başlaması iqtisadi tarazlığı təmin edirdi. Aprel ayının axırlarında Sumqayıt şəhərində
zavodların tam işə salınması ilə əlaqədar olaraq, Elçibəy Sumqayıta getdi. Orada zavodları
gəzib, axırıncı zavoda baxanda həyətdə artıq çoxlu adam yığılmışdı. Əvvəlcədən
planlaşdırılmadığı bir halda, çox təbii bir görüş alındı. Elçibəy çox qısa bir çıxışdan sonra fəhlə
və işçilərin suallarına cavab verməyə başladı.
Fəhlələrdən biri maaşlarının azlığından şikayət etdi. Prezident ondan soruşdu ki, "nə qədər
maaş alırsan?". O dedi ki, "min manat" (o zaman minimum əmək haqqı 300 manat, bir
çörəyin qiyməti isə, 1 manat 70 qəpik idi). Elçibəy soruşdu ki, "Siz 10 aydır işləməyə-işləməyə
hər ay vaxtında maaş almısınız. Elədirmi?". Oraya toplanan adamların hamısı Prezidentin
dediyini təsdiqlədilər. O zaman Elçibəy dedi ki, biz Bakıda, Gəncədə, ümumiyyətlə başqa
şəhər və yerlərdə işləyən adamlardan borc alıb vermişik. İndi zavodlarımız işə düşüb. Siz
çalışın, yaxşı işləyin, həm onların borcunu qaytarın, həm də daha çox maaş alın.
Azərbaycanda iqtisadi durumun Pribaltika dövlətləri də daxil olmaqla, keçmiş SSRİ-nin bütün
dövlətlərindən yaxşı olduğunu hətta rus iqtisadiyyatçıları da etiraf edirdilər.
Demək olar ki, boş xəzinəni qəbul etmiş Elçibəy iqtidarı qısa müddətdən sonra Mütəllibov
dövründən əhaliyə qalan borcları tamamilə ödəmiş, talonla ərzaq verilməsi məsələsini bərpa
etmiş, Ləl-cəvahirat Fondu yaratmışdı ki, oraya iki tondan çox qızıl və külli miqdarda brilyant
daş-qaş toplanmışdı. Dövlət bankına 300 milyona yaxın ABŞ dolları yığıldı, dövlətin bir qəpik
belə nə xarici, nə də daxili borcu qalmadı. Əksinə Azərbaycana borcu olan dövlətlər vardı.
Azərbaycan, keçmiş SSRİ məkanında hamıdan qabaq milli pulunu, pasport (çox təəssüflər
olsun ki, artıq bütün keçmiş Sovet respublikaları, hətta Çeçenistan belə milli pasportunu
buraxıb, yeganə milli pasportu olmayan dövlət Azərbaycandır) müxtəlif qiymətli kağızlar
buraxmaq üçün xüsusi müəssisə yaratmış və həmin müəssisədə Azərbaycan özünün ilk milli
metal pulunu buraxmışdır (Rusiyanı ən çox narahat edən məsələlərdən biri də bu olmuşdur).
Həmin dövrdə Azərbaycan iqtidarı başqa bir ciddi məsələni də həll etməyi planlaşdırmışdı. Bu
da əhalinin çörək, şəkər, təbii qazla təmin edilməsini ölkənin daxili imkanları ilə həyata
keçirmək idi. Bu məqsədlə təcili olaraq Şəki, Salyan, Naxçıvan şəhərlərində 3 şəkər zavodu
tikilməsi qərara alınmış və bu məqsədlə Almaniyadan lazımi məsul şəxslərlə danışıqlar
aparılmışdı. Həmin zavodları xammalla təmin edəcək şəkər çuğunduru əkmək üçün sahələr
ayrılmış, sınaq əkini gerçəkləşdirilmiş və müsbət nəticələr əldə edilmişdi.
Taxıl əkini üçün ayrılmış sahələr artırılmış və qərara alınmışdı ki, 1996-cı ildən Azərbaycanın
öz becərdiyi taxıl özünü tam təmin etməlidir.
Bu iqtidar cəmi bir taxıl yığımı sezonu keçirmiş
və onda da 1920-ci ildən 1992-ci il də daxil olmaqla ən yüksək nəticəyə nail olmuşdur.
