqda bu sakitlikdə baş verənləri görə bilim. Yüngülcə başımı çevirdim və gözümün qırağı ilə stolun kənarı ilə sürüşən ağ, balaca ağ əl gördüm. İndi əl ovcu yuxarı uzanmışdı, incə, hissiyyatlı idi, dənizdən çıxıb günəşədə qızınan qadının çılpaqlığını xatırladırdı. Ona tərəf ehtiyatla qara və tüklü nəsnə irəliləyirdi. Bu kök, tütündən saralmış barmaq idi, bu əlin yanında o bütün yöndəmsizliyi ilə kişi cinsi orqanına oxşayırdı. Bir anlıq dik, incə ovuca istiqamətlənib dondu, sonra kobudcasına onu sığallamağa başladı. Təəccüblənmədim, Oxucuya hirsləndim, özünü saxlaya bilmədi axmaq! Yəni o təhlükəni hiss etmir? Onun hələ də kiçik şansı var, əgər indi əllərini kitabın iki tərəfinə qoyub, sakit otursa bəlkə bu dəfə ona hazırlanmış oyundan qaça bilər. Amma bilirdim ki şansını itirəcək. Barmaq incə-incə, ürkək hərəkətlə tərpənməyən ovuca toxunub, möhkəm basmağa cəsarət etmədən onu sığallayırdı, bəlkə də bütün iyrəncliyini hiss edirdi. Qəfil başımı qaldırdım, daha bu inadkar irəli-geri hərəkətinə dözə bilmirdim, Oxucunun baxışını tutmağa çalışdım, öskürdüm ki, ona xəbərdarlıq edim. Amma o gözlərini yumub, gülümsəyirdi. Digər əli stolun altında itdi. Oğlanlar daha gülmürdülər, rəngləri ağarmışdı. Qara saçlı balaca dodaqlarını sıxmışdı, qorxurdu, deyəsən o hadisələrin belə inkişafını gözləmirdi. Amma əlini götürmürdü, əli hələ də stolun üstündə tərpənmədən qalmışdı, yüngülcə gərilmişdi. Dostu axmaqcasına, qorxmuş halda ağzını aralamışdı.
Və budur, korsikalı bağırdı. O eşidilmədən yaxınlaşıb, Oxucunun stulunun arxasında dayana bilmişdi. Göyərmiş üzündə gülüş mimikası var idi, amma gözlərində ildırım çaxırdı. Stuldan sıçradım, amma bir az da rahatlanmışdım, gözləmək əzab verirdi. Çox istəyirdim ki, hər şey nəhayət bitsin, lap əgər istəyirlərsə Oxucunu qapının ağzında qoysunlar, təki hər şey bitsin. Təbaşir kimi ağarmış yeniyetmələr çantalarını qapıb, yox oldular.

- Mən hər şeyi gördüm,- qəzəbdən keflənmiş korsikalı qışqırırdı,- bu dəfə gördüm, cəsarət edib deməyin ki, bu düz deyil. Cəsarət edib deməyin ki, heç nə olmayıb. Elə bilirsiz sizin zibillərinizi görmürdüm? Mənim gözlərim var, adam. Səbr,- öz-özümə deyirdim,- səbr, onu bir gün tutacam və bu ona baha başa gələcək. Hə, Hə, baha. Familyanızı və ünvanınızı bilirəm, haqqınızda sorğu göndərmişdim. Sizin rəisiniz müsyö Şyuyeni də tanıyıram. Sabah baş kitabxanaçıdan məktub alanda təəccüblənəcək. Nə? Susursuz? – gözlərini fırladıb davam etdi.- Amma elə bilməyin ki, iş bununla bitəcək. Sizin kimilər üçün Fransada məhkəmə var. Müsyö oxu ilə məşğul imiş! Müsyö dünyagörüşünü genişləndirirmiş! Müsyö mənə rahatlıq vermirdi- sorğu göndər, kitab gətir. Amma məni aldada bilməzsiz.

Deyəsən Oxucu təəccüblənməmişdi. Yəqin artıq uzun illərdir belə bir şey gözləyirmiş. Yəqin ki, yüzlərlə dəfə korsikalının sakitcə arxadan yaxınlaşıb, qəzəbli səslə qulaqlarına qışqıracağını təsəvvür edirmiş. Amma buna baxmayaraq o hər axşam bura qayıdırmış, əsəbi şəkildə kitabları səhifələyirmiş, arabir oğru kimi ağ əlləri və ya bəlkə də hansısa oğlanın ayağını sığallayırmış. Oxucunun üzündən daha çox taleyinə boyun əymək oxunurdu.

