Əslində o zaman H.Əliyevin Əbülfəz bəyə etdiyi yaxşılıq, eyni ilə Əbülfəz bəyin onu
hakimiyyətə gətirdiyi zaman etdiyi yaxşılıq kimi məcburi idi. Fərq sadəcə ondan ibarət idi ki,
H.Əliyevin etdiyi yaxşılıq Azərbaycan haqqında yaranmış "sevimli müstəmləkə" imicini
pozmamaq, Elçibəyin etdiyi yaxşılıq isə müstəmləkə zəncirindən qopmuş Azərbaycanı xilas
etmək məqsədi güdürdü.
Beləliklə, Əbülfəz bəyi bir il yarım həbs cəzası ilə Bakı səhəri Qaradağ rayonunun ərazisində
yerləşən 9 nömrəli İslah Əmək koloniyasına göndərdilər. Bu koloniyada cəzasını çəkən
dustaqları daş karxanalarında işlədilirdilər.
Bu yerdə bir haşiyə çıxmaq istəyirəm. Həmin dövrdə Bakı səhərində çox məşhur bir ürək
həkimi vardı. Professor Abdullayev keçmiş Sovet İttifaqında məşhur bir həkim idi və hətta
Moskvada çəkilmiş bir filmdə onun adı çəkilirdi. Həmin professor Abdullayevi başqa bir daha
çox məşhur həkim olan professor Cavadzadəyə sui-qəsd təşkil ətmək üstündə həbs
etmişdilər. Mən bu işin təfərrüatını bilmirəm və kimin haqlı olub, kimin haqsız olması barədə
də mülahizə yürütmək məqsədində deyiləm. Mənim fikrim professor Abdullayevin öz
məhkəməsində etdiyi bir çıxış barədədir. O, çıxışında demişdi:
Mən həmişə ziyalıların, elm və sənət adamlarının əhatəsində yaşamışam və mənim üçün
cəmiyyətdə olan insanlar iki təbəqəyə bölünmüşdü. Birinci qismə mənim əhatəmdə olan və
bu kimi adamlar daxil idi. Bu adamları cəmiyyətin ən lazımlı, namuslu, insanpərvər adamları
sayırdım və hesab edirdim ki, bu təbəqəni həmişə qorumaq, qayğısına qalmaq lazımdır. İkinci
qismə isə cinayətkarları daxil edirdim. Belə hesab edirdim ki, cinayətkar ünsürlər yer üzündən
silinməlidir, onlar cəmiyyətin yaralarıdır və kəsilib atılmalıdır. Lakin hal-hazırda bunun tam
əksini düşünürəm. Mən həbs olunanda prokurordan, milis işçilərindən və sonra məni Bayıl
həbsxanasına gətirəndə oranın rəhbərliyindən də xahiş etdim ki, mənim yaşlı adam və
böyrəklərimdən də xəstə olduğumu nəzərə alsınlar. Xahiş etdim ki, məni nisbətən yaxşı
vəziyyətdə olan kameraya salıb, yataq əşyalarının da bir az keyfiyyətlisini versinlər. Lakin
onlar mənim bu xahişlərimə heç məhəl də qoymadılar və hər addımda mən o çox sevdiyim
təbəqədən təhqir, əzab-əziyyət gördüm.
Mən Bayıl həbsxanasına gətirildikdən sonra orada ikinci qism insanlarla tanış oldum. Onlar
mənim həkim, professor olduğuma görə, kameranın ən yaxşı və isti yerində mənə yer
ayırdılar. Bir neçə döşəyi üst-üstə qoydular ki, mən rahat yatım. Mənə mümkün olan hər cür
hörməti etdilər. İndi başa düşmüşəm ki, mən cəmiyyət haqqında, insanlar haqqında nə qədər
yanlış düşünmüşəm.
Təxminən eyni vəziyyət Əbülfəz bəyin də başına gəlmişdi. Yəni ziyalılar, elm adamları, iş
yoldaşları və bəzi dostları onun haqqında danos vermiş, istintaqda və məhkəmədə üzünə
duraraq nəticədə həbs olunmasına səbəb olmuşdular. Həbsxana həyatında isə dustaqlar ona
əllərindən gələn hörməti etmişdilər. Ona daş daşımağa, ümumiyyətlə fiziki işlə məşgul
olmağa imkan verməmişdilər. Onun həmişə qayğısına qalaraq, hörmətini saxlamışdılar.
Hətta mən bir məsələnin də şahidiyəm ki, Elçibəy prezident seçiləndən sonra, onun keçmiş
həbsxana yoldaşlarından bir neçəsi yaşlı olmalarına baxmayaraq, könüllü şəkildə Qarabağa
müharibəyə getmişdilər.