Daxili ehtiyatlar hesabına qaz istehsalı əhalinin tələbatı səviyyəsinə çatdırılmalı idi. Bu
məqsədlə də ABŞ-ın "Penzoil" şirkəti ilə lazımi əlaqələr qurulmuşdu. Bildiyim görülən işlər
mənim bu yazdıqlarımdan qat-qat çox idi. Lakin elə işlər var ki, o barədə yazmaq dövlətçilik
nöqtəyi-nəzərindən düzgün olmaz.
Bu qısa məlumatlardan sonra bu nəticəyə gəlmək olar ki, 4 iyun qiyamı ərəfəsində Elçibəy
iqtidarı hərbi sahədə qazandığı siyasi gedişlərlə qələbəyə tədricən nail olurdu. Xarici siyasət
sahəsindəki uğurları isə hamı, hətta Elçibəyin rəqibləri də etiraf edirlər.
İqtisadi sahədə isə Azərbaycan böhrandan çıxaraq irəliyə doğru addımlamaqda idi.
Azərbaycanın bu vəziyyəti tarixən ona düşmən olan fars şovinistlərini, Ermənistanı və bu
bölgəni özünün nəzarətindən çıxartmamağa qəti qərar vermiş Rusiyanı bərk narahat edirdi.
Hər üç dövlətin rəhbərliyi dəqiq bilirdi ki, belə davam edərsə müəyyən müddətdən sonra
Azərbaycanla bacarmaq çətin olacaq. Rusiya, İran və Ermənistan Xüsusi Xidmət orqanları
Azərbaycanda çevriliş etməyi planlaşdırdılar. Əslində keçən bir il ərzində Rusiya xüsusi xidmət
orqanları tərəfındən bir necə dəfə çevriliş üçün cəhdlər edilmiş, lakin nəticə əldə edilməmişdi.
Gəncə-Tərtər yolunda Elçibəyin avtomobilini qəzaya uğratmaq cəhdi, Gəncədən Bakıya
uçarkən Prezidentin təyyarəsini vurmaq cəhdi və Kəlbəcərin Rəhim Qazıyev, Surət Hüseynov,
Əvəz Şükürov və başqa millət xainlərinin köməyi ilə rus-erməni qoşunları tərəfındən işğalı
Azərbaycanda dövlət çevrilişi üçün planlaşdırılmış əməliyyatlar idi.
Bu baş tutmayan çevrilişlər Azərbaycanda olan çoxlu hakimiyyət hərislərinin arzusu idi. Həmin
adamları (Əli Ömərov, Tahir Əliyev və başqaları) Azərbaycanın taleyi yox, hansı kürsüləri əldə
edəcəkləri daha çox maraqlandırırdı.
Beləliklə, kövrək, qurulmağa yenicə başlayan dövlət çox güçlü düşmənlərlə üz-üzə qalmışdı:
Rusiya və İran kimi uzun illərin kəşfiyyat təcrübəsini toplamış güçlü dövlətlər, onlara
arxalanan Ermənistan, daxildə özlərini siyasi partiya və ictimai təşkilat elan edən hakimiyyət
hərisləri (AMİP, YAP, ASDP, Nizami Süleymanov, Nemət Pənahov və başqaları).
Burada bir oxşarlığı qeyd etmək istərdim. 1991-ci ilin sonunda Gürcüstanda başlayan qiyam
1992-ci ilin yanvar ayında xalq tərəfindən seçilmiş prezident Qamsaxurdiyanın devrilməsi ilə
başa çatdı. Qiyam nəticəsində Gürcüstanda külli miqdarda insan tələfatı oldu, Tiflis şəhərinin
mərkəzi hissəsi bombalarla xarabalığa çevrildi. Qiyama rəhbərlik edən şəxslər vaxtilə
Qamsaxurdiyanın hakimiyyətə gəlməsində bu və ya digər şəkildə iştirak etmiş adamlar idi.
Buraya Qamsaxurdiya dövrünün istefa vermiş baş naziri Siqua, Milli Qvardiyanın komandiri
Kitovani, Mxedrioni (XTPD-yə bənzər ) dəstəsinin komandiri İoseliani və Rusiya kəşfıyyatının
məsul əməkdaşı Georqadze daxil idi. Qiyam baş tutduqdan sonra Şevardnadze hakimiyyətinin
ilk dövrlərində bu şəxslər müəyyən nüfuz və yüksək vəzifə sahibi oldular. Hal-hazırda Kitovani
(oxu: Rəhim Qazıyev) və İoselyani (oxu: R.Cavadov) həbsdədirlər. Siqua (oxu: Surət
Hüseynov) arenadan silinib, Qeorqadze (oxu: N.İmranov) Şevardnadzenin həyatına qəsd
etmək cəhdinə rəhbərlik etmiş şəxs kimi axtarışdadır və hazırda Moskvada yaşayır.