- Başa düşmürəm, nə demək istəyirsiniz,- kəkələdi.- Mən bura uzun illərdir gəlirəm...

O təəccüblənmiş, acıqlı görünmək istəyirdi amma inandırıcı alınmırdı. Bilirdi ki, gözlədiyi baş verib, hadisələrin gedişatını artıq saxlamaq olmaz, hər şeyin hər dəqiqəsini yaşamalı idi.

- Ona qulaq asmayın, mən hər şeyi gördüm,- qonşu qadın danışdı. Ağır-ağır yerindən qalxdı...- Hə, hə, özü də birinci dəfə görmürəm. Keçən həftənin bazar ertəsi elə bu vaxt mən artıq onu görmüşdüm, amma heç nə deməmişdim, gözlərimə inana bilməmişdim: insanların elm öyrənməyə gəldikləri belə ciddi yerdə, kitabxanada belə hadisələrin olması üz qızardır. Mən özüm uşaqsız qadınam, amma analara yazığım gəlir, oğlanlarına bu zalda məşğul olmağa icazə verirlər, fikirləşirlər ki, burada onlara heç kim toxunmayacaq, heç kim incitməyəcək amma həm də belə şərəfsizlər var ki, onlar üçün müqəddəs heç nə yoxdur, uşaqlara dərslərini hazırlamağa mane olurlar.

Korsikalı Oxucuya yaxınlaşdı.

- Eşidirsiz xanım nə deyir? – düz üzünə bağırdı.- Komediya oynamaq lazım deyil. Sizi cinayət başında yaxalayıblar, çirkin alçaq.

- Müsyö, nəzakət qaydalarına əməl edin,- Oxucu qürurla dedi.

Rollar belə bölünmüşdü. Bəlkə də Oxucu hər şeyi boynuna alıb, qaçmaq istərdi amma o rolunu sona qədər oynamalı idi. O korsikalıya baxmırdı, gözləri yarıaçıq idi. Əllərini bir-birinə hörük kimi keçirmişdi, dəhşətli dərəcədə ağarmışdı. Birdən üzünə qan vurdu.

Hirsindən korsikalının nəfəsi kəsilirdi.

- Nəzakətli? Əclaf! Elə bilirsən heç nə görmürdüm? Deyirəm də, səni izləyirdim. Mən artıq neçə aylardır səni izləyirəm.

Oxucu çiyinlərini çəkib, özünü elə göstərdi ki, guya oxuyur. Al-qırmızı idi, gözləri dolmuşdu, amma bütün görünüşü ilə çalışırdı dərin həvəs və diqqətlə Bizans mozaikalarına baxan adam kimi görünsün.

- Və o oxumağa davam edir! Necə də sırtıqdır,- qadın korsikalıya baxa-bax dedi.

Korsikalı qərarsız idi. Həmin anda korsikalının qorxduğu baş kitabxanaçının köməkçisi, ciddi və xoş niyyətli gənc stolunun arxasından qalxıb, qışqırdı: “Paoli, nə baş verir?”. Bir anlıq səssizlik oldu, ümid edirdim ki, bu belə də bitəcək. Amma korsikalı yəqin ki, kənardan özünə baxıb gülməli olduğunu gördü.

Əsəbdən qızararaq, dilsiz qurbanına daha nə deyəcəyini bilmədən bütün balac boyu ilə gərilib, boşluğa yumruq atdı. Qorxmuş Oxucu döndü. Ağzını açıb korsikalıya baxdı, gözlərində dəhşətli qorxu var idi.

- Məni vursanız sizdən şikayət edəcəm- gərgin halda dedi,- mən özüm gedirəm.