Mən burada bir məsələni də qeyd etmək istəyirəm: istintaq zamanı və məhkəmədə Elçibəyin
üzünə durmuş və əvvəlcədən onun haqqında danos vermiş şəxslərin bir çoxu çox qısa
zamanda dalbadal ölməyə başladılar.
Yerdə qalanlar da demək olar ki, cəmiyyətdən təcrid
olundular. Tanış-biliş onlardan uzaq gəzir və heç bir münasibət saxlamamağa çalışırdılar.
İçərilərində məcbur qalıb respublikanı tərk edənlər də oldu. Bu adamların biri haqqında qısa
bir məlumat vermək istəyirəm.
Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində Məmməd Əfəndiyev deyilən bir kafedra
müdiri var idi. Elçibəy haqqında ilk danos yazmış adamlardan idi. Professor Məmməd
Əfəndiyev gödəkboylu, kök bir adam idi. Bir az da şikəstliyi vardı. Həmişə Universitetə
gələndə ikinci mərtəbədə yerləşən kafedraya çıxmaq üçün ona tələbələr yardım edər,
qolundan tutaraq, pilləkənləri qaldırardılar. Bəyin məhkəməsindən sonra mən dəfələrlə
gördüm ki, M.Əfəndiyev gəlib birinci mərtəbədə dayanır və tələbələrdən xahiş edir ki, ona
yuxarı qalxmağa yardım etsinlər. Onu tanımayan tələbə rast gələndə, kömək edirdi və o,
kafedraya çıxa bilirdi. Tanıyanlar isə heç vaxt kömək etmir, əksinə yanından keçəndə onu
təhqir edib, lənətləyib keçirdilər. Bu cür misallardan o biri adamlar haqqında da çəkmək olar.
İl yarım çox uzun çəkdi. Nəhayət, 1976-cı ilin iyul ayının axırları idi. Mən, Kamil Vəliyev,
İsfəndiyar İsgəndərov maşınla Kommunist küçəsi (indiki İstiqlal) ilə üzü aşağı gedirdik. Maşını
mən sürürdüm və birdən Kommunist küçəsi ilə Musəvi küçəsinin kəsişdiyi tində Əbülfəz bəyin
dayandığını gördüm və o dəqiqə maşını ona tərəf sürüb saxladım. Yanımdakılar soruşdular ki,
nə oldu?
Dedim ki, görmürsünüzmü, Bəy dayanıb? Hamımız maşından düşüb, Bəylə öpüşüb görüşdük.
Mən soruşdum ki, Bəy, burada niyə dayanmısan?
Dedi ki, heç, elə-belə. Evdə darıxdım, çıxdım ki, bir az hava alım, gəzişim.. O zaman bulvarda
Pəhriz Xörəkləri yəməkxanası vardı. Onun arxa tərəfində, ağaclar arasında çayxanası var idi
və çayxananın bir küncündə tanış-biliş üçün xüsusi yeməklər də hazırlayırdılar. Mən Bəyə
bizimlə bulvara getməyi təklif etdim. O razılaşdı və biz birlikdə bulvara getdik.
Yeməkxananı Masallı uşaqları işlədirdi, mənimlə də çox yaxşı münasibətləri vardı. Onlardan
xahiş etdim ki, bizim üçün yaxşı yemək hazırlasınlar.
Həmin yeməkxanada biz Bəyə xoşgəldin dedik və o, Kamil Vəliyevlə şəxsən tanış oldu. Bəy
İsfəndiyarla çoxdan tanış idi, ancaq K.Vəliyevlə Universitetdə bir yerdə işləmələrinə
baxmayaraq, yaxınlıqları yox idi. Həmin gün onlar ilk dəfə idi ki, bir masa arxasında
oturmuşdular.
Bu gündən sonra biz Bəylə tez-tez görüşməyə başladıq. Bəy çox ağır psixoloji gərginlik içində
idi. Həbsxanadan çıxandan sonra, tanış-bilişin çoxu ondan uzaq gəzməyə çalışırdı. Ona heç
bir yerdə iş vermirdilər. KQB hər addımını izləyirdi və hətta bir dəfə biz yemək yediyimiz
zaman Bəyi izləyən KQB işçiləri gəlib qonşu masada oturdular, diqqətlə bizə qulaq asmağa
başladılar. Bəy bərk əsəbləşdi və ayağa durub onları qovaraq dedi ki, bizi rahat yemək
yeməyə də qoymayacaqsınız? Bu gərginliyin Bəyə çox pis təsir etdiyini görən İsfəndiyarla bu
qərara gəldik ki, onu Göyçaya aparaq, bir az istirahət etsin. Bəyə dedik, o da qəbul etdi.