Sui-qəsd zamanı Georqadze general rütbəsi ilə Gürcüstan Milli Təhlükəsizlik Nazirliyinə
başçılıq edirdi.
Rusiya Çeçenistanda da eyni üsuldan istifadə edərək, çevriliş etməyə cəhd etdi. Lakin
çevrilişin alınmadığını görərək, Çeçenistanı yenidən işgal etmək məqsədi ilə müharibəyə
başladı.
Azərbaycanda baş verən qiyam ilə Gürcüstan qiyamını müqayisə etmək həm də bu baxımdan
maraqlıdır ki, yuxarıda adları çəkilən şəxslər hər iki dövlətdə təxminən eyni vəzifələri tutmuş,
hər iki qiyamda eyni şəkildə iştirak etmiş, sonra da təxminən eyni taleyin sahibi olmuşlar.
Mən tamamilə əminəm ki, bu bənzərlik heç də sadə bir təsadüf deyil. Çünki Çeçenistanda da
baş tutmayan çevriliş cəhdində də eyni usuldan istifadə edildi. Yəni, həm Azərbaycanda, həm
Gürcüstanda baş vermiş çevrilişlər, həm də Çeçenistanda baş tutmayan çevriliş cəhdi eyni
mətbəxdə, Rusiyanın xüsusi xidmət orqanlarının mətbəxində, hazırlanmışdı.
Çevrilişlər baş tutduqdan sonra cəbhə bölgələrində olan vəziyyət də həm Azərbaycan, həm
də Gürcüstan üçün eyni dərəcədə ağır və faciəli oldu.
Rusiyanın dəstəyi ilə hakimiyyətə gələn Şevardnadze bu məsələdə də Rusiyanın köməyinə
arxalanaraq, müharibəni gücləndirdi və nəticədə həm Cənubi Osetiyanı, həm də Abxaziyanı
itirdi. Qarabağda ay yarım davam edən atəşkəs də çevrilişdən sonra pozuldu və bir necə ay
içində nəinki Qarabağ, hətta onun ətrafında olan altı rayon da rus qoşunlarının yardımı ilə
ermənilərin əlinə keçdi.
Rusiya, İran və Ermənistan üçlü ittifaqı Azərbaycanda baş verəcək dövlət çevrilişi nəticəsində
nəyə nail olmaq istəyirdilər?
Rusiya hərbi gücü ilə birlikdə yenidən Azərbaycana qayıtmaq və onu özündən tam asılı
vəziyyətə salmağı planlaşdırırdı. Sərhədlərin Rusiya tərəfindən qorunması, ərazidə hərbi
bazaların yerləşdirilməsi, Xəzər dənizinin Rusiyanın nəzarəti altına keçməsi, neft
yataqlarının istismarında həlledici dövlət rolunun ələ keçirilməsi və sair də bu plana daxil
idi.
Quzeydə bağımsız Azərbaycan dövlətinin olması Azərbaycanın güneyində də bağımsızlıq
ideyalarını gücləndirdi. Qısa bir vaxtdan sonra Azərbaycanın güneyini idarə etməyin çətin
olacağını fars şovinistləri yaxşı başa düşür, qonşuluqda güclü və bağımsız Azərbaycan
Dövləti yaranmasına hər vasitə ilə mane olmağa çalışırdılar. İran Quzeydə inkişaf etmiş
müstəqil Azərbaycanın gec-tez Güneylə birləşəcəyini çox gözəl başa düşürdü. İran yenicə
yaranmış Azərbaycan dövlətini beşikdəcə boğmağa çalışır və bu məqsədi yerinə yətirmek
üçün ildə 200 milyon $ vəsait ayırırdı. Həmin vəsaitlə İran kəşfiyyatı müəyyən partiyalara,
bir qism mətbuat orqanları və din xadimlərinə sərf edərək, əvəzində güclü təbliğat aparatı
qazanmışdı. Din xadimlərinin böyük bir qisminin çevrilişi dəstəkləməsi də İran dövlətinin
məqsədyönlü fəaliyyətinin tərkib hissəsi idi. Heç təsadüf deyil ki, Gəncə qiyamı başlayan
kimi İranın Azərbaycandakı səfiri Nəhavəndiyan Gəncəyə gedib qiyamçı Surət Hüseynova
xeyr-dua vermiş ve qezetlərin birinə verdiyi müsahibədə onu böyük mücahid olaraq
adlandırmışdı.