Mən də qalxdım, amma artıq gec idi: korsikalı qısa, dəhşətlə inildəyib Oxucunun burnuna yumruq atdl. Bir anlıq ancaq Oxucunun gözlərini gördüm, ağrıdan və utancdan böyümüş gözəl gözlərini, onların altında isə qol və qarabuğdayı yumruq. Korsikalı yumruğunu çəkəndə Oxucunun burnundan qan açıldı. O əlləri ilə üzünü bağlamaq istədi amma korsikalı onu ikinci dəfə ağzının küncündən vurdu. Oxucu qorxaq baxışlarla qarşısına baxaraq stulda donmuşdu. Burnundan paltarına qan damlayırdı. Sağ əli ilə paketini xışmalayır, solla burnundan axan qanı silirdi.

- Mən gedirəm,- o öz-özünə danışırmış kimi dedi.

Mənim qonşum ağarmışdı, gözləri parıldayırdı.

- Ona elə belə də lazımdır, - dedi. – Şərəfsiz.

Hirsimdən əsirdim. Stolun yanından keçib balacaboy korsikalının yaxalığından tutub, havaya qaldırdım. Ayaqlarını tərpədirdi. Onu stolun üstünə çırpmaq istəyirdim. Tamam göyərmişdi, dırnaqları ilə üzümü cırmağa çalışırdı, amma qısa qolları ilə çata bilmirdi. Bir kəlmə də danışmırdım, amma çənəsini vurub əzmək üçün əllərim qaşınırdı. Başa düşdü, dirsəyini üzünə qaldırdı. Bu mənə kifayət idi, qorxduğunu görmüşdüm.

- Əl çək zibil,- birdən xırıldadı. – Nədir, sən də mavisən?

Mən hələ də bilmirən niyə onu buraxdım. Xoşagəlməzlikdən qorxdum? Ya Buvildə keçirdiyim bu bir ilin təsiri idi? Əvvəllər belə olsa bütün dişlərini qırardım. Mən nəhayət qalxan Oxucuya tərəf döndüm. Amma o mənim baxışlarımdan qaçdı, başını aşağı sallayıb, asılqana- paltosunu götürməyə getdi. Sol əlini hələ də burnunda tutmuşdu, elə bil ki, qanı kəsmək istəyirdi. Amma qan axmaqda davam edirdi, qorxurdum ki, halı pisləşə. Heç kimə baxmadan donquldanırdı:

- Mən uzun illərdir bura gəlirəm...

Amma korsikalını yerə təzəcə tullamışdım ki, özünü yenə də vəziyyətin sahibi hiss etdi...

- Rədd ol, - Oxucuya dedi,- ayağın da dəyməsin bura, yoxsa polis çağırıb, çölə atdıraram.

Pilləkənin aşağı pillələrində Oxucuya çatdım. Özümü pis hiss edirdim, onun utancı ilə əzab çəkirdim, nə deyim bilmirdim. O özünü elə aparırdı elə bil ki, məni görmür. Nəhayət cib dəsmalını götürüb, tüpürdü. Burnu daha elə güclü qanamırdı.

- Gəlin aptekə girək,- yöndəmsizcə dedim.

Cavab vermədi. Oxu zalından səs-küy gəlirdi. Yəqin hamısı birdən danışırdı. Qadın bərkdən gülürdü.

- Mən daha heç vaxt bura gələ bilməyəcəm, - Oxucu dedi.

O döndü və çaşqınlıqla oxu zalının girişindəki pillələrə baxdı. Bu hərəkətdən qan onun boynundan axıb yaxalığına töküldü. Ağzı və yanaqları qana bulaşmışdı.

- Gəlin gedək,- dirsəyindən tutub dedim.

Diksinib, qolunu əlimdən çəkdi.

- Məni tək buraxın!

- Amma mən sizi tək buraxa bilmərəm. Sizə qanı yuyub, həkimə getmək üçün kömək lazımdır.

- Məni tək buraxın, müsyö,- təkrar etdi. – Xahiş edirəm, tək buraxın.

İsterikada idi, onu dayandırmadım. Bir anlıq batmaqda olan günəşin şüaları onun itən bükük belini işıqlandırdı, sonra itdi. Yerdə isə ulduz formasında qan ləkəsi qaldı.


Bir saat sonra.

Hava tutqundur, günəş batır, iki saat sonra qatar gedəcək. Sonuncu dəfə şəhər parkına baxdım, indi Bulibe küçəsi ilə gəzirəm. Bilirəm ki, bu Bulibe küçəsidir, amma daha onu tanımıram. Əvvəllər bu küçə ilə gəzəndə həmişə elə bilirdim ki, sağlam fikir kolluğunda gəzirəm. Alçaq, kvadrat, özünün bütün yöndəmsiz formaları, qeyri-bərabər, qudron döşənmiş körpüləri ilə Bulibe küçəsi şose yola oxşayır, belə yollar zəngin şəhərlərdə üç mərtəbəli evlərin arxası ilə bir neçə kilometr uzanır; mən onu kəndli yolu adlandırırdım və xoşlayırdım- ticarət limanı üçün çox qeyri-adi görünüşü vardı. Bütün evlər bu gün də yerlərindədirlər, amma kənd görünüşlərini itiriblər, bina kimi binadırlar. Belə bir hiss məndə parkda da yaranmışdı: bitkilər, gölməçələr, Olivye-Maskare fontanı nəsə ifadə etməkdən inadla imtina edirdilər. Başa düşürəm, şəhər özü məni tərk edib. Mən hələ Buvildən getməmişəm, amma artıq Buvildə deyiləm. Qəribə gəlirdi ki, hələ iki saat şəhərdə olacam amma şəhər artıq mənə fikir vermir, artıq mebelləri yerinə qoyub, üstünə örtükləri sərir ki, bu gün axşam və ya sabah yeni gələnlər üçün bütün gözəlliyi ilə görünsün. Mən isə özümü indiki kimi heç vaxt unudulmuş hiss etməmişdim.

Bir neçə addım atıb dayandım. Düşdüyüm unutqanlığın hərtərəfli dadına baxıram. İki şəhərin arasındayam, biri ilə tanış deyiləm, digəri isə məni unudur. Kim məni xatırlayır? Bəlkə Londondakı yüklü, gənc qadın... Hə...bəs mənim haqqımda düşünür? Həm də bir adam da var, bu misirli. Bəlkə də adam indi onun otağına girdi, bəlkə də onu qucaqlayır. Mən onu qısqanmıram, bilirəm ki, o indi canlı ölüdür. Hətta o adamı bütün qəlbi ilə sevsə də bu yenə də ölü sevgi olacaq. Mən isə, mən onun sonuncu canlı sevgisi oldum. Amma yenə də adam ona başqa bir şey verə bilər- rahatlıq. Əgər indi bütün hisslərini itiribsə deməli onu mənimlə bağlayan heç nə yoxdur. O dincəlir, mən isə onun üçün heç vaxt görüşməmiş kimiyəm. Bir anda məni özündən çıxarıb atdı, dünyanın bütün yaddaşı da məni özündən atdı. Qəribə hissdir. Amma bilirəm ki, mövcudam, buradayam.

Mən “mən” deyirəm- amma bu anlayış artıq mənasını itirib. Özümü o qədər unutmuşam ki, hiss etməkdə çətinlik çəkirəm. Məndə yeganə həqiqi mövcudluq qalıb, o hiss edir ki, mövcuddur. Uzun-uzun, səssiz əsnəyirəm. Heç kim yoxdur. Antuan Rokanten heç kim üçün mövcud deyil. Əyləncəlidir. Ümumiyyətlə Antuan Rokanten nədir? Nəsə mücərrəddir. Özüm haqqımda dumanlı xatirələr şüurumda parıldayır. Antuan Rokanten... Birdən “mən” sönməyə başlayır, bir az da, bir az da və əlbəttə tamamilə söndü.

Evlərin divarları arasında aydın, sabit, boş, öz-özünə düşünən fikir qaldı. Artıq heç nəyə yaramır. Hələ bu yaxınlarda kimsə “mən” deyirdi, kimsə “mənim şüurum” deyirdi. Kimdir bu? Əvvəllər çöldə tanış qoxulu və rəngli danışan küçələr var idi. İndi adsız divarlar, adsız şüur qalıb. Beləcə evlərin divarları və onların arasında xırda, canlı və simasız şəffaflıq. Şüur ağac kimi, ot saplağı kimi mövcud olur. O mürgüləyir, darıxır. Kiçik, bir anlıq varlıqlar onda quşlar budaqlarda yuva quran kimi məskunlaşıblar.