Ermənistan hərbi və siyasi məğlubiyyətlərini dərk edirdi. Bu çevriliş ona vəziyyəti
tarazlamağa, Kəlbəcərin boşaldılması məsələsində zaman qazandırmağa (qiyam başlayan
kimi Ermənistan BMT Təhlükəsizlik Şurasına müraciət edərək Azərbaycanda hakimiyyət
davası getdiyini bəhanə edib Kəlbəcərin boşaldılması məsələsini bir ay müddətinə təxirə
salmağı xahiş etdi) və yenidən toparlanaraq, hücuma keçməyə imkan yaradırdı.
Bu çevrilişi dəstəkləyən daxili irticaya isə vəzifə lazım idi. Sovet dövründə xalqdan soyduqları
sərvət qurtarırdı, pul lazım idi, kef lazım idi. Millətin və dövlətin taleyi onları qətiyyən
maraqlandırmırdı.
Rusiya qiyamı nə şəkildə dəstəkləyəcəyini planlaşdırmışdı. Bu məqsədlə Bakıya gizli yollarla
100, 30 və 17 nəfərlik xüsusi təlim görmüş qruplar göndərmişdi. Baş Kəşfıyyat İdarəsinin
məsul işçisi polkovnik Nəriman İmranov və başqaları üç aya yaxın idi ki, Bakıda bu
məsələlərlə məşğul olurdular.
Həmin təxribatçı qüvvələr əgər vətəndaş müharibəsi başlarsa, şəhərdə müxtəlif inzibati və
yaşayış binalarında partlayışlar törətməli, çoxlu insan tələfatına səbəb olmalı (Tiflisdə olduğu
kimi), imkan olarsa prezident Əbülfəz Elçibəyin həyatına qəsd etməli və hakimiyyətsizlik
yaratmalı idilər. Bu məsələnin həllində onların daxili köməkçiləri də az deyildi. Ayın 17-dən
18-ə keçən gecə səhər saat 06.00-da bu əməliyyatlar başlamalı idi. Bu qarışıqlıqdan istifadə
edən S.Hüseynovun adamları saat 8-9 arası Bakı şəhərinə girib QRAD qurğuları ilə Prezident
Aparatı və ətrafını vurmalı idilər.
1.
Rusiyanın planladığı birinci varianta görə, qiyam baş tutur, onlar hakimiyyət
kürsüsündə öz adamlarını oturdaraq bütün istəklərini əldə edirlər.
2.
İkinci variantda çevriliş baş tutmur, vətəndaş müharibəsi başlayır və rus-erməni hərbi
birləşmələri vətəndaş müharibəsindən istifadə edərək bir tərəfdən Füzuli rayonu
istiqamətində hərəkətə keçərək Araz çayına qədər gəlir və Cəbrayıl, Qubadlı, Zəngilan
rayonlarını mühasirəyə alaraq məhv edirlər (təəssüflər olsun ki, Elçibəy hakimiyyətdən
gedəndən bir neçə ay sonra düşmən qüvvələri buna nail ola bildilər). Digər tərəfdən
Kəlbəcər istiqamətindən Gəncə şəhərinə hücum edərək şəhəri tutur, Şəmkir, Tovuz,
Gədəbəy, Ağstafa və Qazax rayonlarını mühasirəyə alaraq məhv edir və son nəticədə
Azərbaycanı diz çökməyə məcbur edirlər.
Bu məsələdə də Rusiyanın planı eyni Gürcüstandakı kimidir. Belə ki, Cənubi Osetiya və
Abxaziyanı ondan qopartmağa nail olan Rusiya Gürcüstanı diz çökməyə məcbur edə bildi.
Düşmən qüvvələr əlavə olaraq Dağıstanla sərhəd bölgəsində ləzgilərin, Güneylə sərhəddə isə
talışların qiyamını qaldırmaq və bununla da Azərbaycanın parçalanmasına nail olmağı da
planlamışdılar. Bu məqsədləri həyata keçirmək üçün Bakıda, Gəncədə tapıldığı kimi, ləzgilərin
və talışların yaşadığı ərazilərdə də xain adamlar tapılmışdı və həmin adamlara Rusiya və İran
xüsusi xidmət orqanları hər cür yardım edirdilər.
Bələliklə, xalq tərəfındən seçilmiş Prezident Əbülfəz Elçibəyin qarşısında 4 iyun qiyamı baş
verdikdən sonra iki yol qalırdı.