Məskunlaşırlar, sonra itirlər. Bu boz, tutqun səma altındakı evlərin divarları arasında şüur unudulur, atılır. Onun mövcudluğunun mənası isə ondadır ki, o başa düşür ki, artıqdır. O durğunlaşır, dağılır çalışır ki, fonarın yanındakı qaranlıq divarda və ya orada, uzaqda axşam dumanında itsin. Amma heç vaxt özünü unuda bilmir; o başa düşür ki, “unutmağa çalışan şüur”dur. Onun da rolu budur. “Qatar iki saat sonra gedir” deyən boğuq səs var, bir də bu səsin şüuru var. Həm də hansısa şəxsin şüuru olur. Qanlı, çirklənmiş halda yavaş-yavaş üzür, böyük gözləri yaşarıb. O bu divarların arasında deyil, o heç yerdə deyil. O itir, onun beli bükük, qanlı başlı forması asta addımlarla gedir, hər addımda adama elə gəlir ki, indicə dayanacaq amma o heç vaxt dayanmır. Bu fiqurun qaranlıq küçələrdə avaralanan şüuru var. O gedir, amma heç vaxt itmir. Qaranlıq küçənin sonu gəlmir, o yoxluqda itir. O divarların arasında deyil, heç yerdə yoxdur. “Oxucu şəhərdə gəzir” deyən boğuq səsin şüuru var. Yox, bu şəhərdə deyil, bu cansız divarların arasında deyil! Oxucu onu unutmayan qəddar şəhərdə gəzir. Onun haqqında düşünən insanlar var, məsələn korsikalı və ya kök qadın. Bəlkə də şəhərin digər sakinləri. O hələ itməyib, o hələ özünün “mən”ini, insanların öldürmək istəmədikləri qanlı, parçalanmış “mən”ini itirə bilmir. Onun dodaqları, burnu ağrıyır “Ağrıyır”,- düşünür. O gəzir, gəzmək lazımdır ona. Bircə dəqiqəliyə də olsa dayansa ətrafında qəfildən kitabxana divarları qalxacaq, o həbs ediləcək, yanında korsikalı olacaq və səhnə yenidən bütün detalları ilə təkrarlanacaq və qadın istehza ilə qışqıracaq: “Belə şərəfsizlərin yeri katorqadır”. O gəzir, evə qayıtmaq istəmir, evdə onu korsikalı, kök qadın və iki yeniyetmə gözləyir. “İnkar etməyin yeri yoxdur, mən gördüm”. Və səhnə yenidən təkrarlanır. “Aman Allah,- o fikirləşir,- mən bunu niyə etdim axı, kaş bunu etməyəydim, kaş bunlar olmamış olaydı!”

Narahat üz yenidən və yenidən şüurdan keçir: “Birdən özünü öldürər”.Amma yox, bu kiçik, təqib olunan can ölüm haqqında düşünə bilmir.

Özünü dərk edən şüur da var. O özünü təmiz görür, bu divarların arasında sakit və boş halda məskunlaşdığı insandan azaddır, o dəhşətlidir, çünki heç kimdir. “Yük təhvil verilib. Qatar iki saat sonra çıxır”, səs deyir. Evlərin divarları sağa, sola tərpənir. Asfalt döşəmənin, dəmir satılan piştaxtanın, kazarma mazğalının da şüuru var və səs deyir: “Sonuncu dəfə”.

Anninin, kök Anninin, qoca Anninin şüuru otel nömrəsində əzabı dərk edir, şüur gedən və heç vaxt dönməyəcək evlərin divarları arasında əzabı dərk edir.

“Nə vaxtsa bunun sonu olacaq?”- evlərin arasındakı səs caz melodiyası oxuyur “Some of these days”, bunun nə vaxtsa sonu gələcək? Və melodiya sakitcə qayıdır, arxada gizlənib hiss edilmədən səs qazanır və səs oxuyur, susa bilmir, bədən sayıqlayır və bunların hamısının şüuru var və bu şüur dərk etdiyini dərk edir.

Amma əziyyət çəkəcək, əllərini ovuşduracaq, özünə yazığı gələcək heç kim yoxdur. Heç kim yoxdur. Bu əzabların təmiz halda çarpazlaşmasıdır, unudulmuş amma unuda bilməyən şüurdur. Və səs deyir: “Bu da “Dəmiryolçuların sığınacağı”- və şüurda “mən” yaranır, bu mənəm, Antuan Rokanten, iki saatdan sonra Parisə gedirəm, sahibə ilə vidalaşmaq istədim.

- Gəldim ki, vidalaşam.

- Gedirsiniz, müsyö Antuan?

- Hə, dəyişiklik üçün Parisdə yaşamaq istəyirəm.

- Ah, xoşbəxtsiniz!

Bu enli üzdəki dodaqlara necə toxuna bilmişəm? Onun bədəni daha mənə məxsus deyil. Hələ dünən qara, yun paltarın altından onun formasını tapmağa çalışırdım. Bu gün paltar zireh kimidir. Bəlkə mən bu bədəni dərinin altında işıldayan mavi damarları ilə yuxuda görmüşəm?

- Sizin üçün darixacağıq,- incə təəssüflə deyir, - mənimki sizinlə tuturdu.

- Sizə dəyməyə gələcəm.

- Mütləq, müsyö Antuan.

- Mütləq, müsyö Antuan. Buvildən keçəndə bizə də dəyin. Öz-özünüzə deyin: “Madam Jannaya dəyəcəm və o çox sevinəcək!” Axı həqiqətən də adamın necə yaşamağını bilmək maraqlıdır. Ümumiyyətlə adamlar çox tez-tez bizə qayıdırlar. Bizim müştərilərimiz, özünüz də bilirsiz,- matroslar, Transatlantika işçiləridir, elə olur ki, onları iki il görmək olur, gah Braziliyada, gah Nyu Yorkda, gah da Bordoda nəqliyyat gəmilərində işləyirlər. Birdən bir gün görürsən ki, buradadırlar. “Salam madam Janna”. Birlikdə içirik. İstər inanın istər yox, mən onların nə içdiklərini həmişə xatırlayıram, hətta bir neçə ildən sonra da! Elə olur, Madlenə deyirəm: “Müsyö Pyerə quru vermut, müsyö Leona da “Nualli” çinzanosu. Onlar deyirlər: “Sahibə, siz bunları necə yadınızda saxlayırsız?” Mən deyirəm: “Mənim sənətim budur”.

Zalın dərinliyində onunla bu yaxınlarda sevişməyə başlayan kök kişi oturub.

- Sahibə,- onu çağırır.

O qalxır:

- Üzr istəyirəm, müsyö Antuan.

Mənə ofisiant yaxınlaşır.

- Hə, gedirsiniz?

- Parisə köçürəm.

- Mən Parisdə yaşamışam,- qürurla deyir. – Düz iki il. Simeonlarda işləyirdim. Amma öz yerimiz üçün darıxırdım.

- Qərarsızlıqla ləngiyir, sonra görür ki, daha mənə deyəsi heç nə qalmayıb:

- Yaxşı, müsyö Antuan, görüşənədək.

Əlini önlüyünə silib, mənə uzadır.

- Görüşənədək, Madlena.

O gedir. “Buvil qəzeti”ni özümə tərəf çəkib, atıram- elə təzəlikcə kitabxanada cümlə-cümlə oxumuşdum.

Sahibə qayıtmır, kök əllərini dostunun iradəsinə verib, o isə ehtirasla əlləri sıxır. Qatar qırx beş dəqiqə sonra çıxır.

Vaxtı doldurmaq üçün haqq-hesab edirəm. Aya min iki yüz frank- elə də çox deyil. Yenə də özümü sıxsam çatmalıdır. Otaq üçün üç yüz frank, gündəlik yemək üçün on beş frank, paltarları yumaq üçün, kiçik xərclər və kino üçün dörd yüz əlli frank qalır. Yeni alt və üst paltarlarını tezliklə ala bilməyəcəm. Hər iki kostyumum səliqəlidir, dirsəkləri boşalsa da. Ehtiyatlı olsam hələ iki-üç il də geyinə bilərəm.

Aman Allah! Gör hələ, göbələk həyatı yaşamağa hazırlaşıram? Bütün gün nə edəcəm? Gəzəcəm. Tyuilri bağındakı dəmir kresloda oturacam ya da yox, oturacaqda, belə daha ucuzdur. Kitabxanaya gedib kitab oxuyacam? Sonra nə? Həftədə bir dəfə kinoya gedəcəm. Sonra? Bazar günləri siqaret çəkə biləcəm? Bəlkə Lyuksemburq bağındakı təqaüdçülərlə kroket oynayacam? Otuz yaşımda! Özümə yazığım gəlir. Bir anlıq beynimə bir fikir gəlir: Bəlkə bir ilə qalan bütün üç yüz min frank pulumu xərcləyim?... Bu mənə nə verəcək? Yeni paltar? Qadın? Səyahət? Bunlar hamısı artıq olub, artıq sondur, daha heç nə istəmirəm, bunların nə xeyri var? Bir ildən sonra bu günki kimi boş olacam, hətta xatırlamağa da heç nə olmayacaq, özümə əl qaldırmağa da cəsarətim çatmır.