Birincisi
, özünə sadiq qüvvələrdən istifadə edərək qiyamçıları məhv etmək. Bu halda
Azərbaycanda vətəndaş müharibəsi labüd idi. Çünki iyun ayının 16-da Müdafiə Nazirliyində
yüksək rütbəli hərbçilərin imzaladığı protokola görə Müdafiə Nazirliyi qiyamçılara qarşı
durmaqdan imtina etmişdi. Halbuki qiyam etmiş olan 709 No-li polk Müdafiə Nazirliyinə tabe
idi. Daxili İşlər nazirinin muavini və XTPD-nin komandiri olan R.Cavadov da bu protokola imza
atmışdı.
Beləliklə, qiyamçılara qarşı Prezidentə sadiq qalan qüvvələr və könüllülər vuruşmalı idi ki, bu
da vətəndaş müharibəsi demək idi. Bu halda Azərbaycanın başına nə kimi hadisələr gələ
biləcəyini yuxarıda izah etmişdik. Həmin faciələrin il yarım əvvəl qonşu Gürcüstanı nə günə
saldığını hamı görmüşdü.
Milli mənafeləri şəxsi mənafelərindən həmişə üstün tutan Elçibəy kimi bir şəxs heç bir zaman
vətəndaş müharibəsinə imkan verə bilməzdi.
İkinci yol
isə hakimiyyəti tərk etmək idi ki, bu zaman moskvapərəst şəxslərdən biri
hakimiyyətə gətiriləcəkdi və Moskvanın istədiyi də elə bu idi.
Həmin dövrdə H.Əliyevin xalq arasında reytinqi yüksək idi və bütün yuxarıda yazılanları
nəzərə alan Elçibəy H.Əliyevi Bakıya dəvət etdi.
H.Əliyevin Bakıya dəvət edilməsində məqsəd ona hakimiyyət pilləsində çox yüksək bir yer
vermək və onun tərəfdarlarını da qanuni hakimiyyətin müdafiəsinə cəlb etmək idi. Çünki
qiyam başlayan gündən Nemət Pənahov, Şadman Hüseynov və Nizami Süleymanov
S.Hüseynovun yanında idilər. Etibar Məmmədovun da birbaşa və dolayısı ilə S.Hüseynovla
əlaqədə olduğu haqda kifayət qədər məlumat var idi. Bu adamlar bütün güçləri ilə qiyama
dəstək verirdilər. Qiyam sona çatdıqdan sonra bu adamlar mətbuatda, televiziyada və hətta
Milli Məclisdə dəfələrlə çıxış edərək H.Əliyevi dəstəklədiklərini bəyan etmişlər.
Çox təəssüflər olsun ki, H.Əliyev Bakıya gəldikdən sonra iqtidar əleyhdarı qüvvələr daha da
aktivləşdilər və H.Əliyevə ən yaxın adamlardan biri olan R.Cavadov Müdafiə Nazirliyində
hazırlanmış olan məlum protokola H.Əliyev Milli Məclisin sədri seçiləndən bir gün sonra imza
atdı. O dövrün şahidi olanlar çox yaxşı bilirlər ki, Rövşən Cavadov H.Əliyevi daima müşayiət
edirdi və demək olar ki, H.Əliyevin Rəsul Quliyev və R.Cavadovdan yaxın adamı yox idi.
Bu durumda Prezident Əbülfəz Elçibəy ən düzgün qərarı qəbul etdi.
Azərbaycanda kütləvi insan qırğınına səbəb olacaq vətəndaş müharibəsinin qarşısını və
Rusiya-Ermənistan-İran ittifaqının planlarını pozmaq üçün Bakı səhərini tərk edərək, anadan
olduğu Ordubad rayonunun Kələki kəndinə getdi.
Əbülfəz Elçibəy dünyada, bəlkə də yeganə dövlət başçısıdır ki, silahlı qiyamla devrilmiş, lakin
öz dövlətinin ərazisini tərk etməmişdir.
SON SÖZ ƏVƏZİ
Bir rəvayətə görə iki qardaş gəzə-gəzə gəlib başqa bir məmləkətə çıxırlar. Şəhər
meydanından keçəndə carçının elanını eşidirlər. Carçı deyir ki, məmləkətin şahı ölüb. Yeni şah
seçmək üçün şahlıq quşu uçurdulacaq. Hamı şəhər meydanına toplansın. Bu sözləri eşidən
kiçik qardaş deyir ki, gəl çıxaq gedək. Quşun kimin başına qonacağının bizə nə dəxli var. Bura
ki bizim məmləkətimiz deyil.
Böyük qardaş getməyə razılıq vermir və kiçikdən soruşur ki, birdən işdi, quş gəldi sənin
başına qondu, sən də şah oldun, onda nə edərsən?
Kiçik qardaş cavab verir ki, görmürsən bu camaatın gününü? Çalışaram onları ağ günə
çıxardım, bolluq yaradım ki, əhali dərdi-qəmi unudub şad-xürrəm yaşasın.
Sonra böyük qardaşından soruşur ki, şahlıq quşu bəs sənin başına qonsa, sən nə edərsən?
Böyük qardaş cavab verir ki, bu xalqa zülm edərəm. Kəsdiyimi kəsər, kəsmədiyimi
zindanlarda çürüdərəm. Arvad-uşağı ac-yalavac, bir qarın çörəyə həsrət qoyaram. Elə edərəm
ki, mənim sarayımdan başqa, məmləkətdə doyunca çörək yeyən tapılmasın.
Bu zaman quşu üçurdurlar. Quş gəlib böyük qardaşın başına qonur. Kiçik qardaş quşu
uçurdanlara deyir ki, bu yanlış oldu. Biz bu məmləkətin adamları deyilik. Quşu yenidən
uçurdun.
Adamlar razılaşıb quşu yenidən üçurdurlar və quş yenə böyük qardaşın başına qonur. Kiçik
qardaş bu məmləkətin adamlarına çox yalvarır ki, səhv etməyin. Bu adam mənim böyük
qardaşımdır. Onu çox yaxşı tanıyıram, əzazil adamdır və sizə əlindən gələn zülmü edəcək. Nə
qədər gec deyil, fikrinizi dəyişdirin.
Məmləkətin adamları ona qulaq asmır və deyirlər ki, bizi ağ günə ancaq bu kişi çıxardacaq. O,
bizim nicatımızdır. Allah onu bizə çox görməsin.
Bu adamlarla anlaşmağın mümkün olmayacağını görən kiçik qardaş başını aşağı salıb, çıxıb öz
məmləkətinə gedir.
Bunun üstündən bir-iki il keçir. Şah olan böyük qardaş dediyi kimi hərəkət edir. Xalqa zülm
edir, kəsdiyini kəsir, kəsmədiyini zindanlarda çürüdür. Ölkəni rüşvət başına götürür, əhali
dilənçi gününə düşür.
Ağıllı adamlar bir yerə yığışıb məsləhətləşirlər. Deyirlər ki, bunun bir kiçik qardaşı var idi. O
zaman o bizə çox ağıllı məsləhətlər verdi. Əfsuslar olsun ki, ona qulaq asmadıq. Qərara
gəlirlər ki, gedib onu tapıb gətirsinlər, bəlkə böyük qardaşına bir təsir edə bildi.
Gedirlər qonşu məmləkətə. Kiçik qardaşa yalvarıb-yaxarırlar. Nəhayət, onu da götürüb geri
dönürlər.
Kiçik qardaşın gəldiyini görən şah soruşur ki, xeyr ola, niyə gəlmisən?
Kiçik qardaş cavab verir ki, sənin yanına minnətə gəlmişəm ki, bu adamlara az zülm edəsən.
Yazıqdırlar, qoy bir az dolansınlar.
Şah ona deyir ki, yadındadırmı, sən dedin ki, quş mənim başıma qonsa, bu milləti şad-firavan
yaşadacağam. Mən isə dedim ki, bu millətə əlimdən gələn zulmü edəcəyəm. Quş gəlib mənim
başıma qondu. Sən etiraz etdin. Quşu təzədən uçurdular, yenə gəlib mənim başıma qondu.
Sən yenə etiraz etdin. O zaman həmin bu xalq sənin üstünə ayaqlandı.
İndi sənə deyirəm. Mənim burada nə edəcəyimdən həm Allahın xəbəri var idi, həm də bu
xalqın. Onların hər ikisi mənim burada şah olmağımı istədilər. Əgər bu məmləkətə yaxşı şah
lazım olsa idi, Allah, quşu sənin başına qondurardı. Mən Allahın və xalqın istəyinin əleyhinə
gedə bilmərəm. Bu xalqa mənim kimi şah lazımdır...
Oqtay Məmmədov. 1998
Dostları ilə paylaş: |