Otuz il! İlə 14 400 frank gəlirim var. Hər ay pullar gəlir. Amma axı mən hələ qocalmamışam. Heç olmasa görə biləcəyim bir iş versinlər mənə...

Yox, yaxşısı budur başqa şey haqqında fikirləşim, çünki indi özüm öz qabağımda komediya oynayıram. Çox gözəl bilirəm ki, heç nə etmək istəmirəm, nə isə etmək varlıq yaratmaqdır, o isə onsuz da həddindən çoxdur.

Düzünü desəm sadəcə qələmi əlimdən buraxmaq istəmirəm, deyəsən Ürək bulantısı tutması yaxınlaşır, yazanda elə bilirəm onu itələyirəm. Budur indi ağlıma gələn hər şeyi yazıram.

Mənə zövq vermək istəyən Madlena əlində val tutub, uzaqdan qışqırır:

- Sizin valınız, müsyö Antuan, sevdiyiniz mahnı, sonuncu dəfə dinləmək istəyirsiniz?

- Bəli, əgər zəhmət deyilsə.

Bunu hörmət əlaməti olaraq deyirəm, əslində bu dəqiqə caz dinləməyə həvəsim yoxdur.Qısası: dinləyirəm, axı Madlena haqlıdır, sonuncu dəfə: val çox köhnədir, hətta əyalət şəhəri üçün də çox köhnədir, Parisdə onu tapmayacam. İndi Madlena onu patefona qoyacaq, o fırlanacaq, polad iynə tullanacaq, onu yerinə möhkəmləndirəcək, sonra spirallar onu valın mərkəzinə aparacaq, vəssalam, bitəcək, “Some of these days” oxuyan xırıltılı səs həmişəlik susacaq.

Başlandı.

Bir bax, incəsənətdə rahatlıq axtaran axmaqlar da var. Xalam Bijua kimi: “Dayın öləndə Şopenin prelyudiyası məni çox rahatlatmışdı”. Və konsert zalları alçaldılmış və təhqir olunmuşlarla dolur, onlar gözlərini yumub, solğun üzlərini səstutan antennalara çevirməyə çalışırlar. Elə təsəvvür edirlər ki, tutduqları səslər şirin, dolğun halda içlərinə axır və əzabları gənc Verterin iztirabları kimi musiqiyə çevrilir. Elə bilirlər gözəllik onları cəlb edir. Giclər.

Hə, görüm bu musiqinin əzab boğan olduğunu deyə bilərlər. Hələ bu yaxınlarda xoşbəxtlikdən çox uzaq idim. Üzdə qeyri-şüuri hesablamalar aparırdım. Əslində isə durğun suda gecə gündüz mənə dinclik verməyən, formalaşmamış suallar, lal təəccüb forması alan pis fikirlər çürüyürdü. Anni haqqında, uğursuz həyatım haqqında fikirlər. Ən dərinlikdə isə dan yeri kimi qorxaq Ürək bulantısı. Amma həmin anda musiqi yox idi, mən qaşqabaqlı və sakit idim. Ətrafdakı bütün əşyalar mənimlə eyni materiyadan- iyrənc əzab kimi bir şeydən düzəldilmişdi. Mənim ətrafımdakı dünya o qədər eybəcər idi ki, stolların üstündəki çirkli stəkanlar, güzgüdəki VƏ Madlenanin önlüyündəki qəhvəyi ləkə, sahibənin məşuqunun şəhvətli fizionomiyası, dünyanın mövcudluğunun özü o qədər eybəcər idi ki, özümü ailəmdəki kimi rahat hiss edirdim.

Amma bax, saksafonun səsi. İndi utanıram. Kiçik, qürurlu əzab doğuldu, əzab nümunəsi. Saksafonun dörd notu. Onlar yenidən və yenidən təkrarlanırlar, sanki deyirlər: “Bizim kimi edin, bizim kimi əzab çəkin”. Hə! Əlbəttə, mən məhz belə, onlara uyğun, mərhəmətsiz, özümə yazığım gəlmədən, quru çılpaqlıqla əzab çəkmək istərdim. Amma axı mənim günahım nədir ki, stəkanımın dibindəki pivə istidir, güzgüdə qəhvəyi ləkə var, artığam, hətta ən səmimi əzabım da ən qurudur, ağırdır, sürünür, dəniz fili kimi dərisi sallanır, əti yağlıdır, gözləri isə nəmlidir, kədərlidir amma həm də iyrəncdir? Yox, buna mərhəmətli demək olmaz, məni kor edən valın üzərində fırlanan almaz parçasının zərafətidir. Hətta ironik də deyil, şən halda özü ilə məşğuldur, fırlanır: dünyanın ədəbsiz açıq-saçıqlığını dəryaz kimi biçib, fırlanır bəs biz hamımız: Madlena, kök kişi, ləkəli güzgü, pivə stəkanları, özünü mövcudluğa təslim etmiş hamımız- axı biz özümüzkülərin arasında idik, ancaq özümüzdən olanların,- o bizim hamımızın adi, nizamsız çirkinliyimizi yaxaladı, indi özümə görə, onun qarşısında mövcud olan hər şeyə görə utanıram.

O mövcud deyil. Hətta can sıxıcıdır: birdən qalxıb, valı patefondan çıxarıb sındırsam da ona çata bilmərəm. O həmişə son həddədir, nəyinsə son həddində, ya səsin, ya skripka səsinin son həddindədir. O çox incə varlıqların arasından çıxır, incə və möhkəmdir, amma onu tutmaq istəyəndə xeyli varlıqlarla rastlaşırsan, mənasını itirmiş varlıqlara ilişirsən. O haradasa başqa tərəfdədir. Mən heç onu eşitmirəm, mən onu çıxaran səsləri, hava titrəyişlərini eşidirəm. O mövcud deyil, onda artıq heç nə yoxdur, qalan hər şeyin ona münasibətində artıq heç nə yoxdur. O var. Mən də olmaq istərdim. Əslində başqa heç nə istəmirdim, budur həyatımın tapmacası: xaotik görünən bütün başlanğıclarımın içində bircə dəyişməyən məqsədi görürəm: özümdən mövcudluğu qovmaq, hər saniyəni yağlı şirələrdən azad etmək, sıxmaq, qurutmaq, özümü təmizlədib, möhkəmlənmək ki, nəhayət dəqiq və incə saksafon notlarının səsini çıxarım. Hətta bu hekayəni belə ifadə etmək olar: dünyada bir zavallı yaşayırdı, səhvən düşmək istədiyi yox başqa dünyaya düşmüşdü. O başqa insanlar kimi şəhər parkları, ticarət şəhərləri dünyasında mövcud idi, amma özünü inandırmaq istəyirdi ki, guya Tintoretto dojları və Florensiyali Qoççoli igidlərinin təsvir olunduğu incəsənət əsərlərinin, Fabriçio del Donqo və Jyulyen Sorelli kitab səhifələrinin, cazın uzun, quru şikayətinin digər üzündə yaşayır. O çox uzun illər belə yaşadı, bütün axmaqlıqları ilə amma birdən gözləri açıldı, gördü ki, sadəcə səhv olub- və o bunu pivəxanada qarşısında bir stəkan pivə ilə oturduğu vaxt başa düşdü. O stulunda əyilib, fikirləşdi: mən necə də axmağam. Və həmin bu anda mövcudluğun digər üzündə, uzaqdan gördüyün amma yaxınlaşa bilmədiyin digər dünyada qısa melodiya titrəyib, oxumağa başladı: “Mənim kimi olun, mənimlə bir əzab çəkin”.


Some of these days,

You'll miss me honey, --

Səs oxuyur.

Valın bu yerində yəqin ki, cızıq var, çünki qəribə səs çıxır. Ürəyim sıxılır, axı iynənin valın üstündəki bu yüngül öskürəyi melodiyaya heç cür toxunmur. O hər şeydən çox, çox uzaqdadır. Və bunu mən də başa düşürəm: cızıq val, səs silinir, müğənni bəlkə də ölüb, mən indi çıxacam və qatara minəcəm.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə